Qanunvericilik › Baytarlıq haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 3

Maddə 3. Baytarlığın əsas vəzifələri

Baytarlıq haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

3.0. Baytarlığın əsas vəzifələri aşağıdakılardır:

3.0.1. Azərbaycan Respublikasının ərazisini xarici ölkələrdən keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorumaq;

3.0.2. heyvanların yoluxan və yoluxmayan xəstəliklərinin profilaktikası, diaqnostikası və müalicəsi ilə məşğul olmaq, heyvanların çoxaldılması və məhsuldarlığın artırılmasına yönəldilmiş tədbirlər görmək;

3.0.3. əhalini heyvan və insanlar üçün ümumi olan xəstəliklərdən qorumaq;

3.0.4. dövlət baytarlıq nəzarətində olan yüklərin ölkə daxilində daşınmasına və tranzitinə, habelə onların idxalına və ixracına qanunla müəyyən edilmiş qaydada baytarlıq (baytarlıq-sanitariya) təhlükəsizliyini təmin etmək və baytarlıq nəzarətini həyata keçirmək;

3.0.5. insanların qidalanması, heyvanların yemləndirilməsi və emal üçün nəzərdə tutulan heyvan mənşəli məhsulların və xammalın heyvankəsim məntəqələri və sexlərində, emal müəssisələrində, tədarük, saxlanma, satış və digər yerlərdə baytarlıq (baytarlıq-sanitariya) ekspertizasını qanunvericiliklə müəyyən edilmiş qaydada keçirmək;

3.0.6. heyvan xəstəlikləri ilə mübarizə üsulları və vasitələri işləyib hazırlamaq, baytarlıq preparatları və vasitələrinin, yem məhsullarının və yem əlavələrinin, biostimulyatorların və hormonların təhlükəsizliyinə və keyfiyyətinə qanunla müəyyən edilmiş qaydada nəzarət etmək;

3.0.7. baytarlıq və heyvandarlıq sahəsində fəaliyyət göstərən hüquqi və fiziki şəxslər tərəfindən ətraf mühitin çirklənməsinin qarşısını almaq və çirklənməni aradan qaldırmaq;

3.0.8. baytarlıq elminin inkişafı üçün tədbirlər görmək, elmi nəticələrin təsərrüfatlarda tətbiqində, baytarlıq mütəxəssislərinin hazırlanmasında və ixtisaslarının artırılmasında iştirak etmək;

3.0.9. baytarlıq sahəsində müvafiq beynəlxalq təşkilatın tələb və tövsiyələri nəzərə alınmaqla heyvanlara və heyvandarlıq məhsullarına Azərbaycan Respublikasının baytarlıq (baytarlıq-sanitariya) tələblərini hazırlamaq;

3.0.10. Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulan digər vəzifələri yerinə yetirmək.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver