AZƏRBAYCAN RESPUBLİKASI İQTİSADİYYAT NAZİRLİYİNİN KOLLEGİYASININ QƏRARI
“Bakı şəhərinin Nizami rayonundakı ticarət mərkəzində baş vermiş yanğın nəticəsində zərər çəkmiş sahibkarlara maddi yardım göstərilməsi Qaydası”nın təsdiq edilməsi haqqında
Rəsmi dərc edildiyi mənbə
Azərbaycan Respublikasının Vahid hüquqi təsnifatı üzrə indeks kodu
Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi
Hüquqi aktın Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix
“Bakı şəhərinin Nizami rayonundakı ticarət mərkəzində baş vermiş yanğın nəticəsində zərər çəkmiş sahibkarlara maddi yardım göstərilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 29 mart tarixli 1068 nömrəli Sərəncamının 2.1-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 20 fevral tarixli 111 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi haqqında Əsasnamə”nin 5.11.2-ci yarımbəndini rəhbər tutaraq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin kollegiyası
1. “Bakı şəhərinin Nizami rayonundakı ticarət mərkəzində baş vermiş yanğın nəticəsində zərər çəkmiş sahibkarlara maddi yardım göstərilməsi Qaydası” təsdiq edilsin (əlavə olunur).
2. Hüquq şöbəsinin müdiri Tural İsgəndərova tapşırılsın ki, bu Qərarın Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi məqsədi ilə 3 gün müddətində Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə göndərilməsi üçün zəruri tədbirlər görülməsini təmin etsin.
3. Bu Qərar Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinin elektron variantında dərc edildiyi gündən qüvvəyə minir.
4. Kollegiyanın məsul katibi, Daxili nəzarət şöbəsinin müdir müavini Elnur Əliyevə tapşırılsın ki, bu Qərarın surətinin göndərilmə siyahısına uyğun çatdırılmasını təmin etsin.
5. Bu Qərarın icrasına nəzarəti öz üzərimdə saxlayıram.
Əsas: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin kollegiya iclasının protokolu.
1.1. Bu Qayda “Bakı şəhərinin Nizami rayonundakı ticarət mərkəzində baş vermiş yanğın nəticəsində zərər çəkmiş sahibkarlara maddi yardım göstərilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 29 mart 2019-cu il tarixli 1068 nömrəli Sərəncamının 2.1-ci bəndinin icrası məqsədilə hazırlanmışdır və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi (bundan sonra – Nazirlik) tərəfindən Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev küçəsi 81Q ünvanında yerləşən ticarət mərkəzində (bundan sonra – ticarət mərkəzi) fəaliyyət göstərən və 2019-cu il martın 26-da həmin ticarət mərkəzində baş vermiş yanğın nəticəsində zərər çəkmiş sahibkarların müəyyən edilməsi, maddi yardımın ödənilməsi üçün müraciət edilməsi və maddi yardımın ödənilməsi ilə bağlı münasibətləri tənzimləyir.
1.2. Zərər çəkmiş sahibkarların müəyyən edilməsi məqsədilə ticarət mərkəzində fəaliyyət göstərən və yanğından zərərçəkmiş digər sahibkarların siyahısı və onlarla bağlanmış müqavilələr və ya digər təsdiqedici sənədlər icarəyə verən tərəfindən Nazirliyə təqdim edilir.
1.3. Təqdim edilmiş siyahıda zərər çəkmiş sahibkarın adı, soyadı, atasının adı, VÖEN-i, icarəyə götürdüyü ticarət obyekti barədə məlumatlar göstərilir və icarəyə verənin səlahiyyətli nümayəndəsi (nümayəndələri) tərəfindən imzalanır və möhürlə təsdiq edilir.
1.4. Yanğından zərər çəkmiş sahibkarlara maddi yardım nağdsız qaydada ödənilir.
2.1. Zərər çəkmiş sahibkarlar maddi yardımın alınması üçün bu Qaydanın əlavəsində göstərilən ərizə forması və şəxsiyyəti təsdiq edən sənəd ilə Nazirliyə müraciət edirlər. Ərizəyə icarəyə verənlə bağlanmış icarə müqaviləsinin surəti və ya digər təsdiqedici sənəd əlavə edilir.
2.2. Maddi yardımı almaq hüququ olan şəxsin özü müraciət edə bilmədikdə, onu təmsil edən nümayəndə bu Qaydanın 2.1-ci bəndində nəzərdə tutulmuş sənədlərlə yanaşı notarial qaydada təsdiq olunmuş etibarnaməni təqdim edir.
2.3. Ərizəçi ərizə formasını əldə edə bilmədikdə, Nazirliyin səlahiyyətli işçisi ona ərizə formasını təqdim edir və ərizənin doldurulması qaydasını izah edir.
3.1. Nazirlikdə zərər çəkmiş sahibkarlarla operativ əlaqələrin qurulması və onlara dəstək göstərilməsi işlərinin koordinasiyalı təşkili üçün yaradılmış İşçi Qrupu (bundan sonra – İşçi Qrupu) tərəfindən maddi yardımın ödənilməsi üçün müraciət etmiş ərizəçilərin məlumatları icarəyə verən tərəfindən təqdim edilmiş məlumatlara uyğunluğu yoxlanılır.
3.2. Ərizənin düzgün tərtib olunduğu və sənədlərin tələb olunan qaydada təqdim edildiyi halda İşçi Qrupu tərəfindən protokolla rəsmiləşdirilir və ərizəçiyə protokoldan çıxarış (bundan sonra - çıxarış) verilir. Çıxarışın verilməsi maddi yardımın köçürülməsinə əsasdır.
3.3. Ərizəçi haqqında məlumatlar icarəyə verən tərəfindən təqdim edilmiş siyahıda olmadıqda, siyahıdakı məlumatlara uyğun gəlmədikdə, icarəyə verən ilə bağlanmış icarə müqaviləsi və ya digər təsdiqedici sənəd olmadıqda İşçi Qrupu tərəfindən sahibkar və icarəyə verənin səlahiyyətli nümayəndəsinin iştirakı ilə operativ şəkildə araşdırma aparılır.
3.4. Araşdırmanın nəticəsi müsbət olduqda İşçi Qrupu tərəfindən maddi yardımın verilməsi barədə qərar protokolla rəsmiləşdirilir və ərizəçiyə çıxarış verilir.
3.5. Maddi yardımın ödənilməsi üçün əsas müəyyən edilmədikdə müraciət etmiş ərizəçiyə maddi yardımın ödənilməsindən imtina olunur.
3.6. Maddi yardımın ödənilməsindən imtina barədə qərar İşçi Qrupunun protokolu ilə rəsmiləşdirilir və bu barədə 3 iş günü ərzində ərizəçiyə sifarişli məktubla bildiriş göndərilir və ya şəxsən ərizəçiyə imza etdirməklə təqdim olunur.
4.1. Maddi yardımın məbləği aşağıdakı qaydada müəyyən edilir:
4.1.1. mağaza, anbar icarəyə götürmüş zərər çəkmiş sahibkara – 10000 manat;
4.1.2. piştaxta və digər sahə icarəyə götürmüş zərər çəkmiş sahibkara - 2000 manat.
4.2. Maddi yardım zərər çəkmiş sahibkara dəymiş ziyandan artıq ödənilmir.
4.3. “Bakı şəhərinin Nizami rayonundakı ticarət mərkəzində baş vermiş yanğın nəticəsində zərər çəkmiş sahibkarlara maddi yardım göstərilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 29 mart 2019-cu il tarixli Sərəncamının icrası ilə əlaqədar Nazirliyə ayrılmış vəsait Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin hesabına köçürülür.
4.4. Zərər çəkmiş sahibkara çıxarış verildiyi gündən 5 iş günü müddətində maddi yardımın məbləği Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi tərəfindən zərər çəkmiş şəxsə plastik kart vasitəsilə təqdim edilir.
5.1. Nazirlik maddi yardımın ödənilməsi ilə əlaqədar məlumatları mütəmadi olaraq rəsmi internet səhifəsində yerləşdirir.
5.2. Zərər çəkmiş sahibkarlar maddi yardımın ödənilməsində operativliyin təmin edilməsi və lazımı məlumatların alınması məqsədilə Nazirliyin 012-404-04-01 və ya 195-2 nömrəli qaynar xəttinə müraciət edə bilərlər.
5.3. Zərər çəkmiş sahibkarlar maddi yardımın ödənilməsindən imtinadan “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət verə bilər.
Sahibkar barəsində məlumat:
________________________________________________________________________________
Doğulduğu gün, ay, il “_________” ______________ ____________ il
Şəxsiyyəti təsdiq edən sənədə dair məlumatlar:
seriyası, nömrəsi _______ _____________________
verilmişdir: “_____” ________________ ________ il
etibarlıdır: “______” _______________ ________ il
____________________________________________________
(sənədi verən orqanın adı)
VÖEN-i _____________________________
İcarəyə götürdüyü ticarət obyekti barədə məlumat:
Əlaqə nömrəsi ___________________________________________
Qeyd: Maddi yardımın alınması üçün zərərçəkmiş sahibkarın özü deyil, qanuni nümayəndəsi müraciət etdikdə bu barədə hüququ təsdiq edən sənədin və müraciət edən şəxsin şəxsiyyətini təsdiq edən sənədin notarial qaydada təsdiq edilmiş surəti ərizəyə əlavə olunur.
Xahiş edirəm mənə “Bakı şəhərinin Nizami rayonundakı ticarət mərkəzində baş vermiş yanğın nəticəsində zərər çəkmiş sahibkarlara maddi yardım göstərilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 29 mart 2019-cu il tarixli 1068 nömrəli Sərəncamına əsasən maddi yardım göstərəsiniz.
Yuxarıda qeyd etdiyim məlumatların doğruluğunu öz imzamla təsdiq edirəm.
_____________________________________________ ____________________________
(ərizəçinin adı, soyadı və atasının adı (İmza)
“_____” ____________ _________