329.1. Hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı və ya belə vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar rəisin öz tabeliyində olan şəxsə zor tətbiq etməsi — bir ilədək müddətə hərbi xidmət üzrə məhdudlaşdırma və ya bir ilədək müddətə intizam xarakterli hərbi hissədə saxlama və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
329.2. Eyni əməllər:
329.2.1. təkrar törədildikdə;
329.2.2. iki və ya daha çox şəxsə qarşı törədildikdə;
329.2.3. bir qrup şəxs və ya qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə;
329.2.4. silah tətbiq etməklə törədildikdə;
329.2.5. zərərçəkmiş şəxsin sağlamlığına qəsdən az ağır zərər vurmaqla törədildikdə;
329.2.6. işgəncə verməklə törədildikdə — bir ildən iki ilədək müddətə intizam xarakterli hərbi hissədə saxlama və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
329.3. Bu Məcəllənin 329.1 və 329.2-ci maddələrində nəzərdə tutulmuş əməllər zərərçəkmiş şəxsin sağlamlığına qəsdən ağır zərər vurduqda və ya digər ağır nəticələrə səbəb olduqda — üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.