Qanunvericilik › “Çoxmənzilli binanın idarəedici təşkilatının seçilməsi üzrə açıq müsabiqə keçirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 01.07.2010) › Tam mətn

“Çoxmənzilli binanın idarəedici təşkilatının seçilməsi üzrə açıq müsabiqə keçirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 01.07.2010)

“Çoxmənzilli binanın idarəedici təşkilatının seçilməsi üzrə açıq müsabiqə keçirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 01.07.2010) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

"Azərbaycan Respublikası Mənzil Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 27 avqust tarixli, 153 nömrəli Fərmanının 1.3.14-cü bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. "Çoxmənzilli binanın idarəedici təşkilatının seçilməsi üzrə açıq müsabiqə keçirilməsi Qaydası" təsdiq edilsin (əlavə olunur).

3. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Baş naziri A. RASİ-ZADƏ

Bakı şəhəri, 1 iyul 2010-cu il

1.1. Bu Qayda "Azərbaycan Respublikası Mənzil Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 27 avqust tarixli, 153 nömrəli Fərmanının 1.3.14-cü bəndinə əsasən hazırlanmışdır və çoxmənzilli binanın idarə edilməsi üçün idarəedici təşkilatın seçilməsi üzrə açıq müsabiqənin təşkili, müsabiqədə iştiraketmə şərtlərinin müəyyən edilməsi, müsabiqənin keçirilməsi və müsabiqənin nəticələri əsasında seçilmiş idarəedici təşkilatla çoxmənzilli binanın və ya bir neçə çoxmənzilli binanın idarə edilməsi müqavilələrinin bağlanılması qaydalarını tənzimləyir.

1.2. Bu Qaydada istifadə olunmuş əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:

müsabiqənin təşkilatçısı — çoxmənzilli binanın yerləşdiyi ərazinin bələdiyyəsi;

idarəedici təşkilat — müsabiqənin nəticələri əsasında bağlanılan çoxmənzilli binanın idarə edilməsi müqaviləsinə uyğun olaraq çoxmənzilli binanın idarə edilməsini həyata keçirən (təşkilati-hüquqi formasından asılı olmayaraq) hüquqi şəxs və ya fərdi sahibkar;

iddiaçı — müsabiqədə iştirak etmək üçün ərizə ilə müraciət edən və müsabiqədə iştirak haqqını ödəyən (təşkilati-hüquqi formasından asılı olmayaraq) hüquqi şəxs və ya fərdi sahibkar;

müsabiqənin iştirakçısı — müsabiqə komissiyası tərəfindən müsabiqədə iştirak etməyə buraxılan iddiaçı;

çoxmənzilli binanın idarə edilməsi müqaviləsinin yerinə yetirilməsinin təminatı — müsabiqə qalibinin müsabiqə təşkilatçısına təqdim etdiyi çoxmənzilli binanın idarə edilməsi müqaviləsi üzrə öhdəliklərinin icrasına verdiyi təminat. Bu təminat bank qarantiyası, akkreditiv, qiymətli kağızlar, nağd pul vəsaiti, depozitlər və digər maliyyə aktivləri ola bilər.

1.3. Müsabiqənin keçirilməsinin məqsədi çoxmənzilli binanın sakinlərinin əlverişli və təhlükəsiz yaşamaq şəraitini, çoxmənzilli binanın ümumi əmlakının lazımi vəziyyətdə saxlanmasını, həmin əmlakın istifadə edilməsi məsələlərinin həllini təmin etməkdən, həmçinin belə binaların sakinlərinə kommunal xidmətləri göstərəcək idarəedici təşkilatın şəffaflıq və bərabərlik şəraitində seçilməsindən ibarətdir.

1.4. Müsabiqə aşağıdakı hallarda keçirilir:

1.4.1. bir il ərzində çoxmənzilli binanın sahə mülkiyyətçiləri və Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 29.5-ci maddəsinin birinci cümləsində müəyyən edilmiş kirayəçiləri (bundan sonra-kirayəçi) tərəfindən həmin binanın idarə edilməsi üsulu seçilmədikdə və ya həmin binanın idarə edilməsi üsulunun seçilməsi barədə qərar həyata keçirilmədikdə, bir şərtlə ki, çoxmənzilli binanın sahə mülkiyyətçiləri və kirayəçilər tərəfindən altı ay ərzində həmin binanın idarə edilməsi üsulu seçilmədiyi və ya həmin binanın idarə edilməsi üsulunun seçilməsi barədə qərarın həyata keçirilmədiyi təqdirdə, çoxmənzilli binanın yerləşdiyi ərazinin bələdiyyəsi həmin binanın idarə edilməsi üsulunun seçilməsi məsələsinin həlli üçün binanın sahə mülkiyyətçilərinin və kirayəçilərin yığıncağını çağırmış olsun;

1.4.2. açıq müsabiqənin nəticələri əsasında bağlanılmış çoxmənzilli binanın idarə edilməsi müqaviləsinin qüvvədə olma müddəti başa çatanadək, həmin binanın Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 141.2-ci maddəsində göstərilmiş idarəedilmə üsulu seçilmədikdə.

1.5. Müsabiqənin təşkilatçısı müsabiqə sənədləri toplusunun hazırlanması, müsabiqənin keçirilməsi haqqında elanın dərc edilməsi, yerləşdirilməsi və müsabiqənin təşkili ilə bağlı digər funksiyaların yerinə yetirilməsi üçün müqavilə əsasında hüquqi şəxs (bundan sonra — məsləhətçi şirkət) cəlb edə bilər. Bu zaman məsləhətçi şirkətə müsabiqə komissiyasının yaradılması, müsabiqə sənədləri toplusunun təsdiq edilməsi, müsabiqə şərtlərinin, çoxmənzilli binanın ümumi əmlakının saxlanması və təmiri üzrə xidmət və işlərin siyahısının müəyyənləşdirilməsi, çoxmənzilli binanın idarə edilməsi müqaviləsinin layihəsinin hazırlanması səlahiyyətləri verilə bilməz.

1.6. Məsləhətçi şirkət müsabiqənin iştirakçısı ola bilməz.

1.7. Məsləhətçi şirkət müsabiqənin keçirilməsi üzrə öz funksiyalarını yerinə yetirərkən müsabiqənin təşkilatçısı adından hərəkət edir və bu zaman yaranan hüquq və vəzifələr müsabiqənin təşkilatçısına aid olur.

1.8. Müsabiqənin təşkilatçısı müsabiqənin keçirilməsi ilə əlaqədar müqavilə əsasında verilmiş səlahiyyətlər çərçivəsində məsləhətçi şirkətin etdiyi qanunsuz hərəkətlər (hərəkətsizliklər) nəticəsində üçüncü şəxslərə vurulmuş ziyana görə həmin şirkətlə birgə məsuliyyət daşıyır.

1.9. İddiaçılar aşağıdakı tələblərə cavab verməlidirlər:

1.9.1. iddiaçının öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanının olması;

1.9.2. iddiaçının müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəldilmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyətinin dayandırılmaması;

1.9.3. iddiaçının başa çatmış sonuncu hesabat dövrü üçün maliyyə hesabatlarına əsasən aktivlərinin balans dəyərinin 25 faizindən artıq miqdarda vergi və digər icbari ödənişlərə görə borcunun olmaması;

1.9.4. iddiaçının başa çatmış sonuncu hesabat dövrü üçün maliyyə hesabatlarına əsasən aktivlərinin balans dəyərinin 70 faizindən artıq miqdarda kreditor borcunun olmaması;

1.9.5. iddiaçının müvafiq fəaliyyətlə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi;

1.9.6. fərdi sahibkar olan iddiaçının və hüquqi şəxs olan iddiaçının rəhbərinin iqtisadi sahədə cinayət törətməyə görə məhkumluğunun olmaması.

1.10. Müsabiqənin təşkilatçısı bu Qaydanın 1.9-cu bəndində göstərilmiş tələblərdən başqa iddiaçılara dair digər tələblər müəyyən edə bilməz.

2.1. Müsabiqənin təşkilatçısı müsabiqənin keçirilməsi haqqında elanın dərc edilməsinə ən azı beş iş günü qalmış müsabiqə komissiyasının (bundan sonra — komissiya) yaradılması haqqında qərar qəbul edir, komissiyanın tərkibini, iş qaydasını müəyyən edir və onun sədrini təyin edir. Müsabiqənin təşkilatçısı bir və ya bir neçə daimi fəaliyyət göstərən komissiya yarada bilər və həmin komissiyaların fəaliyyət müddəti iki ildən çox ola bilməz.

2.2. Komissiya üzvlərinin ümumi sayı təkrəqəmli olmalı və tərkibinə müsabiqə təşkilatçısının vəzifəli şəxslərinin daxil olduğu ən azı beş nəfərdən ibarət olmalıdır.

2.3. Komissiyanın üzvü müsabiqənin iştirakçısı, müsabiqənin iştirakçısı ilə əmək münasibətlərində olan şəxs, fərdi sahibkar olan iddiaçının (müsabiqənin iştirakçısının) yaxın qohumu, iddiaçının (müsabiqənin iştirakçısının) asanlıqla təsir göstərə biləcəyi şəxs, o cümlədən hüquqi şəxs olan iddiaçının (müsabiqənin iştirakçısının) təsisçisi (səhmdarı, payçısı və s.) və ya onun yaxın qohumu, idarəetmə orqanlarının üzvü və ya onun yaxın qohumu, iddiaçının (müsabiqənin iştirakçısının) kreditoru və borclusu, habelə barəsində açıq müsabiqənin keçirildiyi çoxmənzilli binanın sahə mülkiyyətçisi və kirayəçisi ola bilməz. Komissiya üzvlərinin adıçəkilən şəxslər olduğu aşkar olunduqda, müsabiqənin təşkilatçısı dərhal onları komissiyanın tərkibindən çıxarmalı və bu Qaydaya uyğun olaraq digər şəxsləri təyin etməlidir.

2.4. Komissiya müsabiqədə iştirak üçün iddiaçı tərəfindən verilmiş ərizələrə, müsabiqə təkliflərinə baxır və müsabiqəni keçirir.

2.5. Komissiyanın işinə rəhbərliyi müsabiqənin təşkilatçısı tərəfindən təyin edilən komissiya sədri, o olmadıqda isə komissiyanın sədri tərəfindən təyin olunan müavin həyata keçirir.

2.6. Komissiyanın sədri komissiyanın iclasının yeri və vaxtı barədə komissiya üzvlərini məlumatlandırmalıdır.

2.7. Komissiyanın iclası onun üzvlərinin üçdə ikisi iştirak etdikdə səlahiyyətlidir. Komissiyanın hər bir üzvü bir səsə malikdir.

2.8. Komissiyanın qərarları iclasda iştirak edən üzvlərin sadə səs çoxluğu ilə qəbul olunur. Səslər bərabər olduqda, komissiya sədrinin səsi həlledici sayılır.

2.9. Komissiyanın qərarı qəbul olunduğu gün protokolla rəsmiləşdirilir və həmin protokol iclasda iştirak edən üzvlər tərəfindən imzalanır. Protokolda düzəlişlər edilməsinə yol verilmir.

2.10. Komissiyanın iclaslarında çoxmənzilli binanın sahə mülkiyyətçilərinin, kirayəçilərin, istehlakçıların ictimai birliklərinin və media subyektlərinin nümayəndələri iştirak edə bilərlər.

2.11. Müsabiqənin keçirilməsi gününə ən azı otuz gün qalmış müsabiqənin təşkilatçısı və ya onun tapşırığı ilə məsləhətçi şirkət müsabiqənin keçirilməsi haqqında elanı mediada dərc etdirir və müsabiqə təşkilatçısının rəsmi internet saytında yerləşdirir (əgər rəsmi internet saytı varsa).

2.12. Müsabiqənin keçirilməsi haqqında elanda aşağıdakılar göstərilir:

2.12.1. müsabiqənin təşkilatçısının adı, yerləşdiyi yer, poçt və elektron ünvanı (əgər varsa), əlaqə telefonları;

2.12.2. müsabiqənin keçirilməsinin əsası;

2.12.3. müsabiqənin forması, vaxtı, yeri, predmeti və keçirilmə qaydası;

2.12.4. müsabiqə sənədləri toplusunun alınması qaydası, yeri və vaxtı;

2.12.5. müsabiqədə iştirak üçün ərizənin, müsabiqə təklifinin verilməsi qaydası, yeri (ünvan, telefon nömrəsi və qəbul saatları göstərilməklə), son müddəti və əlaqəli şəxsin vəzifəsi, adı, soyadı;

2.12.6. çoxmənzilli binanın ünvanı, inşa edilmə tarixi, mərtəbələrinin və mənzillərinin sayı, yaşayış, qeyri-yaşayış və ümumi istifadədə olan sahələrin sahəsi, abadlılıq səviyyəsi, quruluşunun tipi və yerləşdiyi torpağın sahəsi daxil olmaqla, çoxmənzilli binanın ümumi əmlakının xarakteristikası;

2.12.7. çoxmənzilli binanın idarə edilməsi müqaviləsinə əsasən çoxmənzilli binanın ümumi əmlakının saxlanması və təmiri üzrə yerinə yetirilməli olan xidmət və işlərin adları (bundan sonra — xidmət və işlər);

2.12.8. yaşayış sahəsinin saxlanması və təmirinə görə haqqın miqdarı;

2.12.9. idarəedici təşkilat tərəfindən göstərilməli olan kommunal xidmətlərin siyahısı;

2.12.10. müsabiqədə iştirak haqqının məbləği.

2.13. Komissiya tərəfindən təsdiq edilən müsabiqə sənədləri toplusuna aşağıdakılar daxildir:

2.13.1. müsabiqə təkliflərinin hazırlanmasına dair təlimatlar;

2.13.2. bu Qaydanın 1.9-cu bəndində iddiaçılara dair müəyyən olunmuş tələblər;

2.13.3. müsabiqədə iştirak üçün təqdim olunan sənədlər;

2.13.4. çoxmənzilli binanın ümumi əmlakının vəziyyətinə dair akt (1 nömrəli əlavə);

2.13.5. bu Qaydanın 2.18-ci bəndinin tələblərinin yerinə yetirilməsi üçün iddiaçılar tərəfindən çoxmənzilli binanın ümumi əmlakına baxışın keçirilməsi qaydası və qrafiki;

2.13.6. çoxmənzilli binanın abadlılıq səviyyəsindən, konstruktiv və texniki parametrlərindən asılı olaraq, müsabiqənin təşkilatçısı tərəfindən həmin iş və xidmətlərin həcminə, keyfiyyətinə, dövriliyinə dair tələblər daxil olmaqla, müəyyən olunan xidmət və işlərin siyahısı. Bu zaman hər bir xidmət və işin dəyəri ayrıca göstərilə bilər;

2.13.7. müsabiqə qalibinin çoxmənzilli binanın idarə edilməsi müqaviləsini bağlamalı olduğu və müqavilənin yerinə yetirilməsi təminatını təqdim etməli olduğu müddət və təminatın məbləği. Çoxmənzilli binanın idarə edilməsi müqaviləsinin yerinə yetirilməsi təminatının məbləği bir il ərzində çoxmənzilli binanın ümumi əmlakının saxlanması üzrə xərclərin miqdarının 5 faizindən çox olmamalıdır;

2.13.8. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 142-ci maddəsinə uyğun olaraq hazırlanmış çoxmənzilli binanın idarə edilməsi müqaviləsinin layihəsi.

2.14. Təsdiq edildikdən və müsabiqənin keçirilməsi haqqında elan mediada dərc edildikdən və müsabiqə təşkilatçısının rəsmi internet saytında yerləşdirildikdən (əgər rəsmi internet saytı varsa) sonra müsabiqə sənədləri toplusuna hər hansı əlavə və ya dəyişiklik edilməsinə yol verilmir.

2.15. Bu Qaydanın 2.11-ci bəndinə uyğun olaraq müsabiqənin keçirilməsi haqqında elan mediada dərc edilməmişdən və müsabiqə təşkilatçısının rəsmi internet saytında (əgər rəsmi internet saytı varsa) yerləşdirilməmişdən əvvəl müsabiqə sənədləri toplusunun təqdim edilməsinə yol verilmir.

2.16. Müsabiqənin təşkilatçısı müsabiqədə iştirak etmək istəyən hüquqi şəxsin və ya fərdi sahibkarın yazılı formada müraciətinə əsasən onun qəbul olunduğu gündən iki iş günü ərzində həmin şəxsə müsabiqənin keçirilməsi haqqında elanda göstərilmiş qaydada müsabiqə sənədləri toplusunu təqdim etməlidir.

2.17. İddiaçı müsabiqə sənədləri toplusunun müddəalarının izah edilməsi üçün müsabiqənin təşkilatçısına yazılı sorğu verə bilər. Müsabiqənin təşkilatçısı sorğunun qəbul olunduğu gündən iki iş günü ərzində izahı yazılı formada sorğuverənə göndərir, bu şərtlə ki, həmin sorğu müsabiqədə iştirak üçün ərizənin verilməsi müddətinin bitməsinə ən azı iki iş günü qalanadək daxil olsun.

2.18. Müsabiqənin təşkilatçısı və ya onun tapşırığı ilə məsləhətçi şirkət müsabiqənin keçirilməsi haqqında elanda göstərilmiş qaydada və vaxtda iddiaçılar tərəfindən çoxmənzilli binanın ümumi əmlakına baxış keçirilməsini təşkil edir.

3.1. İddiaçı müsabiqənin təşkilatçısına aşağıdakı sənədləri təqdim edir:

3.1.1. müsabiqədə iştirak üçün ərizə (2 nömrəli əlavə);

3.1.2. müsabiqədə iştirak haqqının ödənilməsini təsdiq edən bank sənədi. Müsabiqədə iştirak haqqının miqdarı çoxmənzilli binanın ümumi əmlakının saxlanması üzrə xərclərin bir aylıq miqdarının 1,5 faizindən çox olmamalıdır;

3.1.3. müsabiqə təklifi;

3.1.4. iddiaçının bu Qaydanın 1.9-cu bəndində göstərilmiş tələblərə uyğunluğunu təsdiq edən sənədlərin əsilləri və ya onların müəyyən olunmuş qaydada təsdiq edilmiş surətləri.

3.2. Müsabiqənin təşkilatçısı bu Qaydanın 3.1-ci bəndində nəzərdə tutulmayan sənədləri iddiaçıdan tələb edə bilməz.

3.3. Bu Qaydanın 3.1-ci bəndində nəzərdə tutulmuş sənədlər (müsabiqə təklifi istisna olmaqla) müsabiqənin təşkilatçısına müsabiqə təklifləri olan zərflərin açılmasına ən azı beş iş günü qalanadək təqdim olunmalıdır. Müsabiqənin təşkilatçısı bu sənədlərin hər hansı birinin və ya bir neçəsinin çatışmadığı, yaxud bu sənədlərin hər hansı birində və ya bir neçəsində dəyişikliyə ehtiyac olduğu qənaətinə gələrsə, sənədlər təqdim olunduqdan ən çoxu iki iş günü sonra çatışmayan sənədi hazırlamağı, yaxud bu sənədlərdə müvafiq dəyişiklik aparmağı iddiaçıya təklif etməlidir. Bu halda sənədlər iddiaçı tərəfindən tam şəkildə və müvafiq düzəlişlərlə müsabiqə təklifləri olan zərflərin açılmasına ən azı iki iş günü qalanadək müsabiqənin təşkilatçısına təqdim olunur.

3.4. İddiaçı öz müsabiqə təklifini müsabiqə sənədləri toplusunda göstərilmiş təlimatlara uyğun hazırlayaraq, müsabiqə təklifləri olan zərflərin açılmasına ən azı bir iş günü qalanadək müsabiqənin təşkilatçısına komissiya üzvlərinin sayına uyğun nüsxələrdə təqdim etməlidir. Bu müddətdən gec təqdim olunmuş müsabiqə təklifi qəbul edilmir. İddiaçı yalnız bir müsabiqə təklifi təqdim edə bilər.

3.5. Bu Qaydanın 3.1-ci bəndində nəzərdə tutulmuş sənədlər düzgün tərtib olunub vaxtında təqdim edildiyi təqdirdə, müsabiqənin təşkilatçısı iddiaçıları müsabiqənin iştirakçısı kimi qeydiyyata alır. Qeydiyyata alındıqdan sonra ərizəyə və müsabiqə təklifinə hər hansı əlavə və ya dəyişiklik edilməsinə yol verilmir.

3.6. Müsabiqə təklifləri şəffaf olmayan zərfə qoyulur və möhürlənir. Zərflərin üzərində fərqləndirici nişanlar, qeydlər və iddiaçı haqqında məlumatlar olmamalıdır.

3.7. İddiaçı müsabiqə təklifləri olan zərflərin açılmasına başlanmazdan bir gün əvvələ qədər istənilən vaxt öz ərizəsini geri götürə bilər. Müsabiqənin təşkilatçısı müsabiqədə iştirak üçün ödənilmiş haqqı ərizənin geri götürülməsi haqqında bildirişi aldıqdan sonra beş iş günü ərzində iddiaçıya qaytarır.

3.8. Müsabiqə təklifləri olan zərflərin açılmasına başlanmazdan bir gün əvvələdək müsabiqədə iştirak üçün heç bir ərizə verilməmişdirsə, müsabiqə baş tutmamış hesab olunur və müsabiqənin təşkilatçısı iki ay ərzində yeni müsabiqə keçirir, bu şərtlə ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 141.3-cü maddəsinə uyğun olaraq həmin müddət ərzində idarəetmə üsulunun seçilməsi barədə qərar qəbul edilməsin. Bu zaman müsabiqənin təşkilatçısı müsabiqənin şərtlərində dəyişiklik edə bilər.

4.1. Komissiya tərəfindən müsabiqə təkliflərinə baxılması, onların qiymətləndirilməsi, habelə müsabiqə qalibinin müəyyənləşdirilməsi müsabiqə iştirakçılarının və ya onların səlahiyyətli nümayəndələrinin iştirakı ilə açıq həyata keçirilir.

4.2. İçərisində müsabiqə təkliflərinin olduğu zərflər şəffaf olmayan qutuda olmalıdır.

4.3. Komissiyanın sədri qutuda olan zərflərdən hər hansı birini çıxarıb, onun içərisindən müsabiqə təkliflərinin nüsxələrini komissiyanın hər bir üzvünə paylayır. Bu prosedur eyni qaydada müsabiqənin digər iştirakçıları üçün keçirilir. Müsabiqə təkliflərinin nüsxələri arasında uyğunsuzluq olduqda, həmin müsabiqə təklifi müsabiqədən kənarlaşdırılır və bu barədə müsabiqənin nəticələri haqqında müsabiqə komissiyasının protokolunda müvafiq qeydlər edilir.

4.4. Müsabiqə təklifləri komissiyanın üzvləri tərəfindən qiymətləndirilir və digər təkliflərlə müqayisə edilir. Bu zaman müsabiqə iştirakçılarının təklif etdiyi iş və xidmətlərin keyfiyyətinə, dövriliyinə və həcminə dair tələblər, o cümlədən müsabiqə iştirakçılarının müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlılığının olması meyarları nəzərə alınır.

4.5. Bir il ərzində çoxmənzilli binanın ümumi əmlakının saxlanması və təmirinə görə müsabiqənin təşkilatçısının müsabiqə sənədləri toplusunda göstərdiyi xidmət və işlərin dəyərinə uyğun olaraq bu Qaydanın 4.4-cü bəndində göstərilmiş tələblərə (meyarlara) cavab verən ən sərfəli təklif təqdim edən müsabiqə iştirakçısı müsabiqənin qalibi elan edilir.

4.6. Müsabiqənin qalibinin müəyyən olunması üzrə komissiyanın iclasının nəticələri bu Qaydanın 3 nömrəli əlavəsində göstərilmiş formada protokolla rəsmiləşdirilir. Protokol komissiya üzvləri tərəfindən imzalanır və sədr tərəfindən təsdiq edilir.

4.7. Müsabiqənin qalibi elan edildikdən on gün müddətində müsabiqənin təşkilatçısı çoxmənzilli binanın bütün sahə mülkiyyətçilərini və kirayəçilərini açıq müsabiqənin nəticələri və həmin binanın idarə edilməsi müqaviləsinin şərtləri barədə məlumatlandırır. Çoxmənzilli binanın sahə mülkiyyətçiləri və kirayəçilər bu Qaydaya uyğun olaraq keçirilmiş açıq müsabiqənin nəticələri əsasında seçilmiş idarəedici təşkilatla Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilmiş qaydada həmin binanın idarə edilməsi barədə müqavilə bağlamağa borcludur.

4.8. Müsabiqənin qalibi qalib elan edildikdən sonra on gün müddətində imzalanmış çoxmənzilli binanın idarə edilməsi müqaviləsini, həmçinin müqavilə üzrə öhdəliklərinin yerinə yetirilməsi təminatını müsabiqənin təşkilatçısına təqdim etməlidir.

4.9. Müsabiqənin keçirilməsi qaydalarının pozulması və ya tərəflərdən birinin müqavilənin bağlanılmasından imtina etməsi, habelə müsabiqə qalibinin müqavilə üzrə öhdəliklərinin yerinə yetirilməsi üzrə təminatı təqdim etməməsinin nəticələri müvafiq qanunvericiliklə tənzimlənir.

4.10. Müsabiqənin nəticələrindən razı qalmayan müsabiqə iştirakçısı qanunvericiliklə müəyyən edilmiş qaydada məhkəməyə müraciət edə bilər.

Sədr ___________________

"____"________________ il

_______________________________________

1. Çoxmənzilli binanın ünvanı ______________________________________________

2. Quruluş tipi _____________________________________________________________

3. İnşa edilmə tarixi _______________________________________________________

4. Texniki uçot məlumatlarına əsasən aşınma dərəcəsi ________________________

5. Faktiki aşınma dərəcəsi __________________________________________________

6. Sonuncu dəfə əsaslı təmir edilmə tarixi ____________________________________

7. Çoxmənzilli binanın qəza vəziyyətində olan hesab edilməsini və ya sökülməli olduğunu təsdiq edən sənədin rekvizitləri (əgər belə bir hal mövcuddursa) _______________________________________________________________________

__________________________________________________________________________

8. Mərtəbələrin sayı _________________

9. Zirzəminin, kürsülük mərtəbənin, mansardaların və yarımmərtəbələrin mövcudluğu barədə məlumat _________________________________________________

__________________________________________________________________________

10. Mənzillərin sayı _____________

11. Çoxmənzilli binanın:

yaşayış və qeyri-yaşayış sahələrinin ümumi sahəsi _____________________

yaşayış sahələrinin sahəsi (mənzillərin ümumi sahəsi) _________________

qeyri-yaşayış sahələrinin (o cümlədən mənzillərarası pilləkən meydançaları, pilləkənlər, liftlər, lift şaxtası və ya digər şaxtalar, dəhlizlər, texniki mərtəbələr, çardaqlar, mühəndis qurğuları olan zirzəmilər, həmin binada birdən artıq sahəyə xidmət edən texniki zirzəmi, habelə binanın daşıyıcı və daşıyıcı olmayan konstruksiyalarını ayıran dam örtükləri) sahəsi __________________________________________

12. Binadakı sahələrin daxilində və onların hüdudlarından kənarda yerləşən və birdən artıq sahəyə xidmət edən mexaniki, elektrik, sanitar-texniki və digər avadanlıqlar haqqında məlumat ____________________________________________

13. Yaşıllaşdırma və abadlaşdırma elementləri də daxil olmaqla, binanın yerləşdiyi torpağın sahəsi ________________________________________________

14. Binanın yerləşdiyi torpaq sahəsində binaya xidmət etmək, onun istismarı və abadlaşdırılması üçün nəzərdə tutulmuş digər obyektlər haqqında məlumat (onların sahəsi, təyinatı və vəziyyəti göstərilməklə) _________________________

__________________________________________________________________________

15. Çoxmənzilli binanın hüdudları daxilində yerləşən və binanın ümumi əmlakının tərkibinə daxil olmayan qeyri-yaşayış sahələrinin sayı və sahəsi __________________________________________________________________________

Komissiyanın üzvləri:

____________________________________________________

____________________________________________________

____________________________________________________

* Bünövrə, daxili və xarici əsas divarlar, arakəsmələr, mərtəbələrarası, zirzəmi və dam örtükləri, dam, döşəmələr, qapı və pəncərə yerləri, daxili və xarici işlənmələr, mexaniki, elektrik, sanitar-texniki və digər avadanlıqlar, kommunal xidmətlər üçün nəzərdə tutulmuş binadaxili mühəndis qurğuları və avadanlıqları, artırmalar və s.

1. Hüquqi şəxsin adı və ya fərdi sahibkarın soyadı, adı, atasının adı __________

__________________________________________________________________________

2. Hüquqi şəxsin və ya fərdi sahibkarın ünvanı ________________________________

__________________________________________________________________________

3. VÖEN ________________________________________________________________

4. Hüquqi şəxsin rəhbərinin və ya onun səlahiyyətli nümayəndəsinin soyadı, adı, atasının adı _____________________________________________________________

5. Hüquqi şəxsin rəhbərinin və ya onun səlahiyyətli nümayəndəsinin, yaxud fərdi sahibkarın şəxsiyyət vəsiqəsinin seriyası, nömrəsi, vəsiqəni vermiş orqanın adı və verilmə tarixi _____________________________________________________

6. Hüquqi şəxsin və ya fərdi sahibkarın əlaqə telefonları ______________________

Xahiş edirəm məni/ _______________________________________________________

__________________________________________________________________________

(hüquqi şəxsin adı) (çoxmənzilli binanın (çoxmənzilli binaların) ünvanı)

___________ ünvanında yerləşən çoxmənzilli binanın (çoxmənzilli binaların)

idarəedici təşkilatının seçilməsi üzrə keçirilən açıq müsabiqənin iştirakçısı kimi qeydiyyata alasınız.

Ərizəyə aşağıdakı sənədləri əlavə edirəm.

İmza ___________________________

Tarix ______________________________

* "Çoxmənzilli binanın idarəedici təşkilatının seçilməsi üzrə açıq müsabiqə keçirilməsi Qaydası"nın 3.1.2-ci və 3.1.4-cü bəndlərində nəzərdə tutulmuş sənədlər.

____________________ şəhəri (rayonu) "____" _____________________ il

1. Çoxmənzilli binanın (çoxmənzilli binaların) ünvanı _______________________

________________________________________________________________________

2. Müsabiqə komissiyasının yaradılması haqqında qərarın tarixi və nömrəsi ____

________________________________________________________________________

3. Müsabiqənin keçirilməsi haqqında elanın dərc edildiyi media subyektinin adı və elanın dərc edilmə tarixi ______________________________

4. Müsabiqədə iştirak haqqının məbləği _________________________________ manat

5. Müsabiqənin iştirakçısı kimi qeydiyyata alınmış şəxslər:

1. _______________________________________________________________________

2. _______________________________________________________________________

3. _______________________________________________________________________

(hüquqi şəxsin adı və ya fərdi sahibkarın soyadı, adı, atasının adı)

6. Müsabiqə təklifləri olan zərflərin açılış vaxtı ___________________________

(tarixi və saatı göstərilməklə)

Müsabiqə təklifləri olan zərflərin açılış vaxtı dəyişdirilibsə, əsası göstərilməklə təyin olunmuş yeni vaxt ______________________________________

(tarixi və saatı göstərilməklə)

7. Müsabiqə təklifləri olan zərflərin açılışında iştirak etmiş müsabiqə iştirakçıları:

1. ________________________________________________________________________

2. ________________________________________________________________________

3. ________________________________________________________________________

(hüquqi şəxsin adı və ya fərdi sahibkarın soyadı, adı, atasının adı)

8. Müsabiqə təkliflərinin müqayisəsi və qiymətləndirilməsinin nəticələri:

9. Müsabiqənin qalibi elan olunmuş müsabiqə iştirakçısı _____________________

10. Müsabiqənin qalibi elan olunmuş müsabiqə iştirakçısının çoxmənzilli binanın ümumi əmlakının saxlanması və təmiri üzrə təklif etdiyi iş və xidmətlər:

1. _______________________________________________________________________

2. _______________________________________________________________________

3. _______________________________________________________________________

(iş və xidmətlərin adları)

Müsabiqə komissiyasının üzvləri:

____________________________________________________

____________________________________________________

____________________________________________________

Müsabiqə komissiyasının sədri:

____________________________________________________

Müsabiqə komissiyasının qərarı ilə razılaşmayan müsabiqə komissiyası üzvlərinin xüsusi rəyləri:

__________________________________________________________________________

__________________________________________________________________________

__________________________________________________________________________

__________________________________________________________________________

1. 28 mart 2019-cu il tarixli 128 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 30 mart 2019-cu il, № 67, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 3, maddə 561)

2. 4 avqust 2023-cü il tarixli 266 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 5 avqust 2023-cü il, “Xalq” qəzeti, 6 avqust 2023-cü il, № 165, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il, № 8, II kitab, maddə 1249)

3. 26 fevral 2024-cü il tarixli 105 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 27 fevral 2024-cü il, “Xalq” qəzeti, 1 mart 2024-cü il, № 47, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024-cü il, № 2, maddə 237)

4. 2 aprel 2024-cü il tarixli 187 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 3 aprel 2024-cü il, “Xalq” qəzeti, 6 aprel 2024-cü il, № 71, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024-cü il, № 4, maddə 440)

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver