Qanunvericilik › Cinayət və inzibati hüquqpozmalara dair işlər üzrə kollegiyası (Ali Məhkəmə Plenumunun qərarı, 29.10.2002) › Tam mətn

Cinayət və inzibati hüquqpozmalara dair işlər üzrə kollegiyası (Ali Məhkəmə Plenumunun qərarı, 29.10.2002)

Cinayət və inzibati hüquqpozmalara dair işlər üzrə kollegiyası (Ali Məhkəmə Plenumunun qərarı, 29.10.2002) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri M.Ağazadə (sədr), V.Həşimov və R.Məmmədovdan ibarət tərkibdə.

Dövlət ittihamçısı N.Abdullayevin, müdafiəçi S.Muradovun iştirakı ilə kassasiya qaydasında şikayət üzrə işə baxaraq

1. Ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası məhkəməsi hazırlıq iclasının 2002-ci il 16 iyul tarixli qərarı ilə Ağabalayev Şahin Şadkamal oğlunun AR CM-nin 144.3, 234.1-ci maddələri, Həsənov Emil Aydın oğlu, Əmirova Afaq Rafiq qızı, Süleymanov Emil Fərrux oğlu və Şərifov Əzizağa Əzizağa oğlunun AR CM-nin 144.3-cü maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinin hazırlıq məhkəmə iclasında baxılmasına xitam verilmiş və iş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmışdır.

Bakı şəhər prokurorluğunun Dövlət ittihamının müdafiəsi idarəsinin prokuroru məhkəmənin hazırlıq iclasının qərarından apellyasiya protesti vermişdir. Azərbaycan Respublikası Apellyasiya Məhkəməsi ilkin baxış iclasının 30/08.02-ci il tarixli qərarı ilə birinci instansiya məhkəməsinin qərarı ləğv edilmiş və cinayət işi hazırlıq iclası mərhələsindən yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir.

Təqsirləndirilən şəxslərdən Emin Süleymanov və Əzizağa Şərifovun müdafiəçiləri tərəfindən verilən kassasiya şikayətlərində Apellyasiya Məhkəməsinin ilkin baxış qərarının ləğv edilməsi və birinci instansiya məhkəməsinin qərarının qüvvədə saxlanması xahiş edilir. Şikayətlərdə qeyd edilir ki, AR CPM-nin 300.5-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin həmin məzmunlu qərarından apellyasiya protesti və ya şikayəti verilməsi hüququ nəzərdə tutulmadığı halda Apellyasiya Məhkəməsi həmin apellyasiya protestini qanunsuz olaraq icraatına qəbul edib baxmışdır. Bundan əlavə ibtidai istintaq dövründə mənafeləri arasında ziddiyyət olan şübhəli şəxslərin hüquqlarının müdafiəsi bir vəkilə həvalə edildiyindən və həmin vəkil formal olaraq ibtidai istintaqda iştirak etməklə müdafiəsi altında olan şəxslərin hüquqlarını müdafiə etmədiyindən şübhəli şəxs qismində cəlb edilən şəxslərin müdafiə hüquqları pozulmuşdur.

2.Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətini müdafiə edən müdafiəçi S.Muradovun (digər müdafiəçi R.Məmmədov xəbər verilməsinə baxmayaraq məhkəməyə gəlməmişdir) Apellyasiya Məhkəməsinin qərarını qüvvədə saxlamaq barədə dövlət ittihamçısının çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara görə kassasiya şikayətləri təmin edilməməlidir.

Ş.Ağababayev, E.Həsənov, A.Əmirova, E.Süleymanov və Ə.Şərifov AR CM-nin 144.3-cü mad. ilə ona görə məsuliyyətə alınmışlar ki, onlar əlbir olub cinayət əlaqəsinə girərək 23/01.02-ci ildə saat 15 radələrində Qaraçuxur qəsəbəsində yerləşən 146 №-li orta məktəbin yaxınlığında yetkinlik yaşına çatmayan, 14/08.94-cü ildə anadan olmuş Aslanova Ayşən Fərmayıl qızını oğurlayaraq Ş.Ağabalayevin yaşadığı Bakı şəhəri, Moskva prospekti 86/19 №-li evə gətirib saxlayaraq Aslanovanın atası Fərmayıl Aslanovdan 40.000 ABŞ dolları tələb etmişlər. Bundan əlavə Ş.Ağababayev istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq çəkidə 27 qram narkotik vasitə olan qurudulmuş marixuana əldə edərək idarə etdiyi avtomaşında saxlamışdır.

Cinayət işi başlandıqdan sonra şübhəli şəxs qismində saxlanmış şəxslər və onların qohumları müdafiəçi tutmadıqlarından müstəntiqin 2002-ci il 26 və 27 yanvar tarixli qərarları ilə təyinat üzrə müdafiəçi təyin edilmişdir.Bakı şəhəri 13 №-li hüquq məsləhətxanasının vəkili Ü.Abdullayev 020747 №-li orderlə Ş.Ağabalayev, E.Həsənov və A.Əmirovanın, 020748 №-li orderlə E.Süleymanov və Ə.Şərifovun hüquqlarının müdafiəsini öz üzərinə götürmüşdür.(İş,1-ci cild,vərəq.65-67,83-85).

Birinci instansiya məhkəməsi hazırlıq iclasında işin icraatına xitam verməklə işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytararkən bunu əsas götürmüşdür ki, təqsirləndirilən şəxslərin qanuni mənafeləri arasında əhəmiyyətli ziddiyyətlər olmasına baxmayaraq onların hüquqlarının müdafiəsi bir müdafiəçiyə həvalə edilmiş və bununla da təqsirləndirilən şəxslərin müdafiə hüququ pozulmuşdur.

İşdən görünür ki, ibtidai istintaqın ilkin mərhələsində hər beş nəfər təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi bir vəkilə həvalə olunsa da sonrakı mərhələdə müvafiq orderlər əsasında Ş.Ağababayevin hüquqlarını 2 №-li hüquq məsləhətxanasının vəkili R.Yusibəyli,A.Əmirovanın hüquqlarının 6 №-li hüquq məsləhətxanasının vəkili Ə.Qasımov, E.Süleymanovun hüquqlarını 4 №-li hüquq məsləhətxanasının vəkili R.Məmmədov, Ə.Şərifovun hüquqlarını həmin hüquq məsləhətxanasının vəkili S.Muradov müdafiə etmişdir.Göründüyü kimi, ibtidai istintaq orqanı ibtidai istintaqın ilkin mərhələsində səhvə yol versə də sonradan öz səhvini düzəltmişdir.

Qeyd etmək lazımdır ki, işi ibtidai istintaqa prosessual rəhbərləri həyata keçirən prokurora qaytarmaqla ibtidai istintaqın ilkin mərhələsindəki vəziyyəti bərpa etmək mümkün deyildir. Məhkəmə işə baxarkən ibtidai istintaqın ilkin mərhələsində təqsirləndirilən şəxslərin müdafiə hüquqlarının pozulması qənaətinə gələrsə müvafiq vəzifəli şəxs haqqında xüsusi qərar çıxarmaq yolu ilə bu məsələyə münasibətini bildirə bilər.Belə hallarda məhkəmə həm də müdafiəçinin iştirakı olmadan şübhə edilən və ya təqsirləndirilən şəxslər tərəfindən verilən ifadələrin sübut kimi qəbul edilib-edilməməsi məsələsini müzakirə etməlidir.

Göründüyü kimi, təqsirləndirilən şəxslərin müdafiə hüquqlarının pozulması motivi ilə işin prokurora qaytarılması üçün qanuni əsaslar olmamışdır.

3. Birinci instansiya məhkəməsinin hazırlıq iclasının qərarından apellyasiya protesti verilməsi hüququnun qanuna müəyyən edilməməsi, belə protestlərə yuxarı instansiya məhkəməsində baxılmalı olmaması, Apellyasiya Məhkəməsinin AR CPM-nin 300.5-ci maddəsinin tələbini pozması barədə kassasiya şikayətlərində göstərilənlər də Apellyasiya Məhkəməsinin qərarının ləğv olunmasına əsas ola bilməz.

Doğrudur,məhkəmə hazırlıq iclasının hansı növ qərarlarından apellyasiya şikayəti və protesti verilməsi məsələsindən bəhs edən AR CPM-nin 300.5-ci maddəsində 300.1.5-ci maddə göstərilməmişdir. Lakin həmin maddənin məzmunundan görünür ki, 300-cü maddədə göstərilən qərarlardan CPM-nin 381,383 və 384-cü maddələrinə uyğun apellyasiya şikayəti və ya protesti verilə bilər.CPM-nin 384-cü maddəsi isə apellyasiya şikyatətinin və ya apellyasiya protestinin verilmə müddətləri və hallarından bəhs edir. 384-cü maddədə müəyyən edilir ki, bu növ qərarlardan 20 gün müddətində apellyasiya protesti verilə bilər. Kassasiya instansiyası məhkəməsi hesab edir ki,bu məsələ başqa cür də həll edilə bilməz.Çünki dövlət ittihamçısı cinayət prosesinin iştirakçılarından biridir və mənafeyinə zidd olan məhkəmə qərarlarından yuxarı instansiya məhkəməsinə protest vermək hüququ vardır.

Beləliklə də aydın olur ki, təqsirləndirilən şəxslərdən E.Süleymanov və Ə.Şərifovun müdafiəçilərinin Apellyasiya Məhkəməsinin qərarından verdikləri kassasiya şikayətləri təmin edilə bilməz.

Qeyd olunanlara əsasən AR Ali Məhkəməsinin cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə kollegiyası AR CPM-nin 419-cu mad. rəhbər tutaraq

Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin ilkin baxış iclasının Süleymanov Emin Fərrux oğlu və qeyrilərinin işi üzrə 30/08.02-ci il tarixli qərarı dəyişdirilmədən saxlansın.

Kassasiya şikayətləri təmin edilməsin.

Azərbaycan Respublikası Ali Məhkəməsinin Sədri

Bakı şəhəri, 29 oktyabr 2002-ci il

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver