33.1. Azərbaycan Respublikasında baytarlıq preparatlarının istehsalı ilə məşğul olan müəssisələr keyfiyyətli preparat (məhsul) hazırlamağı təmin edən münasib avadanlığa, istehsalat şəraitinə, texnologiyaya və normativ-texniki sənədlərə malik olmalıdır. Müəssisə istehsal etdiyi baytarlıq preparatlarının keyfiyyətini sınaqdan keçirmək üçün nəzarət xidməti təşkil edir, satışa buraxdığı hər bir partiya (seriya) preparata dair keyfiyyət şəhadətnaməsi verir və onun keyfiyyəti üçün məsuliyyət daşıyır. İstehsal olunan hər bir baytarlıq preparatı müəyyən olunmuş qaydada dövlət qeydiyyatına alınır və bu barədə qeydiyyat şəhadətnaməsi verilir.
33.2. Azərbaycan Respublikasında dövriyyəyə buraxılan baytarlıq preparatları qanunvericiliklə müəyyən edilmiş qaydada verilən müvafiq sertifikata malik olmalı, markalanmalı, qablaşdırılmalı, müşayiətedici sənədlərində və ya istifadə təlimatlarında baytarlıq təyinatlı olması göstərilməli, habelə preparatın istifadəsi təlimatı Azərbaycan dilində və zəruri hallarda digər dillərdə hazırlanma tarixi, saxlanma müddəti, şəraiti və digər məlumatlar olmalıdır.
33.3. Baytarlıq sahəsində müvafiq beynəlxalq təşkilatın tərtib etdiyi siyahısında nəzərdə tutulan, habelə heyvan və insanlar üçün ümumi olan xəstəliklərə qarşı bioloji və güclü təsirə malik preparatların satışı ilə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər məşğul ola bilməzlər.
33.5. Baytarlıq preparatlarının daşınması, saxlanması və satışı üçün normativ-texniki tələblərə uyğun şəraiti olan hüquqi şəxslər baytarlıq preparatlarının satışı ilə Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulan hallarda və qaydada məşğul ola bilərlər.
33.6. Baytarlıq preparatlarının topdansatışını mülkiyyət formasından asılı olmayaraq müvafiq istehsal və elmi tədqiqat müəssisələri (öz istehsalı olan) və baytarlıq təchizatı anbarları, pərakəndə satışını isə baytarlıq aptekləri həyata keçirirlər.
33.7. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının baytarlıq xidmətində tətbiqi Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə tənzimlənir.
33.8. Baytarlıqda istifadə edilən bioloji, güclü təsiredici və resept əsasında buraxılan baytarlıq preparatlarının siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.
33.9. Azərbaycan Respublikasında qeydiyyatdan keçən baytarlıq preparatlarının idxalını və ixracını hüquqi və fiziki şəxslər müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada beynəlxalq müqavilələrin tələbləri və tövsiyələri nəzərə alınmaqla həyata keçirirlər.