Qanunvericilik › Büdcə sistemi haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 32

Maddə 32. Bələdiyyələrlə dövlət hakimiyyəti orqanları arasında büdcə münasibətləri

Büdcə sistemi haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

32.1. Bələdiyyələr yerli büdcələrin tərtibində, təsdiqində və icrasında müstəqildirlər.

32.2. Dövlətin yerli büdcələrə maliyyə dəstəyi aşağıdakı yollarla həyata keçirilir:

32.2.1. investisiya mühitini yaxşılaşdırmaqla və səmərəli iqtisadi siyasəti həyata keçirməklə istehsal və xidmət sahələrinin inkişafına şərait yaratmaq;

32.2.2. yerli sosial-iqtisadi inkişaf proqramlarını yerli büdcələrin vəsaiti hesabına maliyyələşdirmək mümkün olmadıqda, dövlət büdcəsindən dotasiya və subvensiya ayırmaq.

Yerli sosial müdafiə, ekoloji, həmçinin iqtisadi və sosial inkişaf proqramlarının qəbul və icra edilməsi ilə bağlı layihələrin həyata keçirilməsi, həmçinin qanunvericilik və icra hakimiyyəti orqanları tərəfindən bələdiyyələrə həvalə edilən əlavə səlahiyyətlərin maliyyələşdirilməsi məqsədi ilə dövlət büdcəsindən yerli büdcələrə subvensiya ayrılması üçün müvafiq bələdiyyələrin və onların təmsil olunduqları milli assosiasiyaların cari il martın 15-dək verilən təklifləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən 30 gün müddətində öyrənilir, onların qəbul edilib-edilməməsi barədə aidiyyəti bələdiyyələrə məlumat verilir. İcrası üçün vəsait ayrılmasına razılıq verilmiş layihələrlə bağlı müvafiq maliyyə-iqtisadi əsaslandırmalarla birlikdə “Büdcə sistemi haqqında” Qanunun 11.14-cü maddəsi ilə müəyyən edilən sənədlər və məlumatlar mayın 1-dək bələdiyyələr tərəfindən müvafiq icra hakimiyyəti orqanına təqdim olunur. Dövlət büdcəsindən ayrılmış subvensiyalar bələdiyyələr tərəfindən təqdim edilmiş layihələrə uyğun olaraq, hər il fevralın 15-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən bölünür.

Dövlət büdcəsində bələdiyyələrə subvensiyanın ayrılması ayrıca sətirlə müəyyən edilir.

32.3. Qanunvericilik və icra hakimiyyəti orqanları bələdiyyələrə əlavə səlahiyyətlər həvalə etdikdə onları bu səlahiyyətlərin həyata keçirilməsi üçün zəruri maliyyə vəsaiti ilə təmin edirlər.

32.4. İcra hakimiyyəti orqanlarının qəbul etdikləri qərarlar nəticəsində yerli büdcələrin gəlirlərinin azalması və ya xərclərinin artması baş verdikdə, uyğun azalma və ya artma məbləğləri bu qərarları qəbul edən orqanlar tərəfindən kompensasiya olunur.

32.5. Bələdiyyə qanunvericiliklə nəzərdə tutulmuş qaydada yerli büdcənin icrasına dair məlumatı statistika orqanlarına və müvafiq icra hakimiyyəti orqanına təqdim edir.

32.6. Qanunvericiliklə nəzərdə tutulmuş hallar istisna olmaqla dövlət bələdiyyələrin xərc öhdəliyinə görə məsuliyyət daşımır.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver