Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikası Qanununun 16-cı maddəsinin 1-ci hissəsinin 5-ci bəndinə uyğun olaraq qərara alıram:
“Bələdiyyələrin Nümunəvi Reqlamenti” təsdiq edilsin (əlavə olunur).
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 21 dekabr 2012-ci il
1.1. Nümunəvi Reqlament (bundan sonra – Reqlament) “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikası Qanununun 16-cı maddəsinin 1-ci hissəsinin 5-ci bəndinə əsasən hazırlanmışdır və Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən bələdiyyələrə tövsiyə olunur.
1.2. Reqlament bələdiyyə iclasının çağırılması, əhali ilə görüşlərin təşkili qaydalarını və bələdiyyənin fəaliyyəti ilə bağlı digər məsələləri tənzimləyir.
2.1. Bələdiyyə iclası, ayda bir dəfədən az olmayaraq, bələdiyyənin sədri tərəfindən və ya bələdiyyə ərazisində yaşayan və səsvermə hüququ olan vətəndaşların azı iyirmi beş faizinin, yaxud bələdiyyə üzvlərinin üçdə bir hissəsinin təşəbbüsü ilə çağırılır. Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin tətbiq edilməsi və bələdiyyə iclasının iclas zalında bilavasitə iştirak etməklə keçirilməsini mümkünsüz edən digər hallarla əlaqədar bələdiyyə iclasları həmin dövr üçün videokonfrans əlaqə sistemi vasitəsilə keçirilə bilər.
2.2. Bələdiyyə iclası bələdiyyə üzvlərinin yarısından çoxu iştirak etdikdə səlahiyyətlidir. Bələdiyyənin icra aparatı (bələdiyyənin icra aparatı olmadıqda isə - bələdiyyənin sədri) iclas gününə azı 5 (beş) gün qalmış iclasın keçiriləcəyi tarix, yer və vaxt barədə bələdiyyə üzvlərini və iclasa dəvət olunan şəxsləri xəbərdar edir, iclasın gündəliyinin layihəsini bələdiyyə üzvlərinə təqdim edir.
2.3. Bələdiyyə iclası iclasda iştirak edən bələdiyyə üzvlərinin qeydiyyatından başlanır. Üzrlü səbəbdən iclasda iştirak edə bilməyən bələdiyyə üzvü bu barədə bələdiyyə sədrinə əvvəlcədən məlumat verməlidir.
2.4. Bələdiyyə ərazisində yaşayan, səsvermə hüququ olan vətəndaşların azı iyirmi beş faizinin təşəbbüsü ilə çağırılan iclasın gündəliyini onun çağırılması təşəbbüsünü irəli sürənlər müəyyənləşdirir və bu barədə iclas gününə azı 10 (on) gün qalmış bələdiyyənin sədrinə və ya icra aparatına məlumat verilir. Bu halda iclas istirahət günlərində də keçirilə bilər. Bələdiyyə üzvlərinin üçdə bir hissəsinin təşəbbüsü ilə çağırılan iclasın gündəliyinin layihəsi təsdiq edilmək üçün iclasın çağırılması təşəbbüsünü irəli sürənlər tərəfindən bələdiyyə iclasının müzakirəsinə çıxarılır.
2.5. Bələdiyyə iclasını bələdiyyənin sədri, sədr olmadıqda isə sədr vəzifəsini icra edən şəxs aparır. İclasın katibi bələdiyyə üzvləri sırasından seçilir. Bələdiyyə sədri, sədr olmadıqda isə sədr vəzifəsini icra edən şəxs bələdiyyə üzvlərinin və ya bələdiyyə ərazisində yaşayan və səsvermə hüququ olan vətəndaşların azı iyirmi beş faizinin təşəbbüsü ilə çağırılan iclasa sədrlik etməkdən boyun qaçırdığı halda, iclasda iştirak edən bələdiyyə üzvləri iclasın sədrini bələdiyyə üzvləri sırasından seçirlər.
2.6. Bələdiyyə iclasında daha uzun müddət müəyyən edilməyibsə, məruzələr, çıxışlar və arayışlar üçün iclasda iştirak edən hər bir şəxsə 10 (on) dəqiqəyədək vaxt verilir. Bələdiyyə iclasında başqa qayda müəyyən edilməyibsə, məruzələr və çıxışlar müzakirə edilən məsələnin mahiyyəti üzrə olmalıdır. Bələdiyyə iclasında məruzəçilərə məsələlərin gündəlikdəki ardıcıllığı, çıxış edənlərə isə onların müraciətlərinin ardıcıllığı ilə söz verilir.
2.7. Bələdiyyə iclasına sədrlik edənin aşağıdakı səlahiyyətləri vardır:
2.7.1. bu Reqlamentin 2.1-ci bəndinə uyğun olaraq iclasın səlahiyyətli olub-olmadığını müəyyənləşdirmək;
2.7.2. iclasda iştirak edən bələdiyyə üzvləri və digər şəxslər, həmçinin iclasda iştirak etməyən bələdiyyə üzvləri və bunun səbəbləri barədə məlumat vermək;
2.7.3. iclası bu Reqlamentlə müəyyən edilmiş qaydada aparmaq;
2.7.4. iclası açmaq, iclasda fasilə elan etmək və iclası bağlamaq;
2.7.5. iclasın gündəliyinin layihəsini təsdiq edilmək üçün iclasın müzakirəsinə çıxarmaq;
2.7.6. gündəlikdəki məsələlərin müzakirəsini təşkil etmək, məruzələr və çıxışlar üçün söz vermək;
2.7.7. bələdiyyəyə daxil olan sorğuları, sualları, arayışları və təklifləri elan etmək;
2.7.8. bələdiyyə üzvlərinin bu Reqlamentə əməl etmələrini təmin etmək;
2.7.9. bələdiyyənin qərarlarının və başqa aktlarının layihələrini, iclasda baxılan məsələlərlə əlaqədar bələdiyyə üzvlərinin təkliflərini səsə qoymaq və səsvermənin nəticələrini elan etmək;
2.7.10. bələdiyyənin Nizamnaməsinə və bu Reqlamentə uyğun olaraq digər səlahiyyətləri həyata keçirmək.
2.8. Bələdiyyə iclasında bələdiyyə üzvlərinin hüquqları və vəzifələri aşağıdakılardır:
2.8.1. iclasda iştirak etmək;
2.8.2. iclasda müzakirə olunacaq məsələlərə dair məlumatlarla tanış olmaq;
2.8.3. bu Reqlamentə uyğun məruzələr və çıxışlar etmək, məruzəçilərə və çıxış edənlərə suallar vermək, təkliflər irəli sürmək;
2.8.4. məruzəçi təyin olunduqda, müfəssəl və dolğun məruzələr hazırlamaq;
2.8.5. məruzə etdiyi məsələlərlə bağlı iclasın sədrinin, bələdiyyə üzvlərinin suallarına cavab vermək;
2.8.6. bu Reqlamentə əməl etmək;
2.8.7. bələdiyyənin Nizamnaməsinə və bu Reqlamentə uyğun olaraq digər səlahiyyətləri həyata keçirmək.
2.9. Bələdiyyə üzvü bələdiyyənin iclasının aparılmasına mane olduqda, bələdiyyənin iclasında insanın şərəf və ləyaqətinə toxunan kobud, təhqiramiz sözlərə və hərəkətlərə yol verdikdə, başqalarını bu cür hərəkətlər etməyə çağırdıqda, bələdiyyənin Nizamnaməsində göstərilən müddətlərdə bələdiyyənin iclaslarında üzrsüz səbəbdən iştirak etmədikdə, bələdiyyə iclasına sədrlik edən ona xəbərdarlıq, sözkəsmə, iclas zalından çıxarma, töhmət, bələdiyyə üzvü səlahiyyətlərinə xitam vermə kimi intizam tədbirlərinin tətbiq edilməsi barədə məsələ qaldırır.
2.10. Bələdiyyə iclasında aşağıdakı məsələlərə baxılır:
2.10.1. bələdiyyə üzvlərinin səlahiyyətlərinin tanınması, qanunvericiliklə müəyyən edilmiş hallarda onların səlahiyyətlərinin itirilməsi və səlahiyyətlərinə xitam verilməsi;
2.10.2. bələdiyyənin reqlamentinin təsdiqi;
2.10.3. bələdiyyə sədrinin və onun müavinlərinin, daimi və digər komissiyaların üzvlərinin seçilməsi;
2.10.4. yerli vergilərin və ödənişlərin müəyyən edilməsi;
2.10.5. yerli büdcənin və onun icrası haqqında hesabatların təsdiqi;
2.10.6. hesabat dövründən sonrakı ayın 15-dək təqdim edilmiş yarımillik maliyyə hesabatlarının və növbəti il yanvarın 30-dək təqdim edilmiş illik maliyyə hesabatlarının təsdiqi;
2.10.7. bələdiyyə mülkiyyətinə sahiblik, ondan istifadə və onun barəsində sərəncam verilməsi;
2.10.8. yerli sosial müdafiə və sosial inkişaf proqramlarının qəbul və icra edilməsi;
2.10.9. yerli iqtisadi inkişaf proqramlarının qəbul və icra edilməsi;
2.10.10. yerli ekoloji proqramların qəbul və icra edilməsi;
2.10.11. qanunvericiliyin və icra hakimiyyətlərinin bələdiyyələrə verdikləri əlavə səlahiyyətlərin icra edilməsi;
2.10.12. qanunçuluq prinsiplərinə riayət olunmasının təmin edilməsi ilə bağlı bələdiyyənin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın təklif və tövsiyələrinin bələdiyyə iclasında müzakirəsi barədə qərarların qəbul edilməsi;
2.10.13. bələdiyyə sədrinin, sədrin müavininin (müavinlərinin) və üzvlərinin ezamiyyətlə bağlı məlumatlarının dinlənilməsi;
2.10.14. bələdiyyənin digər bələdiyyə ilə birləşməsi;
2.10.15. Azərbaycan bələdiyyələrinin müvafiq milli assosiasiyasına bələdiyyənin üzv olması və həmin assosiasiyanın ümumi yığıncağına nümayəndənin seçilməsi;
2.10.16. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə razılaşdırmaqla, xarici dövlətlərin yerli özünüidarəetmə orqanları ilə əməkdaşlıq haqqında müqavilələrin bağlanması və yerli özünüidarəetmə orqanlarının ixtisaslaşdırılmış təşkilatlarına bələdiyyənin üzv olması.
2.11. Bələdiyyə iclasında müzakirəyə çıxarılan məsələlər bələdiyyənin müvafiq daimi komissiyalarında qabaqcadan müzakirə edilir.
2.12. Bələdiyyə iclasında baxılan məsələlərə dair qərarlar bələdiyyə üzvlərinin sadə səs çoxluğu ilə, yerli vergilər və ödənişlər ilə bağlı qərarlar isə bələdiyyə üzvlərinin üçdə iki səs çoxluğu ilə qəbul edilir. Bələdiyyələr (bələdiyyə sədrləri və ya sədr vəzifəsini icra edən şəxslər) qərar qəbul etdiyi tarixdən 3 (üç) iş günü ərzində həmin qərarı elektron sənəd formasında bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın informasiya sistemində yerləşdirməlidirlər. Bələdiyyə iclasında qəbul edilmiş qərarlar əhaliyə elan edilir və bələdiyyə binasının qarşısındakı lövhədə yerləşdirilir.
2.13. Bələdiyyənin bütün iclasları protokollaşdırılır. İclasın katibi iclasdan sonrakı 3 (üç) iş günü müddətində protokolu hazırlayır və imzalanması üçün iclasın sədrinə təqdim edir. Protokol iclasın sədri və katibi tərəfindən imzalanır və bələdiyyənin möhürü ilə təsdiqlənir. İclasın protokolunda onun nömrəsi (hər ilin əvvəlində nömrələr yenilənməlidir), iclasın keçirildiyi yer, tarix, iclasda iştirak edən və etməyən bələdiyyə üzvlərinə və dəvət olunan şəxslərə dair məlumat, iclasın sədri, katibi, iclasın gündəliyi, gündəliyin təsdiqi üçün keçirilən səsvermənin nəticəsi, məruzəçilərin adları, soyadları, məruzənin və çıxışların qısa məzmunu, müzakirə olunan məsələlərə dair qəbul edilmiş qərarlar, habelə bununla bağlı keçirilmiş səsvermənin nəticəsi göstərilməlidir. Protokol təsdiq edilənədək, bələdiyyə üzvünün onun mətni ilə tanış olmaq və öz yazılı qeydlərini bildirmək hüququ vardır. Bələdiyyə iclasının protokolu müvafiq kitabda qeydiyyata alınır və həmin kitab üzrə verilən nömrə protokolun nömrəsi hesab edilir.
3.1. Bələdiyyə üzvü seçiciləri ilə əlaqə saxlayır, onlar qarşısında məsuliyyət daşıyır və 6 (altı) ayda bir dəfədən az olmayaraq seçicilərinə hesabat verir.
3.2. Bələdiyyə üzvünün hesabat verməsi və seçiciləri ilə görüş keçirməsi üçün bələdiyyənin sədri və ya icra aparatı müvafiq şəraiti təmin edir. Əhali ilə görüşlər bələdiyyənin müəyyən etdiyi yerdə və ya onun binasında keçirilir.
3.3. Bələdiyyənin sədri və ya icra aparatı hesabatların verilməsi və görüşlərin keçirilməsi üçün görüşün keçirildiyi yer, tarix və iştirak edən bələdiyyə üzvləri barədə əhalini görüşün keçirilməsinə azı 10 (on) gün qalmış məlumatlandırmalıdır.
3.4. Bələdiyyə üzvləri görüş zamanı bələdiyyənin fəaliyyəti, qəbul edilmiş sənədlər və onların icrası ilə bağlı görülmüş işlər və digər məsələlər barədə əhaliyə hesabat verirlər.
3.5. Bələdiyyə üzvləri onlara verilmiş təklif, ərizə və şikayətlərə qanunvericiliklə müəyyən edilmiş qaydada baxır, qaldırılmış məsələlərin düzgün və vaxtında həlli üçün tədbirlər görür, vətəndaşları qəbul edir, ictimai rəyi öyrənir və məsələlərin həlli üçün bələdiyyənin sədrinə və ya icra aparatına müvafiq təkliflər verirlər.
3.6. Bələdiyyədə bələdiyyənin sədri, onun müavini (müavinləri) və bələdiyyə üzvləri tərəfindən vətəndaşların qəbulu təşkil olunur. Hər ilin əvvəlində vətəndaşların qəbulu cədvəli bələdiyyənin iclasında təsdiq edilir və bələdiyyə binasının qarşısındakı lövhədə yerləşdirilir.
4.1. Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası tərəfindən bələdiyyə seçkilərinin yekunları elan edildikdən sonra 5 (beş) iş günü müddətində yeni seçilən bələdiyyənin ilk iclası keçirilir. Bələdiyyənin ilk iclasında bələdiyyənin sədri seçilənədək yaşı daha çox olan üzv iclasa sədrlik edir. İclasa sədrlik edən bələdiyyəyə üzv seçilmiş şəxslərin siyahısını elan edir, ilk iclası bələdiyyə sədri və iclas katibi seçilənədək aparır. Bələdiyyənin sədri açıq və ya gizli səsvermə yolu ilə seçilir. Bələdiyyənin sədri bələdiyyə üzvlərinin yarısından çoxunun səsini topladıqda seçilmiş hesab olunur. Bələdiyyənin ilk iclasında bələdiyyə sədri və iclas katibi seçildikdən sonra iclasın gündəliyi təsdiq edilir.
4.2. Bələdiyyə öz səlahiyyətinə aid məsələlərin qabaqcadan nəzərdən keçirilməsi və qərar layihələrinin hazırlanması, habelə bələdiyyənin qərarlarının həyata keçirilməsinə yardım göstərilməsi, bələdiyyəyə məxsus hüquqi şəxslərin fəaliyyətinə nəzarət üçün daimi və başqa komissiyalar yaradır.
4.3. Bələdiyyə “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının Qanunu və bələdiyyənin Nizamnaməsi ilə müəyyənləşdirilmiş qaydada yaratdığı struktur bölmələrindən və digər icra strukturlarından ibarət icra aparatını formalaşdırır. İcra aparatı bələdiyyənin, habelə bələdiyyənin daimi və başqa komissiyalarının təşkilati, informasiya, kargüzarlıq, maddi-texniki təminat məsələlərini həyata keçirir, bələdiyyə sədrinin tapşırıqlarını yerinə yetirir, bələdiyyənin qərarlarının icrasını təmin edir. İcra aparatının struktur bölmələrinin rəhbərləri görülmüş işlər barədə bələdiyyə sədrinə və bələdiyyəyə hesabat, daimi və başqa komissiyaların iclaslarında səlahiyyətlərinə aid məsələlər barəsində məlumat verirlər.
4.4. Yerli əhaliyə xidmət, iqtisadi və sosial inkişaf proqramlarını həyata keçirmək üçün yaradılan icra strukturlarının rəhbərlərini bələdiyyə sədri bələdiyyənin qərarına əsasən, digər işçiləri isə birbaşa təyin edir.
4.5. Bələdiyyələrin daimi saxlanılma müddəti müəyyən edilmiş sənədləri 5 (beş) il, digər sənədləri isə 3 (üç) ildən 10 (on) ilədək bələdiyyə orqanında saxlanılır. Müvəqqəti mühafizə müddətləri başa çatdıqdan sonra arxiv fondu sənədləri Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi qaydaya uyğun olaraq daimi dövlət mühafizəsinə təhvil verilməlidir.
1. 18 avqust 2022-ci il tarixli 1814 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı, 18 avqust 2022-ci il, “Xalq” qəzeti, 19 avqust 2022-ci il, № 176, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, №8, maddə 874)
2. 2 dekabr 2024-cü il tarixli 238 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 2 dekabr 2024-cü il, “Azərbaycan” qəzeti, 3 dekabr 2024-cü il, № 266, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024-cü il, № 12, I kitab, maddə 1288)