268.1. Müstəntiqin qərarına əsasən ekspertizanın təyin edilməsi və aparılması zamanı şübhəli və ya təqsirləndirilən şəxs aşağıdakı hüquqlara malikdir:
268.1.1. protokol tərtib edilməklə ekspertizanın aparılmasından əvvəl onun təyin edilməsi haqqında müstəntiqin qərarı ilə tanış olmaq və ona məxsus olan hüquqların izahını almaq;
268.1.2. ekspertə etiraz etmək;
268.1.3. eksperti onun göstərdiyi şəxslər içərisindən təyin edilməsi barədə vəsatət vermək;
268.1.4. öz təşəbbüsü ilə və öz hesabına alternativ ekspertiza aparmaq və onun rəyinin cinayət işinə əlavə edilməsi barədə vəsatət vermək;
268.1.5. rəy alınması üçün müstəntiq tərəfindən təyin edilmiş ekspert qarşısında əlavə suallar qoymaq;
268.1.6. müstəntiqin icazəsi ilə ekspertizanın aparılmasında iştirak etmək, bu zaman tətbiq edilmiş tədqiqat üsullarının mahiyyətinin və alınmış nəticələrin izahını ekspertdən tələb etmək və ekspertə izahlar vermək;
268.1.7. ekspertin rəyi müstəntiqə daxil olduğu vaxtdan ən geci 10 (on) gün müddətində onunla tanış olmaq, əlavə və ya təkrar ekspertizanın aparılması haqqında vəsatət vermək;
268.1.8. onun vəsatəti üzrə aparılan ekspertin dindirilməsində iştirak etmək.
268.2. Sadalanan hüquqlar həmçinin ruhi vəziyyəti imkan verdikdə haqqında məcburi xarakterli tibbi tədbirlərin tətbiqi üzrə icraat aparıldığı şəxsə də məxsusdur.