QanunvericilikAzərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi › Maddə 126

Maddə 126. Şübhəli, təqsirləndirilən, zərər çəkmiş şəxsin və şahidlərin ifadələri

Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 20.08.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

126.1. Bu Məcəllə ilə müəyyən edilmiş qaydada cinayət prosesini həyata keçirən orqan tərəfindən şübhəli, təqsirləndirilən, zərər çəkmiş şəxsdən və şahidlərdən alınmış şifahi və yazılı məlumatlar ifadələr hesab olunur.

126.2. Yalnız o ifadələr sübut hesab oluna bilər ki, onlar hadisəni, onun səbəblərini, xarakterini, mexanizmini və ya inkişafını bilavasitə qavrayan şəxsin məlumatlarına və ya nəticələrinə əsaslanmış olsun.

126.3. Şübhəli, təqsirləndirilən, zərər çəkmiş şəxsin və ya şahidlərin cinayət prosesini həyata keçirən orqana özgənin sözlərindən verdikləri məlumatlar sübut kimi istifadə edilə bilməz. Yalnız vəfat etmiş şəxsin sözlərindən alınmış məlumatlar məhkəmənin qərarı ilə istisna olaraq sübut kimi qəbul oluna bilər.

126.4. Aşağıdakı şəxslərin ifadələrinə sübuti əhəmiyyət verilə bilməz:

126.4.1. cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müvafiq anda dərk və ya təsvir edilməsi qabiliyyətinə malik olmadığı qəbul edildikdə;

126.4.2. cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların dərk və ya təsvir edilməsi qabiliyyətinin ekspertiza vasitəsi ilə yoxlanılmasından imtina edildikdə.

126.5. Şahid qismində dindirilməli olmayan şəxslərin məlumatlarından sübut kimi istifadə oluna bilməz.

126.6. Təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver