15.1. Növbəti büdcə ili üzrə dövlət büdcəsi layihəsinin müzakirəsi və təsdiqi Azərbaycan Respublikasının Milli Məclisinin Daxili Nizamnaməsinə uyğun olaraq həyata keçirilir.
15.2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada Azərbaycan Respublikasının Milli Məclisinin iclasında növbəti büdcə ili üzrə dövlət büdcəsinin müzakirəsində icra hakimiyyəti orqanları iştirak edir.
Büdcə layihəsinin müzakirəsi zamanı Azərbaycan Respublikası Mərkəzi Bankının sədri qarşıdakı il üçün pul siyasətinin əsas istiqamətləri barədə Azərbaycan Respublikası Milli Məclisinə məlumat verir.
Azərbaycan Respublikasının Hesablama Palatası “Hesablama Palatası haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən dövlət büdcəsinin layihəsinə rəy verir.
15.3. Növbəti büdcə ili üzrə dövlət büdcəsi Azərbaycan Respublikasının Milli Məclisində cari ilin dekabr ayının 20-dən gec olmayaraq qanunla təsdiq edilir.
15.4. Növbəti büdcə ili üzrə dövlət büdcəsinin layihəsi müəyyən olunmuş müddət ərzində təsdiq olunmadıqda, müvafiq icra hakimiyyəti orqanı dövlət büdcəsi təsdiq olunanadək hər ay üzrə dövlət büdcəsi xərclərinin maliyyələşdirilməsinin ötən ilin xərclərinin on ikidə bir hissəsi qədər olan həcmdə (bu Qanunun 7-ci maddəsində göstərilən xərclər üzrə tam) aparılmasının müvəqqəti qaydalarını müəyyənləşdirir. Eyni qayda büdcədənkənar dövlət fondlarının idarəetmə və əməliyyat xərclərinə də şamil edilir;
15.5. Cari ilin dövlət büdcəsi haqqında Qanuna əlavə və dəyişikliklər edilməsi ilə bağlı qanunvericilik təşəbbüsü qaydasında və Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 2-ci bəndi nəzərə alınmaqla Azərbaycan Respublikasının Milli Məclisi qarşısında məsələ qaldırıla bilər.
Bu əlavə və dəyişikliklər dövlət büdcəsinə yenidən baxılması zərurətini yaratdığı təqdirdə, bu Qanunun 23.2-ci, 23.3-cü və 23.4-cü maddələrinin müddəaları tətbiq olunur.