“Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2020-ci il 25 iyun tarixli 140-VIQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və həmin Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 25 avqust tarixli 387 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 10 iyul tarixli 1103 nömrəli Fərmanının tətbiqini təmin etmək məqsədilə Azərbaycan Respublikasının Ali Məhkəməsi və Azərbaycan Respublikasının Baş Prokurorluğu ilə razılaşdırılmaqla Ədliyyə Nazirliyi haqqında Əsasnamənin 19-cu bəndini rəhbər tutaraq Kollegiya
1. “Cinayət mühakimə icraatında “Elektron məhkəmə” informasiya sistemindən istifadə Qaydaları” təsdiq edilsin (əlavə olunur).
2. Bu qərarın Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi təmin olunsun (A.Əliyev).
3. Qərar aidiyyəti ədliyyə orqanlarına və məhkəmələrə göndərilsin (E.Qasımov).
Azərbaycan Respublikasının
I dərəcəli dövlət ədliyyə
1.1. Bu Qaydalar Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – Məcəllə) 51‑1.2-ci maddəsinə uyğun olaraq hazırlanmışdır və “Elektron məhkəmə” informasiya sisteminin (bundan sonra – İnformasiya sistemi) iştirakçıları (hakimlər və məhkəmə aparatı işçiləri) və istifadəçiləri (cinayət prosesinin iştirakçıları və cinayət prosesində iştirak edən digər şəxslər) tərəfindən cinayət mühakimə icraatında İnformasiya sistemindən istifadə qaydalarını müəyyən edir.
1.2. İnformasiya sisteminin iştirakçıları və istifadəçiləri tərəfindən prosessual sənədlərin (bundan sonra – sənəd) elektron formada tərtib edilməsi, göndərilməsi, qəbulu, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsi bu Qaydalara uyğun olaraq həyata keçirilir.
1.3. İnformasiya sistemi Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 1 iyun tarixli 1043 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Elektron məhkəmə informasiya sistemi haqqında Əsasnamə”nin (bundan sonra – Əsasnamə) 4-cü hissəsində nəzərdə tutulmuş texniki-texnoloji infrastrukturdan ibarətdir.
1.4. İnformasiya sisteminin 7 gün 24 saat fəaliyyəti təmin olunur.
2.1. İnformasiya sisteminin iştirakçıları və istifadəçiləri müvafiq olaraq “Məhkəmə İşlərinin Elektron İdarəedilməsi Sistemi” və Vahid Məhkəmə Portalı (https://e-mehkeme.gov.az və https://courts.gov.az) vasitəsilə İnformasiya sisteminə daxil ola bilərlər.
2.2. İnformasiya sisteminin iştirakçılarının İnformasiya sistemindən istifadə etməsi (məhkəmə sənədlərinin elektron formada hazırlanması, analitik təhlil və statistikanın aparılması və s.) üçün onlara istifadəçi adı və şifrə verilir. İnformasiya sistemində elektron sənədlərin (bildiriş, məktub, məhkəmənin hökmü (qərarı) və s.) təsdiqi və göndərilməsi, habelə məhkəmə işinə baxılması üzrə nəticələrin İnformasiya sisteminə daxil edilməsi üçün hakim gücləndirilmiş elektron imzadan istifadə edir.
2.3. İnformasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə İnformasiya sisteminin istifadəçiləri həmin sistemdə qeydiyyatdan keçmişlərsə, məhkəmə Məcəlləyə əsasən həmin şəxslərə verilməsi nəzərdə tutulmuş sənədləri və digər məlumatları onların elektron kabinetlərində yerləşdirir. Bu barədə həmin şəxslərə İnformasiya sistemi vasitəsilə elektron qaydada (elektron poçt və SMS vasitəsilə) məlumat verilir.
2.4. İnformasiya sistemində dövlət ittihamçısı üçün xidməti vəzifələrinin icrası məqsədilə xüsusiləşdirilmiş elektron kabinet formalaşdırılır.
2.5. İnformasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə hakim Məcəlləyə müvafiq olaraq dövlət ittihamçısına verilməsi nəzərdə tutulmuş sənədləri və digər məlumatları onun həmin sistemdə yaradılmış elektron kabinetində yerləşdirir və bu barədə ona həmin sistem vasitəsilə elektron qaydada məlumat verir.
2.6. İnformasiya sisteminin istifadəçiləri Məcəlləyə əsasən məhkəməyə təqdim etmək hüququna malik olduqları sənədləri İnformasiya sistemi vasitəsilə göndərə bilərlər.
2.7. İnformasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə dövlət ittihamçısı Məcəllənin 84.6-cı maddəsində nəzərdə tutulmuş prosessual hərəkətlər üzrə elektron sənəd formasında tərtib edilmiş sənədləri İnformasiya sistemi vasitəsilə məhkəməyə təqdim edə bilər.
2.8. Bu Qaydanın 2.5 - 2.7-ci bəndlərində nəzərdə tutulmuş qaydada İnformasiya sistemi vasitəsilə təqdim edilmiş sənədlərin digər qaydada verilməsi məhkəmə tərəfindən tələb oluna bilməz.
2.9. İnformasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmənin yekun qərarının nəticəvi hissəsi barədə məlumat həmin qərarın elan edildiyi gün hakimin elektron imzası ilə təsdiq edilməklə İnformasiya sistemində yerləşdirilir.
2.10. İnformasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə, məhkəmə, Məcəlləyə müvafiq olaraq qəbul etdiyi hökm, qərar və digər sənədləri elektron sənəd formasında tərtib edərək Məcəllədə həmin sənədlər üçün müəyyən edilmiş müddətlərdə İnformasiya sistemində yerləşdirir.
2.11. Məcələnin 51-2-ci maddəsində nəzərdə tutulmuş hallarda və qaydada həmin maddədə göstərilən şəxslərin iclasa gəlmədən texniki vasitələrdən istifadə olunmaqla iclasda iştirak etmək imkanı təmin olunur.
2.12. Məhkəmə fəaliyyəti ilə bağlı tələb olunan məlumatlar İnformasiya sistemi vasitəsilə yoxlanılır, sənəd və arayışlara dair məlumatlar bu Qaydaların 2.13-cü bəndində müəyyən olunmuş qaydada əldə edilir.
2.13. Əsasnamənin 11.2-ci bəndinə uyğun olaraq həmin bənddə nəzərdə tutulmuş məlumatlar hakimin sorğusu və ya hakimin gücləndirilmiş elektron imzası ilə təsdiq olunmuş və qanuni qüvvəyə minmiş qərarı əsasında Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə elektron qaydada əldə olunur.
2.14. İnformasiya sisteminin istifadəçiləri İnformasiya sistemindən aşağıdakı üsullarla istifadə edirlər:
2.14.1. “Vahid məhkəmə portalı” vasitəsilə;
2.14.2. “Elektron kabinet” vasitəsilə;
2.14.3.İnformasiya sistemi ilə inteqrasiya edilmiş digər elektron informasiya ehtiyatları vasitəsilə.
2.15. İnformasiya sisteminin istifadəçiləri “Vahid məhkəmə portalı” vasitəsilə açıq sənədlərlə, məhkəmələr, hakimlər, məhkəmə işləri, məhkəmə iclasları, habelə məhkəmənin hökmü (qərarı) barədə məlumatlarla tanış ola bilərlər.
2.16. İnformasiya sisteminin istifadəçiləri elektron kabinet vasitəsilə özlərinə aid sənədləri (məlumatları) əldə edə, onları çap edə, ödənişlər və digər əməliyyatlar həyata keçirə, habelə özləri haqqında toplanan məlumatlarda dəyişiklik edilməsi üçün müraciət edə, həmin məlumatlardan istifadə olunması barədə informasiyanı əldə edə (onlarla tanış ola) bilərlər.
2.17. Cinayət mühakimə icraatında dövlət ittihamçısı elektron kabineti vasitəsilə məhkəmə işinin nömrəsi, daxil olma tarixi, məhkəmənin adı, icraatın növü, işin növü, hakim, məhkəmə iclasına sədrlik edən, işin baxılma vəziyyəti və işin statusu barədə elektron qaydada məlumatları, habelə icraatında olan cinayət işləri ilə bağlı digər əlaqəli sənədləri əldə edə, məhkəmə tərəfindən kabinetə yerləşdirilmiş sənədlərlə tanış ola bilərlər.
2.18. İnformasiya Sisteminin istifadəçisi Vahid Giriş Sistemi “ASAN login” üzərindən qeydiyyatdan keçir və avtomatik qaydada istifadəçi adına elektron kabinet formalaşdırılır.
2.19. Elektron kabinetə ilk dəfə daxil olan İnformasiya sisteminin istifadəçisi tələb olunan məlumatları bölməyə daxil etmək və istifadəçi şifrəsini dəyişmək imkanına malikdir.
2.20. Dövlət və digər qurumlar tərəfindən sənədlərin elektron formada tərtib edilməsi, göndərilməsi və qəbulu, həm elektron kabinet üzərindən, həm də qurumlarla razılaşdırılmış qaydada informasiya sistemləri arasında məlumat mübadiləsi əsasında həyata keçirilir.
2.21. İnformasiya sisteminə qeyri-qanuni daxilolma və ya müdaxilə baş verdikdə, eləcə də Əsasnamə ilə müəyyən edilmiş tələblər yerinə yetirilmədikdə İnformasiya sisteminin sahibi tərəfindən İnformasiya sisteminin istifadəçisinin İnformasiya sistemindəki məlumatlarına (elektron kabinetə) giriş hüququ məhdudlaşdırıla bilər.
3.1. İnformasiya sisteminin iştirakçıları və istifadəçiləri tərəfindən sənədlər Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Kollegiyasının 2011-ci il 29 noyabr tarixli 3-N nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının məhkəmələrində kargüzarlığın aparılmasına dair Təlimat”ın 441-ci bəndində göstərilən tələblər nəzərə alınmaqla hazırlanır.
3.2. İnformasiya sisteminin istifadəçiləri tərəfindən sənədlər elektron kabinet vasitəsilə PDF, ADOC və EDOC formatında gücləndirilmiş elektron imzadan və sertifikatlaşdırılmış elektron imza vasitələrindən istifadə etməklə göndərilir.
3.3. Sənədə onun göndərilməsi zamanı maddi sübut qismində təqdim edilən fotoşəkil, videoyazı, audioyazı və digər maddi daşıyıcılar qoşula bilməz. Bu maddi daşıyıcılar barədə məlumat elektron kabinet vasitəsilə göndərilən sənədlərdə qeyd oluna bilər.
3.4. Sənəd göndərilməzdən əvvəl İnformasiya sisteminin istifadəçisi onun düzgün tərtib edildiyini (elektron imzanın, əsas və əlavə rekvizitlərin olmasını) və ünvanlanmasını yoxlayır.
3.5. Sənədin qəbul edilməsi və qeydiyyatı İnformasiya sisteminin istifadəçisinə İnformasiya sistemi tərəfindən aşağıdakıları özündə əks etdirən elektron bildirişin göndərilməsi ilə təsdiq olunur:
3.5.1. bildirişi göndərən haqqında məlumatlar;
3.5.2. sənədin qəbul edilməsi tarixi və vaxtı;
3.5.3. sənədin qeydiyyatı tarixi və nömrəsi.
3.6. “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikası Qanununun 27.3-cü maddəsi ilə müəyyən edilmiş hallarda İnformasiya sistemi həmin sənədi İnformasiya sisteminin istifadəçisi tərəfindən göndərilməmiş hesab edir.
3.7. Sənəd geri qaytarıldıqda bunun səbəbi barədə məlumat İnformasiya sisteminin istifadəçisinin elektron kabinetində avtomatik olaraq yerləşdirilir.
4.1. Sənədlərin elektron qeydiyyatı İnformasiya sistemi vasitəsilə həyata keçirilir.
4.2. Sənədlərə təkrarlanmayan nömrə verilməklə elektron qeydiyyatı aparılır.
4.3. İnformasiya sistemi vasitəsilə iş günü ərzində göndərilmiş sənədlər həmin iş gününün sonunadək, iş günü başa çatdıqdan sonra, habelə qeyri-iş günləri göndərilmiş sənədlər isə növbəti iş günü qeydiyyata alınır.
5.1. Məhkəmələrdə sənədlərin şaquli (yuxarı instansiya məhkəmələri ilə) və üfüqi (fiziki və hüquqi şəxslərlə, habelə digər qurumlarla) xətt üzrə elektron dövriyyəsi Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Kollegiyasının 2011-ci il 29 noyabr tarixli 3-N nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının məhkəmələrində kargüzarlığın aparılmasına dair Təlimat”ın 451-ci bəndinin tələbləri nəzərə alınmaqla İnformasiya sistemi vasitəsilə həyata keçirilir.
5.2. Sənədlərin elektron dövriyyəsi zamanı göndərilən sənədlərin gücləndirilmiş elektron imza ilə təsdiq edilməsi tələb olunur.
6.1. İnformasiya sisteminin proqram və texniki vasitələrindən istifadə olunmaqla sənədlərin mühafizəsi həyata keçirilir.
6.2. İnformasiya sisteminin mühafizə tədbirlərinin lazımi səviyyəsi bu sistemin sahibi tərəfindən təmin edilir.