283.1. Milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınmasına, milli ləyaqətin alçaldılmasına, habelə milli, irqi və ya dini mənsubiyyətindən asılı olaraq vətəndaşların hüquqlarının məhdudlaşdırılmasına və ya üstünlüklərinin müəyyən edilməsinə yönələn hərəkətlər, aşkar surətdə, o cümlədən mediadan istifadə olunmaqla törədildikdə— səkkiz min manatdan on iki min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ildən dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 283.1-1. Bu Məcəllənin 283.1-ci maddəsində nəzərdə tutulmuş əməllər dini düşmənçilik, dini radikalizm və ya dini fanatizm zəminində törədildikdə – üç ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
283.2. Eyni əməllər:
283.2.1. zor tətbiq etməklə və ya zor tətbiq etmə hədəsi ilə törədildikdə;
283.2.2. şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə;
283.2.3. mütəşəkkil dəstə tərəfindən törədildikdə— üç ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
283.3. Bu Məcəllənin 283.1-ci maddəsində nəzərdə tutulmuş əməllərin dini düşmənçilik, dini radikalizm və ya dini fanatizm zəminində törədilməsinin maliyyələşdirilməsi – üç ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.