279.1. Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmələr və ya qruplar yaratma, eləcə də onların yaradılmasında və fəaliyyətində iştirak etmə, onları silahla, döyüş sursatı ilə, partlayıcı maddələrlə, hərbi texnika ilə, yaxud əsgəri ləvazimatla təchiz etmə— üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 279.1-1. Dini düşmənçilik, dini radikalizm və ya dini fanatizm zəminində bu Məcəllənin 279.1-ci maddəsində nəzərdə tutulan silahlı birləşmələr və ya qruplar yaratma, həmin birləşmə və ya qruplarda iştirak etmə – altı ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
279.2. Bu Məcəllənin 279.1-ci və 279.1-1-ci maddələrində nəzərdə tutulan birləşmələrin və ya qrupların tərkibində müəssisələrə, idarələrə, təşkilatlara və ya ayrı-ayrı şəxslərə basqın etmə— yeddi ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
279.3. Bu Məcəllənin 279.2-ci maddəsində nəzərdə tutulan əməllər adamların həlak olmasına və ya digər ağır nəticələrə səbəb olduqda— on iki ildən iyirmi ilədək müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə ilə cəzalandırılır.