Qanunvericilik › “Bütün növ radiovericilərin və digər radiotezlikli qurğuların yaratdığı radiomaneələrin qarşısının alınması Qaydası”nın təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 23.12.2005) › Tam mətn

“Bütün növ radiovericilərin və digər radiotezlikli qurğuların yaratdığı radiomaneələrin qarşısının alınması Qaydası”nın təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 23.12.2005)

“Bütün növ radiovericilərin və digər radiotezlikli qurğuların yaratdığı radiomaneələrin qarşısının alınması Qaydası”nın təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 23.12.2005) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

“Telekommunikasiya haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 9 avqust tarixli 277 nömrəli Fərmanının 1.7-ci bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Bütün növ radiovericilərin və digər radiotezlikli qurğuların yaratdığı radiomaneələrin qarşısının alınması Qaydası” təsdiq edilsin (əlavə olunur).

2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Baş naziri A.RASİZADƏ

Bakı şəhəri, 23 dekabr 2005-ci il

1.1. Bu Qayda “Telekommunikasiya haqqında” Azərbaycan Respublikası Qanunun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 9 avqust tarixli 277 nömrəli Fərmanının 1.7-ci bəndinə əsasən hazırlanmışdır və bütün növ radiovericilərin və digər radiotezlikli qurğuların yaratdığı radiomaneələrin qarşısının alınması qaydasını müəyyən edir.

1.2. Bu Qayda Azərbaycan Respublikasının ərazisində mövcud qanunvericiliyə uyğun istifadə edilən bütün növ radiorabitə və radioyayım vasitələrinə aid edilməklə, müvafiq qaydada dövlət qeydiyyatından keçmiş texniki vasitələr - sənaye təyinatlı radiomaneə yaradan qurğular və ya istismarda olan digər icazəli radioelektron vasitələri tərəfindən yaradılan maneələr haqqında müraciətlərə əsasən radiomaneə mənbələrinin axtarışı, yerinin təyin olunması, təhlil edilməsi və aradan qaldırılması üzrə aparılan işlərin nəticələrinin sənədləşdirilməsini müəyyən edir.

1.3. Respublikanın ərazisində istifadə olunan radioelektron vasitələrin işinə maneələrin yaranması ilə əlaqədar müraciətlər (bundan sonra - müraciətlər) fiziki və hüquqi şəxslər tərəfindən Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Dövlət Radiotezliklər İdarəsinə (bundan sonra - Dövlət Radiotezliklər İdarəsi) təqdim olunur. Həmin müraciətlərə əsasən radioqəbula maneələrin aradan qaldırılması məqsədilə müvafiq təşkilati-texniki tədbirlərin həyata keçirilməsi Dövlət Radiotezliklər İdarəsi tərəfindən mütləq qaydada yerinə yetirilir.

1.4. Radiomaneənin müəyyən edilməsi və aradan qaldırılması üzrə görülmüş tədbirlərin nəticələri haqqında müraciət edən hüquqi və ya fiziki şəxsə Dövlət Radiotezliklər İdarəsi tərəfindən qanunvericilikdə nəzərdə tutulan müddət ərzində məlumat verilir.

2.1. Daxil olan müraciətlərin qeydiyyatı onlar üçün tərtib olunmuş jurnalda aparılır. Müraciətlər daxil olduğu gün qeydiyyata alınır.

2.2. Müraciətlərdə maneə təsirinə məruz qalan radiotezlik nominalı (və ya radiotezlik zolağı), maneənin təsir müddəti, ərazi, maneə təsirinə məruz qalan avadanlıq və ya şəbəkə haqqında məlumatlar, həmçinin maneənin ehtimal olunan istiqaməti və xarakteri bildirilir.

3.1. Xüsusi təyinatlı telekommunikasiya şəbəkələrinə və ümumistifadəli radiorabitə şəbəkələrinə təsir edən maneələr barədə müraciətlərə təxirəsalınmadan, digər müraciətlərə isə aşağıdakı müddətlərdə baxılır:

3.1.1. radiomaneə mənbəyinin axtarışı tələb olunmadığı halda 5 iş günündən gec olmayaraq;

3.1.2. radiomaneə mənbəyinin axtarışı tələb olunduğu halda 10 iş günündən gec olmayaraq, axtarışın çətin şəraitdə aparıldığı halda isə müraciətə baxılması müddəti 21 iş günədək artırıla bilər. Bu halda müraciətçiyə 2 iş günündən gec olmayaraq rəsmi və ətraflı məlumat verilir;

3.1.3. radiomaneə barədə müraciət ölkə və yaşayış məntəqələri üzrə müxtəlif əraziləri əhatə etdiyi və ya respublikadan kənarda müəyyənləşdirildiyi halda 30 iş günündən gec olmayaraq.

3.3. Maneə mənbəyinin aşkarlanması ilə əlaqədar müraciətlərə baxılması müraciət edənin nümayəndələrinin iştirakı ilə aparılır.

3.4. Müraciətlər üzrə işlər aparılarkən aşağıdakı tələblərə əməl olunur:

3.4.1. qəbulda pozuntunun səbəbi kimi radioqə-buledicidə, radioelektron vasitəsində və ya anten-fider sistemində aşkarlanmış nasazlıq müəyyən edildiyi təqdirdə, müraciət edənə kənar maneənin olmaması və avadanlıqda müvafiq təmir-nizamlama işlərinin aparılmasının zəruriliyi haqqında məlumat verilir;

3.4.2. müraciət edənin anten-fider və ya radioqəbuledici qurğularında və ya radioelektron vasitələrində nasazlıq müəyyən edildiyi və yaxınlıqdakı digər radioqəbuledicilərdə maneə qaldığı halda maneə mənbəyinin aşkarlanması üzrə işlər davam etdirilir, eyni zamanda müraciət edənə istismar olunan nasaz qurğularda yoxlama, tənzimləmə və təmir işlərinin aparılmasının vacibliyi haqqında bildiriş (xəbərdarlıq) verilir.

Maneənin aradan qaldırılması üçün zəruri tədbirlərin həyata keçirilməsi Dövlət Radiotezliklər İdarəsi tərəfindən təmin edilir;

3.4.3. müraciətdə qeyd olunan maneə göstərilən ünvanda müəyyən edilmədiyi zaman qonşu şəbəkələrdəki radioqəbuledicidə, radioelektron vasitəsində maneənin olub-olmaması faktı aşağıdakı hallarda araşdırılır:

əgər radioqəbulda maneələr aşkarlanmırsa, bu halda müraciət edənə maneələrin olmaması haqqında rəsmi məlumat verilir, ona istismar etdiyi radioqəbuledici qurğularını, radioelektron vasitələrini və ya anten-fider qurğularını yoxlamaq tövsiyə olunur;

əgər radioqəbulda maneələr aşkarlanırsa, bu halda radiomaneə mənbəyi tapılır, maneə aradan qaldırılır və müraciət edənə məlumat verilir;

3.4.4. müraciət edənlə əvvəlcədən müəyyənləşdirilmiş vaxtda aparılan araşdırma zamanı onun şəbəkəsində radiomaneə aşkar edilmirsə, bu halda şəbəkə 1 saat müddətində yerində nəzarətə götürülür, bu müddət ərzində maneə aşkarlanmadığı halda işlər dayandırılır və müraciət edənə məlumat verilir;

3.4.5. periodik xarakter daşımayan qısamüddətli radiomaneə aşkar edildikdə (radiomaneənin axtarışını mümkünsüz edən müddət), maneəyə məruz qalan radiotezlik efir nəzarətinə götürülür. Müraciət edənə tam izahlı rəsmi məlumat verilir və ona radioqəbula daha uzunmüddətli maneə əmələ gəldiyi halda dərhal xəbər verməsi tövsiyə olunur.

4.1. Radiomaneə yaradan şüalanma mənbəyi qeyri-qanuni fəaliyyət göstərirsə, Dövlət Radiotezliklər İdarəsi tərəfindən tədbirlər görülür. Əgər radiomaneə yaradan şüalanma mənbəyi icazəli fəaliyyət göstərirsə, maneə yaradan faktorun aradan qaldırılmasını təmin etmək məqsədilə birgə araşdırma aparılır və müvafiq tədbir görülməsi haqqında qərar qəbul edilir. Əgər radiomaneə mənbəyi respublikadan kənarda aşkar olunarsa, radiomaneələr barədə zəruri məlumatların aidiyyəti rabitə administrasiyasına çatdırılaraq maneələrin aradan qaldırılması istiqamətində zəruri tədbirlərin həyata keçirilməsi məqsədilə Dövlət Radiotezliklər İdarəsi tərəfindən Beynəlxalq Telekommunikasiya İttifaqının Radiorabitə Reqlamentinin 10 saylı Əlavəsi və ya ölkələrlə ikitərəfli razılaşma sənədlərində nəzərdə tutulmuş müvafiq formalara uyğun müraciət hazırlanaraq Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə təqdim olunur və bu barədə müraciətçiyə rəsmi və ətraflı məlumat verilir.

4.2. Aşkarlanmış radiomaneə mənbəyini aradan qaldırarkən Dövlət Radiotezliklər İdarəsi aşağıdakıları əsas götürür:

4.2.1. radioqəbula maneə yaradan texniki qurğu - radiomaneə mənbəyi hüquqi şəxsə məxsusdursa, insanların sağlamlığı və mühafizəsinə xidmət edirsə və onun işinin dayandırılması yolverilməzdirsə, bu halda qurğunun sahibinə öz vasitələri ilə maneənin ən azı bir saat müddətində aradan qaldırılmasının zəruriliyi haqda Dövlət Radiotezliklər İdarəsi tərəfindən rəsmi bildiriş verilir.

Bildirişin 2-ci nüsxəsi müşayiətedici məktubla nəzarət üçün həmin şəxsin yuxarı təşkilatına göndərilir. Şəxsin yuxarı təşkilatı olmadığı halda, bildirişin 2-ci nüsxəsi həmin şəxsin fəaliyyətinə icazə vermiş müvafiq icra orqanına göndərilir.

Bu halda müraciət edənə görülmüş tədbirlər (verilmiş bildiriş) haqqında məlumat verilir və radiomaneənin təsirinin qalıb-qalmaması haqda Dövlət Radiotezliklər İdarəsinin məlumatlandırılması tələb olunur;

4.2.2. hüquqi şəxs tərəfindən göstərişin tələbləri müəyyən olunmuş vaxt ərzində yerinə yetirilmədiyi təqdirdə, Dövlət Radiotezliklər İdarəsi tərəfindən təkrar olaraq maneənin aradan qaldırılmasının zəruriliyi haqqında bildiriş verilir və radiomaneə mənbəyinin işinin dayandırılması tələb olunur;

4.2.3. radioqəbula maneələr aradan qaldırıldıqdan sonra maneə yaradan texniki qurğunun - radiomaneə mənbəyinin işinin bərpası müvafiq icazə əsasında və bilavasitə Dövlət Radiotezliklər İdarəsinin nəzarəti ilə yerinə yetirilir;

4.2.4. radiomaneə mənbəyi fiziki şəxsə məxsusdursa, Dövlət Radiotezliklər İdarəsi tərəfindən qurğunun sahibinə maneə mənbəyinin işinin dayandırılması, qurğunun təmir edilməsi və ya dəyişdirilməsi tövsiyə olunur.

4.3. Aşkarlanmış radiomaneə mənbəyində radiomaneənin yaranma səbəbləri araşdırılır və araşdırmanın nəticəsinə uyğun olaraq, Dövlət Radiotezliklər İdarəsi tərəfindən qurğunun sahibinə müvafiq göstərişlər verilir.

4.4. Aşkarlanmış radioqəbula maneə yaradan texniki qurğunun mövcud qanunvericiliyə uyğun işləməməsi, radiomaneə mənbəyinin müvafiq dövlət sertifikatının olmaması və ya həmin qurğunun müvafiq standartlara uyğun olmaması müəyyənləşdirildiyi təqdirdə, onun işinin dayandırılması tələb olunur və qurğunun sahibinə qarşı Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun tədbirlər həyata keçirilir.

4.5. Dövlət orqanlarında xüsusi təyinatlı telekommunikasiya şəbəkələri bir-birinə radiomaneə yaradarsa, maneələrin aradan qaldırılması həmin strukturların rabitə xidmətləri tərəfindən yerinə yetirilir. Əgər zərurət olarsa, həmin işlərin yerinə yetirilməsinə Dövlət Radiotezliklər İdarəsi tərəfindən müvafiq kömək göstərilir.

4.6. Radioqəbula maneələr yüksəkmərtəbəli tikililər (binalar) tərəfindən yaradılırsa, müraciət edənə bu haqda məlumat verilir və eyni zamanda tikili (bina) sahibinin nəzərinə çatdırılır. Bu halda müraciət edənə qəbuledicinin yerinin dəyişdirilməsi və ya onun maneə yaradan binaların damında quraşdırılması barədə tövsiyə verilir.

4.7. Dövlət Radiotezliklər İdarəsinin nümayəndələrinin ehtimal edilən radiomaneə mənbəyinin yerləşdiyi dövlət idarə, təşkilat və müəssisələrinin ərazilərinə onların tabe olduqları dövlət orqanlarının razılığı ilə, sahibkarlıq subyektlərinin ərazisinə isə “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən daxil olması üçün maneə təsiri yaratması ehtimal edilən qurğunun sahibi və ya maneə təsiri yaratması ehtimal edilən qurğunun yerləşdiyi ərazinin sahibi tərəfindən şərait yaradılır və müvafiq tədbirlər görülür.

4.8. Beynəlxalq və dövlət əhəmiyyətli tədbirlər və idman yarışları üçün istifadəsinə icazə verilmiş radiotezliklərə radiomaneə təsiri yaradan qurğunun fəaliyyəti Dövlət Radiotezliklər İdarəsi tərəfindən həmin qurğunun sahibinə verilmiş göstərişə (şifahi və ya yazılı) əsasən ən geci bir saat ərzində dayandırılır.

4.9. Radiomaneə təsiri Beynəlxalq Telekommunikasiya İttifaqının Radiorabitə Reqlamentinin 5-ci maddəsinin 5.2-ci bəndi ilə müəyyən olunmuş radiotezliklərin idarəolunması üzrə Azərbaycan Respublikasının da daxil olduğu birinci region ölkələri üçün Radiorabitə Reqlamentinin həmin maddəsinin dördüncü bölməsində nəzərdə tutulmuş tezlik bölgüsünə uyğun şəkildə istifadə olunmayan qurğudan (o cümlədən qeyri-standart qurğudan) yarandığı təqdirdə həmin qurğunun istifadəsinin təxirəsalınmadan dayandırılması qurğunun sahibindən tələb olunur və standartlara uyğun analoji qurğu ilə əvəz edilməsi qurğunun sahibinə tövsiyə edilir.

4.10. Televiziya və radio yayımlarına radiomaneə təsiri ilə bağlı müraciətlərə baxılarkən Dövlət Radiotezliklər İdarəsi tərəfindən teleradio yayım şirkətlərinin və infrastruktur operatorunun həmin işlərə cəlb olunmasına yol verilir.

1. 13 iyun 2014-cü il tarixli 194 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 22 iyun 2014-cü il, № 131, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, №6, maddə 747)

2. 21 yanvar 2019-cu il tarixli 13 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 24 yanvar 2019-cu il, № 18, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 01, maddə 157)

3. 4 aprel 2022-ci il tarixli 141 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 10 aprel 2022-ci il, № 73, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 4, maddə 391)

4. 8 yanvar 2024-cü il tarixli 1 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 12 yanvar 2024-cü il, “Xalq” qəzeti, 14 yanvar 2024-cü il, № 7, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024-cü il, № 1, maddə 68)

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver