1.1. Bu Qanunun məqsədləri üçün istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:
1.1.1. biometrik informasiya - identifikasiya və verifikasiya məqsədi ilə informasiya sistemlərində toplanılan, saxlanılan, işlənilən və ötürülən biometrik məlumatlar;
1.1.2. biometrik məlumatlar - identifikasiya edilmiş və ya identifikasiya olunan fiziki şəxsin fizioloji xüsusiyyətlərini xarakterizə edən, onu birmənalı və ya digər məlumatlarla uzlaşdıraraq identifikasiya etməyə imkan verən (əl-barmaq və ovuc izləri, üz təsviri, gözün qüzehli və tor qişası, səs fraqmenti və onun akustik parametrləri, dezoksiribonuklein turşusu (DNT) analizinin nəticələri, bədən ölçüləri, bədənin xüsusi əlamətlərinin və fiziki çatışmazlıqlarının təsviri, yazı xətti və imzası və s.), müvafiq standartlar tətbiq olunan və maddi daşıyıcıda əks etdirilən fərdi məlumatlar;
1.1.3. biometrik informasiya ehtiyatı - fərdi məlumatların informasiya ehtiyatlarının tərkibində biometrik məlumatlar olan resurslar;
1.1.4. biometrik məlumatların subyekti - barəsində biometrik məlumatların toplanılması, işlənilməsi və mühafizəsi həyata keçirilən identifikasiya edilmiş və ya identifikasiya olunan fiziki şəxs;
1.1.5. biometrik texnologiyalar - informasiya prosesləri zamanı istifadə edilən biometrik məlumatlarla əlaqədar olan informasiya texnologiyaları;
1.1.6. biometrik identifikasiya - biometrik informasiya ehtiyatında verilmiş biometrik məlumatın mənsub olduğu şəxsin müəyyənləşdirilməsi üçün aparılan sorğu-axtarış işləri üzrə tədbirlər;
1.1.7. biometrik verifikasiya - verilmiş biometrik məlumatla biometrik informasiya ehtiyatında olan biometrik məlumatın müqayisəsi üzrə tədbirlər;
1.1.8. biometrik informasiya xidmətləri - biometrik informasiya ehtiyatlarının müəyyən olunmuş istiqamətlərdə toplanılması, işlənilməsi və mübadiləsi üzrə fəaliyyət.
1.2. Bu Qanunda istifadə olunan “informasiya”, “informasiya prosesləri”, “informasiya texnologiyaları”, “fərdi məlumatlar”, “fərdi identifikasiya nömrəsi (FİN)” və digər anlayışlar informasiyanın toplanılması, işlənilməsi, mühafizəsi sahəsində münasibətləri tənzimləyən Azərbaycan Respublikasının qanunlarında müəyyən olunmuş mənalarda istifadə olunur.