Azərbaycan Respublikası Nazirlər Kabineti qərara alır:
Bakı şəhəri Sabunçu rayonunun Nardaran qəsəbəsində yerləşən tarix-mədəniyyət qoruğu haqqında Əsasnamənin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Azərbaycan Respublikası Ədliyyə Nazirliyi, Elmlər Akademiyası və Dövlət Tikinti və Arxitektura işləri Komitəsi ilə razılaşdırılmış təklifi qəbul edilsin.
İşlər müdirinin müavini İ.HACIYEV
Bakı şəhəri, 3 iyul 1992-ci il
1. Bakı şəhəri Sabunçu rayonunun Nardaran qəsəbəsində yerləşən tarix-mədəniyyət qoruğu Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Bakı şəhəri Lenin rayonunun Nardaran qəsəbəsinin tarix-mədəniyyət qoruğu elan edilməsi haqqında” 17 yanvar 1992-ci il tarixli, 26 nömrəli qərarına əsasən yaradılmışdır.
Bakı şəhəri Sabunçu rayonunun Nardaran qəsəbəsində yerləşən tarix-mədəniyyət qoruğu qədim Nardaran yaşayış məskənini, onun tarixən yaranmış ərazisini qoruyub saxlamaq və bərpa etmək məqsədi ilə xüsusi mühafizə və istifadə zonası kimi yaradılmışdır.
Qoruğa Nardaran qəsəbəsinin tarixən təşəkkül tapmış ərazisi daxildir.
2. Nardaran tarix-mədəniyyət qoruğunun ərazisində yerləşən elmi, tarixi və ya bədii əhəmiyyəti olan tarix və mədəniyyət abidələri Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən olunmuş qaydada qabaqlayıcı, konservasiya, bərpa və xüsusi mühafizə dərəcələri tətbiq edilməklə dövlət tərəfindən qorunur.
3. Nardaran tarix-mədəniyyət qoruğunun bütün ərazisi kənd təsərrüfatı və digər hər hansı təsərrüfat işi üçün istifadədən alınıb qoruğun istifadəsinə verilir. Qoruğun ərazisi qoruq müdiriyyətinin nəzarəti altındadır.
4. Nardaran tarix-mədəniyyət qoruğu Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində olmaqla, müstəqil balansı olan büdcə təşkilatıdır və hüquqi şəxsdir.
Sabunçu rayon İcra Hakimiyyəti qoruğun işlərinin təşkilinə lazımi yardım və kömək göstərməlidir.
5. Bakı şəhəri Sabunçu rayonunun Nardaran qəsəbəsində yerləşən tarix-mədəniyyət qoruğu öz fəaliyyətində Azərbaycan Respublikası qanunlarını, yuxarı dövlət hakimiyyəti və idarə orqanlarının tarix və mədəniyyət abidələrinin mühafizəsi və onlardan istifadəyə dair bütün aktlarını və bu Əsasnaməni rəhbər tutur.
6. Qoruğun əsas məqsədi abidələri qorumaq, onları öyrənmək və elmi, xalq təhsilini və mədəniyyətini inkişaf etdirmək, zəhmətkeşlərin vətənpərvərlik, beynəlmiləlçilik, ideya-əxlaqi və estetik tərbiyəsi üçün onlardan səmərəli istifadə etməkdən ibarətdir.
7. Nardaran tarix-mədəniyyət qoruğunun vəzifələri aşağıdakılardan ibarətdir:
a) tarix və mədəniyyət abidələrinin toxunulmazlığını qorumaq və qoruğun ərazisində qoyulmuş qayda-qanunu saxlamaq;
b) biblioqrafik və tarixi tədqiqat işləri, arxeoloji qazıntılar aparmaq, hesabat sənədləri tərtib etmək yolu ilə tarix və mədəniyyət abidələrinin dövlət uçotunu aparmaq, Azərbaycan Respublikası Elmlər Akademiyası yanında tarix və mədəniyyət abidələrinin mühafizəsi üzrə Elmi-metodik şura ilə razılaşdırmaqla, abidələrin siyahısını tutmaq;
v) qoruğun tarix və mədəniyyət abidələrinin təmiri, bərpası və regenerasiyası işlərinin təşkilati və texniki səviyyəsini yüksəltmək və onların istifadə üçün yararlı hala salınması məsələsinə dair təkliflər hazırlamaq;
q) sərgilər, fotostendlər, mühazirələr, ekskursiyalar təşkil etmək, elmi-kütləvi ədəbiyyat nəşr etmək yolu ilə qədim Nardaran abidələrinin elmi, tarixi və mədəni əhəmiyyətini əhali və turistlər arasında təbliğ etmək;
d) idarə tabeliyindən asılı olmayaraq müəssisələr, idarələr və təşkilatlar, kolxoz və sovxozlar, vətəndaşlar tərəfindən qoruğun tarix və mədəniyyət abidələrinin mühafizəsi, onlardan istifadə, onların uçotu və bərpası üzərində dövlət nəzarətinə, habelə tikinti, yol çəkilişi, meliorasiya və sair işlər aparılarkən abidələrin salamat saxlanması tədbirlərinin görülməsinə riayət olunmasını təmin etmək.
8. Qoruğun ərazisində yerləşən tarix və mədəniyyət abidələrinin korlanması və ya məhv edilməsi, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi ilə razılaşdırılmadan başqa yerə köçürülməsi, eləcə də onların toxunulmazlığını pozan və onlar üçün təhlükə yaradacaq tikinti-quraşdırma, bərpa, rekonstruksiya, konservasiya işlərinin və ya abadlaşdırma tədbirlərinin aparılması qadağandır.
9. Xüsusi mülkiyyətində və istifadəsində tarix və mədəniyyət abidələri olan müəssisə, idarə, təşkilat və vətəndaşlar onların salamat saxlanması üçün məsuliyyət daşıyır və abidələrin mühafizəsi, istifadəsi, uçotu, təmiri və bərpası qaydalarına riayət etməyə borcludurlar.
10. Elmi, xalq təhsilini və mədəniyyəti, vətənpərvərlik və ideya-əxlaqi, beynəlmiləlçilik və estetik tərbiyə işini inkişaf etdirmək üçün qoruğun tarix və mədəniyyət abidələrindən ayrılıqda, hər bir halda Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin icazəsi ilə və qoruq müdiriyyətinin rəhbərliyi altında istifadə oluna bilər.
11. Qoruğun tarix və mədəniyyət abidələrindən turist-ekskursiya, ekspozisiya-sərgi və digər mədəni-maarif məqsədləri üçün ancaq abidələrin, onların ərazisinin və ətraf şəhərsalma və təbii mühitin qorunub saxlanılmasını təmin edə biləcək həcmdə istifadə oluna bilər.
12. Qoruğun daşınmaz tarix və mədəniyyət abidələrindən təsərrüfat məqsədi və başqa məqsədlə istifadə olunmasına, ancaq o halda yol verilə bilər ki, abidələrin salamat saxlanmasına və onların tarixi-mədəni dəyərinə zərər dəyməmiş olsun.
13. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin razılığı olmadan, qoruq ərazisində torpaq, tikinti, yol çəkilişi, kənd təsərrüfatı, meliorasiya işləri və başqa işlər görmək, habelə təsərrüfat fəaliyyəti ilə məşğul olmaq qadağandır.
13-1. Reklam qurğuları (reklam) qoruğun ərazisində və onun mühafizə zonasında, memarlıq abidələrinin (binalarının) fasadlarında (divarlarında, hasarlarında) və dam örtüklərində “Reklam haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada yerləşdirilə bilər.
14. Müəssisələr, idarələr, təşkilatlar qoruğun ərazisində iş apararkən tarixi, elmi, bədii və ya digər mədəni cəhətdən dəyərli arxeoloji və digər obyektlər aşkar etdikdə, işi dayandırmalı və dərhal bu barədə qoruq müdiriyyətinə xəbər verməlidirlər. Qoruq müdiriyyəti tərəfindən dayandırılmış iş, abidə üçün yaranmış təhlükə və ya mühafizə qaydalarının pozulması halları aradan qaldırıldıqdan sonra müdiriyyətin yazılı icazəsi ilə bərpa edilə bilər.
15. Qoruq ərazisində arxeoloji abidələrin qazıntısı və kəşfi işinə Azərbaycan Respublikası Elmlər Akademiyası tərəfindən verilən və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyində qeydə alınan icazə (açıq vərəqə) olduqda yol verilir.
16. Qoruq müdiriyyətinin həmin Əsasnamənin 8-15 bəndlərində göstərilən məsələlərə aid qərarları bütün müəssisə, idarə, təşkilat, kolxoz, sovxoz və vətəndaşlar üçün məcburidir.
17. Qoruq müdiriyyəti qoruq qarşısında duran vəzifələri müvəffəqiyyətlə yerinə yetirmək məqsədilə rayonun icra hakimiyyəti, həmkarlar ittifaqı, digər ictimai təşkilatlar, əmək kollektivləri, yaradıcılıq ittifaqları, elm və mədəniyyət xadimləri ilə daim işgüzar əlaqələr saxlayır, hamilik əlaqələri yaradır.
18. Nardaran tarix-mədəniyyət qoruğuna Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin əmri ilə vəzifəyə təyin edilən və azad edilən qoruq direktoru başçılıq edir.
Baş fond mühafizəçisi qoruq direktorunun təqdimatı ilə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin əmri ilə vəzifəyə təyin edilir və vəzifədən azad olunur.
19. Qoruğun direktoru:
a) qoruğun işinə rəhbərlik edir, tarix və mədəniyyət abidələrinin mühafizəsi və istifadəsinin təmin edilməsi sahəsində qoruq qaydalarının ciddi surətdə yerinə yetirilməsini təşkil edir.
b) bütün istehsalat və maliyyə fəaliyyətini təşkil edir və onun təkbaşçılıq prinsipləri əsasında idarə edir və qoruqda işlərin vəziyyəti üçün Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi qarşısında hesabat verir.
v) mövcud qanunçuluğa müvafiq şəkildə və öz səlahiyyəti daxilində qoruğun əmlak və vəsaitinin qeydinə qalır, müqavilələr bağlayır və vəkalətnamələr verir, habelə qoruğun təsərrüfat fəaliyyətinə rəhbərlik üçün zəruri olan digər qanuni işlər görür;
q) qoruğun illik və perspektiv iş planlarının tərtibini və elmi-tədqiqat işlərinin icrasını təmin edir, qoruqda qayda-qanuna riayət olunması üçün tədbirlər görür;
d) tarix və mədəniyyət abidələrinin bərpası, konservasiyası, təmiri, istifadə üçün yararlı hala salınması işləri və digər işlər özbaşına və ya təsdiq olunmuş layihələrdən kənara çıxarılmaqla, görüldükdə işləri dayandırır;
e) tarix və mədəniyyət abidələri üçün təhlükə yarandıqda və ya onların mühafizə qaydaları pozulduqda meliorasiya, torpaq, tikinti işlərini və sair işləri dayandırır;
j) ştat vəzifələrini komplektləşdirir, işçilər arasında vəzifələri bölüşdürür və onların ixtisasının artırılmasına rəhbərlik edir;
z) tarix və mədəniyyət abidələrinin tarixi, elmi, bədii dəyərini müəyyənləşdirmək və elmi təsvirini tərtib etmək məqsədilə onların hərtərəfli öyrənilməsini təşkil edir;
i) dövlət və idarə arxivlərində, kitabxanalarda, muzey fondlarında qoruq abidələrinə aid materialların üzə çıxarılması və öyrənilməsi işlərini təşkil edir;
k) Azərbaycan Respublikası Elmlər Akademiyası tarix, memarlıq və incəsənət institutlarının mütəxəssislərini müəyyən edilmiş qaydada elmi-tədqiqat işlərinə cəlb edir;
l) qoruğun vəziyyət və fəaliyyətini yaxşılaşdırmağa yönəldilmiş təklifləri nəzərdən keçirmək üçün müvafiq yuxarı təşkilatların sərəncamına göndərir;
m) görülmüş işlər barədə Azərbaycan Respublikası Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi qarşısında hesabat verir, müəyyən edilmiş hesabatların müvafiq orqanlara vaxtında göndərilməsini təmin edir.
20. Qarşıda duran məqsəd və vəzifələri müvəffəqiyyətlə yerinə yetirməkdə müdiriyyətə kömək etmək məqsədilə qoruqda məşvərətçi orqan sifətilə qoruq direktorundan (şuranın sədri), qoruğun təcrübəli mütəxəssislərindən, müvafiq dövlət orqanları və ictimai təşkilatların nümayəndələrindən ibarət və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən təsdiq edilmiş elmi şura fəaliyyət göstərir.
Qoruğun fəaliyyəti gedişində qoruğun perspektiv və illik hesabatları, elmi-tədqiqat işlərinin əlyazmaları, qoruqdakı tarix və mədəniyyət abidələrinə aid sənədlər, mühazirələrin tezis və mövzuları və sairədən ibarət elmi arxiv yaranır.
21. Qoruğun pul vəsaiti büdcə təxsisatından, tarix və mədəniyyət abidələrindən istifadədən, suvenirlərin, nəşrlərin satışından və digər mənbələrdən daxil olan xüsusi vəsaitdən yaranır, müəyyənləşdirilmiş qaydada xüsusi hesaba keçirilir tarix və mədəniyyət abidələrinin mühafizəsi, bərpası, konservasiyası və tətbiqi işinə sərf edilir.
22. Nardaran tarix-mədəniyyət qoruğunun Azərbaycan Respublikası Dövlət gerbinin təsviri olan və Azərbaycan və rus dillərində adı yazılmış möhürü vardır.
23. Nardaran tarix-mədəniyyət qoruğu Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə ləğv edilə bilər.
1. 14 iyun 2006-cı il tarixli 147 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 06, maddə 575)
2. 1 sentyabr 2016-cı il tarixli 329 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 4 sentyabr 2016-cı il, № 194, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 9, maddə 1557)
3. 2 sentyabr 2020-ci il tarixli 320 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 4 sentyabr 2020-ci il, № 177, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 9, maddə 1194)
4. 26 oktyabr 2020-ci il tarixli 422 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 10, maddə 1310)
5. 10 iyul 2026-cı il tarixli 211 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 13 iyul 2026-cı il, “Azərbaycan” qəzeti, 14 iyul 2026-cı il, № 122)