Qanunvericilik › “Cinayət təqibi üzrə məhkəməyədək icraat zamanı qanunsuz dövriyyədən çıxarılmaqla maddi sübut kimi götürülmüş narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının və güclü təsir edən maddələrin cinayət təqibi üzrə icraat başa çatanadək məhv edilməsi və ya tibbi məqsədlərlə istifadə üçün təhvil verilməsi Qaydası”nın təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 11.02.2023) › Tam mətn

“Cinayət təqibi üzrə məhkəməyədək icraat zamanı qanunsuz dövriyyədən çıxarılmaqla maddi sübut kimi götürülmüş narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının və güclü təsir edən maddələrin cinayət təqibi üzrə icraat başa çatanadək məhv edilməsi və ya tibbi məqsədlərlə istifadə üçün təhvil verilməsi Qaydası”nın təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 11.02.2023)

“Cinayət təqibi üzrə məhkəməyədək icraat zamanı qanunsuz dövriyyədən çıxarılmaqla maddi sübut kimi götürülmüş narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının və güclü təsir edən maddələrin cinayət təqibi üzrə icraat başa çatanadək məhv edilməsi və ya tibbi məqsədlərlə istifadə üçün təhvil verilməsi Qaydası”nın təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 11.02.2023) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

“Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2022-ci il 26 aprel tarixli 518-VIQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və həmin Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 25 avqust tarixli 387 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 18 may tarixli 1684 nömrəli Fərmanının 1.1-ci bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Cinayət təqibi üzrə məhkəməyədək icraat zamanı qanunsuz dövriyyədən çıxarılmaqla maddi sübut kimi götürülmüş narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının və güclü təsir edən maddələrin cinayət təqibi üzrə icraat başa çatanadək məhv edilməsi və ya tibbi məqsədlərlə istifadə üçün təhvil verilməsi Qaydası” təsdiq edilsin (əlavə olunur).

2. Bu Qərarda dəyişiklik Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 6 oktyabr tarixli 2328 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının layihələrinin hazırlanması, razılaşdırılması, qəbul edilməsi və dərc edilməsi qaydası haqqında Əsasnamə”nin 3.5-ci bəndinə uyğun edilə bilər.

3. Bu Qərar narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının və güclü təsir edən maddələrin xüsusilə külli miqdarını müəyyən edən müvafiq qanunla eyni gündə qüvvəyə minir.

Azərbaycan Respublikasının Baş naziri

Bakı şəhəri, 11 fevral 2023-cü il

1.1. Bu Qayda Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 131-1.4-cü maddəsinə əsasən hazırlanmışdır və cinayət təqibi üzrə məhkəməyədək icraat zamanı qanunsuz dövriyyədən çıxarılmaqla maddi sübut kimi götürülmüş, qanunla müəyyən edilmiş xüsusilə külli miqdarda olan narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının və güclü təsir edən maddələrin həmin miqdarın aşağı həddindən artıq olan hissəsinin (bundan sonra ‒ narkotik vasitələr, psixotrop maddələr, onların prekursorları və güclü təsir edən maddələr) cinayət təqibi üzrə icraat başa çatanadək məhv edilməsi və ya tibbi məqsədlərlə istifadə üçün təhvil verilməsi qaydasını müəyyən edir.

1.2. Narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının və güclü təsir edən maddələrin cinayət təqibi üzrə icraat başa çatanadək məhv edilməsi və ya tibbi məqsədlərlə istifadə üçün təhvil verilməsi Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində nəzərdə tutulmuş qaydada qəbul edilən məhkəmənin qərarı əsasında həyata keçirilir.

1.3. Məhv edilməsi nəzərdə tutulan narkotik vasitələrdən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin və Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin kinoloji xidmətləri tərəfindən kinoloji xidmət itlərinin narkotik vasitələrin axtarışı üzrə aparılan təlimlərində Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 19 mart tarixli 39 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məhv edilməsi nəzərdə tutulan narkotik vasitələrdən müvafiq icra hakimiyyəti orqanlarının kinoloji xidmətləri tərəfindən narkotik vasitələrin axtarışı üzrə aparılan təlimlərdə istifadə olunması Qaydası”na uyğun istifadə oluna bilər.

2.1. Narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının və güclü təsir edən maddələrin cinayət təqibi üzrə icraat başa çatanadək məhv edilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 6 oktyabr tarixli 181 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq müsadirə edilmiş narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının məhv edilməsi Qaydası”nın 4-cü hissəsinə uyğun olaraq yaradılmış müsadirə edilmiş narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının məhv edilməsi üzrə komissiyalar (bundan sonra ‒ Məhvetmə Komissiyası) tərəfindən həyata keçirilir.

2.2. Narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının və güclü təsir edən maddələrin məhv edilməsi barədə məhkəmənin qərarı qanuni qüvvəyə mindiyi gündən 5 gün müddətində həmin maddələr ibtidai araşdırmanı aparan orqan tərəfindən məhv edilməsi üçün Məhvetmə Komissiyasına təhvil verilir.

2.3. Narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının və güclü təsir edən maddələrin məhv edilməsi üçün Məhvetmə Komissiyasına təhvil verilməsi zamanı videoçəkilişdən istifadə edilməklə protokol tərtib olunur. Protokol videoçəkilişi əks etdirən müvafiq məlumat daşıyıcısı ilə birlikdə cinayət təqibi ilə bağlı materiallara əlavə edilir.

2.4. Məhvetmə Komissiyası narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının və güclü təsir edən maddələrin məhv edilməsi üsulunu, yerini və vaxtını müəyyən edir və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 131-1.4-cü maddəsində nəzərdə tutulmuş müddəti keçməmək şərtilə həmin maddələrin məhv edilməsini həyata keçirir.

2.5. Məhvetmə Komissiyası narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının və güclü təsir edən maddələrin məhv edilməsi üçün hazırlanması və məhv edilməsi prosesini videoçəkilişdən istifadə etməklə həyata keçirir və bu barədə akt tərtib edir.

2.6. Məhvetmə Komissiyasının tərtib etdiyi aktda aşağıdakılar göstərilir:

2.6.1. aktın tərtib olunduğu yer və tarix;

2.6.2. məhvetmədə iştirak etmiş şəxslərin iş yeri, vəzifəsi, adı, atasının adı, soyadı;

2.6.3. məhvedilmənin əsası;

2.6.4. məhv edilən narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının və güclü təsir edən maddələrin adı, miqdarı, onların saxlanıldığı qab barədə məlumatlar;

2.6.5. məhvedilmə üsulu;

2.6.6. videoçəkilişdən istifadə və videoçəkilişi əks etdirən məlumat daşıyıcısının akta əlavə edilməsi barədə qeyd.

2.7. Akt məhvetmədə iştirak etmiş şəxslər tərəfindən imzalanır.

2.8. Aktın nüsxələri videoçəkilişi əks etdirən məlumat daşıyıcısı ilə birlikdə onu imzalamış hər bir şəxsə təqdim edilir və cinayət işinə əlavə edilməsi üçün ibtidai araşdırmanı aparan orqana, habelə məlumat üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora və məhvetmə haqqında qərar qəbul etmiş məhkəməyə göndərilir.

2.9. Bu Qaydanın 1.3-cü bəndində nəzərdə tutulmuş hallar istisna olmaqla, barəsində məhvetmə qərarı çıxarılmış narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının və güclü təsir edən maddələrin sonrakı istifadəyə verilməsi qadağandır.

3.1. Narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının və güclü təsir edən maddələrin cinayət təqibi üzrə icraat başa çatanadək tibbi məqsədlərlə istifadə üçün təhvil verilməsi barədə məhkəmənin qərarı qanuni qüvvəyə mindiyi gündən 10 gün müddətində həmin maddələr məhkəmənin müvafiq qərarının və ekspertin göstərilən maddələrin tibbi məqsədlərlə istifadə oluna bilməsinə dair rəyinin surəti ilə birlikdə ibtidai araşdırmanı aparan orqan tərəfindən Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə təhvil verilir.

3.2. Narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının və güclü təsir edən maddələrin tibbi məqsədlərlə istifadə üçün Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə təhvil verilməsi zamanı videoçəkilişdən istifadə edilməklə protokol tərtib olunur. Protokol videoçəkilişi əks etdirən müvafiq məlumat daşıyıcısı ilə birlikdə cinayət təqibi ilə bağlı materiallara əlavə olunur.

3.3. Bu Qaydanın 3.2-ci bəndində nəzərdə tutulmuş protokol videoçəkilişi əks etdirən müvafiq məlumat daşıyıcısı ilə birlikdə məlumat üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora və narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının və güclü təsir edən maddələrin cinayət təqibi üzrə icraat başa çatanadək tibbi məqsədlərlə istifadə üçün təhvil verilməsi barədə qərar qəbul etmiş məhkəməyə göndərilir.

1. 5 may 2025-ci il tarixli 149 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 7 may 2025-ci il, “Xalq” qəzeti, 15 may 2025-ci il, № 99, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2025-ci il, № 5, maddə 500)

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver