2.1. Balıqçılıq haqqında qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasından, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən, bu Qanundan, Azərbaycan Respublikasının Su Məcəlləsindən, “Qida təhlükəsizliyi haqqında”, “Heyvanlar aləmi haqqında”, “Damazlıq heyvandarlıq haqqında”, “Baytarlıq haqqında”, “Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikasının qanunlarından və digər normativ hüquqi aktlardan ibarətdir.
2.2. Balıqçılığın təşkili, balıq və digər su bioresurslarının artırılması, istifadəsi və mühafizəsi ilə əlaqədar yaranan su, torpaq, əmlak, ətraf mühitin mühafizəsi, balıq məhsulunun minimum keyfiyyətinin və təhlükəsizliyinin idarə olunması və digər münasibətlər bu Qanunun tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikasının müvafiq normativ hüquqi aktları ilə tənzimlənir.
2.3. Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində balıqçılığın təşkili, balıq və digər su bioresurslarının artırılması, istifadəsi və mühafizəsi bu Qanunla, habelə Azərbaycan Respublikasının su qanunvericiliyi, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə və digər beynəlxalq hüquq normaları ilə tənzimlənir.
2.4. Sərhəd su obyektlərində balıqçılığın təşkili, balıq və digər su bioresurslarının artırılması, istifadəsi və mühafizəsi su və dövlət sərhədi haqqında Azərbaycan Respublikasının normativ hüquqi aktları, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr nəzərə alınmaqla bu Qanunla tənzimlənir.
2.5. Ələt azad iqtisadi zonasında balıqçılıq sahəsində münasibətlər “Ələt azad iqtisadi zonası haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq tənzimlənir.