17.1. Azərbaycan Respublikasında yetişdirilən Qarabağ və Dilbaz at cinsləri, Azərbaycan qonuru və Qırmızı Qazax qaramal cinsləri, Azərbaycan camışı, Azərbaycan zebusu, Qarabağ, Qaradolaq, Qala, Azərbaycan dağ merinosu, Balbas və Bozax qoyun cinsləri, Azərbaycan dəvəsi, Azərbaycan ovçarkası (qoyun iti), Qabaqtəpə arıları, cins kimi formalaşmaqda olan Quba yorğası, Şirvan və Kiçik Qafqaz atları, Gödək, Şirvan, Ləzgi, Herik və Caro qoyunları, yerli keçilər, ev quşları, Lənkəran boz arı populyasiyası, habelə dünyada geniş yayılmış heyvan cinslərinin yerli tipləri, Azad Azərbaycan, Şəki-1 və Şəki-2 tut ipəkqurdu cinsləri və digər zooloji qruplar yerli heyvan genofondunun nümunələri kimi tanınır.
17.2. Azərbaycan Respublikasında yeni yaradılan heyvan cinsləri və digər zooloji qruplar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada seleksiya nailiyyəti kimi qanunvericiliyə uyğun olaraq qeydə alınır və patentləşdirilir. Bu qrup heyvanların sınağının aparılması qaydaları, seleksiya nailiyyətinə olan tələblər və digər şərtlər müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
17.3. Yeni heyvan cinsləri və zooloji qruplar rayonlaşdırılır, dövlət damazlıq reyestrinə daxil edilir və onların ayrılıqda uçotu aparılır.
17.4. Azərbaycan Respublikasında yetişdirilən heyvan cinslərinin və dünyada geniş yayılmış cinslərin yerli tiplərinin damazlıq özəklərinə mənsub olan nümunələri qanunvericiliyə uyğun olaraq dövlət tərəfindən qorunur. Bu heyvanların səbəbsiz ölümündə və qeyri-qanuni formada çıxdaş edilməsində təqsirli olan şəxslər Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.