Qanunvericilik › Banklar haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 83

Maddə 83. Ləğv planı

Banklar haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

83.1. Bankın müflis elan olunmasına dair məhkəmə qərarının qəbul edildiyi tarixdən ən geci 120 təqvim günü ərzində ləğvedici bankın ləğvinə dair müfəssəl planı hazırlayıb təsdiq olunması üçün məhkəməyə müraciət edir:

83.1.1. bankın aktivlərini və passivlərini onların ehtimal edilən ləğv dəyəri ilə göstərən cari maliyyə hesabatı, cari tarixdən sonrakı üç ay üçün bankın ehtimal edilən maliyyə hesabatı. Balansın passivində kreditorlardan qəbul edilmiş tələblər, o cümlədən etiraz edilmiş tələblər göstərilir;

83.1.2. bankın keçmiş və proqnozlaşdırılan gəlirləri və xərcləri haqqında rüblük hesabatlar;

83.1.3. bankın əsas vəsaitlərinin və digər aktivlərinin satışı üzrə görülmüş işlər haqqında və satış planları haqqında hesabat;

83.1.4. bankın tələblərinin ödənilməsinə yönəldilən məhkəmə və məhkəmədənkənar hərəkətlər haqqında hesabat, o cümlədən qanunsuz sazişlərin və köçürmələrin, habelə bu cür sazişlər və köçürmələr nəticəsində yaranmış hüquqların ləğvi üzrə hərəkətlər;

83.1.5. bankın inzibatçılarının qanunsuz hərəkətləri və bankın xeyrinə kompensasiya alınmasına yönəldilmiş hərəkətlər haqqında hesabat;

83.1.6. sığorta, şəxsi muzd müqavilələri və banka xidmət müqavilələri kimi cari kontraktların qüvvəsinin davam etdirilməsi və ya qüvvəsinə xitam verilməsi haqqında hesabat, o cümlədən bank işçilərinin maliyyə təminatının müfəssəl təhlili;

83.1.7. bankın öhdəlikləri haqqında hesabat və növbəti rüb ərzində bankın kreditorlarına nəzərdə tutulan ödənişlərin cədvəli;

83.1.8. ləğvetməyə çəkilmiş və gələcək məsrəflər və xərclər haqqında hesabat.

83.2. Ləğv planı hər rüb təzələnir. Məhkəmə tərəfindən təsdiq edildikdən sonra ləğv planı bank sirri məlumatları istisna olmaqla, tanışlıq üçün tələbləri bu Qanunun 77-ci maddəsinə uyğun hazırlanan təsdiqli tələblər siyahısına daxil edilmiş bank kreditorlarına təqdim edilir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver