Qanunvericilik › Bankların əsas vasitələrlə (əmlakla) apardıqları əməliyyatların tənzimlənməsi Qaydaları (Mərkəzi bankın qərarı, 16.09.2002) › Tam mətn

Bankların əsas vasitələrlə (əmlakla) apardıqları əməliyyatların tənzimlənməsi Qaydaları (Mərkəzi bankın qərarı, 16.09.2002)

Bankların əsas vasitələrlə (əmlakla) apardıqları əməliyyatların tənzimlənməsi Qaydaları (Mərkəzi bankın qərarı, 16.09.2002) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

İdarə Heyətinin sədri

1.1.Bu Qaydalar “Azərbaycan Respublikasının Milli Bankı haqqında” və “Azərbaycan Respublikasında banklar və bank fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanunlarına uyğun olaraq hazırlanmış və bankların əsas vəsaitlərlə apardıqları əməliyyatların tənzimlənməsi qaydalarını müəyyən edir.

1.2.Bu Qaydaların tətbiqində əsas məqsəd bank likvidliyinin qorunması üçün vəsaitlərin qeyri-likvid aktivlərdə yüksək konsentrasiyasının qarşısını almaq, bank öhdəliklərinin icrasını vaxtında təmin etmək, habelə kapital itkilərinə yol verməməkdir.

2.1. Banklar əsas vəsaitlərlə aşağıda sadalanan əməliyyatlar aparmaq hüququna malikdirlər:

2.1.1. öz fəaliyyətləri üçün zəruri olduqda və ya maliyyə icarəsini həyata keçirmək məqsədi ilə almaq;

2.1.2. fəaliyyətlərində istifadə etmədikdə satmaq;

2.1.3. bank qarşısında borcların tam və ya qismən ödənilməsi üçün alınmış borc müqabilində müştərinin girov qoymuş və ya üçüncü şəxs tərəfindən banka verilmiş əsas vəsaiti qanunvericiliklə müəyyən edilmiş qaydada mülkiyyətinə keçirmək.

2.2. Bank mülkiyyətində olan əsas vəsaitlər nəzarət məqsədilə Azərbaycan Respublikası Milli Bankına (bundan sonra AMB) təqdim olunan prudensial hesabatlarda iki kateqoriya üzrə qruplaşdırılır:

a) bank işində istifadə olunan əsas vəsaitlər;

b) bank işində istifadə olunmayan əsas vəsaitlər.

3.1. Azərbaycan Respublikası Milli Bankının qabaqcadan yazılı icazəsi alınmadan heç bir bank bank işində istifadə olunan əsas vəsaitlərə ödənilmiş nizamnamə kapitalının miqdarından çox sərmayə (investisiya) qoya bilməz.

3.2. Bank likvidliyi və ya kapitalın adekvatlıq əmsalmm pozulduğu hallarda bankın əsas vəsaitlərə sərmayə qoyuluşlunun həyata keçirilməsinə icazə verilmir.

3.3. Bank işində istifadə olunan əsas vəsaitlərə qoyulan sərmayələrin miqdarının müəyyən edilməsində aşağıdakı əsas vəsaitlərin və məsrəflərin məbləğləri nəzərə alınır:

3.3.1. bank və onun struktur bölmələri tərəfindən istifadə olunan və ya istifadəsi nəzərdə tutulan torpaq sahələri, binalar, qurğular, mebel və avadanlıqlar, nəqliyyat vasitələri və s;

3.3.2. bank tərəfindən icarəyə götürülmüş əsas vəsaitin kapitallaşdırılmış əsaslı təmir xərcləri (icarəyə götürülmüş əsas vəsaitlə bilavasitə əlaqədar olan və onun ayrılmaz tərkib hissəsinə çevrilən, icarə müddəti qutardıqdan sonra isə bankın mülkiyyətinə keçən əsas vəsaitin əsaslı təmiri);

3.3.3. gələcəkdə bank tərəfindən istifadəsi nəzərdə tutulan və onun mülkiyyətinə keçirilmiş və ya bank fəaliyyətinin genişləndirilməsi məqsədilə alınmış əsas vəsaitlər. Bu əsas vəsaitlər bir ildən çox olmayan müddətdə istifadə olunmalıdır.

3.4. Bu Qaydaların 3.3-cü bəndində nəzərdə tutulan hesablamada bankın öz tələbatı üçün tikintisi aparılan obyektin smeta dəyəri nəzərə alınır.

3.5. Bu Qaydaların 3.3-cü bəndində nəzərdə tutulan hesablamada bankın istifadə etdiyi binanın mülkiyyətçisinə və ya icarəyə verənə Ödənilmiş və ya ödəniləcək birbaşa və dolayı sərmayələrin miqdarı da nəzərə alınır. Belə sərmayələrə həmin müəssisələrin səhmlərinə, istiqraz vərəqələrinə və ya bu cür maliyyə alətlərinə vəsait qoyuluşları, habelə bu kimi müəssisələrin səhm təminatı (kreditin məbləğindən çox olmayan hissəsi) ilə bank tərəfindən verilmiş kreditlər aid edilir.

4.1. Bank işində istifadə olunmayan əsas vəsaitlərə aşağıdakılar aid edilir:

4.1.1. bank qarşısında müştərinin borclarının qismən və ya tam ödənilməsi üçün götürülmüş, yaxud qanunvericiliklə müəyyən edilmiş qaydada borclar müqabilində borclu və ya üçüncü şəxs tərəfindən bankın xeyrinə özgəninkiləşdirilən bank işində istifadəsi nəzərədə tutulmayan əsas vəsaitlər;

4.1.2. bank və onun struktur bölmələri tərəfindən əvvəllər istifadə edilən əsas vəsaitlər;

4.1.3. maliyyə icarəsi üzrə icarəçinin öhdəliyinin yerinə yetirməməsi səbəbindən geri alınmış və bank tərəfindən istifadəsi nəzərdə tutulmayan əsas vəsaitlər;

4.1.4. bank fəaliyyətinin genişləndirilməsi üçün alınmış, lakin bir ildən çox müddətdə bank işində istifadə edilməyən əsas vəsaitlər.

5.1. Bank işində istifadə olunmayan daşınmaz əsas vəsait üç ildən çox olmayan müddət ərzində satılmalıdır.

5.2. Milli Bank aşağıdakı hallarda bank işində istifadə olunmayan daşınmaz əsas vəsaitin satılması müddətinin daha bir ü müddətinə artırılmasına icazə verə bilər:

5.2.1. üç illik dövr ərzində bu əsas vəsaiti satmaq üçün bank tərəfindən bütün görülmüş tədbirlər sənədlərlə əsaslandırıldıqda;

5.2.2. üç il ərzində bu əsas vəsaitin satışının banka zərər vura biləcəyi əsaslandırıldıqda.

Bu cür əsas vəsaitlərin satışı üçün bankın gördüyü bütün tədbirlər tam sənədləşdirilməli və bankın Müşahidə Şurası və İdarə Heyətinin daimi nəzarətində saxlanılmalıdır. Belə sənədlərə əsas vəsaitlərin qiymətləndirilməsi barədə qiymətləndiricinin rəyi, alqı-satqı barədə təkliflər, yazışmalar, elanlar və s. aid edilir.

5.3. Bank işində istifadə olunmayan daşınmaz əsas vəsaitin saxlanma müddətinin hesablanması aşağıdakı andan başlanır:

5.3.1. girov götürülmüş, borclu və ya üçüncü şəxs tərəfindən banka verilmiş əsas vəsait üzərində mülkiyyət hüququ banka keçdiyi tarixdən;

5.3.2. bankın köhnə binadan yeni binaya köçməsi başa çatdıqda və ya fəaliyyətində bu binadan istifadə edilməsi dayandırıldığı tarixdən;

5.3.3. bankın nəzərdə tutulan genişləndirmə işləri üçün alınmış əsas vəsaitdən istifadə edilməməsi barədə qərar qəbul edildiyi tarixdən;

5.3.4. maliyyə icarəsi üzrə icarəçinin öhdəliyini yerinə yetirməməsi səbəbindən əsas vəsaitlərin banka qaytarıldığı tarixdən.

5.4. Bank işində istifadə olunmayan daşınmaz əsas vəsaitlərdən fərqli olaraq, bank işində istifadə olunmayan daşınar əsas vəsaitlər 120 gün müddətinə satılmalıdır,

5.5. Bank tərəfindən əvvəllər istifadə olunmuş və ya fəaliyyətlərinin genişləndirilməsi üçün alınmış, habelə bankın mülkiyyətinə keçmiş istifadəsi nəzərdə tutulmayan əsas vəsaitlər ildə ən azı bir dəfə qiymətləndirilməlidir. Balans dəyəri 20 min manata qədər olan bu əsas vəsaitlərin qiymətləndirilməsi AMB-nin “Ödənilməmiş borclar müqabilində banklar tərəfindən əmlakın balansa götürülməsi və qiymətləndirilməsi Qaydaları”ı ilə müəyyən edildiyi kimi aparılır. Balans dəyəri 20 min manatdan çox olan əsas vəsaitlərin qiymətləndirilməsi isə həmin Qaydalarla müəyyən edildiyi kimi kənar qiymətləndirici tərəfindən aparılır.

5.6. Bank işində istifadə olunmayan əsas vəsaitlərin yenidən qiymətləndirilməsinin maliyyə hesabatlarında əks etdirilməsi AMB-nin “Azərbaycan Respublikasının bütün kredit təşkilatlarında əsas vəsaitlərin uçotu Qaydaları”nda müəyyən edilmiş qaydada həyata keçirilir.

5.7. Bank işində istifadə olunmayan əsas vəsaitlərin bank aktivləri kimi təsnifləşdirilməsi və onlar üçün xüsusi ehtiyatların yaradılması AMB-nin “Aktivlərin təsnifləşdirilməsi və zərərin ödənilməsi üçün ehtiyatların yaradılması Qaydaları”na müvafiq aparılır.

5.8. Bu Qaydaların 5.1-ci, 5.2-ci və 5.4-cü bəndlərində göstərilən müddətlərdə satılmayan əsas vəsaitlər “ümidsiz” aktivlər kimi təsnifləşdirilərək yaradılmış xüsusi ehtiyatlar hesabına balansdan silinməklə satılana kimi balansdankənar hesabda uçota alınır və ya ləğv edilir.

6.1. Aşağıdakı hallarda Milli Bankın qabaqcadan icazəsi tələb olunur:

6.1.1. bank işində istifadə olunmayan daşınmaz əsas vəsaitlərə sahib olmaq niyyəti üç ildən çox olduqda. Bu zaman bank onun satılması üçün gördüyü tədbirləri sübut edən sənədləri təqdim etməlidir;

6.1.2. daşınmaz əsas vəsaitə sərmayə qoyuluşlarını və ya kreditləri qaytarma məqsədilə bu əsas vəsaitlərin təmirinə və ya tikintisinə əlavə xərclər çəkdikdə.

6.2. Aşağıdakı hallarda əsas vəsaitlərin əsaslı təmirinə və ya tikintisinə əlavə xərclərin çəkilməsinə icazə verilir:

6.2.1. xərc nəticəsində kreditin ümumi dəyəri ilə əsas vəsaitin bazar dəyəri arasındakı fərqin azalması sübut edildikdə;

6.2.2. bu əlavə xərclərin məqsədi əsas vəsait bazarında möhtəkirlikdən ibarət olmadıqda.

6.3. Əsas vəsaitin cari təmiri ilə əlaqədar çəkiləcək əlavə xərclər üçün icazə tələb olunmur.

6.4. Daşınmaz əsas vəsaitin təmir və ya tikintisinin başlanmasına azı 30 təqvim günü qalmış Milli Banka müraciət edilir. Müraciətə bu Qaydaların 6.2.-ci bəndinin şərtlərinə əməl olunmasını təsdiq edən sənədlər qoşulmalıdır. Milli Bank 30 təqvim günü ərzində müraciətlə bağlı razılıq verir və ya əsaslandırılmış qaydada imtina edir.

7.1. Bank işində istifadə olunmayan əsas vəsaitlərin satışı aşağıdakı qaydalarla həyata keçirib bilər:

7.1.1. qanunvericiliklə müəyyən olunmuş adi satış qaydasında daşınar və daşınmaz əsas vəsaitlərin dəyərinin tam məbləğdə birdəfəlik ödənilməsi;

Əsas vəsaitlərin satış dəyərinin birdəfəlik ödənişi zamanı əldə edilən faktiki gəlir və ya itki balansda dərhal uçota alınır, yəni bankın gəliri və ya xərci kimi təsdiq edilərək hesabatda əks olunur;

7.1.2. adi satış qaydasından fərqli olaraq, daşınmaz əsas vəsaitin ödənilməyən qalıq məbləğinin alıcı tərəfindən daha uzun müddətə, yəni hissə-hissə ödənilməsi. Bu qaydada daşınmaz əsas vəsaitlərin satışı yalnız onun bazar dəyərinin minimum 25%-i faktiki ödənildikdə, alıcı banka aidiyyatı və ya aidiyyatı şəxs adından hərəkət edən şəxs olduqda isə minimum 50%-i faktiki ödənildikdə həyata keçirilə bilər. Bank işində istifadə olunmayan daşınmaz əsas vəsaitlər üzrə alıcı tərəfindən təklif olunan ilkin Ödəniş bu nisbətlərdən aşağı olduqda əsas vəsaitin satışma yol verilmir.

7.2. Bank işində istifadə olunmayan daşınar əsas vəsaitlərin bu Qaydaların 7.1.2-ci bəndinin şərtləri ilə satılmasına icazə verilmir.

7.3. Bank işində istifadə olunmayan daşınmaz əsas vəsait alıcıya bu Qaydaların 7.1.2.-ci bəndində göstərilən şərtlərlə satıldıqda, onun ödənilməmiş qalıq məbləği müştəriyə verilmiş kredit kimi rəsmiləşdirilir və uçotu müvafiq balans hesabında aparılır. Əsas vəsaitin bankın öz krediti hesabına müştəriyə satılması zamanı aşağıdakı şərtlərə əməl olunmalıdır:

7.3.1. alıcının ödəniş qabiliyyəti qənaətbəxş olmalı;

7.3.2.alqı-satqı müqaviləsi bağlanarkən əsas vəsait üzrə mülkiyyət hüququ və risklər, habelə onun istifadəsindən əldə edilən gəlir alıcıya keçməli;

7.3.3.ən azı satışın obyekti olan əsas vəsait girov kimi rəsmləşdirilməli.

7.4. Əsas vəsait bu Qaydaların 7.2-ci bəndinin şərtləri ilə satıldıqda:

7.4.1.satışdan yaranan itki dərhal tanınır;

7.4.2.satışdan gəlir əldə edildikdə o, kreditin verilmə tarixindən bir il müddətində yalnız “gələcək dövrün gəlirləri” hesabında uçota alınır;

7.4.3.“gələcək dövrün gəlirləri” hesabında uçota alınan məbləğ əsas vəsaitin kredit hesabına satılması tarixindən bir il keçdikdən sonra kreditin qalan müddəti ərzində bərabər hissələrlə gəlirdə uçota alınır;

7.4.4.əsas vəsaitin kredit hesabına satılması zamanı kreditin verilmə müddəti bir ildən az olarsa, satışdan əldə edilən gəlir kredit tam qaytarıldıqdan sonra uçota alınır;

7.4.5.kreditlər üzrə faizlərin hesablanması və ya faizlərin hesablanmasının dayandırılması AMB-nın “Kredit əməliyyatları üzrə faizlərin hesablanmasının dayandırılması haqqında Qaydalar”ına müvafiq olaraq aparılır.

Bu Qaydalar Dövlət qeydiyyatına alındığı tarixdən qüvvəyə minir.

* 1. Məsələn: bankın borclar müqabilində götürmüş və ya onun əvvəllər istifadə etdiyi əsas vəsaitin balans dəyəri 180 min manat olmuşdur. Bank ilə alıcı arasında əsas vəsaitin bazar dəyəri 1 mln manat məbləğində razılaşdırılmışdır. Gəlir 20 min manat (1000-900=100) təşkil edəcəkdir. Alıcı tərəf (alıcı banka aidiyyatı şəxs deyil) ilk ödəniş kimi 60 min manat, yəni satılan əsas vəsaitin bazar dəyərinin 25%-dən çoxunu ödəyir. 140 min manat bankın balansında kredit kimi rəsmiləşdirilir, satışdan əldə ediləcək gəlir (20 min manat) “gələcək dövrün gəlirləri” kimi göstərilir. Kredit 5 ilə verilmişdir. Birinci il bankın maliyyə maliyyə hesabatında gəlir göstərilmir, qalan 4 ildə isə ödənişlər razılaşdırılmış cədvəl üzrə aparılarsa hər il 5 min manat (20:4=5) məbləğində gəlir göstərilir.

1. 23 dekabr 2005-ci il tarixli 38 nömrəli Azərbaycan Respublikası Milli Bankının Protokolu (Azərbaycan Respublikası Mərkəzi İcra Hakimiyyəti Orqanlarının Normativ Aktlarının Bülleteni, 2005-ci il, № 12)

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver