"Bələdiyyələrin vergi xidməti orqanı haqqında Əsasnamənin təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI
"Bələdiyyələrin vergi xidməti orqanı haqqında Əsasnamənin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi ilə əlaqədar olaraq onun tətbiq edilməsini təmin etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
normativ hüquqi aktların "Bələdiyyələrin vergi xidməti orqanı haqqında Əsasnamənin təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Qanununa uyğunlaşdırılması barədə təkliflərini bir ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
Nazirlər Kabinetinin və mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanunun tələblərinə uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.
2. Müəyyən edilsin ki, bu Qanunla təsdiq edilmiş "Bələdiyyələrin vergi xidməti orqanı haqqında Əsasnamə"nin II bölməsinin 2.3-cü bəndində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini Dövlət Vergi Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi həyata keçirir.
3. Bu Fərman dərc olunduğu gündən qüvvəyə minir.