Qanunvericilik › “Banklarda bazar risklərinin idarə edilməsi Qaydası”nın və “Banklarda açıq valyuta mövqeyi limitlərinin müəyyən edilməsi Qaydası”nın təsdiq edilməsi barədə (Mərkəzi bankın qərarı, 23.12.2025) › Tam mətn

“Banklarda bazar risklərinin idarə edilməsi Qaydası”nın və “Banklarda açıq valyuta mövqeyi limitlərinin müəyyən edilməsi Qaydası”nın təsdiq edilməsi barədə (Mərkəzi bankın qərarı, 23.12.2025)

“Banklarda bazar risklərinin idarə edilməsi Qaydası”nın və “Banklarda açıq valyuta mövqeyi limitlərinin müəyyən edilməsi Qaydası”nın təsdiq edilməsi barədə (Mərkəzi bankın qərarı, 23.12.2025) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

“Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 34.2.11-ci və 34.5-ci maddələrinə, habelə “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikası Qanununun 22.1.17-ci maddəsinə əsasən Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyəti

1. “Banklarda bazar risklərinin idarə edilməsi Qaydası” təsdiq edilsin (əlavə olunur).

2. “Banklarda açıq valyuta mövqeyi limitlərinin müəyyən edilməsi Qaydası” təsdiq edilsin (əlavə olunur).

3. Bu Qərarın 1-ci hissəsi ilə təsdiq edilmiş “Banklarda bazar risklərinin idarə edilməsi Qayda”sı dərc edildiyi gündən bir ay sonra qüvvəyə minsin.

4. Ləğv edilmiş Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının “Banklarda açıq valyuta mövqeyinin limitlərinin müəyyən edilməsi Qaydaları”nın təsdiq edilməsi barədə” 2018-ci il 16 noyabr tarixli 1851100013 nömrəli Qərarı ləğv edilsin.

5. Maliyyə bazarlarının hüquqi təminatı departamentinə tapşırılsın ki, bu Qərarın 3 gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim edilməsini təmin etsin.

Mərkəzi Bankın sədrinin birinci müavini,

sədrin vəzifələrini müvəqqəti icra edən

1.1. Bu Qayda “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 34.5-ci maddəsinə uyğun olaraq hazırlanmışdır və banklarda, habelə xarici bankların yerli filiallarında (bundan sonra - banklar) bazar risklərinin idarə edilməsinə dair minimum tələbləri müəyyən edir.

1.2. Banklarda bazar risklərinin idarə edilməsinin təşkilati strukturu Azərbaycan Respublikası Mərkəzi Bankının (bundan sonra – Mərkəzi Bank) İdarə Heyətinin 2023-cü il 28 avqust tarixli 41/1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Banklarda korporativ idarəetmə Standartları” ilə tənzimlənir.

2.1. Bu Qaydada istifadə olunan anlayışlar aşağıdakı mənaları daşıyır:

2.1.1. bazar riski – maliyyə və əmtəə bazarlarında baş verən dəyişikliklər, xüsusilə də faiz dərəcələri, valyuta məzənnələri, kredit spredi, qiymətli kağızlar və əmtəələrin dəyərindəki dəyişikliklərlə əlaqədar itkinin yaranması riski;

2.1.2. faiz dərəcəsi riski - faiz dərəcələrinin əlverişsiz dəyişməsi ilə əlaqədar yaranan risk. Faiz dərəcəsi riskinə baza riski, yenidən qiymətləndirmə və qiymət uyğunsuzluğu riski, opsionallıq riski və gəlirlilik əyrisi riski daxildir;

2.1.3. xarici valyuta riski – xarici valyuta məzənnələrinin əlverişsiz dəyişməsi ilə əlaqədar yaranan risk;

2.1.4. kapital riski - bankın aldığı qiymətli kağızların dəyərinin əlverişsiz dəyişməsi ilə əlaqədar yaranan risk;

2.1.5. əmtəə riski - bazarda əmtəələrin qiymətinin əlverişsiz dəyişməsi ilə əlaqədar yaranan risk;

2.1.6. bazar likvidliyi riski - likvid bazarın məhdudluğu və ya bazar şəraitinin əlverişsiz dəyişməsi nəticəsində aktivin bazar qiyməti ilə satıla bilməməsi, yaxud hər hansı səbəbdən həmin aktivin bazar qiymətinin formalaşa bilməməsi riski;

2.1.7. kredit spredi – aktiv üzrə kredit riskinin qarşılanması məqsədilə risksiz aktivlər (məsələn, dövlət qiymətli kağızları) üzrə müəyyən edilmiş faizə əlavə olaraq bazar tərəfindən tələb edilən əlavə faiz;

2.1.8. ticarət kitabı – bankların maliyyə bazarlarında qısamüddətli ticarət əməliyyatları aparmaq və ya qısamüddətli qiymət dəyişikliklərindən (faktiki və ya gözlənilən) və ya arbitraj mənfəətindən faydalanmaq məqsədilə saxladığı mövqelər. Bu mövqelər üzrə riskləri azaltmaq məqsədilə istifadə olunan törəmə maliyyə alətləri (hedcinq alətləri) də bu anlayışa daxildir;

2.1.9. arbitraj mənfəəti - eyni aktivin müxtəlif bazarlarda fərqli qiymətlərlə alınıb-satılması nəticəsində qiymət fərqindən əldə olunan mənfəət;

2.1.10. bank kitabı – ticarət kitabına daxil olmayan bütün balans və balansdankənar maddələr;

2.1.11. bank kitabından yaranan faiz dərəcəsi riski (bundan sonra - BKFDR) – bank kitabındakı mövqelərə təsir edən faiz dərəcələrinin əlverişsiz dəyişməsi nəticəsində bankın kapitalı və gəlirləri üzrə yaranan risk;

2.1.12. bank kitabından yaranan kredit spredi riski (bundan sonra - BKKSR) – BKFDR-in əhatə etmədiyi kredit riski daşıyan alətlər üzrə kredit spredi riski;

2.1.13. baza riski – fərqli faiz indekslərinə əsaslanan və eyni və ya oxşar müddətli maliyyə alətləri üzrə indekslərin faiz dərəcələrinin dəyişməsi nəticəsində yaranan risk;

2.1.14. yenidən qiymətləndirmə və ya müddət uyğunsuzluğu riski – bankın aktiv və öhdəlikləri üzrə faiz dərəcələrinin dəyişməsi vaxtı ilə pul axınlarının icrası vaxtı arasındakı uyğunsuzluqdan yaranan risk;

2.1.15. opsionallıq – bankın pul axınlarının müddətinə və həcminə təsir edən bankın balans və balansdankənar aktiv və öhdəlikləri üzrə qarşı tərəfin seçim imkanı;

2.1.16. opsionallıq riski – opsionallıq daşıyan maddələrdən yaranan risk. Bu risk davranış əsaslı opsionallıq və avtomatik opsionallıq riskindən ibarətdir;

2.1.17. davranış əsaslı opsionallıq riski – müştərinin davranışına təsir edən faiz dərəcəsi dəyişikliyindən yaranan risk (məsələn, borcalanın hər hansı cərimə tətbiq edilmədən kreditin vaxtından əvvəl ödəyə bilməsi hüququndan istifadəsi və ya müştərinin vaxtından əvvəl depozitini geri çəkmə hüququndan istifadəsi. Bu cür hüquq müqavilə şərtləri və ya qanunvericiliklə müəyyən edilir);

2.1.18. avtomatik opsionallıq riski – müştərinin maliyyə marağı olduğu halda maliyyə alətlərinin müqavilə şərtlərində ona açıq-aşkar verilmiş hüququndan istifadəsi nəticəsində yaranan risk;

2.1.19. gəlirlilik əyrisi riski - faiz dərəcələrinin müxtəlif müddətlər üzrə fərqli şəkildə dəyişməsi nəticəsində yaranan risk;

2.1.20. kapitalın iqtisadi dəyəri – bankın gözlənilən xalis pul axınlarının bugünkü dəyəri. Gözlənilən xalis pul axınlarının bugünkü dəyəri aktivləri üzrə gözlənilən xalis pul axınlarının bugünkü dəyərindən öhdəlikləri üzrə gözlənilən xalis pul axınlarının bugünkü dəyərinin çıxılması və balansdankənar maddələri üzrə gözlənilən xalis pul axınlarının bugünkü dəyərinin əlavə edilməsi vasitəsilə hesablanır;

2.1.21. 1 baza bəndi üzrə bugünkü dəyər (bundan sonra - PV01) - faiz dərəcəsinin 1 baza bəndi (yəni 0.01%) dəyişməsi halında, bankın faiz dərəcəsinə həssas aktiv və öhdəliklərinin bugünki dəyərindəki dəyişikliyi ölçən göstərici;

2.1.22. riskə məruz iqtisadi dəyər (bundan sonra - EVAR) – müəyyən bir zaman aralığında və əminlik dərəcəsində kapitalın iqtisadi dəyəri üzrə maksimum gözlənilən itkini ölçən göstərici;

2.1.23. stres-test – bir və ya bir neçə şokun bankın maliyyə vəziyyətinə potensial təsirinin qiymətləndirilməsi aləti;

2.1.24. şok – bankın fəaliyyətinə potensial təsir edə biləcək, ehtimal olunan və ölçülə bilən hadisə.

2.2. Bu Qaydada istifadə olunan “risk profili”, “risk iştahası” və “risk limiti” anlayışları Mərkəzi Bankın İdarə Heyətinin 2023-cü il 28 avqust tarixli 41/1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Banklarda korporativ idarəetmə Standartları”nda, “likvid bazar” anlayışı Mərkəzi Bankın İdarə Heyətinin 2022-ci il 22 iyul tarixli 29/1-2 nömrəli Qərarı ilə təsdiq edilmiş “Kredit riskləri, o cümlədən iri kredit riskləri ilə bağlı prudensial normativ və tələblərə dair Qayda”da, “hedcləşdirmə” anlayışı Mərkəzi Bankın İdarə Heyətinin 2025-ci il 23 dekabr tarixli 45/1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Banklarda açıq valyuta mövqeyi limitlərinin müəyyən edilməsi Qaydası”nda, “modelin validasiyası” anlayışı Mərkəzi Bankın İdarə Heyətinin 2023-cü il 21 sentyabr tarixli 46/4 nömrəli Qərarı ilə “Banklarda kredit risklərinin idarə edilməsi Qaydası”nda nəzərdə tutulan mənaları ifadə edir.

3.1. Bank apardığı əməliyyatların növünə, həcminə, fəaliyyətinin xüsusiyyətlərinə, fəaliyyət göstərdiyi mühitə və risk profilinə adekvat bazar risklərinin idarə edilməsi sistemini formalaşdırır.

3.2. Bazar risklərinin idarə edilməsi sistemi azı faiz dərəcəsi riskini, xarici valyuta riskini, kapital riskini və əmtəə riskini əhatə etməklə bankın risklərin idarə edilməsi prosesinə inteqrasiya edilir.

3.3. Bankın bazar risklərinin idarə edilməsi sisteminin formalaşdırılmasının təmin edilməsi və effektivliyinin qiymətləndirilməsi bankın Müşahidə Şurası tərəfindən həyata keçirilir.

3.4. Bankın Müşahidə Şurası bazar risklərinin idarə edilməsi sisteminin digər risk növlərinin təsiri nəticəsində yaranan bazar risklərinə, ümumi bazar və makroiqtisadi şərtlərə adekvatlığını, habelə bazar risklərinin idarə edilməsi sisteminin daxili audit, kənar audit və (və ya) digər ixtisaslaşmış üçüncü tərəflər tərəfindən qiymətləndirilməsinin nəticələrini azı ildə bir dəfə nəzərdən keçirir və müvafiq qərarlar qəbul edir.

3.5. Bazar risklərinin idarə edilməsi sistemi bankın fəaliyyəti üzrə siyasətlərinə adekvat şəkildə formalaşdırılmalı və azı aşağıdakı məsələləri əhatə etməlidir:

3.5.1. bazar risklərinin idarə edilməsi siyasəti və qaydalarını;

3.5.2. bazar risklərinin ölçülməsinə dair tələbləri;

3.5.3. BKFDR ölçülməsinə dair tələbləri;

3.5.4. stres-testlərə dair tələbləri;

3.5.5. bazar risklərinin monitorinqi və hesabatlığı.

3.6. Bazar risklərinin idarə edilməsi sistemi bankın bütün struktur bölmələrini, ölkədaxili və ölkədənkənar əməliyyat bölmələrini, habelə törəmə təsərrüfat cəmiyyətlərini əhatə edir.

4.1. Bazar risklərinin idarə edilməsi siyasəti bankın biznes strategiyasına və risk iştahasına müvafiq olaraq hazırlanır. Bazar risklərinin idarə edilməsi siyasəti Mərkəzi Bankın İdarə Heyətinin 2023-cü il 28 avqust tarixli 41/1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Banklarda korporativ idarəetmə Standartları”nda risklərin idarə edilməsi siyasətinə dair müəyyən edilmiş tələblərlə yanaşı azı aşağıdakıları əhatə etməlidir:

4.1.1. bazar risklərinin müəyyən edilməsi və qiymətləndirilməsi ilə bağlı alətlər və nəticələrinin istifadəsi;

4.1.2. bazar riskləri üzrə risk limitləri və onların yenilənmə tezliyi;

4.1.3. bazar riskinə məruz qalan struktur bölmələrin fəaliyyət sahəsinin müəyyənləşdirilməsi;

4.1.4. bankın Müşahidə Şurası və İdarə Heyətinin, daxili nəzarət funksiyasına daxil edilən struktur bölmələrinin və bazar risklərinin idarə edilməsinə məsul digər əməkdaşların səlahiyyət və məsuliyyətinin müəyyənləşdirilməsi;

4.1.5. gözlənilməz itkilərə qarşı adekvat kapital həcminin müəyyən edilməsi prosesinin formalaşdırılması;

4.1.6. yeni məhsullara xas olan bazar riskləri;

4.1.7. qeyri-adi və ya mübahisəli bazar əməliyyatlarının (bazar şərtlərinə uyğun gəlməyən qiymətləndirmələr, likvid olmayan aktivlərin qəfil alqı‑satqısı, qiymət manipulyasiyası, şübhəli tərəflərlə aparılan əməliyyatlar və s. ) araşdırılması, hesabatlığı və həlli üsulları;

4.1.8. bankın bazar riski profilinin dəyişməsi halında siyasətin nəzərdən keçirilməsi və zərurət olduğu təqdirdə yenilənməsini;

4.1.9. stres-testlərdə istifadə olunan şoklara dair məlumatları.

4.2. Bank fəaliyyətinin xüsusiyyətinə və əməliyyatlarının mürəkkəbliyinə uyğun olaraq bazar risklərinin idarə olunması üzrə daxili qaydaları işləyib hazırlayır. Bu qaydalar bankın bazar riski yaradan fəaliyyətini və bazar risklərinin idarə olunması prosesini hərtərəfli tənzimləyir və bankın bazar riskləri üzrə siyasətinin həyata keçirilməsi zamanı rəhbər tutulur.

4.3. Daxili qaydalarda bazar risklərinin idarə edilməsinə mərkəzləşdirilmiş nəzarəti həyata keçirən struktur bölmə müəyyən edilməli, onun səlahiyyətləri və tabeçiliyi, habelə hesabatların təqdim edilməsi prosedurları və bankın digər struktur bölmələri ilə əlaqələri müəyyən olunmalıdır.

4.4. Bank bazar riskləri üzrə siyasət və daxili qaydalarını azı ildə bir dəfə nəzərdən keçirməli və zərurət olduğu təqdirdə müvafiq dəyişikliklər etməlidir.

5.1. Bank bazar riskini mütəmadi olaraq ölçməli, bazar riski amillərindəki dəyişiklikləri (faiz dərəcələrində, məzənnədə, qiymətli kağızların bazar dəyərində və əmtəə qiymətlərindəki dəyişikliklər və s.) və digər bazar şərtlərini izləməlidir. Bank bazar riski çərçivəsində azı aşağıdakı riskləri ölçməlidir:

5.1.1. Faiz dərəcəsi riski üzrə: Faiz dərəcəsi riskinin ölçülməsi bankın ticarət kitabındakı mövqelərdən meydana gələn yenidən qiymətləndirmə və ya müddət uyğunsuzluğu riskini, gəlirlilik əyrisi riskini, baza riskini və opsionallıq riskini əhatə etməlidir. Bundan əlavə, gəlir və xərclərin faiz dərəcəsindəki dəyişikliklərə həssaslığı da nəzərə alınmalıdır. Faiz dərəcəsi riski hər bir əhəmiyyətli valyuta (bir valyuta üzrə aktiv və ya öhdəliklərin həcminin bankın ümumi aktiv və ya öhdəliklərinin 5% və ondan artıq hissəsini təşkil edən valyuta) üzrə ayrıca hesablanmalıdır. Hər bir əhəmiyyətli valyuta üzrə gəlirlilik əyriləri fərqli müddətlərə bölünməli və faiz dərəcələrindəki dəyişikliyin bu müddətlər üzrə təsiri qiymətləndirilməlidir;

5.1.2. BKFDR üzrə: BKFDR ölçülməsinə dair tələblər bu Qaydanın 6-cı hissəsində müəyyən edilmişdir;

5.1.3. Xarici valyuta riski üzrə: Bankın xarici valyuta riski açıq valyuta mövqeyi əsasında ölçülür. Bankın açıq valyuta mövqeyinin hesablanmasına dair tələblər Mərkəzi Bankın İdarə Heyətinin 2025-ci il 23 dekabr tarixli 45/1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Banklarda açıq valyuta mövqeyi limitlərinin müəyyən edilməsi Qaydası” ilə müəyyən edilir;

5.1.4. Kapital riski üzrə: Bank kapital riskinin qiymətləndirilməsi zamanı, portfelində olan hər bir səhm bazarları üzrə ayrı-ayrı risk amilləri müəyyən edilməlidir. Kapital risklərinin qiymətləndirilməsi, səhm bazarındakı ümumi qiymət dəyişiklikləri (məsələn, bazar indekslərini), həmin bazarda mövcud olan xüsusi sektorları və zəruri hallarda fərdi emitentlər üzrə risklər nəzərə alınmalıdır;

5.1.5. Əmtəə riski üzrə: Bank əmtəə riski çərçivəsində birbaşa spot qiymətlərdəki (cari alqı-satqı qiyməti) dəyişikliklərdən yaranan risklərə əlavə olaraq baza riski, faiz dərəcəsi riski və forvard qəp riski (əmtəə üzrə forward müqavilələrinin qiymətlərinin, faiz dərəcəsi dəyişikliklərindən başqa səbəblərlə dəyişməsi nəticəsində yaranan risk) kimi risklərə də məruz qalır. Əmtəə alqı-satqısında aktiv iştirak edən bank spot mövqelər ilə törəmə maliyyə alətləri üzrə mövqelər arasında “saxlama gəliri” (gizli iqtisadi dəyər - əmtəənin fiziki olaraq saxlanılmasından yaranan fayda) fərqini də nəzərə almalıdır;

5.1.6. Bazar likvidliyi riski üzrə: Bank bazar likvidliyi riskini və mövqelərini hedcləşdirmə imkanını mütəmadi olaraq qiymətləndirməlidir. Daha az inkişaf etmiş və ya inkişaf etməkdə olan ölkələrin bazarları üzrə likvidlik riskinin yüksək olduğunu nəzərə alaraq, banklar bu bazarları daha dərindən təhlil etməli, bu bazarlar üzrə likvidlik riskini daha təkmil və əlavə yanaşmalar tətbiq edərək qiymətləndirməli və səmərəli şəkildə idarə etməlidir. Bazar likvidliyi riskinin kəmiyyətcə ölçülə bilmədiyi hallarda, bu risk keyfiyyət baxımından qiymətləndirilməli və müvafiq qaydada hesabatlarda əks etdirilməlidir.

5.2. Bazar risklərinin ölçülməsində istifadə olunan modellər və statistik təhlillər reallığı əks etdirən fərziyələrə əsaslanmalıdır. Modellərin mütəmadi olaraq müstəqil validasiyası aparılmalı və təhrif olunmamış, obyektiv validasiya həyata keçirilməlidir. Modellərin validasiyasını həyata keçirən əməkdaşların modelləri hazırlayan əməkdaşlardan hər hansı asılılığının olmaması təmin edilməlidir (məsələn, validasiya və modelin hazırlanması eyni əməkdaş tərəfindən həyata keçirilməməli, maraqlar münaqişəsinə yol verilməməlidir).

5.3. Bank bazar risklərinə həssas amillərdə (faiz dərəcələri, valyuta məzənnələri, qiymətli kağızların dəyəri və s.) kəskin dəyişikliklərin bankın maliyyə nəticələrinə və kapital mövqeyinə təsirini qiymətləndirmək, risk iştahasına uyğunluğunu müəyyənləşdirmək və potensial zərərləri ölçmək məqsədilə stres-testlər aparır. Stres-testlər Mərkəzi Bankın İdarə Heyətinin 2026-cı il 16 fevral tarixli 06/05 nömrəli Qərarı ilə təsdiq edilmiş “Banklarda stres-testlərin aparılması Qaydası”nın tələblərinə uyğun olaraq həyata keçirilməlidir.

6.1. BKFDR yenidən qiymətləndirmə və ya müddət uyğunsuzluğu, baza və opsionallıq risklərindən ibarətdir.

6.2. Bank BKFDR-in bütün xüsusiyyətlərindən məlumatlı olmalı, BKFDR-nə aid mövqələri müəyyən etməli və bu riskin ölçülməsini, nəzarət edilməsini və idarə edilməsini təmin etməlidir. Bu tələb BKKSR-ə də şamil edilir.

6.3. BKFDR kapitalın dəyərindəki dəyişiklik metodu və gəlir əsaslı ölçü metodu vasitəsilə ölçülür.

6.4. Kapitalın dəyərindəki dəyişiklik metodu bankın kapital mövqeyinin uzunmüddətli dövr üzrə faiz risklərinə həssaslığını müəyyən etmək üçün istifadə olunur və stres-test ssenariləri əsasında faiz dərəcələrinin dəyişməsi halında bankın gözlənilən xalis pul axınlarının bugünkü dəyərinin dəyişməsini hesablayır. Kapitalın dəyərindəki dəyişiklik metodu aşağıdakı düsturla hesablanır:

Burada EVE - bankın kapitalının iqtisadi dəyəridir.

6.5. Bank ∆EVE göstəricisinin onun I dərəcəli kapitalının 15%-indən artıq olub-olmamasına dair qiymətləndirmə apara bilər.

6.6. Gəlir əsaslı ölçü metodu bankın kapital mövqeyinin qısamüddətli dövr üzrə faiz risklərinə həssaslığını müəyyən etmək üçün istifadə olunur və stres-test ssenariləri əsasında faiz dərəcələrinin dəyişməsi halında bankın xalis faiz gəlirlərindəki dəyişməsini hesablayır. Gəlir əsaslı ölçü metodu aşağıdakı düsturla hesablanır:

Burada NII - bankın xalis faiz gəlirləridir. Bankın xalis faiz gəlirləri isə faiz gəlirlərindən faiz xərclərinin çıxılması yolu ilə müəyyən edilir. Hesablamalar 12 aylıq dövr üzrə aparılmalı və sabit balans prinsipi (bankın balansının ümumi həcmini dəyişmədən hesablamaların aparılması) nəzərə alınmalıdır.

6.7. ∆EVE bu Qaydanın 6.4-cü bəndində müəyyən edilmiş yanaşmaya əlavə olaraq PV01 və EVAR göstəriciləri əsasında hesablana bilər.

6.8. Bank BKFDR-in ölçülməsinə dair məlumatı (ölçmə nəticələrini, istifadə edilən metodları və həmin metodlar üzrə baza göstəricilərini) hər rüb başa çatdıqdan sonrakı növbəti ayın 15-dən gec olmayaraq Mərkəzi Banka elektron formada təqdim edir.

7.1. Bank risk profilinə və fəaliyyət istiqamətinə adekvat olaraq bazar risklərinin monitorinqi üzrə prosedurlara və informasiya sisteminə malik olmalıdır. Bazar riskləri üzrə azı aşağıdakı məlumatların monitorinqi həyata keçirilir:

7.1.1. mövqelər (məsələn, ticarət kitabı, bank kitabı, açıq və hedcləşdirilmiş mövqelər, konsentrasiyalar və s.);

7.1.2. bazar məlumatları (məsələn, bazarın likvidliyi) və bazar qiymətlərindəki dəyişikliklər (məsələn, faiz dərəcələrindəki, məzənnələrdəki, səhm və əmtəə qiymətlərindəki dəyişikliklər və s.);

7.1.3. bu Qaydanın 5-ci və 6-cı hissələrində müəyyən edilmiş bazar risklərinin ölçülməsi göstəriciləri (məsələn, gəlirlilik əyrisi, PV01, EVAR və s.);

7.1.4. stres-testlərin nəticələri;

7.1.5. bazar riski üzrə siyasətə və limitlərə uyğunluq;

7.1.6. bankın gəlir və xərcləri;

7.1.7. qlobal və makroiqtisadi mühitdə baş verən dəyişikliklər üzrə tendensiyalar.

7.2. Bank Müşahidə Şurasını, Risklərin idarə edilməsi komitəsini, İdarə Heyətini və aidiyyəti biznes bölmələrini məlumatlandıran, o cümlədən bazar risklərinin effektiv idarə edilməsini dəstəkləyən hesabatlıq mexanizminə sahib olmalıdır. Hesabatlıqda azı bu Qaydanın 7.1-ci bəndində müəyən edilmiş məlumatlar əks olunmalıdır.

7.3. Bank fəaliyyətindən irəli gələn risklərin miqyasından, xüsusiyyətindən və bankın fəaliyyət göstərdiyi bazardakı dəyişikliklərdən asılı olaraq monitorinqlərin və hesabatlığın tezliyini təyin edir.

Bu Qayda “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 34.2.11-ci maddəsinə uyğun olaraq hazırlanmışdır və banklar, habelə xarici bankların yerli filialları (bundan sonra - banklar) üçün məzənnə riskinin tənzimlənməsi məqsədi ilə açıq valyuta mövqeyinin müəyyən edilməsini və ona tətbiq edilən limitləri tənzimləyir.

2.1. Bu Qaydada istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir:

2.1.1. valyuta mövqeyi – bankın xarici valyutada və bank metallarında olan tələb və öhdəlikləri;

2.1.2. açıq valyuta mövqeyi – bankın ayrı-ayrı xarici valyutalarda, habelə bank metallarında balans və balansdankənar tələblərinin (bundan sonra – tələblər) və balans və balansdankənar öhdəliklərinin (bundan sonra – öhdəliklər) məbləğləri arasındakı fərq;

2.1.3. qısa açıq valyuta mövqeyi – bankın hər hansı xarici valyuta öhdəlikləri məbləğinin onun tələbləri məbləğindən çox olduğu açıq valyuta mövqeyi;

2.1.4. uzun açıq valyuta mövqeyi – bankın hər hansı xarici valyuta tələbləri məbləğinin onun öhdəlikləri məbləğindən çox olduğu açıq valyuta mövqeyi;

2.1.5. məcmu açıq valyuta mövqeyi – bütün uzun açıq valyuta mövqelərinin manat ekvivalentində məbləğlərinin cəmi ilə bütün qısa açıq valyuta mövqelərinin manat ekvivalentində məbləğlərinin cəmi arasında mütləq kəmiyyətcə böyük olan göstərici;

2.1.6. qapalı valyuta mövqeyi – bankın hər hansı xarici valyuta tələbləri məbləğinin onun öhdəlikləri məbləğinə bərabər olduğu valyuta mövqeyi;

2.1.7. açıq valyuta mövqeyi limiti – açıq valyuta mövqeyinin manat ekvivalentinin bankın məcmu kapitalına nisbəti üzrə bu Qayda ilə müəyyən edilmiş limit;

2.1.8. sərbəst dönərli valyutalar (SDV) – bu Qaydaya 1 nömrəli Əlavədə göstərilmiş valyutalar;

2.1.9. qapalı valyutalar – bu Qaydaya 1 nömrəli Əlavədə göstərilmiş valyutalar istisna olmaqla, digər xarici valyutalar;

2.1.10. günün məzənnəsi – açıq valyuta mövqeyinin hesablandığı tarixdə manatın xarici valyutalara nisbətdə Azərbaycan Respublikasının Mərkəzi Bankı (bundan sonra – Mərkəzi Bank) tərəfindən müəyyən edilmiş rəsmi məzənnəsi və ya rəsmi məzənnə üzrə hesablanmış çarpaz məzənnəsi;

2.1.11. struktur valyuta mövqeyi – valyuta risklərinin bankın kapitalına təsirini minimallaşdırmaq məqsədilə qəbul edilmiş uzunmüddətli valyuta mövqeləri. Bu cür mövqeyə bankların xaricdə törəmə müəssisələr təsis etməsi, səhmlərini xarici valyutada emissiya edərək yerləşdirməsi və möhtəkirlik xarakterinə malik olmayan digər əməliyyatlar üzrə açılmış mövqeləri və s. aid edilir;

2.1.12. hedcləşdirmə – törəmə maliyyə alətləri, habelə forvard müqavilələri vasitəsilə mübadilə məzənnəsinin dəyişməsindən yarana biləcək itkinin qarşısının alınması.

2.2. Bu Qaydada istifadə olunan “xarici valyuta” anlayışı “Valyuta tənzimi haqqında” Azərbaycan Respublikasının Qanununda, “bank metalları” anlayışı isə “Qiymətli metallar və qiymətli daşlar haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulan mənaları ifadə edir.

3.1. Hər bir valyuta üzrə açıq valyuta mövqeyinin hesablanması zamanı aşağıdakılar nəzərə alınır:

3.1.1. xalis spot mövqe (müvafiq xarici valyutada cəmi aktivlərdən cəmi öhdəliklər (hesablanmış faizlər daxil olmaqla) çıxılır);

3.1.2. xalis forvard mövqe (forvard müqavilələri üzrə qəbul ediləcək və ödəniləcək məbləğlər arasındakı fərq);

3.1.3. reallaşması dəqiq olan və geri qaytarıla bilməyən qarantiyalar (benefisiar tərəfindən artıq tələb gəlmiş) və ona oxşar alətlər (məsələn, kredit xətləri, akkreditiv və s.).

3.2. Kredit xətləri üzrə açıq valyuta mövqeyinin hesablanması zamanı aşağıdakı kreditə konvertasiya əmsalları tətbiq olunur:

3.2.1. müddəti bir ilədək olduqda – 20 (iyirmi) faizlə (kreditə konvertasiya əmsalı – 0,2);

3.2.2. müddəti bir ildən çox olduqda – 50 (əlli) faizlə (kreditə konvertasiya əmsalı – 0,5);

3.2.3. müqavilə əsasında banka birtərəfli qaydada öhdəliyi tam yerinə yetirməmək hüququ verildikdə – 10 (on) faizlə (kreditə konvertasiya əmsalı – 0,1).

3.3. Açıq valyuta mövqeyi hesablanarkən ehtiyat hesabına balansdan silinmiş və balansdankənar hesablarda uçotu aparılan aktivlər istisna edilir.

3.4. Açıq valyuta mövqeyi hesablanarkən balans aktivləri müvafiq ehtiyatlar (adi və məqsədli ehtiyatlar) çıxılmaqla nəzərə alınır.

3.5. Bank tərəfindən bağlanmış bütün hedcləşdirmə müqavilələri açıq valyuta mövqeyinin hesablanması zamanı nəzərə alınır. Hedc müqaviləsi bağlanıldıqdan sonrakı növbəti 3 (üç) iş günü ərzində bank bu barədə məlumatı Mərkəzi Banka elektron formada təqdim edir.

3.6. Açıq valyuta mövqeyi hesablanarkən balansdankənar öhdəliklər xalis məbləğdə (depozit hesabındakı vəsaitlərlə və uzunmüddətli öhdəlikləri üzrə beynəlxalq reytinq agentlikləri tərəfindən verilmiş minimum investisiya reytinqinə malik olan bankların, habelə Azərbaycan Respublikasında fəaliyyət göstərən və beynəlxalq reytinq agentlikləri tərəfindən verilmiş kredit reytinqi Azərbaycan Respublikasının ölkə (suveren) borc reytinqindən maksimum 2 (iki) pillə aşağı olan bankların qarantiyaları ilə təmin olunmuş hissə çıxılmaqla) nəzərə alınır.

3.7. Açıq valyuta mövqeyi hesablanarkən struktur valyuta mövqeləri nəzərə alınmır.

3.8. Açıq valyuta mövqeyi bank tərəfindən günlük əsasda sərbəst dönərli və qapalı valyutalar üçün günün məzənnəsi əsasında hesablanır.

3.9. Xarici valyuta məzənnəsinin və bank metallarının dəyərinin dəyişməsi ilə bağlı risklərin məhdudlaşdırılması məqsədi ilə açıq valyuta mövqeyi limiti bu Qaydaya 3 nömrəli Əlavədə müəyyən edilən hədlərdən çox olmamalıdır.

3.10. Açıq valyuta mövqeyi limitləri əməliyyat günü ərzində bankların açdıqları valyuta mövqeləri nəzərə alınmadan yalnız əməliyyat gününün yekun göstəricilərinə şamil edilir.

4.1. Açıq valyuta mövqeyinə dair hesabatlar günlük, həftəlik və aylıq əsasda bu Qaydaya 2 nömrəli Əlavədə müəyyən edilmiş formada hazırlanır. Hesabata həm ölkə daxilində, həm də ölkə xaricində yerləşən filial və şöbələr üzrə icmal məlumatlar daxil edilir. Azərbaycan Respublikası ərazisindən kənarda filiala malik olan banklar, həmçinin ölkə daxilində yerləşən filial və şöbələr üzrə məlumatların əks olunduğu hesabatı ayrılıqda təqdim edir.

4.2. Açıq valyuta mövqeyinə dair hesabatlar elektron formada tərtib olunur.

4.3. Günlük hesabatlar növbəti iş günü saat 10:00-dək, günlər üzrə tərtib olunmuş həftəlik hesabatlar növbəti həftənin ilk iş günü, aylıq hesabatlar isə növbəti ayın ilk iş günü bankın İdarə Heyətinin sədrinin, baş maliyyə inzibatçısının və ya bankın maliyyə idarəetməsi funksiyasının rəhbərinin (xarici bankın yerli filialının rəhbəri və ya baş mühasibi (bu vəzifələri icra edən şəxs) gücləndirilmiş elektron imzası ilə təsdiq edilərək Mərkəzi Bankın Elektron Xidmətlər Portalı üzərindən Mərkəzi Banka təqdim edilir.

Amerika Birləşmiş Ştatları

İngilis funt sterlinqi

Beynəlxalq Valyuta Fondu

Xüsusi borcalma hüquqları

Beynəlxalq reytinq agentlikləri tərəfindən verilmiş minimum “AA-” ölkə (suveren) borc reytinqinə (və ya buna ekvivalent digər reytinq dərəcəsinə) malik ölkələrin valyutaları

Bankın adı: ____________________________

Məsul şəxs: ___________________________

Telefon: ____________________________

Qapalı valyutalar üzrə

Qiymətli metallar üzrə

Hesabat tarixinə bankın məcmu kapitalı:

Qeyd: (Struktur valyuta mövqeyi barədə məlumat)

Qapalı valyuta üzrə məcmu AVM

Uzun açıq valyuta mövqeyi (bir valyuta üzrə)

Qısa açıq valyuta mövqeyi (bir valyuta üzrə)

Məcmu uzun açıq valyuta mövqeyi

Məcmu qısa açıq valyuta mövqeyi

1. 16 fevral 2026-cı il tarixli 06/05 nömrəli Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 23202602160605, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 6 may 2026-cı il)

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver