57-8.1. Bankın rezolyusiyası ilə bağlı tədbirlər planına uyğun olaraq, Mərkəzi Bank ödəmə qabiliyyətini itirmiş bir və ya bir neçə bankın aktiv və öhdəliklərinin tam və ya qismən köçürülməsi və onların müvəqqəti idarə edilməsi məqsədi ilə körpü bankın yaradılması barədə qərar qəbul edir.
57-8.2. Mərkəzi Bank körpü bankın təsisçisi və yeganə səhmdarı hesab olunur. Körpü bankın fəaliyyəti Mərkəzi Bank tərəfindən qəbul edilən qaydalarla tənzimlənir. Mərkəzi Bank tərəfindən digər banklar üçün müəyyən edilmiş normativlər, habelə Mərkəzi Bank tərəfindən pul siyasətinin həyata keçirilməsi aləti kimi banklara tətbiq olunan məcburi ehtiyatların saxlanılması tələbi körpü banka şamil edilmir.
57-8.3. Körpü bankın yaradılması, səhmlərinin buraxılışı və qeydiyyatı, körpü banka bank lisenziyasının verilməsinin xüsusi sadələşdirilmiş proseduru Mərkəzi Bank tərəfindən müəyyən edilir.
57-8.4. Körpü bankın investora satışı Mərkəzi Bank tərəfindən müəyyən edilmiş qaydalara uyğun olaraq keçirilən hərrac yolu ilə həyata keçirilir. Körpü bankın idarəetmə orqanlarının səlahiyyətlərini müvəqqəti inzibatçı həyata keçirir və investora satılana kimi körpü bank müvəqqəti inzibatçı tərəfindən idarə olunur.
57-8.5. Körpü bankın satışı üçün başlanğıc qiymət Mərkəzi Bankın qəbul etdiyi metodologiyaya uyğun olaraq müəyyən olunur. Körpü bankın satın alınması üçün ən yüksək qiymət təklif etmiş və körpü bankın müəyyən vaxt çərçivəsində banklar üçün müəyyən edilmiş prudensial tələblərə uyğunlaşdırılması və ya mövcud sağlam banklardan birinə qoşulması barədə öhdəlik götürmüş investor hərracın qalibi hesab olunur.
57-8.6. Öhdəliklərin yerinə yetirilməsi zamanı Mərkəzi Bank kreditorların bu Qanunun 82-ci maddəsi ilə müəyyən edilmiş növbəliliyinə uyğun olaraq, bütün kreditorlarla bərabər və vicdanla davranmalıdır.
57-8.7. Körpü bank köçürülmüş aktivlərlə bağlı bütün hüquqları (girov müqavilələri ilə bağlı hüquqlar da daxil olmaqla) əldə edir və köçürülmüş öhdəliklər üzrə ödəmə qabiliyyətini itirmiş bankın kreditorlarına münasibətdə borclunun bütün hüquq və vəzifələrini əvvəl bağlanılmış müqavilələrə əlavə və dəyişikliklər edilmədən qəbul edir.
57-8.8. Hərracın qalibi elan olunması barədə yazılı bildiriş investora təqdim edildiyi gündən 7 təqvim günü ərzində Mərkəzi Bank ilə investor arasında körpü bankın səhmlərinin satınalınmasına dair müqavilə bağlanılır. Bu müqavilə körpü bankın səhmləri üzrə hüquqların investorun adına qiymətli kağız mülkiyyətçilərinin reyestrində qeydə alınması üçün əsas sayılır.
57-8.9. Satınalma müqaviləsində investorun körpü bankı müqavilədə müəyyən edilən, lakin 3 aydan çox olmayan müddətdə banklar üçün müəyyən edilmiş prudensial tələblərə uyğunlaşdırması və ya mövcud sağlam banklardan birinə qoşulması barədə öhdəliyi əks olunmalıdır. Körpü bankın satışından əldə edilmiş vəsait ödəmə qabiliyyətini itirmiş bankın kreditorlarının tələblərinin ödənilməsinə yönəldilir.
57-8.10. Satınalma müqaviləsinin bütün şərtləri investor tərəfindən icra olunduğu halda, bank körpü bank statusunu itirir. Körpü bank statusunun itirilməsindən 3 ay sonra Mərkəzi Bank banklar üçün müəyyən edilən normativlərin yerinə yetirilməsini müəyyən etmək üçün bankda yoxlamalar aparır.
57-8.11. Körpü bank statusunun itirildiyi gündən 3 iş günü ərzində Mərkəzi Bank müvəqqəti inzibatçının fəaliyyətinə xitam verilməsi barədə qərar qəbul edir.
57-8.12. Ödəmə qabiliyyətini itirmiş bankın aktiv və öhdəliklərinin körpü banka köçürülməsinin tamamlandığı gün Mərkəzi Bank ödəmə qabiliyyətini itirmiş bankın bank lisenziyasının ləğvi barədə qərar qəbul edir və bu Qanunun 59.1-ci maddəsində nəzərdə tutulmuş halda məhkəməyə müraciət edir.
57-8.13. Təsis olunduğu gündən 6 ay ərzində Mərkəzi Bank körpü bankın investora satışını təmin etməlidir. Bu müddət Mərkəzi Bankın qərarı ilə 3 aydan çox olmayan müddətə uzadıla bilər. Körpü bank statusu itirilənə qədər Mərkəzi Bank körpü bankın fəaliyyətinə nəzarəti həyata keçirir.
57-8.14. Körpü bank bu Qanunun 57-8.13-cü maddəsində nəzərdə tutulan müddətlərdə satıla bilmədikdə, bu məqsədlə müəyyən edilən müddətin başa çatmasından ən geci sonrakı gün Mərkəzi Bank körpü bankın bank lisenziyasının ləğvi və məcburi ləğvi üçün müvafiq tədbirlər görməlidir.