Qanunvericilik › “Bələdiyyələrin Dövlət reyestrinin aparılması və onlara şəhadətnamənin verilməsi haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Qanununun icrasının təmin edilməsi haqqında (Prezidentin fərmanı, 24.05.2010) › Tam mətn

“Bələdiyyələrin Dövlət reyestrinin aparılması və onlara şəhadətnamənin verilməsi haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Qanununun icrasının təmin edilməsi haqqında (Prezidentin fərmanı, 24.05.2010)

“Bələdiyyələrin Dövlət reyestrinin aparılması və onlara şəhadətnamənin verilməsi haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Qanununun icrasının təmin edilməsi haqqında (Prezidentin fərmanı, 24.05.2010) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

“Bələdiyyələrin Dövlət reyestrinin aparılması və onlara şəhadətnamənin verilməsi haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Qanununun icrasını təmin etmək məqsədilə qərara alıram:

1. “Bələdiyyələrin Dövlət reyestrinə daxil edilən bələdiyyələrin xəritələrinin hazırlanması Qaydası” təsdiq edilsin (əlavə olunur).

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

2.1. üç ay müddətində mərzçəkmə qaydalarını və mərz nişanlarının formalarının nümunələrini müəyyən etsin;

2.2. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

4. “Bələdiyyələrin Dövlət reyestrinin aparılması və onlara şəhadətnamənin verilməsi haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 10 fevral tarixli 215 nömrəli Fərmanının 3-cü bəndində “torpaqlar” sözündən sonra “barədə məlumatları” sözləri əlavə edilsin.

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 24 may 2010-cu il

1.1. Bu Qayda “Bələdiyyələrin Dövlət reyestrinin aparılması və onlara şəhadətnamənin verilməsi haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 10 fevral tarixli, 215 nömrəli Fərmanının 1.3-cü bəndinin icrasını təmin etmək məqsədi ilə hazırlanmışdır və Bələdiyyələrin Dövlət reyestrinə (bundan sonra — Dövlət reyestri) daxil edilən bələdiyyələrin xəritələrinin hazırlanması qaydasını müəyyən edir.

1.2. Dövlət reyestrinə daxil edilən bələdiyyələrin xəritələri (bundan sonra — bələdiyyələrin xəritələri) Azərbaycan Respublikası Torpaq Məcəlləsinin, “Bələdiyyələrin statusu haqqında”, “Bələdiyyələrin əraziləri və torpaqları haqqında”, “Torpaq islahatı haqqında”, “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında”, “Geodeziya və kartoqrafiya haqqında” Azərbaycan Respublikası qanunlarının, Azərbaycan Respublikasının 2009-cu il 29 dekabr tarixli, 936-IIIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Bələdiyyələrin Dövlət reyestrinin aparılması və onlara şəhadətnamənin verilməsi haqqında Əsasnamə”nin, bu Qaydanın və digər normativ hüquqi aktların tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (bundan sonra – ƏMDX) tərəfindən hazırlanır.

2.1. Bələdiyyələrin xəritələri Azərbaycan Respublikasının 2009-cu il 29 dekabr tarixli, 936-IIIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Bələdiyyələrin Dövlət reyestrinin aparılması və onlara şəhadətnamənin verilməsi haqqında Əsasnamə”də və qanunvericiliklə nəzərdə tutulmuş digər hallarda hazırlanır və ərazidə yerləşən yaşayış məntəqələri, onların adı, poçt şöbəsi, dəmiryol və şose yolları, çaylar, magistral su kanalları və ya kollektorları, magistral neft və qaz kəmərləri, dəmiryol stansiyaları, dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaqlar, habelə bələdiyyə ərazilərinin sərhədinin (hüdudunun) qonşuluqlarını müəyyənləşdirən döngə nöqtələri göstərilməklə, onların ərazisindən asılı olaraq sahəsi 4 kv.km-ə qədər olduqda — 1:5000, 4 kv.km-dən 25 kv.km-ə qədər olduqda — 1:10000, 25 kv.km-dən 100 kv.km-ə qədər olduqda — 1:25000, 100 kv.km-dən artıq olduqda — 1:50000 miqyasda tərtib edilir.

2.2. Bələdiyyələrin xəritələri hazırlanarkən aşağıdakılara istinad edilir:

2.2.1. “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanunu;

2.2.2. Azərbaycan Respublikasının inzibati ərazi bölgüsündə dəyişikliklər edilməsi barədə qanunvericilik aktları;

2.2.3. bələdiyyələrin yaradılması, birləşməsi və ləğv edilməsi, habelə onların daxil olduğu rayon, şəhər və əhatə etdiyi ərazi vahidləri üzrə dəyişikliklər edilməsi barədə qanunvericilik aktları;

2.2.4. “Azərbaycan SSR rayonlarının dürüstləşdirilmiş sərhədlərinin qrafik təsvirinin təsdiq edilməsi haqqında” Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 1960-cı il 24 mart tarixli, 13 nömrəli Fərmanı ilə təsdiq edilmiş növbətçi xəritə;

2.2.5. bələdiyyələrin əhatə etdiyi ərazi vahidlərinin, inzibati ərazi dairələrinin və sahə inzibati ərazi dairələrinin Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrinə daxil edilmiş xəritələri və məlumatları;

2.2.6. bələdiyyələrin ərazisinə dair topoqrafik, torpaq kadastrı, yerquruluşu, meşə quruluşu (ortofotoplan, bələdiyyələrin hüdudlarına dair xəritələr və Dövlət aktları, torpaq islahatına dair kompleks yerquruluşu layihələri (sxemləri), torpaqların inventarlaşdırılmasına dair yerquruluşu planları və s.) plan və xəritələri;

2.2.7. Dövlət torpaq kadastrının məlumatları;

2.2.8. qanunvericilikdə nəzərdə tutulmuş digər sənədlər.

3.1. Bələdiyyələrin xəritələrinin hazırlanması aşağıdakı mərhələlər üzrə aparılır:

3.1.1. bələdiyyə ərazilərinin sərhədlərinin (hüdudunun) koordinatlarının müəyyən edilməsi, dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaq sahələrinin dürüstləşdirilməsi üçün çöl tədqiqat və mərzçəkmə işlərinin yerinə yetirilməsi;

3.1.2. xəritələrin və digər sənədlərin hazırlanması, razılaşdırılması və təsdiq edilməsi;

3.1.3. bələdiyyə ərazilərinin sərhədinin (hüdudunun) qonşuluqlarını müəyyənləşdirən bütün döngə nöqtələri (sərhəd xətti boyunca əsas istinad döngə nöqtələri və onlar arasında müəyyənləşdirilmiş digər nöqtələr) arasındakı məsafələri və onların koordinatlarını əks etdirən yerquruluşu sənədlər qovluğunun (bundan sonra — yerquruluşu sənədlər qovluğu) hazırlanması;

3.1.4. bələdiyyələrin torpaq sahələri kimi dövlət torpaq kadastrı məlumatlarının dürüstləşdirilməsi (dəqiqləşdirilməsi);

3.1.5. bələdiyyələrin xəritələrinin təqdim edilməsi.

4.1. Bələdiyyələrin xəritələrinin hazırlanması ilə bağlı Azərbaycan Respublikası Milli Məclisi Aparatının müvafiq struktur bölməsindən müəyyən edilmiş qaydada müraciət daxil olduğu gündən 5 (beş) gün müddətində ƏMDX tərəfindən bələdiyyə ərazilərinin sərhədlərinin koordinatlarının müəyyən edilməsi, çöl tədqiqat və mərzçəkmə işlərinin yerinə yetirilməsi məqsədi ilə bələdiyyə ərazilərinin sərhədlərinin yerində müəyyən edilməsinə başlanma vaxtı barədə həmin bələdiyyələrə və onların yerləşdiyi rayon və ya şəhər icra hakimiyyəti orqanına bildiriş göndərilir. Bildiriş işlərə başlamazdan azı 5 (beş) gün əvvəl göndərilir.

4.2. Bələdiyyə ərazilərinin sərhədlərinin koordinatlarının müəyyən edilməsi, onların hüdudlarındakı torpaqların mülkiyyət formaları üzrə dürüstləşdirilməsi (dəqiqləşdirilməsi) ilə bağlı çöl tədqiqat və mərzçəkmə işlərinin yerinə yetirilməsi ƏMDX-nin müvafiq struktur bölməsinin mütəxəssisi tərəfindən ƏMDX-nin bələdiyyələrin yerləşdiyi yerli bölməsinin nümayəndəsinin, xəritəsi hazırlanmalı bələdiyyənin, onun həmsərhəd olduğu bələdiyyənin (bələdiyyələrin) nümayəndəsinin, xəritəsi hazırlanmalı bələdiyyənin və onun həmsərhəd olduğu bələdiyyənin (bələdiyyələrin) əhatə etdiyi ərazi vahidinin (ərazi vahidlərinin), ərazinin daxil olduğu inzibati ərazi dairəsi və ya sahə inzibati ərazi dairəsi üzrə müvafiq rayon, şəhər və ya şəhər rayonu icra hakimiyyəti başçısının nümayəndələrinin iştirakı ilə həyata keçirilir. Xəritəsi hazırlanmalı bələdiyyənin əhatə etdiyi ərazi vahidi digər inzibati ərazi vahidi (rayon, şəhər) ilə həmsərhəd olduqda, həmsərhəd hissəyə aid koordinatların müəyyən edilməsi, çöl tədqiqat və mərzçəkmə işlərinin yerinə yetirilməsi, həmçinin ƏMDX-nin həmsərhəd yerli bölməsinin nümayəndəsinin, həmsərhəd inzibati ərazi dairəsi və ya sahə inzibati ərazi dairəsi üzrə müvafiq rayon, şəhər, şəhər rayonu icra hakimiyyəti başçısının nümayəndəsinin, habelə həmsərhəd ərazi vahidində (şəhər, qəsəbə və ya kənd) təşkil olunmuş bələdiyyənin iştirakı ilə həyata keçirilir.

4.3. Bələdiyyə ərazilərinin sərhədlərinin (hüdudlarının) koordinatlarının müəyyən edilməsi, çöl tədqiqat və mərzçəkmə işləri yerinə yetirilərkən, bu Qaydanın 4.2-ci bəndində göstərilən şəxslərin iştirakı ilə sərhədin dövlət geodeziya-istinad məntəqələrindən və (və ya) dayaq mərz nişanlarından istifadə etməklə 1-ci döngə nöqtəsindən başlayaraq, xüsusi avadanlıq (geodeziya-ölçmə alətləri) vasitəsilə düzxətli sərhəd boyunca hər biri digərindən 500 metrdən çox olmamaqla döngə nöqtələri, onların koordinatları və arasındakı məsafələr müəyyən edilir.

4.4. Bələdiyyələr arasındakı həmsərhəd hissələr üzrə müəyyən edilmiş döngə nöqtələrinin koordinatları və onlar arasındakı məsafələr mövcud dövlət torpaq kadastrı sənədlərindəki məlumatlarla dəqiqləşdirildikdən sonra bələdiyyə ərazilərinin sərhədinin (hüdudlarının) qonşuluqlarını müəyyənləşdirən bütün döngə nöqtələri (sərhəd xətti boyunca əsas istinad döngə nöqtələri və onlar arasında müəyyənləşdirilmiş digər nöqtələr) onların koordinatlarını və arasındakı məsafələri əks etdirən sərhədlərin döngə nöqtələrinin yerləşmə sxemi (abris), habelə sərhəd təsviri protokolu tərtib edilir. Həmin sənədlər yerləşmə sxemi (abris) istisna edilməklə, bu Qaydanın 4.2-ci bəndində göstərilən şəxslər tərəfindən imzalanır və möhürlə təsdiq edilir. Yerləşmə sxemi (abris) isə icraçı mütəxəssis və ƏMDX-nin yerli bölməsinin nümayəndəsi tərəfindən tərtib edilir, imzalanır və möhürlə təsdiq olunur.

4.5. Bələdiyyələr arasındakı qonşuluq üzrə sərhəd xətti mühəndis qurğularından və təbii sərhədlərdən (dəmiryol, şose və digər yollar, kanallar, kollektorlar, çaylar, meşə zolaqları və s.) ibarət olduqda və ya həmin elementlər sərhəd xəttini kəsdikdə, onların adları ərazi vahidinin sərhədlərinin döngə nöqtələrinin yerləşmə sxemində (abrisdə) və sərhəd təsviri protokolunda göstərilir.

4.6. Çöl tədqiqat işləri başa çatdırılmış və koordinatları müəyyən edilmiş bələdiyyələrin sərhədlərinin əsas istinad döngə nöqtələrində mərz nişanları qoyulur (basdırılır) və bu barədə bu Qaydanın 4.2-ci bəndində göstərilən şəxslər tərəfindən imzalanan akt tərtib edilir və mərz nişanları mühafizə üçün müvafiq bələdiyyəyə (bələdiyyələrə) təhvil verilir.

4.7. Ərazisi xüsusi təyinatla istifadə olunan (dövlət sərhəd zolağı, hərbi poliqonlar, hərbi hissələr, hərbi aerodromlar, elektrik stansiyaları və s.) bələdiyyələrin sərhədinin xarakterik döngə nöqtələrində daimi mərz nişanları qoyulmur (basdırılmır). Bu halda, həmin mərz nişanlarının əvəzinə Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada tanıdıcı (məlumatlandırıcı) və ya digər xəbərdaredici nişanlar qoyulur.

4.8. Bələdiyyə ərazilərinin sərhədinin (hüdudunun) koordinatlarının müəyyən edilməsi, çöl tədqiqat və mərzçəkmə işlərinin yerinə yetirilməsi zamanı sərhədlərdə aşkar olunmuş uyğunsuzluqlar (sərhədlərin müəyyən edilməsi üçün bu Qaydanın 2.2-ci bəndində nəzərdə tutulan sənədlərdəki sərhədlərlə faktiki istifadə vəziyyəti arasında uyğunsuzluqlar) bu Qaydanın 4.2-ci bəndində göstərilən şəxslər tərəfindən imzalanan aktla rəsmiləşdirilir. Aktın surəti sərhədində uyğunsuzluqlar aşkar edilmiş bələdiyyələrə və həmin bələdiyyələrin yerləşdiyi rayon, şəhər və şəhər rayonu icra hakimiyyəti orqanına təqdim edilir.

4.9. Bu Qaydanın 4.8-ci bəndində nəzərdə tutulmuş uyğunsuzluqlarla bağlı mübahisələr Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 103-cü və 104-cü maddəsinə uyğun olaraq həll edilir.

5.1. Sərhədlərinin döngə nöqtələrinin koordinatlarının müəyyən edilməsi, ərazisindəki torpaqların mülkiyyət formaları üzrə dürüstləşdirilməsi (dəqiqləşdirilməsi) ilə bağlı çöl tədqiqat və mərzçəkmə işləri başa çatdırılmış bələdiyyələrin bu Qaydanın 2.1-ci bəndinə uyğun olaraq ərazidə yerləşən yaşayış məntəqələri, onların adı, poçt şöbəsi, dəmir yolu və şose yolları, çaylar, magistral su kanalları və kollektorları, magistral neft və qaz kəmərləri, dəmir yol stansiyaları, dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaqlar, habelə bələdiyyə ərazilərinin sərhədinin (hüdudlarının) qonşuluqlarını müəyyənləşdirən əsas döngə nöqtələri göstərilməklə, onların ərazisindən asılı olaraq sahəsi 4 kv.km-ə qədər olduqda — 1:5000, 4 kv.km-dən 25 kv.km-ə qədər olduqda — 1:10000, 25 kv.km-dən 100 kv.km-ə qədər olduqda — 1:25000, 100 kv.km-dən artıq olduqda — 1:50000 miqyasda xəritəsi tərtib edilir.

5.2. Bələdiyyələrin xəritəsində bu Qaydanın 5.1-ci bəndində göstərilənlərlə yanaşı aşağıdakılar öz əksini tapmalıdır:

5.2.1. bələdiyyənin, onun daxil olduğu rayon, şəhər, şəhər rayonunun adı;

5.2.2. Azərbaycan Respublikasının dövlət sərhədinin bələdiyyələrin sərhədini təşkil etdiyi hissəsi;

5.2.3. bələdiyyənin əhatə etdiyi ərazi vahidlərinin və orada yerləşən yaşayış məntəqələrinin adları;

5.2.4. bələdiyyə ərazisinin ayrıca hissələri və onların sərhədləri;

5.2.5. bələdiyyə ərazisinin (hüdudlarının) sərhəddaxili ümumi sahəsi (kv.km-lə, ayrıca hissələr də daxil olmaqla);

5.2.6. bələdiyyənin ərazisində yerləşən dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaqların ayrı-ayrılıqda, habelə ümumi sahəsi (kv.km-lə);

5.2.7. bələdiyyənin ərazisinə daxil olan yaşayış məntəqələri (şəhər, qəsəbə, kənd) və onların ayrı-ayrılıqda sahələri (kv.km-lə) və hüdudları;

5.2.8. qonşuluqları bildirən hərfi işarələr;

5.2.9. sərhədlərin döngə nöqtələri və onların nömrələri;

5.2.10. qonşu torpaq istifadəçiləri;

5.2.11. şərti işarələr;

5.2.12. xəritənin tərtib olunma tarixi.

5.3. Elektron daşıyıcıda tərtib edilmiş xəritədə bu Qaydanın 5.1-ci və 5.2-ci bəndlərində göstərilənlərlə yanaşı aşağıdakılar öz əksini tapmalıdır:

5.3.1. bütün döngə nöqtələrinin siyahısı, onların koordinatları və onlar arasındakı məsafələr;

5.3.2. koordinat toru (1 km-lik);

5.3.3. koordinatların görünüşü: düzbucaqlı;

5.3.4. koordinat sistemi: WGS84;

5.3.5. xəritə proyeksiyası: UTM.

5.4. Bələdiyyələr arasındakı qonşuluq üzrə sərhəd xətti mühəndis qurğularından və təbii sərhədlərdən (dəmiryol, şose və digər yollar, kanallar, kollektorlar, çaylar, meşə zolaqları və s.) ibarət olduqda, eləcə də həmin elementlər sərhəd xəttini kəsdikdə, onların adları tərtib olunmuş xəritədə göstərilir.

5.5. Bələdiyyələrin kağız üzərində tərtib edilmiş xəritəsi onun yerləşdiyi müvafiq rayon, şəhər, şəhər rayonu icra hakimiyyətinin başçısı, ƏMDX-nin yerli bölməsinin nümayəndəsi, bələdiyyənin sədri, xəritəsi hazırlanan bələdiyyənin həmsərhəd olduğu digər bələdiyyənin sədri, habelə həmsərhəd olduğu digər bələdiyyənin yerləşdiyi ərazi üzrə — rayon, şəhər, şəhər rayonu icra hakimiyyətinin başçısı və ƏMDX-nin həmin yerli bölməsinin nümayəndəsi ilə razılaşdırılır, onlar tərəfindən imzalanır və möhürlə təsdiq edilir.

5.6. Bu Qaydaya uyğun olaraq hazırlanmış bələdiyyənin xəritəsi ƏMDX-nin rəisi tərəfindən imzalanır və möhürlə təsdiq edilir.

6.1. Bu Qaydaya uyğun olaraq hazırlanmış xəritəyə bələdiyyə ərazilərinin sərhədinin (hüdudlarının) qonşuluqlarını müəyyənləşdirən bütün döngə nöqtələri (sərhəd xətti boyunca əsas istinad döngə nöqtələri və onlar arasında müəyyənləşdirilmiş digər nöqtələr) arasındakı məsafələri və onların koordinatlarını və bələdiyyənin hüdudlarındakı torpaqların mülkiyyət növləri üzrə dürüstləşdirilməsinin nəticələrini əks etdirən yerquruluşu sənədlər qovluğu əlavə edilir.

6.2. Yerquruluşu sənədlər qovluğu bələdiyyə ərazilərinin sərhədlərinin koordinatlarının müəyyən edilməsi, torpaqların mülkiyyət formaları üzrə dürüstləşdirilməsi ilə bağlı çöl tədqiqat və mərzçəkmə işlərinə aid olaraq 4 (dörd) nüsxədə hazırlanır və bu qovluğa aşağıdakı digər sənədlər daxil edilir:

6.2.1. qovluqda olan sənədlərin siyahısı;

6.2.2. dövlət geodeziya-istinad məntəqələrinin və dayaq mərz nişanlarının adları və koordinatları;

6.2.3. bu Qaydanın 4.4-cü bəndində nəzərdə tutulan bələdiyyənin sərhədlərinin döngə nöqtələrinin yerləşmə sxemi (abris), sərhəd təsviri protokolu;

6.2.4. bu Qaydanın 4.6-cı bəndində nəzərdə tutulan mərz nişanlarının qoyulması (basdırılması) barədə akt;

6.2.5. bu Qaydanın 4.8-ci bəndində nəzərdə tutulan uyğunsuzluq aktları.

6.2.6. bələdiyyələrin hüdudlarındakı torpaqların mülkiyyət növləri üzrə dürüstləşdirilməsinə dair sənədlər.

7.1. Azərbaycan Respublikasının 2009-cu il 29 dekabr tarixli, 936-IIIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Bələdiyyələrin Dövlət reyestrinin aparılması və onlara şəhadətnamənin verilməsi haqqında Əsasnamə”nin 3.4.5-ci bəndinə əsasən bələdiyyələrin hüdudlarındakı torpaqların torpaq sahəsi kimi dövlət torpaq kadastrı məlumatlarının dürüstləşdirilməsi (dəqiqləşdirilməsi) ƏMDX tərəfindən aparılır.

7.2. Bələdiyyələrin Dövlət reyestrinə daxil edilmiş bələdiyyələrin xəritələrində onların ərazisi (o cümlədən, sərhədləri, döngə nöqtələri və onların koordinatları) barədə məlumatlar dövlət torpaq kadastrının aparılması üçün əsas götürülür.

8.1. Mövcud, eləcə də yeni yaradılmış, ayrılmış və ya birləşmiş, habelə ərazisində dəyişikliklər edilmiş bələdiyyələrin xəritəsi 4 (dörd) nüsxədə tərtib edilir.

8.2. Mövcud, eləcə də yeni yaradılmış, ayrılmış və ya birləşmiş, habelə ərazisində dəyişikliklər edilmiş bələdiyyələrin xəritəsinin (xəritənin əlavəsi olan yerquruluşu sənədlər qovluğu ilə birlikdə) 2 nüsxəsi Azərbaycan Respublikasının Milli Məclisi Aparatına göndərilməsi üçün Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına təqdim edilir.

8.3. Bələdiyyələrin xəritələrinin 1 nüsxəsi (xəritəyə əlavə edilmiş yerquruluşu sənədlər qovluğu ilə birlikdə) xidməti istifadə üçün ƏMDX-nin Dövlət torpaq kadastrı fonduna, digər 1 nüsxəsi isə (xəritəyə əlavə edilmiş yerquruluşu sənədlər qovluğu ilə birlikdə) mühafizə üçün ƏMDX-nin müvafiq struktur bölməsinin arxivinə verilir.

8.4. “Bələdiyyələrin dövlət reyestrinin aparılması və onlara şəhadətnamənin verilməsi haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək mövcud bələdiyyələrin elektron daşıyıcıda və kağız üzərində xəritəsi qanunvericiliklə müəyyən edilmiş müddətdə ƏMDX tərəfindən hazırlanıb təsdiq edilərək, mərhələli şəkildə Azərbaycan Respublikasının Milli Məclisi Aparatına göndərilməsi üçün Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına təqdim edilir.

8.5. Yeni yaradılmış, ayrılmış və ya birləşmiş, habelə ərazisində dəyişikliklər edilmiş bələdiyyələrin elektron daşıyıcıda və kağız üzərində tərtib olunmuş xəritəsi bu barədə müvafiq məktub daxil olduğu gündən 45 gün ərzində Azərbaycan Respublikasının Milli Məclisinə təqdim edilir.

8.6. Dövlət reyestrinə daxil edilmiş və qanunvericiliyə uyğun olaraq ərazisində dəyişikliklər edilmiş bələdiyyənin xəritəsi hazırlandıqda, bu Qaydanın 4.1-4.9-cu bəndlərində nəzərdə tutulmuş çöl tədqiqat və mərzçəkmə işləri bələdiyyənin sərhədlərinin yalnız dəyişikliklər edilmiş hissəsində aparılır.

8.7. Bu Qaydaya uyğun olaraq, bələdiyyələrin xəritəsinin hazırlanması ilə bağlı işlərin yerinə yetirilməsi üçün müəyyən olunmuş qaydada xərclər smetası tərtib edilir.

8.8. Bu Qaydanın 4.1-ci bəndində nəzərdə tutulmuş bildirişin, 4.4-cü bəndində nəzərdə tutulmuş sərhədlərin döngə nöqtələrinin yerləşmə sxemi (abris) və sərhəd təsviri protokolunun, 4.6-cı bəndində nəzərdə tutulmuş ərazi vahidləri, inzibati ərazi dairəsi və sahə inzibati ərazi dairəsinin sərhədlərinin əsas istinad döngə nöqtələrində mərz nişanlarının qoyulması (basdırılması) barədə aktın, 4.8-ci bəndində nəzərdə tutulmuş uyğunsuzluqlar barədə aktın nümunəvi forması Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən təsdiq edilir.

1. 23 iyun 2010-cu il tarixli 285 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 6, maddə 500)

2. 6 fevral 2013-cü il tarixli 825 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 7 fevral 2013-cü il, № 28; “Azərbaycan” qəzeti, 10 fevral 2013-cü il, № 31; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 02, maddə 119)

3. 15 fevral 2016-cı il tarixli 783 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 21 fevral 2016-cı il, № 40; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 02, II kitab, maddə 247)

4. 11 yanvar 2018-ci il tarixli 1782 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 12 yanvar 2018-ci il, № 7, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 1, maddə 38)

5. 18 avqust 2022-ci il tarixli 1811 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 18 avqust 2022-ci il, “Xalq” qəzeti, 19 avqust 2022-ci il, № 176, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, №8, maddə 871)

6. 21 yanvar 2023-cü il tarixli 1982 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 21 yanvar 2023-cü il, “Xalq” qəzeti, 22 yanvar 2023-cü il, № 14, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il, № 1, maddə 70)

7. 15 dekabr 2023-cü il tarixli 2401 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il, № 12, I kitab, maddə 1662)

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver