Bələdiyyələrə məxsus hüquqi şəxslərin maliyyə və təsərrüfat fəaliyyəti göstəricilərinin qeydiyyata alınması qaydalarının təsdiq edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI
“Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 27 iyul tarixli, 162 nömrəli Fərmanının icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. Bələdiyyələrə məxsus hüquqi şəxslərin maliyyə və təsərrüfat fəaliyyəti göstəricilərinin qeydiyyata alınması qaydaları təsdiq edilsin (əlavə olunur).
2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Baş naziri A. Rasİzadə
Bakı şəhəri, 12 yanvar 2000-ci il
Bələdiyyələrə məxsus hüquqi şəxslərin maliyyə və təsərrüfat fəaliyyəti göstəricilərinin qeydiyyata alınması
1. Bələdiyyələrə məxsus hüquqi şəxslərin maliyyə və təsərrüfat fəaliyyəti göstəriciləri Dövlət Statistika Komitəsi tərəfindən müəyyən olunmuş qaydada qeydiyyata alınır. Hüquqi şəxslər Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi tərəfindən təsdiq edilmiş statistik göstəricilər və hesabatlar əsasında, müəyyən edilmiş qaydada və vaxtda bu barədə aidiyyəti statistika orqanlarına hesabat təqdim edirlər.
2. Bələdiyyələrin ərazisində yerləşən statistika orqanları Dövlət Statistika Komitəsi tərəfindən hazırlanmış tövsiyə əsasında bələdiyyələrə məxsus hüquqi şəxslər üzrə statistik məlumatları rayon (şəhər) üzrə yekunlaşdırır, müvafiq bələdiyyə orqanlarına və Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinə təqdim edirlər.
3. Zəruri hallarda bələdiyyələrin sifarişi və vəsaiti hesabına Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi ilə razılaşdırılmış sorğu anketləri əsasında bələdiyyələrin ərazisində statistik işlər planında nəzərdə tutulmamış müşahidələr keçirilə bilər.
4. Bələdiyyələrə məxsus hüquqi şəxslər tərəfindən “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, öz fəaliyyətinə dair tərtib edilmiş rüblük və illik maliyyə hesabatları qanunla müəyyən edilmiş qaydada və hallarda müvafiq orqanlara təqdim olunur və dərc etdirilir.
5. Bələdiyyələrə məxsus hüquqi şəxslər bələdiyyələrin tabeliyinə verilməzdən əvvəl onların pul vəsaiti, əmlakı, hesablaşmaları, fondları və s. balans göstəriciləri bələdiyyələr tərəfindən təyin olunmuş inventarlaşdırma komissiyası vasitəsi ilə inventarlaşdırılır və nəticəsi aktla rəsmiləşdirilir.
1. 20 iyun 2013-cü il tarixli 148 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 22 iyun 2013-cü il, № 134; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 06, maddə 759)
2. 15 iyul 2025-ci il tarixli 213 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 16 iyul 2025-ci il, “Azərbaycan” qəzeti, 17 iyul 2025-ci il, № 145, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2025-ci il, № 7, maddə 717)