1.0. Bu Qanunda istifadə edilən anlayışlar aşağıdakı mənaları ifadə edir:
1.0.1. baytarlıq - heyvan (mal-qara, quşlar, balıqlar, arılar, vəhşi heyvanlar və başqaları) xəstəliklərinin qarşısının alınması, insan sağlamlığı üçün yararlı və təhlükəsiz heyvandarlıq məhsullarının istehsalı, habelə əhalinin heyvan və insanlar üçün ümumi olan xəstəliklərdən mühafizəsi sahəsində elmi, praktiki və təşkilati tədbirlər sistemi;
1.0.2. baytarlıq fəaliyyəti - qanunvericiliklə müəyyən edilmiş qaydada baytarlığın idarə edilməsi, baytarlıq nəzarəti, xidməti və əczaçılığı sahəsində həyata keçirilən fəaliyyət növü;
1.0.3. baytarlıq xidməti - heyvan xəstəliklərinin öyrənilməsini, profilaktikasını, diaqnostikasını, müalicəsini və heyvanların sağlamlığının qorunmasını əhatə edən fəaliyyət sahəsi;
1.0.4. baytarlıq (baytarlıq-sanitariya) qaydaları - müvafiq icra hakimiyyəti orqanı tərəfindən hazırlanan, baytarlıq normativləri əsasında baytarlıq tədbirlərinin aparılması qaydasını müəyyən edən və baytarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər tərəfindən yerinə yetirilməsi məcburi olan tədbirləri təsbit edən normativ sənədlər;
1.0.5. baytarlıq preparatları - yalnız heyvan xəstəliklərinin profilaktikası, müalicəsi, diaqnostikası və heyvanların məhsuldarlığının artırılması üçün istifadə olunan baytarlıq təyinatlı immunobioloji, bioloji, bitki, kimyəvi və kimya-əczaçılıq mənşəli maddələr;
1.0.6. baytarlıq preparatlarının dövlət qeydiyyatına alınması - müvafiq icra hakimiyyəti orqanı tərəfindən baytarlıq preparatlarının, onlara aid sənəd və materialların ekspertizası və qeydiyyat sınağının nəticələrinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada baytarlıq preparatlarının dövlət reyestrinə daxil edilməsi və bu barədə müvafiq formada hazırlanmış qeydiyyat şəhadətnaməsinin verilməsi;
1.0.7. baytarlıq preparatlarının dövlət reyestri - qanunvericiliklə müəyyən edilmiş qaydada qeydə alınmış və Azərbaycan Respublikasında istehsalına, ixracına, idxalına və tətbiqinə icazə verilmiş baytarlıq preparatlarının siyahısı;
1.0.8. baytarlıq preparatlarının dövriyyəsi - baytarlıq preparatlarının istehsalı, aprobasiyası, daşınması, saxlanması, idxalı, ixracı, satışı və istifadəsi;
1.0.9. baytarlıq sənədləri – baytarlıq fəaliyyəti sahəsində bu Qanuna və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq verilən icazələr;
1.0.10. identikləşdirmə - heyvanların uçota alınması (kodlaşdırılması);
1.0.11. dövlət baytarlıq nəzarətində olan yüklər - heyvanlar, heyvan mənşəli məhsullar və xammal, baytarlıq preparatları, yem məhsulları və yem əlavələri;
1.0.12. fərdi baytarlıq xidməti praktikası - bu Qanunun 5.3-cü və 30-cu maddələrinin tələbləri nəzərə alınmaqla hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər tərəfindən həyata keçirilən baytarlıq fəaliyyəti;
1.0.13. özəl baytarlıq xidməti - “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq lisenziya əsasında hüquqi şəxslər (baytarlıq klinikaları və s.) tərəfindən həyata keçirilən baytarlıq fəaliyyəti;
1.0.14. heyvan mənşəli məhsullar – insan istehlakı üçün yararlı olan ət, süd, yumurta, bal və emal yolu ilə onlardan alınan məhsullar;
1.0.15. heyvan mənşəli xammal – gön, dəri, yun, tük, qıl, lələk, sümük, buynuz, dırnaq, qida və yem üçün yaramayan digər heyvan mənşəli tullantılar və baytarlıq konfiskatları;
1.0.16. yem məhsulları - heyvanların qidalanmasında istifadə olunan emal olunmamış, yarımemal olunmuş və tam emal olunmuş məhsullar, maddələr və yem əlavələri;
1.0.17. yem əlavələri - yem məhsuluna və suya məqsədli şəkildə əlavə olunan, heyvanların rasionunda çatışmayan qida maddələrinin, mineralların və vitaminlərin mənbəyi kimi istifadə olunan üzvi, mineral və (və ya) sintetik mənşəli maddələr.