QanunvericilikAzərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi › Maddə 25

Maddə 25. Hakimlərin müstəqilliyi

Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 20.08.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

25.1. Hakimlər müstəqildirlər və yalnız Azərbaycan Respublikası qanunlarının tələblərinə tabedirlər.

25.2. Hakimlər cinayət prosesini həyata keçirən orqanların ibtidai araşdırmada gəldikləri nəticələrlə bağlı deyillər.

25.3. Hakimlər cinayət işlərini və ya cinayət təqibi ilə bağlı digər materialları məhkəmə iclasında cinayət prosesi tərəflərinin təqdim etdikləri sübutların tədqiqinə əsaslanan öz daxili inamı və hüquq düşüncəsi ilə həll edirlər.

25.4. Azərbaycan Respublikasının məhkəmələri ədalət mühakiməsini hakimlərin müstəqilliyinə və iradəsinə qanunsuz təsiri istisna edən şəraitdə həyata keçirirlər.

25.5. Heç kəsin ədalət mühakiməsinin həyata keçirilməsinə müdaxilə etməyə, hakimlərdən onların baxdığı, yaxud icraatlarında olan cinayət işləri və ya cinayət təqibi ilə bağlı digər materialların mahiyyəti üzrə izahat tələb etməyə hüququ yoxdur.

25.6. Hər hansı şəxs tərəfindən hər hansı səbəbdən ədalət mühakiməsinin həyata keçirilməsinin birbaşa və ya dolayı yolla məhdudlaşdırılması, ona qanunsuz təsir, hədə-qorxu, müdaxilə edilməsi, hörmətsizlik göstərilməsi, məhkəməyə qarşı açıq-aşkar etinasız hərəkətlər edilməsi yolverilməzdir və Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş məsuliyyətə səbəb olur.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver