“Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 22 may tarixli 130 nömrəli Sərəncamının 2.1.1-ci yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. “Bir pəncərə” prinsipinə əməl edilməklə ölkəyə idxal olunan qida və yem məhsullarının, habelə qida məhsulları ilə təmasda olan material və məmulatlarının təhlükəsizlik baxımından yoxlanılması zamanı Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi və Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi arasında qarşılıqlı fəaliyyətin tənzimlənməsi Qaydası” təsdiq edilsin (əlavə olunur).
2. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə tapşırılsın ki, “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən tərtib edilən idxal zamanı elektron bildirişin, Qida Təhlükəsizliyi Reyestrindən çıxarışın, ixrac edilən qida və yem məhsullarına verilən sağlamlıq sertifikatları barədə məlumatların daxil olduğu Avtomatlaşdırılmış Qida Təhlükəsizliyi İnformasiya Sisteminin (AQTİS) Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Vahid Avtomatlaşdırılmış İdarəetmə Sisteminə (VAİS) inteqrasiyasını və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq ixracatçı ölkə tərəfindən əvvəlcədən verilən baytarlıq, fitosanitar və qida təhlükəsizliyi sahəsində sənədlərin, habelə onların nümunələrinin Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə ötürülməsini və bununla əlaqədar məlumatların mütəmadi olaraq yenilənməsini təmin etsin.
Azərbaycan Respublikasının Baş naziri Novruz MƏMMƏDOV
Bakı şəhəri, 12 noyabr 2018-ci il
1.1. Bu Qayda “Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 22 may tarixli 130 nömrəli Sərəncamının 2.1.1-ci yarımbəndinin icrası məqsədi ilə hazırlanmışdır və “bir pəncərə” prinsipinə əməl edilməklə, ölkəyə idxal olunan qida və yem məhsullarının, habelə qida məhsulları ilə təmasda olan material və məmulatlarının təhlükəsizlik baxımından yoxlanılması zamanı Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (bundan sonra - Agentlik) və Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi (bundan sonra - Komitə) arasında qarşılıqlı fəaliyyəti tənzimləyir.
2.1. Agentlik və Komitə qida təhlükəsizliyi sahəsində risklərin idarə edilməsi, sahibkarlıq subyektlərinin və istehlakçıların hüquqlarının müdafiəsi və qida və yem məhsullarının, habelə qida məhsulları ilə təmasda olan material və məmulatlarının idxal-ixrac mərhələsində gömrük sərhəd buraxılış məntəqələrində keçidinin sürətləndirilməsi məqsədi ilə Qida Təhlükəsizliyi Reyestrinə (bundan sonra - Reyestr) daxil edilmiş qida zənciri subyektləri (bundan sonra – subyektlər), həmçinin qida və yem məhsullarının, habelə qida məhsulları ilə təmasda olan material və məmulatlarının gömrük ərazisinə daxil olması və çıxması barədə məlumatların mübadiləsini həyata keçirirlər.
2.2. Komitə qida və yem məhsullarının, habelə qida məhsulları ilə təmasda olan material və məmulatların gömrük sərhəd buraxılış məntəqələrindən faktiki keçirildiyi vaxt, yaxud həmin malların buraxılışının dayandırılmasının səbəbləri (qida təhlükəsizliyi sahəsində qanunvericiliyin pozulması, qida və yem məhsulları, habelə onların istehsalçıları və malların göndərildiyi ölkələrdə qida təhlükəsizliyi sahəsində mövcud olan təhlükəli hallar, habelə digər potensial təhlükələr barədə məlumat daxil olması) və malların təyinat yerlərinə (gömrük orqanlarına) çatdırılması haqqında məlumatları real vaxt rejimində Agentliyə ötürür.
2.3. Bu Qaydanın 2.1-ci və 2.2-ci bəndlərində göstərilən məlumatların mübadiləsi Agentlik və Komitə arasında elektron formada həyata keçirilir.
2.4. Tərəflər arasında məlumatların elektron qaydada mübadiləsi mümkün olmadıqda, kağız daşıyıcılarda və ya şifahi məlumatlar da qəbul oluna bilər. Bu məlumatlar 24 saatdan gec olmayaraq, elektron poçt və ya sifarişli poçt göndərişi vasitəsilə yazılı şəkildə təsdiq edilməlidir.
2.4-1. Agentlik “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununun 20.9-cu maddəsini nəzərə almaqla qida və yem məhsullarının, habelə qida məhsulları ilə təmasda olan material və məmulatların gömrük sərhədindən keçirilməsini təmin etmək məqsədilə həmin məhsulların idxalına dair elektron bildiriş üzrə məlumatları Komitəyə ötürür.
2.5. Qida Təhlükəsizliyi Reyestrinə daxil edilmiş subyektlərin ünvanına idxal olunan qida məhsullarının gömrük sərhəd buraxılış məntəqələrindən keçirilməsinə gömrük orqanları tərəfindən aşağıdakı hallarda icazə verilir:
2.5.1. qida məhsullarının daşındığı nəqliyyat vasitələrinin yük yerləri üzərində gömrük plombları toxunulmaz və bütöv olduqda;
2.5.2. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə müəyyən edilmiş ekvivalentlik prinsipinə uyğun olaraq ixracatçı ölkə tərəfindən əvvəlcədən verilən baytarlıq, fitosanitar və digər sertifikatlar (şəhadətnamələr), “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən tərtib edilən idxal zamanı elektron bildiriş, Qida Təhlükəsizliyi Reyestrindən çıxarış, sağlamlıq sertifikatı, qida və yem məhsullarının təhlükəsizliyini təsdiq edən sənədlər təqdim edildikdə.
2.6. Gömrük orqanları Reyestrə daxil edilmiş subyektlərin idxal etdikləri malların gömrük rəsmiləşdirilməsini başa çatdıraraq, bu barədə Agentliyin gömrük orqanlarında fəaliyyət göstərən nümayəndəsinə elektron məlumat mübadiləsi sistemi vasitəsilə dərhal bildiriş ötürürlər.
2.7. Bildirişin alınması Agentik tərəfindən elektron məlumat mübadiləsi sistemində dərhal təsdiq olunur.
2.8. Azərbaycan Respublikasının gömrük ərazisinə idxal olunmuş qida və yem məhsullarına, habelə qida məhsulları ilə təmasda olan material və məmulatlarına idxal sağlamlıq aktının verilməsi ilə bağlı Agentliyin mütəxəssislərinə qida təhlükəsizliyi baxımından nəzarət tədbirlərinin (sənəd nəzarəti, eynilik nəzarəti və fiziki nəzarət) aparılması üçün gömrük orqanları tərəfindən şərait yaradılmalıdır.
2.9. “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununun 20.3-cü maddəsinə əsasən məhsulların istehsal və emal edildiyi qida obyektlərinin təsdiq olunmasına dair Reyestrdən çıxarışların mövcudluğunun gömrük orqanları tərəfindən real vaxt rejimində yoxlanılması məqsədi ilə Agentlik Reyestrdən çıxarışlar barədə məlumatların daxil olduğu Avtomatlaşdırılmış Qida Təhlükəsizliyi İnformasiya Sisteminə (AQTİS) giriş imkanlarının yaradılmasını təmin edir.
2.10. Gömrük orqanları gömrük sərhəd buraxılış məntəqələrində diri heyvanların ölkəyə idxal olunması ilə bağlı məlumatları qeydə aldığı hallarda dərhal bu barədə elektron məlumat mübadiləsi sistemi vasitəsilə Agentliyin məlumatlandırılmasını təmin edir və gömrük rəsmiləşdirilməsinin başa çatdırılması məqsədi ilə diri heyvanların Agentlik tərəfindən müəyyən olunmuş yerlərə daşınmasına Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə müəyyən edilmiş ekvivalentlik prinsipinə uyğun olaraq ixracatçı ölkə tərəfindən əvvəlcədən verilən baytarlıq sertifikatı yoxlanıldıqdan sonra icazə verir.
2.11. Ərazisində xüsusi təhlükəli xəstəliklərin qeydə alındığı xarici ölkələr və karantin nəticəsində idxalı qadağan olunmuş mallar barədə məlumatlar Komitəyə təqdim edilmədiyi hallarda dövlət sərhədinin buraxılış məntəqələrində gömrük orqanları tərəfindən həmin ölkələrə məxsus baytarlıq nəzarətində olan malların (diri heyvanlar istisna olmaqla) Azərbaycan Respublikası ərazindən tranzit keçirilməsi ilə bağlı müraciətlər qeydə alındıqda, həmin malların daşındığı nəqliyyat vasitələrinin yük yerləri üzərində qoyulmuş gömrük təminatı vasitələrinin toxunulmazlığı və bütövlüyü təsdiq olunduqda, onlara dair ixracatçı ölkələr tərəfindən verilən baytarlıq sertifikatları əsasında tranzit keçirilməsinə gömrük orqanları tərəfindən icazə verilir.
2.12. Agentlik istehlakçıların qida və yem məhsulları sahəsində təhlükəsizliyinin təmin olunması və bu sahədə qabaqlayıcı tədbirlərin həyata keçirilməsi üçün aşağıdakı məlumatları elektron məlumat mübadiləsi sistemi vasitəsilə Komitəyə ötürür:
2.12.1. qida və yem məhsulları üzrə risklərin təhlili və qiymətləndirilməsi nəticəsində Agentliyin müəyyən etdiyi təhlükəli hallar barədə;
2.12.2. genetik modifikasiya olunmuş qida məhsullarının dövriyyəsi sahəsində qadağa və məhdudiyyətlərə dair tələblərin icrası məqsədi ilə Agentlik tərəfindən keçirilən monitorinqlərin nəticələri barədə;
2.12.3. ərazisində xüsusi təhlükəli xəstəliklərin qeydə alındığı xarici ölkələr və karantin nəticəsində idxalı qadağan olunmuş mallar barədə;
2.12.4. idxal olunan diri heyvanların sağlamlığının müəyyənləşdirilməsi ilə bağlı onların təcrid olunmuş halda saxlanılması üçün müəyyən edilmiş yerlər barədə.
2.13. Komitə bu Qaydanın 2.12.2-ci yarımbəndinə uyğun olaraq ona verilən məlumatlar əsasında ölkəyə idxal olunan qida məhsullarının genetik modifikasiyaya məruz qalıb-qalmadığının Agentlik tərəfindən müəyyənləşdirilməsi üçün tədbirlər görür.
2.14. Gömrük orqanı tərəfindən idxal olunmuş qida və yem məhsullarına, habelə qida məhsulları ilə təmasda olan material və məmulatlara “Yaşıl dəhliz” və digər buraxılış sistemlərini tətbiq etmək məqsədilə məhsulların idxalatçılarının risk qruplaşdırılması aparılarkən Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin həmin idxalatçılara dair təqdim etdiyi risk informasiyası da nəzərə alınır.
2.15. Agentlik və Komitə “Yaşıl dəhliz” buraxılış sistemindən istifadə edilməklə ölkəyə idxal olunmuş qida və yem məhsullarının dövriyyəsi sahəsində risklərin idarə edilməsi, təhlili, qida və yem məhsullarına, onların saxlanma yerlərinə və daşınma şəraitinə nəzarətin təşkili, habelə monitorinqlər də daxil olmaqla, qida və yem məhsullarının dövriyyəsi ilə məşğul olan şəxslərin maarifləndirilməsi üçün birgə tədbirlər həyata keçirə bilərlər.
1. 29 noyabr 2021-ci il tarixli 373 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 30 noyabr 2021-ci il, № 259, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 11, maddə 1295)
2. 16 sentyabr 2025-ci il tarixli 268 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 17 sentyabr 2025-ci il, “Xalq” qəzeti, 18 sentyabr 2025-ci il, № 199, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2025-ci il, № 9, maddə 868)