QanunvericilikAzərbaycan Respublikasının Cinayət Məcəlləsi › Maddə 89

Maddə 89. Yetkinlik yaşına çatmayanın cəzadan azad edilməsi

Azərbaycan Respublikasının Cinayət Məcəlləsi · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 20.08.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

89.1. Böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət etməyə görə məhkum edilmiş yetkinlik yaşına çatmayan bu Məcəllənin 87.2-ci maddəsində nəzərdə tutulmuş tərbiyəvi xarakterli məcburi tədbirlər tətbiq edilməklə cəzadan azad oluna bilər.

89.2. Məhkəmə az ağır cinayət törətməyə görə məhkum olunmuş yetkinlik yaşına çatmayanı yalnız belə şəxslər üçün nəzərdə tutulmuş qapalı tipli xüsusi təlim-tərbiyə müəssisəsində və ya tibbi-tərbiyə müəssisəsində yerləşdirməklə cəzanın məqsədinə nail olmağı mümkün hesab edərsə, həmin şəxsi cəzadan azad edə bilər. Bu halda yetkinlik yaşına çatmayan göstərilən müəssisədə on səkkiz yaşına çatana qədər, lakin üç ildən artıq olmamaq şərti ilə saxlanılır.

89.3. Yetkinlik yaşına çatmayan islah olunduqda və bununla bağlı qeyd edilən tədbirin tətbiqinə zərurət aradan qalxdıqda, qapalı tipli xüsusi təlim-tərbiyə müəssisəsinin və ya tibbi-tərbiyə müəssisəsinin müdiriyyətinin və uşaq hüquqlarının müdafiəsi üzrə komissiyanın birgə təqdimatına əsasən məhkəmə yetkinlik yaşına çatmayanın vaxtından əvvəl həmin müəssisədən buraxılması haqqında qərar qəbul edə bilər.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver