9.1. Balıqçılıq, qida təhlükəsizliyi və damazlıq heyvandarlıq sahələri üzrə normativ hüquqi aktların tələblərinə cavab verən balıqçılıq obyektləri ticarət dövriyyəsinə daxil edilə bilər.
9.2. Balıq məhsulları “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə uyğun olaraq qablaşdırılır və etiketlənir.
9.3. Balıqçılıq obyektləri ticarət dövriyyəsinə daxil edilən zaman “Baytarlıq haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq baytarlıq sənədləri ilə müşayiət edilir.
9.4. Balıqçılıq haqqında qanunvericiliyin tələblərinə zidd olaraq əldə edilmiş balıqçılıq obyektlərinin ticarət dövriyyəsinə daxil edilməsinə yol verilmir.
9.5. Ticarət dövriyyəsinə daxil edilmiş balıqçılıq obyektlərinin satışı “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, Qida Təhlükəsizliyi Reyestrinə daxil edilmiş kənd təsərrüfatı məhsullarının satış yerlərində, o cümlədən müvafiq avadanlıqlarla təchiz edilmiş bazar, yarmarka, mağaza və xüsusi ayrılmış digər yerlərdə həyata keçirilir.
9.6. İxtisaslaşmış bazarların təşkili üçün torpaq sahələrinin ayrılması “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinin ikinci hissəsinə uyğun olaraq həyata keçirilir.
9.7. İxtisaslaşmış bazarların yerləşmə sxemi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanla (qurumla) razılaşdırmaqla müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.
9.8. Balıq və digər su bioresurslarının, balıq körpələrinin və inkubasiya edilən kürülərin idxalı və ixracı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) rəyi nəzərə alınmaqla həyata keçirilir.
9.9. Ölkə ərazisinə idxal edilən və ölkə ərazisindən ixrac edilən törədici balıq və digər su bioresurslarının, balıq körpələrinin və inkubasiya edilən kürülərin damazlıq xüsusiyyətləri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.