Qanunvericilik › Büdcə sistemi haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 11

Maddə 11. Dövlət büdcəsi layihəsinin tərtibi prosesi və büdcə təqvimi

Büdcə sistemi haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

11.1. Dövlət büdcəsi layihəsinin tərtibi prosesi növbəti büdcə ilinə 11 ay qalmış başlanır və büdcə layihəsinin Azərbaycan Respublikasının Milli Məclisinə təqdim edildiyi günədək olan dövrü əhatə edir.

11.2. Növbəti büdcə ili üzrə dövlət büdcəsinin layihəsi ölkənin iqtisadi və sosial inkişafının proqnozları, məqsədli proqramlar, iqtisadiyyatın sahələrinin, inzibati rayonların, mülkiyyət formasından asılı olmayaraq bütün müəssisələrin cari və növbəti il üzrə maliyyə-təsərrüfat fəaliyyətinin nəticələrinin qiymətləndirilməsi əsasında hazırlanır.

11.3. Dövlət büdcəsi layihəsinin tərtibi prosesinə yanvar ayının üçüncü on günlüyü ərzində müvafiq icra hakimiyyəti orqanının mətbuatda dərc olunan qərarı ilə başlanılır. Bu qərara uyğun olaraq fevral ayının sonunadək müvafiq icra hakimiyyəti orqanı tərəfindən tərtib edilmiş ölkənin ortamüddətli iqtisadi və sosial inkişaf proqnozları dəqiqləşdirilir və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) təqdim edilir.

11.3-1. Dövlət büdcəsinin gəlirlərini təmin edən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) sorğusu əsasında büdcə təşkilatları növbəti il və sonrakı üç il üçün büdcə-vergi siyasətinin əsas istiqamətlərinə dair təkliflərini və büdcə qaydasının hesablanması üçün bu Qanunun 11-1-ci maddəsinə əsasən tələb olunan məlumatları mart ayının 1-dək müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) təqdim edirlər.

11.4. Dəqiqləşdirilmiş ortamüddətli iqtisadi və sosial inkişaf proqnozlarına müvafiq olaraq, cari ilin mart ayının 31-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən növbəti il və sonrakı üç il üçün dövlət və icmal büdcələrin ilkin ortamüddətli proqnozu (gəlirlər, xərclər, kəsir və maliyyələşmə) və müvafiq icra hakimiyyəti orqanı tərəfindən dövlət investisiya proqramının ilkin layihəsi tərtib edilir.

11.5. Cari ilin aprel ayının 15-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən növbəti il üçün dövlət büdcəsinin ilkin layihəsi, büdcə-vergi siyasətinin əsas istiqamətləri, büdcə təsnifatının bölmələri səviyyəsində gəlir və xərclərin yuxarı həddi, dövlət borcları, prioritet xərclər, növbəti il və sonrakı üç il üçün icmal büdcə proqnozu ( icmal büdcənin xərclərinin yuxarı həddi də daxil olmaqla), dövlət büdcəsinin tərtibi və icrası prosesi üçün zəruri olan qanunvericilik aktlarının layihələri və müvafiq icra hakimiyyəti orqanı tərəfindən dövlət investisiya proqramının ilkin layihəsi müvafiq icra hakimiyyəti orqanına təqdim olunur.

11.6. Cari ilin may ayının 1-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən növbəti il üzrə dövlət büdcəsinin layihəsi və sonrakı üç il üçün icmal büdcə göstəricilərinin tərtibinə dair təlimat məktubu hazırlanır və büdcənin tərtibində iştirak edən təşkilatlara göndərilir. Bu təlimatda aidiyyəti məlumatlarla yanaşı, təşkilatlar və hər bölmə üzrə xərclərin yuxarı həddinə, cari xərclərə dair təsdiq olunmuş normalara, formalara, ətraflı büdcə təklifinin müvafiq icra hakimiyyəti orqanına təqdim edilməsi üçün yardımçı sənədlər daxil olmaqla gəlirlərin və xərclərin təhlilinə (qiymətləndirilməsinə) dair məlumatlar verilir.

11.7. Büdcə təşkilatlarının xərcləri müəyyən edilərkən onların büdcədənkənar vəsaitləri nəzərə alınır. Dövlət büdcəsindən maliyyələşən təşkilatların büdcədənkənar vəsaitlərinin formalaşdırılması, toplanması, istifadə edilməsi və uçotunun aparılması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən qaydada həyata keçirilir.

11.8. Dövlət büdcəsinin gəlirlərinin icrasını təmin edən orqanlar və Azərbaycan Respublikasının dövlət büdcəsindən maliyyələşən təşkilatlar təlimata uyğun olaraq hazırlanmış büdcə layihəsini cari ilin iyul ayının 1-dək müvafiq icra hakimiyyəti orqanına təqdim edirlər.

Dövlət büdcəsinin gəlirlərinin icrasını təmin edən orqanların regional və yerli bölmələri müvafiq icra hakimiyyəti orqanlarının razılaşdırdığı formalara və cari il mayın 1-dək müvafiq icra hakimiyyəti orqanının təlimat məktubuna uyğun olaraq növbəti büdcə ili və sonrakı üç il üçün dövlət büdcəsinin gəlirləri üzrə proqnoz layihələrini cari il iyunun 1-dək müvafiq icra hakimiyyəti orqanının yerli bölmələrinə təqdim edirlər.

11.9. Bu Qanunun 11.8.-ci maddəsinə əsasən təqdim olunmuş büdcə layihələrində aşağıdakılar əks etdirilir:

11.9.1. Funksional və iqtisadi təsnifatların paraqrafları üzrə keçən ildə faktiki və cari ilin sonuna gözlənilən büdcə xərclərinin məbləği, Naxçıvan Muxtar Respublikası, ölkənin şəhər və rayonları üzrə, habelə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş vergi ödəyicilərinin qrupları üzrə keçən ildə əldə edilmiş və cari ildə gözlənilən büdcə gəlirlərinin məbləği, hesablanmış büdcə gəlirlərinin keçən ildə faktiki və cari ildə gözlənilən məbləği, büdcə gəlirlərinin keçən ildə faktiki və cari ilin sonuna gözlənilən qalığı;

11.9.2. funksional və iqtisadi təsnifatın paraqrafları və Naxçıvan Muxtar Respublikası, respublikanın şəhər və rayonları üzrə keçən ildə əldə edilmiş büdcədənkənar gəlirlərin və xərclərin məbləği, gəlirlərin və xərclərin keçən ilin sonuna qalığı, cari ildə və növbəti büdcə ilində büdcədənkənar gəlirlərin və xərclərin məbləğləri;

11.9.3. funksional və iqtisadi təsnifatın paraqrafları və Naxçıvan Muxtar Respublikası, respublikanın şəhər və rayonları üzrə, habelə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş vergi ödəyicilərinin qrupları üzrə növbəti il üçün təklif olunan büdcə gəlirlərinin və xərclərinin həcmi, ödənilməli olan verginin və ödənişlərin məbləği, büdcə-vergi siyasətində nəzərdə tutulmuş tədbirlərin qiymətləndirilməsinə dair göstəricilər;

11.9.4. iqtisadi və funksional təsnifat, Naxçıvan Muxtar Respublikası, respublikanın şəhər və rayonları üzrə, habelə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş vergi ödəyicilərinin qrupları üzrə sonrakı üç il üçün gəlirlərin və xərclərin qiymətləndirilməsi;

11.9.5. maliyyələşdirmə mənbəyi göstərilməklə növbəti il və sonrakı üç il üçün iqtisadi və funksional təsnifatın paraqrafları üzrə investisiya layihələri üzrə xərclərin həcmi;

11.9.6. hesablanmış, ödənilmiş, artıq ödənilmiş vergilər və artıq ödənilmiş vergilərin büdcədən qaytarılan məbləğləri barədə əvvəlki iki il və cari ilin müvafiq hesabat dövrü üzrə məlumatlar.

11.10. Avqust ayının 1-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən cari ilin altı ayının faktiki nəticələri nəzərə alınmaqla, növbəti il və sonrakı üç il üzrə iqtisadi və sosial inkişaf proqnozları və dövlət investisiya proqramı dəqiqləşdirilir.

11.11. Müvafiq icra hakimiyyəti orqanı dəqiqləşdirilmiş iqtisadi və sosial inkişaf proqnozlara və hazırlanmış proqramlara əsasən dövlət büdcəsinin layihəsində gəlirləri və xәrclәri yenidən hesablayır.

11.12. Dövlət büdcəsi layihəsinin dəqiqləşdirilmiş göstəricilərini əsas götürməklə müvafiq icra hakimiyyəti orqanı iyul-avqust aylarında dövlət büdcəsinin gəlirlərinin icrasını təmin edən orqanlarla və büdcə təşkilatları, həmçinin Naxçıvan Muxtar Respublikasının icra hakimiyyəti orqanları ilə, zərurət olduqda, bələdiyyələrlə və mülkiyyət formasından asılı olmayaraq hüquqi şəxslərlə alınmış büdcə layihələri üzrə müzakirələr aparır. Müzakirələrin nəticələri protokollarla rəsmiləşdirilir.

11.13. Müvafiq icra hakimiyyəti orqanı tərəfindən dövlət büdcəsinin tərtibi üçün lazım olan əsaslandırıcı materiallar və hesablamalar mərkəzi və yerli icra hakimiyyəti orqanlarından, habelə onların struktur bölmələrindən, dövlət büdcəsindən, maliyyələşdirilən büdcə təşkilatlarından zərurət yarandıqda, mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq digər hüquqi şəxslərdən, bәlәdiyyәlәrdәn və büdcədənkənar dövlət fondlarından tələb oluna bilər.

11.14. Dövlət büdcəsindən maliyyə yardımları almaq istəyən bələdiyyələr cari ilin may ayının 1-dək aşağıdakı sənədləri və məlumatları müvafiq icra hakimiyyəti orqanına təqdim edirlər:

11.14.1. cari ilin gözlənilən və ötən ilin büdcəsinin faktiki nəticələri barədə arayış;

11.14.2. növbəti büdcə ili üzrə yerli büdcələrin nəzərdə tutulan gəlirləri və xərcləri, dövlət büdcəsindən ayrılacaq dotasiyanın və digər maliyyə yardımlarının həcminin əsaslandırılması;

11.14.3. ötən ildə yerli büdcənin icra vəziyyəti barədə auditor rəyi;

11.14.4. müvafiq icra hakimiyyəti orqanının sorğusuna görə digər materiallar.

11.15. Növbəti büdcə ili üzrə icmal büdcə xərclərinin yuxarı həddi və Azərbaycan Respublikasının Vergi Məcəlləsində nəzərdə tutulmuş güzəşt və azadolmalar da daxil olmaqla, dövlət büdcəsinin və icmal büdcənin layihəsi və sonrakı üç il üçün icmal büdcənin göstəriciləri ( icmal büdcə xərclərinin yuxarı həddi nəzərə alınmaqla) cari ilin sentyabr ayının 15-dək müvafiq icra hakimiyyəti orqanına və Azərbaycan Respublikasının Hesablama Palatasına təqdim edilir.

11.16. Növbəti büdcə ili üzrə icmal büdcə xərclərinin yuxarı həddi də daxil olmaqla, dövlət büdcəsinin və icmal büdcənin layihəsi sonrakı üç il üçün icmal büdcənin göstəriciləri ( icmal büdcə xərclərinin yuxarı həddi nəzərə alınmaqla) və bu Qanunla müəyyən edilən digər sənədlərlə birlikdə sentyabr ayının 25-dək müvafiq icra hakimiyyəti orqanına təqdim edilir.

11.16-1. Bu Qanunla müəyyən edilmiş müddətdə dövlət büdcəsinin və icmal büdcənin layihələrinin və icmal büdcənin göstəricilərinin tərtibi üçün zəruri olan məlumatların dövlət büdcəsindən maliyyələşən təşkilatlar tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) və dövlət büdcəsinin göstəricilərinin, gəlir və xərclər bölgüsünün və digər məlumatların həmin orqan (qurum) tərəfindən dövlət büdcəsindən maliyyələşən təşkilatlara təqdim edilməsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi vasitəsilə həyata keçirilir.

11.17. Növbəti il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələrinin və sonrakı üç il üçün icmal büdcənin tərtibi prosesində iştirak edən təşkilatlar tərəfindən qanunvericiliklə müəyyən edilən sənədlərin vaxtında müvafiq icra hakimiyyəti orqanına təqdim edilməməsi büdcənin tərtibi prosesinin pozulmasına səbəb olarsa, həmin təşkilatların vəzifəli şəxsləri qanunvericilikdə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver