Azərbaycan Respublikası Milli Bankının İdarə Heyətinin 28 fevral 2007-ci il tarixli qərarı ilə (10 №-li protokol) təsdiq edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyində 27 mart 2007-ci il tarixində 3296 nömrəli şəhadətnamə verilməklə dövlət qeydiyyatına alınmış "Bankların və xarici bankların yerli filiallarının kənar auditinin aparılmasına dair tələblər haqqında Qaydalar"a aşağıdakı əlavələr edilsin:
1. Aşağıdakı məzmunda 5.6-cı bənd əlavə edilsin:
"Bankın kənar auditi eyni auditor tərəfindən dəyişmədən ən azı 5 il ərzində həyata keçirildikdə, Mərkəzi Bank keçirilən auditin obyektivliyini və qərərsizliyini təmin edilməsi məqsədilə bank tərəfindən digər auditorun cəlb edilməsini (rotasiyasını) tələb edə bilər".
2. 6.2-ci bəndə aşağıdakı məzmunda 6.2.2.-1-ci və 6.2.2,-2-ci yarımbəndlər əlavə edilsin:
"6.2.2. bankın kredit portfelini və kreditlər üzrə ehtiyatların yaradılmasını, qeyri-işlək kreditlərini, aktivlərin yenidən maliyyələşdirilməsini, habelə bankın qiymətli kağızlara və balansdankənar hesablarda uçota alınmış əməliyyatlarını qiymətləndirmək;
6.2.2.-2. bankda risklərin ölçülməsi və idarə edilməsi, aktivlərin ədalətli dəyərinin müəyyən edilməsi üzrə istifadə edilən daxili metodologiyaların həmçinin maliyyə hesabatları üzrə daxili nəzarət sistemlərinin adekvatlığını təsdiq etmək;"
3. 6.2.4-cü bənddə "təhlükə altına alan" sözlərindən sonra "öhdəliklərinin yerinə yetirilməsi imkanlarına, habelə onun likvidlik mövqeyinə mənfi təsir edə bilən" sözləri əlavə edilsin.