Qanunvericilik › Coğrafi obyektlərin adları haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 5

Maddə 5. Coğrafi obyektlərin adlarının müəyyənləşdirilməsi

Coğrafi obyektlərin adları haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

5.1. Coğrafi obyektin mövcud adı müvafiq dövlət orqanlarının və yerli özünüidarə orqanlarının sənədlərinə, rəsmi kartoqrafiya, soraq nəşrlərinə və digər mənbələrə, müvafiq ərazilərin əhalisinin, habelə mütəxəssislərin rəyinə əsaslanmaqla aydınlaşdırılır və bu qanunun 5.5.1-5.5.4-cü maddələrində nəzərdə tutulan hallar olduqda dəyişdirilir.

5.2. Coğrafi obyektə verilən ad həmin coğrafi obyektin xüsusi əlamətlərini əks etdirməli və ad verilərkən ümumdövlət və ümumxalq mənafeyi, bu obyektin yerləşdiyi ərazinin coğrafi, tarixi, təbii və digər xüsusiyyətləri, həmin ərazidə yaşayan əhalinin rəyi nəzərə alınmalıdır. Coğrafi obyektin adı üç sözdən artıq olmamalıdır.

5.3. Coğrafi obyektə onun kəşfində, öyrənilməsində, yaxud əsasının qoyulmasında bilavasitə iştirak etmiş şəxslərin, görkəmli dövlət, ictimai, elm və mədəniyyət xadimlərinin, dövlət qarşısında xüsusi xidmətləri olmuş şəxslərin adları, bir qayda olaraq, ölümündən sonra və adı olmayan coğrafi obyektə verilə bilər.

5.4. Bir ərazi vahidi hüdudları daxilində eyni növlü bir neçə coğrafi obyektin eyni adla adlandırılmasına yol verilmir.

5.5. Coğrafi obyektin adı aşağıdakı hallarda dəyişdirilə bilər:

5.5.1. bir ərazi vahidi hüdudları daxilində eyni növlü coğrafi obyektlərin adları təkrarlandıqda;

5.5.2. coğrafi obyektin tarixi adını bərpa etmək zərurəti yarandıqda;

5.5.3. coğrafi obyektin funksiyası və ya təyinatı əhəmiyyətli dərəcədə dəyişdikdə;

5.5.4. coğrafi obyektin adı bu qanunun 5.2-ci maddəsində göstərilən tələblərə uyğun olmadıqda.

5.6. Coğrafi obyektin adının dəyişdirilməsi zamanı müvafiq ərazinin əhalisinin rəyinin nəzərə alınmasına dair tələb hava və dəniz limanlarına, dəmiryol stansiyalarına ad verilməsi və ya bu cür coğrafi obyektlərin adlarının dəyişdirilməsi, coğrafi obyektin tarixi adının bərpa edilməsi, habelə coğrafi obyektin iki və daha çox inzibati ərazi vahidləri ərazisində yerləşdiyi hallarına şamil edilmir.

5.7. Coğrafi obyektə ad verilərkən müvafiq ərazinin əhalisinin rəyinin nəzərə alınmasına dair tələb coğrafi obyektin iki və daha çox inzibati ərazi vahidi ərazisində yerləşdiyi hallarına şamil edilmir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver