Qanunvericilik › “Banklarda əməliyyat risklərinin idarə edilməsi Qaydası”nın təsdiq edilməsi barədə (Mərkəzi bankın qərarı, 28.01.2025) › Tam mətn

“Banklarda əməliyyat risklərinin idarə edilməsi Qaydası”nın təsdiq edilməsi barədə (Mərkəzi bankın qərarı, 28.01.2025)

“Banklarda əməliyyat risklərinin idarə edilməsi Qaydası”nın təsdiq edilməsi barədə (Mərkəzi bankın qərarı, 28.01.2025) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

“Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikası Qanununun 22.1.17-ci maddəsinə əsasən Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyəti

1. “Banklarda əməliyyat risklərinin idarə edilməsi Qaydası” təsdiq edilsin (əlavə olunur).

2. Bu Qərarın 1-ci hissəsi ilə təsdiq edilmiş “Banklarda əməliyyat risklərinin idarə edilməsi Qaydası” dərc edildiyi gündən bir ay sonra qüvvəyə minsin.

3. Maliyyə bazarlarının hüquqi təminatı departamentinə tapşırılsın ki, bu Qərarın 3 gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim edilməsini təmin etsin.

1.1. Bu Qayda “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanun) 34.5-ci maddəsinə uyğun olaraq hazırlanmışdır və banklar, həmçinin xarici bankların yerli filiallarında (bundan sonra - bank) əməliyyat risklərinin idarə olunmasına dair minimum tələbləri müəyyən edir.

1.2. Banklarda əməliyyat risklərinin idarə edilməsinin təşkilati strukturu Azərbaycan Respublikası Mərkəzi Bankının (bundan sonra – Mərkəzi Bank) 2023-cü il 28 avqust tarixli 41/1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Banklarda korporativ idarəetmə Standartları” ilə tənzimlənir.

2.1. Bu Qaydada istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir:

2.1.1. əməliyyat riski – qeyri-adekvat və ya uğursuz daxili proseslərdən, insanlardan, sistemlərdən, habelə kənar hadisələrdən yaranan zərər riski;

2.1.2. insident – bankın kritik əməliyyatlarının dayanması və ya pozulmasına səbəb olan hadisə(lər);

2.1.3. ümumi zərər – risk hadisəsi nəticəsində banka dəymiş ziyan;

2.1.4. bərpa olunan məbləğ – ümumi zərər üzrə zərərvurmuş və (və ya) üçüncü şəxs tərəfindən ödənilmiş və ya qaytarılmış məbləğ;

2.1.5. kənar xidmət – tərəflər arasında bağlanmış müqavilə əsasında müəyyən fəaliyyətin (fəaliyyətlərin) üçüncü şəxs (bankın məxsus olduğu şirkətlər qrupuna aid olub-olmamasından asılı olmayaraq) tərəfindən davamlı olaraq həyata keçirilməsi xidməti;

2.1.6. bazar yanaşması – aktivin dəyərinin bazarda mövcud olan eyni və ya oxşar növlü aktivlərin müqayisəsi əsasında müəyyən edilməsi;

2.1.7. xərc yanaşması – aktivin dəyərinin alıcı tərəfindən eyni faydalılığa malik aktivin əldə edilməsinə (alınmasına, tikilməsinə və s.) çəkiləcək xərcdən çox olmaması prinsipi əsasında müəyyən edilməsi;

2.1.8. əməliyyat dayanıqlığı – bankın insident zamanı kritik əməliyyatları yerinə yetirmək qabiliyyəti;

2.1.9. kritik əməliyyatlar – bankın davamlı fəaliyyəti üçün əhəmiyyətli olan əməliyyatlar, proseslər və xidmətlər.

2.2. Bu Qaydada istifadə olunan digər anlayışlar Azərbaycan Respublikasının Mülki Məcəlləsində, “Banklarda korporativ idarəetmə Standartları”nda və maliyyə bazarlarını tənzimləyən digər hüquqi aktlarda nəzərdə tutulan mənaları ifadə edir.

3.1. Bank apardığı əməliyyatların növünə, həcminə, fəaliyyətinin xüsusiyyətlərinə, fəaliyyət göstərdiyi mühitə və risk profilinə adekvat əməliyyat risklərinin idarə edilməsi sistemini formalaşdırır.

3.2. Əməliyyat risklərinin idarə edilməsi sistemi bankın bütün fəaliyyətini, o cümlədən biznes sahələrini, məhsullarını, xidmətlərini, proses və sistemlərini əhatə etməklə bankın risklərin idarə edilməsi prosesinə inteqrasiya edilir.

3.3. Bankın əməliyyat risklərinin idarə edilməsi sisteminin formalaşdırılmasının təmin edilməsi və effektivliyinin qiymətləndirilməsi bankın Müşahidə Şurası tərəfindən həyata keçirilir.

3.4. Bankın Müşahidə Şurası əməliyyat risklərinin idarə edilməsi sisteminin yeni məhsul, xidmət, proses və sistemlərdən yaranan risklərə, habelə xarici mühitdəki dəyişikliklərə və digər amillərə adekvatlığını, habelə əməliyyat risklərinin idarə edilməsi sisteminin daxili audit, kənar audit və digər ixtisaslaşmış üçüncü tərəflər tərəfindən qiymətləndirilməsinin nəticələrini azı ildə bir dəfə nəzərdən keçirir və müvafiq qərarlar qəbul edir.

3.5. Əməliyyat risklərinin idarə edilməsi sistemi bankın fəaliyyəti üzrə siyasətlərinə adekvat şəkildə formalaşdırılmalı və azı aşağıdakı məsələləri əhatə etməlidir:

3.5.1. əməliyyat risklərinin idarə edilməsi siyasəti və qaydalarını;

3.5.2. əməliyyat risklərinin müəyyən edilməsi və qiymətləndirilməsi alətlərini;

3.5.3. əməliyyat risklərinin monitorinqi və hesabatlılığını;

3.5.4. əməliyyat risklərinə nəzarət və risklərin azaldılması tədbir və metodlarını;

3.5.5. bankın əməliyyat dayanıqlığı və biznesin davamlılığı planını.

3.6. Əməliyyat risklərinin idarə edilməsi sistemi bankın bütün struktur bölmələrini, ölkədaxili və ölkədənkənar əməliyyat bölmələrini, habelə törəmə təsərrüfat cəmiyyətlərini əhatə edir.

4.1. Əməliyyat risklərinin idarə edilməsi siyasəti bankın biznes strategiyasına və risk iştahasına müvafiq olaraq hazırlanır. Əməliyyat risklərinin idarə edilməsi siyasəti “Banklarda korporativ idarəetmə Standartları”nda risklərin idarə edilməsi siyasətinə dair müəyyən edilmiş tələblərlə yanaşı azı aşağıdakıları əhatə etməlidir:

4.1.1. baş vermiş və baş verməsi ehtimal edilən hadisələrlə bağlı əməliyyat riskləri üzrə banka xas risk tiplərini;

4.1.2. kənar xidmətdən istifadə qaydasını;

4.1.3. riskgötürmə qabiliyyəti və risk iştahası çərçivəsində bankın birbaşa və dolayı yolla məruz qala biləcəyi əməliyyat riskləri üzrə limitləri, o cümlədən zərərlər üzrə limitləri, risklərin azaldılması metodlarını və digər aidiyyəti məsələləri;

4.1.4. monitorinq və hesabatlılıq prosesində istifadə olunan Menecment İnformasiya Sisteminə (bundan sonra – MİS) dair əsas prinsipləri;

4.1.5. potensial zərərlərlə bağlı məlumatlar (o cümlədən ssenari təhlillərinin istifadəsi) da daxil olmaqla, əməliyyat riski üzrə məlumatların əhatəsini və istifadəsini;

4.1.6. əməliyyat risklərinin kənar auditor tərəfindən qiymətləndirilməsi üçün bank tərəfindən əlverişli mühitin yaradılmasını;

4.1.7. bankın aktivlərinin artım dinamikasının sektorun aktivlərinin artım dinamikasını üstələməsi halında siyasətin yenidən nəzərdən keçirilməsi və zərurət olduğu təqdirdə yenilənməsini.

4.2. Bank fəaliyyətinin xüsusiyyətinə və əməliyyatlarının həcminə uyğun olaraq əməliyyat risklərinin idarə olunması üzrə daxili qaydaları işləyib hazırlayır. Bu qaydalar bankın əməliyyat riski yaradan fəaliyyətini və əməliyyat risklərinin idarə olunması prosesini hərtərəfli tənzimləyir və bankın əməliyyat riskləri üzrə siyasətinin həyata keçirilməsi zamanı rəhbər tutulur. Əməliyyat riskləri üzrə daxili qaydalar bankın digər siyasət və daxili qaydaları ilə uzlaşdırılmalıdır.

4.3. Daxili qaydalarda yeni məhsul, xidmət, fəaliyyət, proses və sistemlər üzrə potensial əməliyyat risklərinin müəyyənləşdirilməsi və qiymətləndirilməsi məqsədilə azı aşağıdakı məsələlər əhatə edilməlidir:

4.3.1. yeni məhsul, xidmət, fəaliyyət, proses və sistemlərə xas olan əməliyyat riskləri;

4.3.2. bankın ümumi əməliyyat riski profilində (mövcud məhsul və fəaliyyətlər üzrə risklər daxil olmaqla), risk iştahasında, o cümlədən risk limitlərində və riskgötürmə qabiliyyətində dəyişikliklər;

4.3.3. zəruri nəzarət tədbirləri, risklərin idarə edilməsi və azaldılması;

4.3.4. risklərin müəyyən edilməsi, ölçülməsi və azaldılması istiqamətində mümkün olan bütün tədbirləri gördükdən sonra qalıq risk;

4.3.5. yeni məhsul, xidmət, fəaliyyət, proses və sistemlər üzrə risklərin ölçülməsi, monitorinqi və idarə edilməsi.

4.4. Daxili qaydalarda əməliyyat risklərinin idarə edilməsinə mərkəzləşdirilmiş nəzarəti həyata keçirən struktur bölmə müəyyən edilməli, onun səlahiyyətləri və tabeçiliyi, habelə hesabatların təqdim edilməsi prosedurları və bankın digər struktur bölmələri ilə əlaqələri müəyyən olunmalıdır.

4.5. Bank əməliyyat riskləri üzrə siyasət və daxili qaydalarını azı ildə bir dəfə nəzərdən keçirməli və zərurət olduğu təqdirdə müvafiq dəyişikliklər etməlidir.

5.1. Hər bir bank məhsullarına, fəaliyyət istiqamətlərinə, proses və sistemlərinə xas olan əməliyyat risklərini müəyyən edir və qiymətləndirir.

5.2. Əməliyyat risklərinin effektiv müəyyən edilməsi üçün bank həm daxili (bankın strukturu, fəaliyyətinin xarakteri, kadr potensialı, təşkilati dəyişikliklər, işçi axını və s.), həm də xarici amilləri (iqtisadi mühitdə və bank sektorunda dəyişikliklər, texnoloji yeniliklər və s.) nəzərə almalıdır.

5.3. Bank əməliyyat risklərinin müəyyənləşdirilməsi və qiymətləndirilməsi üçün azı aşağıdakı alətlərdən istifadə edir:

5.3.1. audit tapıntıları: daxili və xarici amillərə aid olan əməliyyat risklərini müəyyənləşdirmək üçün audit zamanı müəyyən olunmuş məlumatlardan istifadə edilir;

5.3.2. əməliyyat riski hadisələri barədə məlumatların toplanması və təhlili: əməliyyat risklərinin həcmini və daxili nəzarət funksiyalarının effektivliyini qiymətləndirmək üçün əməliyyat riski hadisələri barədə məlumat bazası yaradılır və təhlil edilir (əməliyyat riski hadisələri barədə məlumatların toplanması və hesabatlığı bu Qaydanın 9-cu hissəsi ilə tənzimlənir);

5.3.3. əməliyyat riskləri üzrə özünüqiymətləndirmə: bankın fəaliyyət istiqamətlərindən irəli gələn əməliyyatlar üzrə potensial təhlükələri, riskə qarşı həssas zonaları və nəzarət funksiyasının effektivliyini müəyyənləşdirmək və qiymətləndirmək üçün “Risk və Nəzarət üzrə Özünüqiymətləndirmə” (bundan sonra – RNÖ) prosesi təşkil edilir və kritik əməliyyatları icra edən struktur bölmələrə münasibətdə ildə bir dəfə, ümumi bank üzrə isə iki ildə bir dəfədən az olmayaraq həyata keçirilir;

5.3.4. proseslərin xəritəsi: RNÖ prosesində proseslərin xəritəsi vasitəsilə müxtəlif, o cümlədən bir-biri ilə əlaqəli risklər müəyyən edilir, habelə nəzarət və risklərin idarə edilməsi funksiyasındakı həssas zonalar aşkarlanır və təhlil edilir. Proseslərin xəritəsi risklərin idarə edilməsi funksiyasını həyata keçirən struktur bölmənin rəyi nəzərə alınmaqla hazırlanır;

5.3.5. istilik xəritəsi: RNÖ nəticələri, əməliyyat riski hadisələri barədə məlumat bazası və əməliyyat risklərini müəyyənləşdirən digər mənbələr əsasında “İstilik xəritəsi” tərtib edilərək üzləşən risklər vizual olaraq əks etdirilir, onlar prioritetləşdirilir və onların azaldılması istiqamətində tədbirlər planı tərtib edilir. “İstilik xəritəsi”nə dair nümunə bu Qaydaya 1 nömrəli Əlavədə göstərilmişdir;

5.3.6. Əsas Risk və Fəaliyyət Göstəriciləri: Əsas Risk Göstəriciləri (ƏRG) və Əsas Fəaliyyət Göstəriciləri (ƏFG) bankın məruz qaldığı risklərin təhlilini təmin edir. Əsas Risk Göstəriciləri əsas risklərin təsirini, Əsas Fəaliyyət Göstəriciləri isə sistem və proseslərdəki əməliyyat boşluqları, xətalar və potensial itkilərə dair məlumatı təmin edən risk alətidir (hər iki alət risk limitləri üzrə təhlükəli zonalara dair erkən xəbərdarlıq funksiyasını həyata keçirir);

5.3.7. ssenari təhlili: Ssenari təhlili biznes sahələri üzrə ekspertlərin və risk mütəxəssislərinin mülahizələri əsasında potensial əməliyyat riski hadisələrini müəyyən edən və onların potensial təsirlərini qiymətləndirən prosesdir (ssenari təhlilində zərərlər barədə məlumat bazasından, özünüqiymətləndirmələrdən (RNÖ, ƏRG, ƏFG və s.) əldə edilən məlumatlardan, monitorinq nəticələrindən və digər risk məlumatlarından istifadə oluna bilər);

5.3.8. müqayisəli təhlillər: Bankın risk profili haqqında daha əhatəli məlumat əldə edilməsi üçün əməliyyat riskləri üzrə qiymətləndirmə alətlərinin nəticələri müqayisəli şəkildə təhlil olunur (məsələn, zərərlər barədə məlumatların təhlili nəticəsində müşahidə olunan risk hadisələrinin tezliyi və təsiri bankın RNÖ alətinin nəticələri ilə müqayisə edilərək özünüqiymətləndirmə prosesinin səmərəliliyi ölçülür).

5.4. Bank bu Qaydanın 5.3-cü bəndində nəzərdə tutulan risk qiymətləndirmə alətləri ilə müəyyənləşdirilmiş əməliyyat risklərinə dair məlumatlardan istifadə edərək əməliyyat risklərinin ölçülməsi üzrə bankın müəyyən etdiyi daxili modellər vasitəsilə məruz qaldıqları əməliyyat riskinin həddini hesablayır.

6.1. Bank risk profilinə və fəaliyyət istiqamətinə adekvat olaraq əməliyyat risklərinin monitorinqi üzrə yazılı prosedurlara və informasiya sisteminə malik olmalıdır. Əməliyyat risklərinin monitorinqi məqsədilə azı aşağıdakılar həyata keçirilir:

6.1.1. erkən xəbərdarlıq mexanizmi müəyyən edilərək əsas risk göstəriciləri üzrə tendensiyalar mütəmadi izlənilir;

6.1.2. əməliyyat riski hadisələri barədə məlumat bazasında qeydə alınan risk hadisələri üzrə tendensiyalar izlənilir;

6.1.3. əməliyyat risklərinin aradan qaldırılması üzrə tərtib edilmiş tədbirlər planının icra vəziyyəti izlənilir;

6.1.4. bu Qaydanın 4.1.3-cü yarımbəndinə uyğun olaraq bank tərəfindən müəyyən edilmiş zərərlər üzrə limitdən yuxarı həddə olan risk hadisələri araşdırılır;

6.1.5. əvvəlki dövrlərdə proqnozlaşdırılan zərərlər üzrə əks yoxlamalar (ehtimal olunan nəticələrin faktiki nəticələrlə müqayisəsi) aparılır;

6.1.6. bankdankənar hadisələr və onların əməliyyat risklərinə potensial təsiri qiymətləndirilir;

6.1.7. kənar xidmətin yaratdığı əməliyyat riskləri izlənilir.

6.2. Bankın İdarə Heyəti əməliyyat risklərinin monitorinqinə məsul işçilərin monitorinq etdikləri əməliyyat bölmələrindən hər hansı asılılığının olmamasını təmin etməlidir (məsələn, monitorinq edən əməkdaş monitorinq etdiyi əməliyyat bölməsində çalışmamalı, monitorinqin nəticələri ilə bağlı maraqlar münaqişəsi olmamalı, habelə təhrif olunmamış və obyektiv monitorinq hesabatı hazırlamalıdır).

6.3. Bank Müşahidə Şurası, Riskləri İdarəetmə Komitəsi, İdarə Heyəti və aidiyyəti əməliyyat bölmələri üçün əməliyyat risklərinin effektiv idarə edilməsini dəstəkləyən hesabatlılıq mexanizminə malik olmalıdır. Hesabatda azı aşağıdakı məlumatlar əks olunur:

6.3.1. bankın risk iştahası və risk limitlərinin pozulmasına dair məlumatlar;

6.3.2. hesabat dövründə baş vermiş bankdaxili əməliyyat riski üzrə hadisələr və zərərlərə dair məlumatlar;

6.3.3. banka və onun kapitalına potensial təsiri olan hadisələr, o cümlədən kənar hadisələr və hüquqi tənzimləmədə dəyişikliklər;

6.3.4. baş vermiş əməliyyat riski hadisələrinin səbəbləri və aradan qaldırılması üçün görülən tədbirlər;

6.3.5. əməliyyat riskləri üzrə həssas zonalara dair məlumatlar;

6.3.6. bank tərəfindən aşkarlanmış əməliyyat riskləri, monitorinq nəticələri, o cümlədən əməliyyat riski hadisələrinin məlumat bazasına daxil edilməsi prosesinin yoxlanılmasının nəticələri, habelə kənar audit və Mərkəzi Bank tərəfindən müəyyən edilən risklər.

6.4. Bankda əməliyyat risklərinin monitorinqi və risk hesabatlılığının effektivliyinin təmini məqsədilə MİS qurulur və bu sistem vasitəsi ilə azı aşağıdakılar həyata keçirilir:

6.4.1. gündəlik risklərin müəyyənləşdirilməsi, qiymətləndirilməsi, idarə edilməsi və onlara nəzarət olunması;

6.4.2. müəyyən edilmiş qaydalara və limitlərə riayət olunmasının yoxlanılması;

6.4.3. risk göstəricilərindəki meyllərin izlənməsi;

6.4.4. hüquqi aktlarla və daxili qaydalarla müəyyən edilmiş formada və qaydada hesabatların hazırlanması.

6.5. MİS risk limitlərini izləmək və əvvəlcədən müəyyən edilmiş səviyyəyə çatdıqda bankın İdarə Heyətini və digər istifadəçiləri məlumatlandırmaq imkanına malik olmalıdır.

6.6. MİS tərəfindən hazırlanan hesabatlara Müşahidə Şurasının, İdarə Heyətinin, Riskləri İdarəetmə Komitəsinin üzvlərinin, habelə risklərin idarə edilməsi funksiyasını həyata keçirən struktur bölmənin əməkdaşlarının çıxışı olmalıdır.

6.7. Bank fəaliyyətindən irəli gələn risklərin miqyasından, xüsusiyyətindən və maliyyə bazarlarında baş verən dəyişikliklərdən asılı olaraq monitorinqlərin və hesabatlılığın tezliyini müəyyən edir.

6.8. Bankın fəaliyyətinə təsir edə biləcək kənar mühitdə baş verən hadisələr və təhdidlər (məsələn, hərbi və fövqəladə vəziyyət rejimi, pandemiya, terrorizm və s.) olduqda əməliyyat riskləri üzrə dövri hesabatlardan başqa əlavə hesabat hazırlanaraq bankın Müşahidə Şurası, Riskləri İdarəetmə Komitəsi və İdarə Heyətinə təqdim edilir.

6.9. Bankın strategiya, siyasət və prosedurlarının təkmilləşdirilməsi istiqamətində əməliyyat riskləri üzrə hesabatlılıqda əhatə olunan məlumatlar mütəmadi olaraq təhlil edilməlidir.

7.1. Bank siyasət, prosedur və sistemlərdən, habelə daxili nəzarət və risklərin azaldılması və (və ya) ötürülməsi strategiyalarından istifadə edən güclü nəzarət mühitinə malik olmalıdır.

7.2. Daxili nəzarət əməliyyatların səmərəliliyinə, insan xətalarının minimallaşdırılmasına, aktivlərin təhlükəsizliyinə, maliyyə hesabatlarının, o cümlədən digər məlumatların tam, vaxtında və etibarlı olmasına, həmçinin bank fəaliyyətinin qanunvericiliyə uyğunluğunun təmin edilməsinə nəzarət edir.

7.3. Nəzarət prosesləri bankın adi şəraitdə və insident halında əməliyyat dayanıqlığını təmin etməsini və zəruri tədbirlərini əhatə edir.

7.4. Effektiv daxili nəzarət risklərin idarə edilməsi prosesinin tərkib hissəsi olan risklərin qiymətləndirilməsi, nəzarət fəaliyyəti, informasiya və kommunikasiya, həmçinin monitorinqdən ibarətdir.

7.5. Nəzarət prosesi qanunvericiliyə, Mərkəzi Bankın normativ xarakterli aktlarına və bankın siyasətinə adekvat şəkildə təşkil edilməlidir. Nəzarət prosesinin bankın siyasətinə adekvatlığını qiymətləndirmək üçün azı aşağıdakı məsələlər nəzərə alınmalıdır:

7.5.1. müəyyən edilmiş hədəflərin icrası istiqamətində görülmüş işlərin İdarə Heyəti tərəfindən mütəmadi olaraq izlənməsi;

7.5.2. pozuntuların aradan qaldırılması məqsədilə müəyyən edilmiş tədbirlər planının icrasına İdarə Heyəti tərəfindən nəzarətin həyata keçirilməsi;

7.5.3. bankdaxili hesabatların hazırlanması, təsdiqlənməsi və təqdim edilməsi prosesinin müəyyən edilmiş dövrilikdə yerinə yetirilməsinin nəzərdən keçirilməsi;

7.5.4. limitlərdən (risk limitləri, səlahiyyət hədləri və s.) və (və ya) bankın siyasətindən kənarlaşmalara dair hesabatlılığın təmin edilməsi və mütəmadi olaraq izlənməsi.

7.6. Effektiv nəzarət mühitinin formalaşdırılması üçün bankdaxili vəzifə və səlahiyyət bölgüsünün aparılması, habelə ikili nəzarətin (“dörd göz” prinsipi) təmin edilməsi tələb olunur. Səlahiyyət bölgüsü və ikili nəzarətin tətbiqi ilə yanaşı, bank azı aşağıdakı nəzarət tədbirlərini həyata keçirməlidir:

7.6.1. müəyyən edilmiş limitlər üzrə intensiv monitorinqin aparılması və pozuntuların araşdırılması;

7.6.2. bankın aktivlərindən və məlumat bazasından istifadənin təhlükəsizliyinin (məsələn, giriş icazələri, zəruri infrastruktur, autentikasiya və s.) təmini;

7.6.3. bankın bütün fəaliyyət istiqamətlərində ixtisaslaşmanın təmin edilməsi məqsədilə uyğun əməkdaşların işə cəlb edilməsi və təlim imkanlarının yaradılması;

7.6.4. gözlənilən səviyyədən daha yüksək gəlir gətirən fəaliyyət sahələrinin və ya məhsulların və onların gəlirliliyinə səbəb olan halların müəyyənləşdirilməsi üzrə prosedurların tətbiqi (məsələn, bankın aşağı riskli, aşağı gəlirli ehtimal olunan fəaliyyətdən yüksək gəlir əldə etməsi halında bu gəlirin hər hansı qanunauyğunsuzluq və ya daxili nəzarətin pozulması nəticəsində əldə edilib-edilmədiyi araşdırılmalıdır);

7.6.5. əməliyyatların və hesabların müntəzəm olaraq yoxlanılması və üzləşdirilməsi;

7.6.6. icazə, xəstəlik və digər səbəblərdən iki həftə və daha uzun müddətə vəzifəsini icra edə bilməyən əməkdaşların səlahiyyətlərinin icrası üzrə fasilə yaranması halları nəzərə alınmaqla əvəzetmə siyasətinin müəyyənləşdirilməsi;

7.6.7. bankdaxili risk mədəniyyətinin formalaşdırılması və bununla bağlı təlimlərin təşkili, bank daxilində risklərin idarə edilməsi ilə bağlı kommunikasiyanın artırılması.

7.7. Bankda informasiya və kommunikasiya texnologiyalarının (İKT) istifadəsinin daxili nəzarətin səmərəliliyinin artmasına əhəmiyyətli təsiri nəzərə alınaraq, İKT risklərinin müəyyənləşdirilməsi, ölçülməsi, monitorinqi və idarə olunması üçün vahid yanaşma olmalıdır. Banklarda İKT risklərinin idarə edilməsi Mərkəzi Bankın 28 mart 2024-cü il tarixli 14/2 nömrəli Qərarı ilə təsdiq edilmiş “Maliyyə bazarlarında fəaliyyətinə nəzarət edilən subyektlərdə informasiya təhlükəsizliyinin təmin edilməsinə dair Tələblər”lə tənzimlənir.

7.8. Bank risklərin idarə edilməsi funksiyasını həyata keçirən struktur bölmənin rəyi nəzərə alınmaqla kənar xidmətdən istifadə edə bilər. Kənar xidmətdən istifadə zamanı yaranan risklər bankın məsuliyyəti hesab olunur. Bank kənar xidmətlərdən istifadə etdikdə, kənar xidmət ilə bağlı əməliyyat risklərinin effektiv idarə olunması istiqamətində azı aşağıdakıları təmin etməlidir:

7.8.1. kənar xidmət nəticəsində yaranan risklərin idarə edilməsi üzrə bankdaxili siyasəti;

7.8.2. fəaliyyətin kənar xidmət vasitəsilə aparılması üzrə prosedurları;

7.8.3. potensial xidmət təminatçılarının seçim prosedurunu;

7.8.4. xidmət təminatçıları ilə bağlanılmış müqavilələrdə məsuliyyət və səlahiyyət bölgüsünü, bank sirri də daxil olmaqla informasiyanın konfidensiallığının qorunması kimi məsələlərin dəqiq əhatə olunmasını;

7.8.5. xidmət təminatçılarının maliyyə vəziyyəti də daxil olmaqla, kənar xidmətdən yaranan risklərin idarə edilməsi və monitorinqi üzrə prosedurları;

7.8.6. bankda və xidmət təminatçısında effektiv nəzarət mühitinin yaradılmasını;

7.8.7. kənar xidmət fəaliyyəti üzrə biznes davamlılığı planını.

7.9. Bank, bank fəaliyyəti üzrə, habelə informasiya texnologiyaları və informasiya təhlükəsizliyi üzrə kənar xidmətdən istifadə etdikdə, ötürülən xidmətə və xidmət təminatçısına dair məlumatı (xidmət təminatçısının fəaliyyət istiqamətləri, banka göstərilən xidmət sahəsində iş təcrübəsi və s.) bank və kənar xidmət təminatçısı arasında bağlanmış müqavilə ilə birlikdə 5 (beş) iş günü ərzində Mərkəzi Banka təqdim etməlidir.

7.10. Bank kənar xidmətlərdən yaranan riskləri idarə edə bilmədikdə, lakin kənar xidmətin dayandırılmasının məqbul hesab edilmədiyi hallarda, kənar xidmətlə bağlı məruz qaldığı və ya qala biləcəyi riskləri sığorta və digər təminat vasitələri ilə üçüncü tərəfə ötürə bilər.

8.1. Bank insident halında kritik əməliyyatların icrası üçün əməliyyat dayanıqlığına malik olmalıdır. Əməliyyat dayanıqlığı insidentlər üzrə cavab tədbirləri, vəziyyətə uyğunlaşma, bərpa planları və təcrübələr əsasında formalaşdırılır.

8.2. Bank biznesdə fasilələr halında, hərbi və fövqəladə vəziyyət rejimində, o cümlədən təbii fəlakətlər, epidemiyalar və pandemiyalar, terrorizm və s. kimi fövqəladə hallarda itkilərini məhdudlaşdırmaq və fəaliyyətinin davamlılığını təmin etmək məqsədi ilə fövqəladə hallarda əməliyyat risklərinin idarə edilməsi və biznesin davamlılığı planını (bundan sonra – biznesin davamlılığı planı) bankın ümumi fövqəladə hallar planının tərkib hissəsi olaraq tərtib etməlidir.

8.3. Bank əməliyyat dayanıqlığının təmini üçün azı kritik əməliyyatlarını müəyyən etməli, müxtəlif ssenarilərdə stres-testlər həyata keçirməli, biznesin davamlılığı planını formalaşdırmalı və üçüncü tərəflərdən asılılığı effektiv idarə etməlidir. Stres-testlər Mərkəzi Bankın İdarə Heyətinin 2026-cı il 16 fevral tarixli 06/05 nömrəli Qərarı ilə təsdiq edilmiş “Banklarda stres-testlərin aparılması Qaydası”nın tələblərinə uyğun olaraq həyata keçirilməlidir.

8.4. Biznesin davamlılığı planı bankın ölçüsünə, fəaliyyət istiqamətinə və əməliyyatlarının həcminə və mürəkkəbliyinə uyğun şəkildə tərtib olunur və bankın həssas olduğu ssenarilərə əsaslanır. Biznesin davamlılığı planında azı aşağıdakı məsələlər əks olunmalıdır:

8.4.1. bu Qaydanın 8.2-ci bəndində sadalanan halların biznesə təsirinin təhlili;

8.4.2. biznesin bərpası strategiyası;

8.4.3. fövqəladə hallarda vəzifə və səlahiyyətlərin bölgüsü;

8.4.4. kommunikasiyanın təşkili;

8.4.5. bərpa prosedurları.

8.5. Bank biznesin davamlılığı planının effektiv tətbiqinin təmini məqsədilə əməkdaşların təlim və maarifləndirilməsini təşkil etməli, habelə həmin planı ildə bir dəfədən az olmayaraq test etməli, testin nəticələri və zərurət olduqda, müvafiq dəyişikliklər barədə bankın Müşahidə Şurasına məlumat verməlidir.

9.1. Bank əməliyyat risklərinin idarə edilməsi sisteminin yoxlanması və itkilər üzrə empirik (təcrübəyə əsaslanan) risk proqnozlaşdırmasının aparılması məqsədilə əməliyyat riski hadisələri barədə məlumatları toplamalıdır.

9.2. Əməliyyat riski hadisələri barədə məlumat bazasına bankın cari biznes fəaliyyəti, texnoloji prosesləri və risklərin idarə edilməsi prosedurları ilə birbaşa əlaqəli məlumatlar daxil edilməlidir. Bu məqsədlə bank əməliyyat riski hadisələri barədə məlumatların müəyyənləşdirilməsi və toplanması üzrə yazılı prosedurlara malik olmalıdır.

9.3. Bank daxili modelləri əsasında əməliyyat risklərini adekvat ölçmək məqsədilə azı son 3 (üç) illik dövrü əhatə edən əməliyyat riski hadisələri barədə məlumat bazasına sahib olmalıdır. Məlumat bazası risk hadisələrinin müəyyənləşdirilməsinə, risklərin minimallaşdırılması və ya aradan qaldırlması üzrə tədbirlər planı vasitəsilə əməliyyat bölmələrinə dəstək verilməsinə, habelə risklərin növləri, səbəbləri, tezliyi və təsiri üzərindən statistik təhlillər aparılaraq risklərin proqnozlaşdırılmasına və prioritetləşdirilməsinə xidmət etməlidir.

9.4. Bankın əməliyyat riski hadisələri barədə məlumat bazasının formalaşdırılması prosesində azı aşağıdakılar təmin edilməlidir:

9.4.1. əməliyyat riski hadisələri barədə məlumatlar bu Qaydaya 2 və 3 nömrəli Əlavələrdə müəyyən edilmiş biznes sahələri və risk hadisələrinə uyğun olaraq toplanılır və əməliyyat riskləri nəticəsində yaranmış zərərlərin təsiri bu Qaydaya 6 nömrəli Əlavədə müəyyən edilmiş nümunəyə uyğun olaraq təsnifləşdirilir;

9.4.2. bankın bütün xidmət şəbəkəsi (filial, şöbə və s.) üzrə əsas fəaliyyətlər və risklər əhatə edilir;

9.4.3. əməliyyat riski hadisələri barədə məlumat bazasına azı bu Qaydaya 4 nömrəli Əlavədə müəyyən edilmiş göstəricilər daxil edilir;

9.4.4. kredit və bazar riskləri ilə nəticələnən və ya nəticələnmə ehtimalı olan əməliyyat riski hadisələri xüsusi qeydlə məlumat bazasına daxil edilir;

9.4.5. kənar xidmətdən yaranmış əməliyyat riskləri məlumat bazasına daxil edilir;

9.4.6. əməliyyat riski hadisələri barədə məlumat bazasından istifadə zamanı zərərlərin müəyyən edildiyi, zərər baş vermədikdə isə əməliyyat riski hadisəsinin baş verdiyi tarix əsas götürülür;

9.4.7. bir-biri ilə əlaqəli hadisələr və zərərlər qruplaşdırılır və məlumat bazasında vahid xanada əks etdirilir;

9.4.8. əməliyyat riski hadisəsi birdən çox biznes sahəsinə təsir göstərirsə, həmin risk hadisəsi nəticəsində yaranmış zərər məlumat bazasına müvafiq biznes sahələri üzrə proporsional şəkildə daxil edilir;

9.4.9. əməliyyat riski hadisələri barədə məlumat bazasına daxil edilən ümumi zərər bazar yanaşması və (və ya) xərc yanaşması əsasında hesablanır. Ümumi zərərin hesablanmasında aşağıdakı tələblərə əməl olunmalıdır:

9.4.9.1. əməliyyat riski hadisəsi ilə əlaqədar mənfəət və zərərlər haqqında hesabatda tanınmış birbaşa xərclər (məsələn, aktivin dəyərsizləşməsi və silinmələr) və dolayı xərclər (məsələn, baş vermiş əməliyyat riski hadisəsi ilə bağlı hüquqi xərclər, məsləhətçilərə və ya təminatçılara ödənilmiş vəsait), habelə əməliyyat riski hadisəsindən əvvəlki vəziyyətin bərpası üzrə çəkilmiş xərclər ümumi zərərlərin hesablanmasında nəzərə alınır;

9.4.9.2. torpaq, tikinti və avadanlıqlar üzrə saxlanılma xərcləri, habelə sığorta haqları ümumi zərərlərin hesablanmasında nəzərə alınmır.

9.5. Bank törəmə bankları üzrə əməliyyat riski hadisələri barədə rüblük əsasda məlumat əldə edir. Bank bu məlumatlar əsasında bu Qaydaya 4 nömrəli Əlavəyə uyğun olaraq törəmə banklar üzrə ayrıca məlumat bazası formalaşdırır.

9.6. Əməliyyat riski hadisələri barədə məlumatların toplanılması üçün bank hər bir struktur bölməsində əməliyyat riskləri üzrə koordinator təyin etməlidir. Hər bir struktur bölmə üzrə koordinator aşağıdakı işləri icra edir:

9.6.1. risk hadisəsinin araşdırılması və bankın müəyyən etdiyi vahid forma üzrə qeydiyyatının aparılması;

9.6.2. qeydiyyatı aparılmış risk hadisəsi üzrə struktur bölmə rəhbərinin təsdiqinin alınması;

9.6.3. təsdiq edilmiş məlumatın və əlaqəli sənədlərin hadisənin müəyyən edildiyi gün də daxil olmaqla 2 (iki) iş günü ərzində bu Qaydanın 9.6.1-ci yarımbəndində müəyyən edilmiş formada hazırlanaraq risklərin idarə edilməsi funksiyasını həyata keçirən struktur bölməyə təqdim edilməsi. Aşağıdakı risk hadisələri baş verdiyi hallarda koordinator məlumatı dərhal risklərin idarə edilməsi funksiyasını həyata keçirən struktur bölməyə təqdim edir:

9.6.3.1. risk limitlərinin pozulması ilə nəticələnmiş risk hadisəsi baş verdikdə;

9.6.3.2. risk hadisəsi banka qarşı icrası məcburi olan göstərişlərin, o cümlədən təsir tədbirləri və ya sanksiyanın tətbiqinə səbəb ola bildikdə;

9.6.3.3. daxili və kənar dələduzluq halları baş verdikdə;

9.6.3.4. bu Qaydanın 4.1.3-cü yarımbəndinə uyğun olaraq bank tərəfindən müəyyən edilmiş zərərlər üzrə limitdən yuxarı həddə olan risk hadisəsi baş verdikdə.

9.7. Məlumatların dəqiqliyinin və tamlığının təmin edilməsi məqsədilə məlumatlar azı rübdə bir dəfə nəzərdən keçirilir və dəyişiklik olduqda bu barədə risklərin idarə edilməsi funksiyasını həyata keçirən struktur bölməyə məlumat verilir.

9.8. Risk hadisəsi barədə məlumat təqdim edildikdən sonrakı 3 (üç) iş günü ərzində bankın Risklərin idarə edilməsi bölməsinin əməliyyat riskləri üzrə məsul əməkdaşı risk hadisəsini araşdıraraq təsdiq edir və bankın məlumat bazasında qeydiyyatını aparır.

9.9. Bank aşağıdakı hər bir insident barədə məlumatı hər rüb bitdikdən sonrakı 15 (on beş) təqvim günündən gec olmayaraq bu Qaydaya 5 nömrəli Əlavədə müəyyən edilmiş formaya uyğun olaraq Mərkəzi Banka təqdim etməlidir:

9.9.1. dəymiş zərərin həcmi bir insident üzrə 100 000 (yüz min) manat və ondan artıq olan insidentlər;

9.9.2. müntəzəm olaraq (son 12 ay ərzində 10 və daha çox sayda) təkrarlanan insidentlər;

9.9.3. potensial zərərin həcmi 100 000 (yüz min) manat və ondan artıq olan insidentlər.

9.10. Mərkəzi Bank nəzarət funksiyalarının həyata keçirilməsi ilə əlaqədar əməliyyat riski hadisələri barədə əlavə məlumat və sənədləri tələb etdikdə bank müvafiq məlumat və sənədləri təyin edilən müddətdə təqdim etməlidir.

“Banklarda əməliyyat risklərinin idarə edilməsi Qaydası”na

“Banklarda əməliyyat risklərinin idarə edilməsi Qaydası”na

Biznesə uzunmüddətli və strateji fəaliyyət, həmçinin likvidliyinin artırılması istiqamətində maliyyə məsləhətlərinin verilməsi, habelə “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulan həcmdə və qaydada qiymətli kağızlar və törəmə maliyyə alətləri ilə investisiya xidmətlərinin (əməliyyatlarının) həyata keçirilməsi xidmətlərinin göstərilməsi

Aktivlərin idarə edilməsi

Fiziki şəxslərə “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulan həcmdə və qaydada qiymətli kağızlar və törəmə maliyyə alətləri ilə investisiya xidmətlərinin (əməliyyatlarının) həyata keçirilməsi xidmətlərinin göstərilməsi

Sahibkarlıq və ya peşə fəaliyyəti ilə bağlı olmayan məqsədlər üçün fiziki şəxslərə kreditlərin, o cümlədən daşınmaz əmlak kreditlərinin verilməsi, fiziki şəxslərdən əmanətlərin cəlb edilməsi, ödəniş alətlərinin emissiyası və digər xidmətlərin göstərilməsi

Kommersiya bankçılığı

Biznesin maliyyələşdirilməsi, o cümlədən layihə maliyyələşməsi, ixracın maliyyələşməsi, faktorinq, lizinq, qarantiya və digər biznes sahələrinə aid olmayan xidmətlərin göstərilməsi

Ödəniş sistemləri və hesablaşmalar

Ödənişlər, pul köçürmələri, klirinq və hesablaşmalar

Maliyyə agenti xidmətləri

“Banklarda əməliyyat risklərinin idarə edilməsi Qaydası”na

İş münasibətləri və iş yerinin təhlükəsizliyi (R1)

Əmək, sağlamlıq və ya təhlükəsizliklə bağlı qanunlara və (və ya) qaydalara, habelə müqavilələrəzidd hərəkətlərdən, sağlamlığa dəyən zərər üzrə müavinətin ödənilməsindən və ya işçilərə qanunvericiliyəzidd davranış və ayrı-seçkilik hərəkətlərindən yaranan zərər.

İşçilərlə münasibətlər (R1.1)

Müavinət, əmək müqaviləsinin xitamı ilə bağlı məsələlər

Əmək kollektivində olan tətillər

Təhlükəsiz mühit (R1.2)

Əməyin təhlükəsizliyi

İşçilərin sağlamlığı və təhlükəsizliyi üzrə hadisələr

qanunvericiliyə zidd davranış və ayrıseçkilik (R1.3)

Hər növ ayrı-seçkilik və qanunvericiliyəzidd hərəkət

Müştərilər, məhsullar və biznes münasibətləri (R2)

Müəyyən müştərilər qarşısında götürülmüş peşəkar öhdəliklərin (etibarlılıq və uyğunluq tələbləri daxil olmaqla) qeyri-ixtiyari və ya səhlənkarlıq nəticəsində yerinə yetirilməməsindən, habelə bank məhsulunun təbiətindən və tərtibatından yaranan zərər.

Uyğunluq, məlumatların açıqlanması və etibarlılıq ilə bağlı pozuntu halları (R2.1)

Fidusiar vəzifələrin pozulması / Qaydanın pozulması

Uyğunluq / məlumatların açıqlanması üzrə məsələlər (“Öz müştərini tanı” prinsipləri və s.)

Müştərilərə dair məlumatların açıqlanması üzrə pozuntular

Aqressiv satış fəaliyyəti

Hesabların şişirdilməsi

Məxfi məlumatlardan sui-istifadə

Kredit vermə öhdəliklərinin pozulması

Peşəkarlığa uyğun olmayan biznes və ya bazar münasibətləri (R2.2)

Qeyri-qanuni ticarət / bazar münasibətləri

Bazar manipulyasiyası

İnsayder ticarəti (bankın hesabından aparılan) Lisenziyasız fəaliyyət

Çirkli pulların yuyulması üzrə fəaliyyət

Məhsullardakı qüsurlar (R2.3)

Məhsullardakı qüsurlar

Müştəri seçimi, sponsorluq və kredit tələbinin həcmi ilə bağlı pozuntular (R2.4)

Müştəri araşdırılmasının təlimata uyğun aparılmaması

Müştəri üzrə limitlərin pozulması

Məsləhət xidməti (R2.5)

Məsləhət xidmətinin yerinə yetirilməsi ilə bağlı mübahisələr

İcra, çatdırılma və proseslərin idarə edilməsi (R3)

Əməliyyatların səhv həyata keçirilməsindən və ya proseslərin idarə edilməsinin qeyri-adekvatlığından və ya ticarət tərəfdaşları və satıcılarla münasibətlərdən yaranan zərər

İş, icra və davamiyyət (R3.1)

Məlumat assimmetriyası

Məlumatların daxil edilməsi, tətbiqi və ya yüklənməsində səhvlər

Son icra tarixinin ötürülməsi və ya öhdəliyin yerinə yetirilməməsi

Modelin / sistemin səhv idarə olunması

Mühasibat uçotu xətası / müəssisənin rekvizitləri üzrə xəta

Təminatın idarə edilməsi üzrə xəta

Digər vəzifə pozuntuları

Monitorinq və hesabat (R3.2)

Qanunvericiliklə müəyyən edilmiş hesabatlılığın yerinə yetirilməməsi

Uyğun olmayan kənar hesabatlılıq (maliyyə itkisi ilə nəticələnən)

Müştəri qəbulu və sənədləşdirmə (R3.3)

Müştəri icazə / imtina sənədlərində çatışmazlıq

Hüquqi səndlərin natamam olması / çatışmazlığı

Müştəri hesablarının idarə edilməsi (R3.4)

Hesablara təsdiqsiz / icazəsiz giriş

Yanlış müştəri qeydiyyatı (maliyyə itkisi ilə nəticələnən)

Müştərinin aktivlərinin səhlənkarlıq nəticəsində itkisi və ya zədələnməsi

Ticarət tərəfdaşları (R3.5)

Müştəri olmayan qarşı tərəflərin öhdəliklərini düzgün icra etməməsi

Müştəri olmayan qarşı tərəflər ilə yaranan mübahisələr

Satıcılar və təminatçılar (R3.6)

Satıcılarla mübahisələr

Daxili dələduzluq (R4)

Bankın azı bir əməkdaşının iştirak etdiyi dələduzluq, bank əmlakının mənimsənilməsi və ya qanunverciliyin, habelə bankın daxili siyasət və qaydalarının pozulması ilə yaranan zərər

Səlahiyyət olmadan aparılan əməliyyatlar (R4.1)

Səlahiyyət olmadan aparılan əməliyyatlar (maliyyə itkisi ilə nəticələnən)

Bəyan etmədən və bildirmədən aparılan əməliyyatlar (bilərəkdən)

Maliyyə göstəricilərinin səhv bəyan edilməsi (bilərəkdən)

Talama və dələduzluq (R4.2)

Dələduzluq / kredit dələduzluğu / dəyərsiz (saxta) əmanətlər

Oğurluq / quldurluq / pul vəsaitinin mənimsənilməsi / soyğunçuluq

Aktivlərin mənimsənilməsi

Aktivlərin qəsdən korlanması

Qarşılığı olmayan çekin yazılması

Müştəri hesablarının ələ keçirilməsi / özünü başqa şəxs kimi göstərərək əməliyyatların aparılması

Vergi qanunvericiliyinə zidd əməliyyatlar / vergidən yayınma (bilərəkdən)

Rüşvət / qanunsuz ödəniş

İnsayder ticarəti (bankın hesabından aparılmayan)

Kənar dələduzluq (R5)

Kənar şəxs tərəfindən törədilmiş dələduzluq, bank əmlakının mənimsənilməsi və ya digər hüquqazidd əməl nəticəsində yaranan zərər

Talama və dələduzluq (R5.1)

Oğurluq / soyğunçuluq/ mənimsəmə və ya israf etmə/ quldurluq

Qarşılığı olmayan çekin yazılması

Sistem təhlükəsizliyi (R5.2)

Məlumatların oğurlanması

Fəaliyyətin pozulması və sistem xətaları (R6)

Fəaliyyətin pozulması və ya sistemdəki xətalar nəticəsində yaranan zərər

Kommunal kəsintilər / pozuntular

Fiziki aktivlərə dəyən zərər (R7)

Təbii fəlakət və ya digər hadisələr nəticəsində fiziki aktivlərin itirilməsi və ya zədələnməsi nəticəsində yaranan zərər

Təbii fəlakətlər və digər hadisələr (R7.1)

Təbii fəlakət nəticəsində yaranan zərərlər

Xarici faktorlardan (vandalizm, terrorizm) yaranan itkilər

“Banklarda əməliyyat risklərinin idarə edilməsi Qaydası”na

Qeydiyyat tarixi (gg.aa.iiii)

Məlumatı bazaya daxil edən əməkdaş

Risk hadisəsinin baş verdiyi struktur bölmə

Məlumatı təqdim edən əməkdaş (koordinator)

Risk hadisəsinin baş verdiyi tarix (gg.aa.iiii) və saat

Risk hadisəsinin müəyyənləşdirilmə tarixi (gg.aa.iiii) və saatı

Risk hadisəsini müəyyənləşdirən əməkdaş

Risk hadisəsinin təsviri

Risk hadisəsinin səbəbi

Biznes sahəsinin kodu

Risk hadisəsi kateqoriyasının kodu (1-ci səviyyə)

Risk hadisəsi kateqoriyasının kodu (2-ci səviyyə)

Risk hadisəsi (3-cü səviyyə)

Zərərin təsir kateqoriyası

Zərərin ümumi məbləği, min manatla

Potensial zərərin məbləği

Bərpa tarixi (gg.aa.iiii)

Bərpa olunan məbləğ (min manatla)

Zərərin sığorta vasitəsilə bərpa olunan hissəsi (min manatla)

Risk hadisəsinin aradan qaldırılması üzrə tədbirlərin tarixi (gg.aa.iiii)

Risk hadisəsinin aradan qaldırılması üzrə tədbirlərin təsviri

Risk hadisəsinin aradan qaldırılması üzrə tədbirlərə məsul struktur bölmə

Risk hadisəsinin aradan qaldırılması üzrə tədbirlərin icra statusu

Son dəyişiklik tarixi (gg.aa.iiii) və dəyişikliyin qısa təsviri

Qeyd: Bu Əlavənin 23-26-cı hissələri bankın daxili qaydaları ilə müəyyən edilmiş limitdən yuxarı həddə olan zərərlər üzrə doldurulur.

“Banklarda əməliyyat risklərinin idarə edilməsi Qaydası”na

Hesabatın başa çatdırılması tarixi:

Hesabata məsul struktur bölmə:

Adı (soyadı, adı, atasının adı):

Elektron poçt ünvanı:

Hesabatı tərtib edən şəxs:

Adı (soyadı, adı, atasının adı):

Elektron poçt ünvanı:

Baş vermiş hadisələrin sayı

Baş vermiş hadisələrin tezliyi

Baş vermiş hadisələr üzrə ən böyük məbləğ

Xalis zərər (ümumi zərər-bərpa olunan məbləğ)

Potensial zərər məbləği

Baş vermiş hadisələrin sayı

Baş vermiş hadisələrin tezliyi

Baş vermiş hadisələr üzrə ən böyük məbləğ

Xalis zərər (ümumi zərər-bərpa olunan məbləğ)

Potensial zərər məbləği

Baş vermiş hadisələrin sayı

Baş vermiş hadisələrin tezliyi

Baş vermiş hadisələr üzrə ən böyük məbləğ

Xalis zərər (ümumi zərər-bərpa olunan məbləğ)

Potensial zərər məbləği

Baş vermiş hadisələrin sayı

Baş vermiş hadisələrin tezliyi

Baş vermiş hadisələr üzrə ən böyük məbləğ

Xalis zərər (ümumi zərər-bərpa olunan məbləğ)

Potensial zərər məbləği

Baş vermiş hadisələrin sayı

Baş vermiş hadisələrin tezliyi

Baş vermiş hadisələr üzrə ən böyük məbləğ

Xalis zərər (ümumi zərər-bərpa olunan məbləğ)

Potensial zərər məbləği

Baş vermiş hadisələrin sayı

Baş vermiş hadisələrin tezliyi

Baş vermiş hadisələr üzrə ən böyük məbləğ

Xalis zərər (ümumi zərər-bərpa olunan məbləğ)

Potensial zərər məbləği

Baş vermiş hadisələrin sayı

Baş vermiş hadisələrin tezliyi

Baş vermiş hadisələr üzrə ən böyük məbləğ

Xalis zərər (ümumi zərər-bərpa olunan məbləğ)

Potensial zərər məbləği

“Banklarda əməliyyat risklərinin idarə edilməsi Qaydası”na

Mediasiya və mübahisənin məhkəməyəqədərki digər həlli üsulları, məhkəmə qərarları ilə bağlı yaranan, habelə digər hüquqi xərclər

• Məhkəmə və ya mediasiya prosesi ilə əlaqədar çəkilən xərclər (o cümlədən vəkillərin xidmət haqları, məhkəmə qərarlarının icrası və s.)

• Hadisə ilə birbaşa əlaqəli olan kənar hüquqi xərclər

Cərimələr və ya digər maliyyə sanksiyaları, maliyyə zərəri ilə nəticələnən təsir tədbirləri, lisenziyanın ləğvi

• Nəzarət pozuntusuna görə ödənilən cərimə

• Nəzarət pozuntusu ilə bağlı çəkilən digər xərclər

Aktivlərə dəyən zərər

Aktivin dəyərinin birbaşa azalması ilə nəticələnən hadisələr (məsələn, ehtiyatsız hərəkət, qəza, yanğın, zəlzələ) və əlaqəli zərərlər

• Təbii fəlakətlər nəticəsində aktivlərin dəyərdən düşməsi/silinməsi

• Qeyri-maddi əmlakın (məsələn, məlumat) itirilməsi/məhv edilməsi

• Təbii fəlakətdən və ya digər hadisələrdən sonra sahələrin biznes üçün uyğunlaşdırılması ilə bağlı xərclər

• Biznesin davamlılığı üçün müvəqqəti yerdəyişmə xərcləri

• Biznesin davamlılığı üçün kənar xidmət təminatçısından istifadə

Dəymiş zərərin ödənilməsi

Bankın məsul olduğu hallar üzrə əməliyyat zərərləri ilə bağlı üçüncü tərəflərə ödənişlər

• İşin dayandırılması ilə bağlı müştərilərə dəyən zərərlə bağlı iddialar (bank məsuliyyət daşıdığı hallar üzrə)

•Öhdəliklərin icrasındakı gecikmələrə görə ödənişlər

• Müştərinin məxfi məlumatlarının oğurlanması və itkiyə məruz qalması ilə bağlı banka qarşı iddiası

• Bərpası mümkün olmayan yanlış və ya təkrar edilən ödənişlər, səhvən köçürülmüş vəsaitlər, əsassız silinmələr

Resursların itirilməsi

Bankın məsul olduğu hallar üzrə baş vermiş əməliyyat riski nəticəsində üçüncü tərəfin bank qarşısında öhdəliklərini yerinə yetirməməsi ilə əlaqədar baş vermiş itkilər

• Kreditlə bağlı əməliyyat itkisi: məsələn, kredit sənədlərində səhvlər

• Üçüncü tərəflərin eyniləşdirilə bilməməsi və ya sənədlərdəki səhvlər və ya natamam məlumatlar nəticəsində müqavilələrin icrasının mümkünsüzlüyü

Aktivlərin dəyərdən düşməsi

Oğurluq, dələduzluq, icazəsiz fəaliyyət və ya əməliyyat riski hadisələri nəticəsində yaranan bazar və ya kredit zərərləri nəticəsində aktivlərin dəyərinin birbaşa azalması

•Aktivin vaxtında təhvil verilməməsi/əldə edilməməsi və bazar qiymətinin dəyişməsi

• Daxili dələduzluq nəticəsində aktivin tam həcmdə zərər kimi tanınması

• Kənar dələduzluğun və ya oğurluğun bank aktivlərinin/gəlirlərinin itirilməsi ilə nəticələnməsi

• Kənar təhlükəsizliyin pozulması probleminin səbəbini müəyyən etmək və onu aradan qaldırmaq üçün məsləhətçi/ekspertə çəkilən xərc

(xüsusi kateqoriya olmadan)

• Məsləhətçilər/üçüncü tərəflər üzrə çəkilmiş xərclər (müxtəlif kateqoriyalar da ola bilər)

• Kənar xidmətin uğursuz fəaliyyəti nəticəsində yaranan xərclər (müxtəlif kateqoriyalar da ola bilər)

1. 16 fevral 2026-cı il tarixli 06/05 nömrəli Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 23202602160605, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 6 may 2026-cı il)

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver