Qanunvericilik › “Beynəlxalq standart eyniləşdirmə nömrələrinin verilməsi Qaydaları”nın və “Beynəlxalq standart eyniləşdirmə nömrələrinin verilməsinə görə haqqın məbləği”nin təsdiq edilməsi barədə (Nazirlər Kabinetinin qərarı, 14.03.2013) › Tam mətn

“Beynəlxalq standart eyniləşdirmə nömrələrinin verilməsi Qaydaları”nın və “Beynəlxalq standart eyniləşdirmə nömrələrinin verilməsinə görə haqqın məbləği”nin təsdiq edilməsi barədə (Nazirlər Kabinetinin qərarı, 14.03.2013)

“Beynəlxalq standart eyniləşdirmə nömrələrinin verilməsi Qaydaları”nın və “Beynəlxalq standart eyniləşdirmə nömrələrinin verilməsinə görə haqqın məbləği”nin təsdiq edilməsi barədə (Nazirlər Kabinetinin qərarı, 14.03.2013) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

“Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılığa qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının 2012-ci il 22 may tarixli 365-IVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyul tarixli 668 nömrəli Fərmanının 1.1.3-cü yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Beynəlxalq standart eyniləşdirmə nömrələrinin verilməsi Qaydaları” təsdiq edilsin (1 nömrəli əlavə).

2. “Beynəlxalq standart eyniləşdirmə nömrələrinin verilməsinə görə haqqın məbləği” təsdiq edilsin (2 nömrəli əlavə).

Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə

Bakı şəhəri, 14 mart 2013-cü il

1.1. Bu Qaydalar “Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılığa qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 12-ci maddəsinə uyğun olaraq hazırlanmışdır və Azərbaycan Respublikasının ərazisində buraxılan kitablara, not yazılarına, dövri nəşrlərə, audiovizual əsərlərə və audio-videoyazılara müvafiq olaraq İSBN, İSMN, İSSN, İSAN, İSRC beynəlxalq standart eyniləşdirmə nömrələrinin verilməsi prosedurlarını müəyyən edir.

1.2. Beynəlxalq standart eyniləşdirmə nömrələri aşağıdakı mənaları ifadə edir:

1.2.1. İSBN (International Standard Book Number) - kitabın beynəlxalq standart eyniliyini müəyyən edən nömrə;

1.2.2. İSMN (International Standard Music Number) - not nəşrlərinin və musiqi əsərlərinin yazıldığı audio-video nəşrlərin beynəlxalq standart eyniliyini müəyyən edən nömrə;

1.2.3. İSSN (International Standard Serial Number) - dövri nəşrlər üçün nəzərdə tutulan beynəlxalq standart nömrə;

1.2.4. İSAN (International Standard Audiovisual Number) - audiovizual əsərlərin beynəlxalq standart eyniliyini müəyyən edən nömrə;

1.2.5. İSRC (International Standard Recording Code) - audio-videoyazıların beynəlxalq standart eyniliyini müəyyən edən nömrə.

2.1. Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi (bundan sonra - Agentlik) Qanunun 12.2-ci maddəsinə uyğun olaraq İSBN, İSMN, İSSN, İSAN, İSRC üzrə beynəlxalq agentliklərlə (bundan sonra - BA) razılaşdırmaqla beynəlxalq standart eyniləşdirmə nömrələrinin verilməsi ilə bağlı işləri təşkil edir.

2.2. İSBN, İSMN, İSSN, İSAN, İSRC beynəlxalq standart eyniləşdirmə nömrələri (bundan sonra - beynəlxalq eyniləşdirmə nömrələri) BA-nın Azərbaycan Respublikası üzrə milli mərkəzləri (bundan sonra - milli mərkəzlər) vasitəsilə verilir.

2.3. Milli mərkəzlər təsərrüfat hesabı prinsipi ilə fəaliyyət göstərən qurumlardır.

2.4. Milli mərkəzlərin fəaliyyəti Agentlik tərəfindən koordinasiya olunur.

2.5. Milli mərkəzlər Agentlikdə qeydiyyatdan (akkreditasiyadan) keçirlər və onların yaradılması və ləğvi barədə məlumatlar Agentlik tərəfindən BA-ya təqdim olunur.

2.6. Azərbaycan Respublikasının ərazisində bütün növ daşıyıcılarda olan kitablarda, not nəşrlərində və audio-videoyazılarda müvafiq beynəlxalq eyniləşdirmə nömrələrinin (İSBN, İSMN, İSRC) istifadəsi məcburi, dövri nəşrlərdə və audiovizual əsərlərdə isə beynəlxalq eyniləşdirmə nömrələrinin (İSSN, İSAN) istifadəsi könüllüdür.

2.7. Beynəlxalq eyniləşdirmə nömrələrinin verilməsi üzrə milli mərkəzlər beynəlxalq eyniləşdirmə nömrələrinin reyestrini aparır, istifadəçilər haqqında məlumat bazası yaradır, onlara eyniləşdirmə nömrələrinin verilməsi barədə məlumat kitabçalarını nəşr edir, hüquqi və fiziki şəxslərin, həmçinin dövlət orqanlarının sorğuları əsasında məlumat bazalarından çıxarışlar verir.

2.8. Beynəlxalq eyniləşdirmə nömrələrinin verilməsi barədə milli mərkəzlər və istifadəçilər arasında yazılı müqavilə bağlanılır.

2.9. Beynəlxalq eyniləşdirmə nömrələrinin verilməsinə görə Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş məbləğdə haqq ödənilir.

2.10. Beynəlxalq eyniləşdirmə nömrələri Agentlik tərəfindən verildikdə, həmin nömrələrin verilməsi ilə bağlı işlərin təşkili və həyata keçirilməsi üçün tələb olunan xərclər Agentliyin hesabına ödənilir.

2.11. Beynəlxalq eyniləşdirmə nömrələrinin verilməsi sahəsində vahid məlumat bazasının formalaşdırılması məqsədi ilə milli mərkəzlər il ərzində verilmiş beynəlxalq eyniləşdirmə nömrələrinin sayı, həmin nömrələrin verildiyi şəxslər və beynəlxalq eyniləşdirmə nömrələrinin verilməsinə görə əldə olunan vəsaitin məbləğləri barədə məlumatları Agentliyə göndərir və ya təqdim edirlər.

2.12. Beynəlxalq eyniləşdirmə nömrələrinin verilməsi və istifadəsi ilə bağlı yaranan mübahisələr BA-nın tövsiyələrinə uyğun qaydada həll edilir.

3.1. Beynəlxalq eyniləşdirmə nömrələrinin verilməsi üçün istifadəçi tərəfindən bu Qaydaların əlavəsində göstərilən ərizə nümunəsi doldurulur.

3.2. Ərizəyə aşağıdakı sənədlər əlavə edilir:

3.2.1. beynəlxalq eyniləşdirmə nömrəsinin verilməsinə görə qanunvericiliklə müəyyən edilmiş məbləğin ödənildiyini təsdiq edən sənəd;

3.2.2. istifadəçi fiziki şəxs olduqda - şəxsiyyət vəsiqəsinin surəti və fiziki şəxs hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu halda yaşadığı yer üzrə vergi orqanında uçota alınması barədə şəhadətnamənin surəti;

3.2-1. Beynəlxalq eyniləşdirmə nömrələrinin verilməsi üçün zəruri olan sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar istifadəçidən tələb edilmir. Belə sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi istifadəçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya istifadəçi tərəfindən təmin edilir.

3.2.3. istifadəçi hüquqi şəxs olduqda təşkilatın nizamnaməsinin (əsasnaməsinin) və onun dövlət qeydiyyatı haqqında şəhadətnaməsinin (dövlət reyestrindən çıxarışının) surəti.

3.3. Təqdim edilmiş sənədlər bu Qaydalara uyğun olduqda, beynəlxalq eyniləşdirmə nömrəsi ərizənin milli mərkəzə daxil olduğu tarixdən etibarən 3 (üç) iş günündən gec olmayaraq verilir.

3.4. Bu Qaydaların 3.2-ci bəndində göstərilən sənədlər tam təqdim edilmədikdə və ya sənədlərdə çatışmazlıqlar aşkar edildikdə (bu Qaydaların 3.2-1-ci bəndinin tələbləri nəzərə alınmaqla), beynəlxalq eyniləşdirmə nömrəsinin verilməsindən imtina olunur və bu barədə ərizəçiyə 2 (iki) iş günü müddətində əsaslandırılmış cavab verilir.

Çatışmazlıqlar aradan qaldırıldıqdan sonra beynəlxalq eyniləşdirmə nömrəsinin verilməsi barədə müraciətə yenidən baxılır və 3 (üç) iş günündən gec olmayaraq istifadəçiyə müvafiq eyniləşdirmə nömrəsi verilir.

3.5. Verilmiş beynəlxalq eyniləşdirmə nömrələri və onun istifadəçisi barədə məlumatlar Agentliyin internet informasiya ehtiyatında (saytında) yerləşdirilir və mediada yayılır.

“Beynəlxalq standart eyniləşdirmə

nömrələrinin verilməsi Qaydaları”na

Azərbaycan Respublikası

Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri

cənab ____________________________

Ərizəçi _________________________________________________________________

_____________________________________________________________________________

_____________________________________________________________________________

________________________________ ədəd beynəlxalq standart eyniləşdirmə nömrəsinin

verilməsini xahiş edirəm.

Sonuncu alınmış beynəlxalq standart nömrəsi (olduğu təqdirdə)________________

______________________________________________________________________________

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il ____ ____________ tarixli _____ nömrəli qərarı ilə təsdiq edilmiş “Beynəlxalq standart eyniləşdirmə nömrələrinin verilməsi Qaydaları” ilə tanışam və beynəlxalq standart eyniləşdirmə nömrələrindən təyinatı üzrə istifadəyə təminat verirəm.

İstifadəçi ________________________________________________________________

əlaqə telefonları: ____________ ünvan:_____________ ____ e-mail: _________

M.Y _________________

Fiziki şəxs üçün _________________

1. 15 dekabr 2017-ci il tarixli 560 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 21 dekabr 2017-ci il, № 282, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, №12, II kitab, maddə 2508)

2. 3 sentyabr 2018-ci il tarixli 372 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 4 sentyabr 2018-ci il, № 196, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 9, maddə 1902)

3. 8 fevral 2024-cü il tarixli 77 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 9 fevral 2024-cü il, “Xalq” qəzeti, 12 fevral 2024-cü il, № 31, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024-cü il, № 2, maddə 209)

4. 22 may 2024-cü il tarixli 275 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 25 may 2024-cü il, “Xalq” qəzeti, 26 may 2024-cü il, № 110, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024-cü il, № 5, II kitab, maddə 612)

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver