Bələdiyyə sifarişlərinin verilməsi Qaydalarının təsdiq edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI
"Bələdiyyələrin statusu haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 27 iyul tarixli 162 nömrəli Fərmanının icrası ilə əlaqədar qərara alıram:
1. Bələdiyyə sifarişlərinin verilməsi Qaydaları təsdiq edilsin (əlavə olunur).
2. Bu Fərman imzalandığı gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 4 iyul 2001-ci il № 529
Bələdiyyə sifarişlərinin verilməsi Qaydaları "Bələdiyyələrin statusu haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 27 iyul tarixli 162 nömrəli Fərmanının icrası ilə əlaqədar, "Bələdiyyələrin maliyyəsinin əsasları haqqında" və "Yerli rəy sorğusu haqqında" Azərbaycan Respublikası qanunlarının tələblərinə uyğun olaraq hazırlanmışdır.
Bu Qaydalar bələdiyyələrin öz maddi və maliyyə vəsaitlərindən istifadə etməklə bələdiyyə ərazisinin abadlaşdırılması, əhaliyə kommunal xidmətlər göstərilməsi, sosial infrastruktur obyektlərinin tikintisi və təmiri, müvafiq ərazi əhalisinin məişət və sosial-mədəni tələbatının ödənilməsi üçün zəruri məhsulların istehsalı, xidmətlərin göstərilməsi və digər işlərin görülməsi üçün sifarişçi kimi çıxış etmək səlahiyyətlərini, sifariş verilməsinin şərtlərini müəyyən edir.
Bu Qaydalar Azərbaycan Respublikası ərazisində olan bütün bələdiyyələrə və onların birliklərinə şamil edilir.
1. Bələdiyyə sifarişləri bələdiyyələrin müvafiq sosial inkişaf, iqtisadi inkişaf və digər proqramlarının icrası ilə əlaqədar verilir.
2. Bələdiyyə sifarişləri bələdiyyənin ərazisində yaşayan və seçki hüququ olan bütün vətəndaşların rəy sorğusu əsasında da formalaşdırıla bilər.
3. Bələdiyyə sifarişlərinə çıxarılan məsələlər (işlərin görülməsi, xidmətlərin göstərilməsi, mal, material alınması və sair) müvafiq maliyyə təminatına malik olmaqla yerli büdcənin vəsaiti hesabına maliyyələşdirilir.
4. Bələdiyyə sifarişlərinin yerinə yetirilməsi üçün icraçılar Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə uyğun olaraq müsabiqə və ya birbaşa müqavilə əsasında seçilir.
5. İcraçıların hansı formada seçilməsi tərəflərin maraqları gözlənilməklə müvafiq əsaslandırmaya uyğun olaraq təmin edilir. Müsabiqə zamanı eyni təkliflər vermiş icraçılar arasında bələdiyyə mülkiyyətində olan icraçılara üstünlük verilir.
6. Bələdiyyə sifarişləri Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada bu işlərin görülməsi üçün müqavilə bağlanması yolu ilə fiziki və ya hüquqi şəxslərə verilir.
7. Bələdiyyə sifarişlərinin yerləşdirilməsinə və icrasına nəzarət bələdiyyələr tərəfindən yerinə yetirilir.
8. Bələdiyyə sifarişlərinin maliyyələşdirilməməsinə və digər müqavilə şərtlərinin yerinə yetirilməməsinə görə bələdiyyələr qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.
9. Bələdiyyə sifarişlərinin maliyyələşdirilməsi qaydaları və yerinə yetirilməsi müddətləri, habelə işlərin qəbulu və digər şərtlər, o cümlədən məsuliyyətlər tərəflər arasında bağlanmış müqavilə ilə tənzimlənir.
10. Bələdiyyə sifarişlərinin verilməsi haqqında məlumatlar yerli mediada elan edilir. Bələdiyyələr bələdiyyə sifarişlərinin şərtləri və nəticəsi barədə məlumatları qanunvericiliklə müəyyən edilmiş üsullarla açıqlayır.
26 dekabr 2002-ci il tarixli 830 nömrəli Fərman (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, № 12, maddə 725)
27 sentyabr 2006-cı il tarixli 464 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 9, maddə 741)
30 may 2024-cü il tarixli 77 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 30 may 2024-cü il, “Azərbaycan” qəzeti, 31 may 2024-cü il, № 113, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024-cü il, № 5, I kitab, maddə 529)