36.1. Baytarlıq sahəsində aparılan elmi tədqiqatların əsas istiqamətləri və proqramları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) ilə razılaşdırılmalıdır.
36.2. Elmi tədqiqatlar nəticəsində hazırlanmış və təkmilləşdirilmiş baytarlıq preparatlarının, yem məhsullarının və yem əlavələrinin baytarlıq normativlərinə uyğunluğunu müəyyən etmək üçün onlar müvafiq qaydada qanunvericiliklə müəyyən edilmiş qaydada aprobasiyadan keçirilməlidirlər.
36.3. Azərbaycan Respublikasında mövcud olan, həmçinin elmi tədqiqatlar və heyvan xəstəliklərinin diaqnostikası nəticəsində və peyvənd vasitəsi hazırlanan zaman alınan mikroorqanizm və parazitar xəstəlik törədicilərinin ştammları baytarlıqda istifadə edilən və saxlanılan ştammların Milli Kolleksiyasında saxlanılmalıdır. Hər hansı bir mikroorqanizm və parazitar xəstəliklər törədiciləri ştammlarının Milli Kolleksiyada saxlanmasına müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən razılıq verilir.
36.4. Mikroorqanizm və parazitar xəstəliklərin törədiciləri ştammlarının Milli Kolleksiyasının yaradılması və fəaliyyəti qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
36.5. Baytarlıq sahəsində elmi tədqiqatlar dövlət büdcəsi, müəssisələrin büdcədənkənar vəsaitləri və könüllü ayırmalar, hüquqi və fiziki şəxslər tərəfindən verilən ianələr hesabına maliyyələşdirilir.
36.6. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) baytarlıq sahəsində elmi tədqiqatların təşkili və nailiyyətlərinin tətbiqi məqsədilə tədbirlər həyata keçirir.