11.1. Respublika idman federasiyaları aşağıdakı hüquqlara malikdir:
11.1.1. öz səlahiyyətləri çərçivəsində bədən tərbiyəsi və idman sahəsində normativ hüquqi aktların və idman növlərinin inkişafı proqramlarının işlənib hazırlanmasında və həyata keçməsində iştirak etmək;
11.1.2. müvafiq idman növü üzrə müxtəlif səviyyəli yarışların keçirilməsi sistemini təkmilləşdirmək, ölkə ərazisində idman növü üzrə çempionatları, birincilikləri, kubok yarışlarını və digər respublika, həmçinin beynəlxalq idman yarışlarını təşkil etmək və keçirmək;
11.1.3. müvafiq idman növündə məşqçilərin, hakimlərin, bədən tərbiyəsi-idman sahəsində digər mütəxəssislərin hazırlanması, əlavə təhsili və attestasiyası üzrə tədbirlər həyata keçirmək;
11.1.4. idmançıların bir bədən tərbiyəsi-idman təşkilatından digərinə keçməsi məsələlərinin təşkilində iştirak etmək;
11.1.5. beynəlxalq idman təşkilatlarının reqlamentləri və bu Qanunun müddəaları əsasında idman növü üzrə idman klublarının fəaliyyətinin əlaqələndirilməsində iştirak etmək;
11.1.6. öz səlahiyyətləri çərçivəsində xarici ölkələrin idman təşkilatları və beynəlxalq idman təşkilatları ilə beynəlxalq əlaqələri inkişaf etdirmək və möhkəmləndirmək.
11.2. Respublika idman federasiyaları aşağıdakı vəzifələri yerinə yetirir:
11.2.1. idman növlərini inkişaf etdirmək və təbliğ etmək;
11.2.2. öz səlahiyyətləri çərçivəsində milli yığma komandaları formalaşdırmaq və idman növü üzrə beynəlxalq yarışlarda iştirakını təmin etmək;
11.2.3. idman növü üzrə yüksək səviyyəli idmançıların hazırlığı sistemini təkmilləşdirmək;
11.2.4. idmançıların, məşqçilərin, idman sahəsində çalışan digər mütəxəssislərin sosial müdafiəsi üçün şəraitin yaradılmasında iştirak etmək, idman veteranlarının qayğısına qalmaq;
11.2.5. beynəlxalq idman federasiyaları tərəfindən təsdiq olunmuş qaydalar nəzərə alınmaqla müvafiq idman növləri üçün qaydaları işləyib hazırlamaq;
11.2.6. idmanda dopinq vasitələri və (və ya) üsullarından istifadəyə, eləcə də idmanda ayrı-seçkilik və zorakılığa qarşı fəaliyyət göstərmək, mübarizə aparmaq;
11.2.7. müəyyən edilmiş qaydada müvafiq idman növlərinin respublika Vahid idman təsnifatına daxil edilməsi məqsədi ilə idman növləri üçün tələblər və normalar, həmçinin idman hakimlərinə müvafiq kateqoriyalar üzrə təsnifat tələblərini işləyib hazırlamaq;
11.2.8. idman yarışlarının manipulyasiyasına qarşı mübarizə aparmaq və bununla əlaqədar normativ hüquqi aktlara uyğun olaraq müvafiq tədbirlər görmək;
11.2.9. “İdmanda dopinq vasitələrindən və üsullarından istifadəyə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununa və milli antidopinq qurumunun qaydalarına uyğun olaraq, idmançıya və ya onun köməkçi heyətinə sanksiya tətbiq edildiyi halda, həmin sanksiyaların icra olunmasını təmin etmək.
11.2-1. Respublika idman federasiyaları tərəfindən bu Qanunun 11.2.9-cu maddəsində nəzərdə tutulan öhdəliklərin yerinə yetirilməməsi pozuntu hesab edilir və dövlət büdcəsindən ayrılan maliyyə dəstəyinin həmin tələblər yerinə yetirilənədək kəsilməsinə səbəb olur.
11.3. Respublika idman federasiyaları uşaq-gənclər idmanının inkişafına, idman məktəblərinin, olimpiya ehtiyatı məktəblərinin və olimpiya mərkəzlərinin fəaliyyətinə kömək göstərirlər.
11.4. Respublika idman federasiyaları əlilliyi olan şəxslərin maraq göstərdikləri, xüsusilə paralimpiya, deflimpiya və xüsusi olimpiya oyunlarının proqramlarına daxil edilmiş idman növlərinin ölkədə geniş inkişafı və bu idman növləri üzrə idmançıların hazırlanması istiqamətində fəaliyyət göstərirlər.
11.5. Respublika idman federasiyaları beynəlxalq idman təşkilatlarına üzv ola, beynəlxalq idman təşkilatlarının üzvü statusuna uyğun şəkildə qanunvericiliyə zidd olmayan hüquqlar əldə edə və vəzifələr daşıya bilərlər.