Qanunvericilik › “Daşınar əmlakın rəsmi reyestrləri, onların tərtib edilməsi və aparılması Qaydaları”nın təsdiq edilməsi barədə (Prezidentin fərmanı, 11.04.2007) › Tam mətn

“Daşınar əmlakın rəsmi reyestrləri, onların tərtib edilməsi və aparılması Qaydaları”nın təsdiq edilməsi barədə (Prezidentin fərmanı, 11.04.2007)

“Daşınar əmlakın rəsmi reyestrləri, onların tərtib edilməsi və aparılması Qaydaları”nın təsdiq edilməsi barədə (Prezidentin fərmanı, 11.04.2007) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Daşınar əmlakın rəsmi reyestrlərinin tərtib edilməsinin və aparılmasının vahid hüquqi bazasını formalaşdırmaq məqsədilə qərara alıram:

1. “Daşınar əmlakın rəsmi reyestrləri, onların tərtib edilməsi və aparılması Qaydaları” (Əlavə 1) təsdiq edilsin (əlavə olunur).

2. “Daşınar əmlakın rəsmi reyestrlərində qeydiyyata alınan əmlak növlərinin və onların qeydiyyatını aparan inzibati orqanların Siyahısı” (Əlavə 2) təsdiq edilsin (əlavə olunur).

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.

4. Bu Fərman dərc olunduğu gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 11 aprel 2007-ci il

1.1. Bu Qaydalar Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, "İpoteka haqqında" Azərbaycan Respublikasının Qanununa və digər qanunvericilik aktlarına uyğun olaraq hazırlanmışdır və Azərbaycan Respublikasının ərazisində mülkiyyət formasından asılı olmayaraq daşınar əmlakın rəsmi reyestrlərinin (bundan sonra - reyestrlər) tərkibini, onların tərtib edilməsi və aparılmasının ümumi qaydalarını müəyyən edir.

1.2. Reyestrlərin tərtib edilməsi və aparılması hər bir növ daşınar əmlak, onun əmələ gəlməsi (istehsalı), həmin əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi, məhdudlaşdırılması (yüklənməsi), başqasına keçməsi və bu hüquqlara xitam verilməsi barəsində məlumatların reyestrlərə daxil edilməsindən, bu məlumatların təzələnməsindən və ya silinməsindən ibarətdir.

Reyestrlərdə olan məlumat, həmin məlumatın aid olduğu əmlak məhv edildikdə və ya daimi olaraq Azərbaycan Respublikasından kənara çıxarılması ilə bağlı özgəninkiləşdirildikdə silinir.

1.3. Reyestrlər Azərbaycan Respublikasının dövlət dilində aparılır.

1.4. Qanunvericiliklə müvafiq reyestrlərin aparılmasının xüsusi qaydasını tənzimləyən müddəalar nəzərdə tutula bilər.

1.5. Reyestrlər kağız və elektron daşıyıcıları üzərində aparılır. Reyestrlərin kağız üzərində və elektron daşıyıcısındakı yazılar bir-birinə uyğun gəlmədikdə, kağız üzərindəki məlumata üstünlük verilir. Reyestrdəki yazılarla hüquqların qeydiyyatı üçün əsas olan sənədlər arasında uyğunsuzluq olduqda sənədlərə üstünlük verilir.

1.6. Reyestr kitabı möhkəm üz səhifəsi ilə əhatələnmiş (tikilmiş) vərəqlərdən ibarət olan (vərəqlərinin yalnız cırmaq və ya kəsmək yolu ilə çıxarılması mümkün olan) cildlərdən təşkil edilir. Reyestr kitabının hər bir cildinin üzərinə həmin cildə daxil olan ilk və sonuncu bölmələrin və vərəqlərin nömrələri əks etdirilir. Hər bir cildə daxil olan bölmələrin və vərəqlərin sayı özlərindən əvvəl gələn cildə daxil olan bölmələrin və vərəqlərin sayını davam etdirir.

1.7. Reyestr elektron daşıyıcılar üzərində "Elektron imza və elektron sənəd haqqında" Azərbaycan Respublikası Qanununun və digər qanunvericilik aktlarının müddəalarına uyğun olaraq aparılır. Bu zaman aşağıdakı tələblərə riayət olunmalıdır:

1.7.1. məlumatların işlənməsinin lazımi qaydasının gözlənilməsi, xüsusilə məlumatların itirilməsinin qarşısının alınması, məlumatların qanunsuz əldə edilməsinin istisna edilməsi üçün etibarlı müdafiə sisteminin yaradılması üzrə tədbirlər görülməsi;

1.7.2. məlumatların məlumat bazasına operativ daxil edilməsi, orada dəyişilməz və aydın şəkildə oxunaqlı vəziyyətdə saxlanılması;

1.7.3. məlumatların daxil edilməsinin, dəyişdirilməsinin və silinməsinin sübut olunması mümkünlüyünün təmin edilməsi.

1.8. Reyestrin elektron daşıyıcılar üzərində aparılması, həmçinin eyni qaydada daşınar əmlak, həmin əmlaka olan hüquqlar və bu hüquqların sahibləri, məhdudlaşdırmalar və s. göstəricilər üzrə müvafiq siyahıların tərtib edilməsi və işlək vəziyyətdə saxlanılmasını nəzərdə tutur.

2.1. Reyestrlərdə hər bir daşınar əmlaka dair məlumat bölməsi tərtib edilir. Bölmələr ərəb rəqəmləri ilə nömrələnir. Hər bir bölmədə aşağıdakı məlumatlar qeydə alınmalıdır:

2.1.1. daşınar əmlakın adı, növü və onun (tərkib hissələrinin) fərdi nömrəsi (nömrələri);

2.1.2. daşınar əmlakın mülkiyyətçisi və onun üzərində digər əşya hüquqlarına malik olan şəxslər barədə məlumat;

2.1.3. daşınar əmlaka mülkiyyət hüququnu və digər əşya hüquqlarını təsdiq edən sənədlər barədə məlumat (sənədlərin rekvizitləri göstərilməklə);

2.1.4. daşınar əmlak üzərində hüquqların məhdudlaşdırılmasını, başqasına keçməsini və bu hüquqlara xitam verilməsini təsdiq edən sənədlər barədə məlumat (sənədlərin rekvizitləri göstərilməklə).

2.2. Daşınar əmlakın reyestrlərdə qeydiyyatı aşağıdakı sənədlər əsasında aparılır:

2.2.1. daşınar əmlak barəsində qanunvericiliklə müəyyən edilmiş qaydada bağlanılmış əqdlər;

2.2.2. qanuni qüvvəyə minmiş məhkəmə qərarları;

2.2.3. qanunvericiliklə nəzərdə tutulmuş digər əsaslar.

2.3. Daşınar əmlak üzərində hüquqların qeydiyyatı həmin əmlakın mülkiyyətçiləri və ya onun üzərində digər əşya hüquqlarına malik olan şəxslər tərəfindən verilmiş ərizə əsasında aparılır.

Ərizədə onu təqdim edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir.

Hüquq əldə edənin adından başqa şəxs ərizəni verirsə, müvafiq etibarnamə notariat qaydasında təsdiqlənməlidir. Hüquqi şəxsin ərizəsi və onu təqdim edən nümayəndəsinə verilmiş etibarnamə həmin hüquqi şəxsin möhürü ilə təsdiqlənməlidir. Ərizəni verən şəxslər öz şəxsiyyətini təsdiq edən sənəd təqdim etməlidirlər.

Ərizənin forması və ərizəyə əlavə edilməli olan sənədlərin siyahısı bu Qaydalara və digər qanunvericilik aktlarına uyğun olaraq reyestrləri aparan inzibati orqanlar tərəfindən müəyyən olunur.

2.3-1. Daşınar əmlakın reyestrlərdə qeydiyyatı üçün tələb olunan sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət qurumundan əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar ərizəçidən tələb edilmir. Belə sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət qurumundan tələb olunur və ya ərizəçi tərəfindən təmin edilir.

2.4. Ərizə daşınar əmlak əmələ gəldikdən (istehsal edildikdən), onun barəsində əqd bağlanıldıqdan və ya onun üzərində hüquqlar məhdudlaşdırıldıqdan sonra qanunla başqa müddət nəzərdə tutulmamışdırsa, 5 (beş) iş günü müddətində verilir.

2.5. Hüquqların qeydiyyatı ərizələrin qəbul edilmə ardıcıllığı ilə aparılır.

2.6. Ərizə jurnalı (ərizələrin qeydiyyat kitabı) və hüquqların qeydiyyatı üçün əsas olan sənədlər daxil edilən qovluqlar reyestrin ayrılmaz tərkib hissəsidir.

2.7. Ərizə jurnalında aşağıdakılar barədə məlumat göstərilir:

2.7.1. ərizəçilər, xahişin məzmunu, daşınar əmlaka dair sənədlər, hüquq sahibləri;

2.7.2. hüquqların qeydiyyatı haqqında verilmiş müvafiq sənədlər;

2.7.3. reyestrdən bu Qaydaların 3.1-ci və 3.2-ci bəndlərinə müvafiq olaraq verilmiş məlumatlar və onları almış şəxslər.

2.8. Ərizə və ona əlavə olunmuş sənədlərdə çatışmazlıqlar aşkar edilmədikdə, 5 (beş) iş günü müddətində reyestrlərdə müvafiq qeydiyyat aparılaraq, ərizəçiyə daşınar əmlakın reyestrdə qeydiyyata alınması barədə qanunvericiliklə müəyyən edilmiş formada müvafiq sənəd verilir. Müstəsna hallarda əlavə araşdırma zərurəti yarandıqda, bu müddət 15 (on beş) iş gününədək artırıla bilər.

2.9. Təqdim edilmiş sənədlərdə daşınar əmlakın qeydiyyata alınması üçün imtinaya səbəb olmayan çatışmazlıqlar (bu Qaydaların 2.3-1-ci bəndinin müddəaları nəzərə alınmaqla) aşkar edildikdə, həmin sənədlər ərizəçiyə qaytarılır və çatışmazlıqların aradan qaldırılması üçün əlavə olaraq 5 (beş) iş günü müddəti təyin edilir. İmtinaya səbəb olmayan bütün çatışmazlıqlar eyni vaxtda aşkar edilməli və aradan qaldırılması üçün ərizəçiyə rəsmi qaydada bildirilməlidir.

2.10. İmtinaya səbəb olmayan bütün çatışmazlıqlar aradan qaldırılıb sənədlər yenidən təqdim edildikdən sonra 5 (beş) iş günü müddətində reyestrlərdə müvafiq qeydiyyat aparılaraq ərizəçiyə daşınar əmlakın reyestrdə qeydiyyata alınması barədə qanunvericiliklə müəyyən edilmiş formada müvafiq sənəd verilir.

2.11. Hüquqların qeydiyyata alınmasından aşağıdakı hallarda imtina edilə bilər:

2.11.1. qeydiyyat barədə müraciət olunan hüquq qanunvericiliyə əsasən qeydiyyata alınmalı deyildirsə;

2.11.2. hüquqların qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə;

2.11.3. hüquqların qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə;

2.11.4. daşınar əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda;

2.11.5. qanunvericiliklə nəzərdə tutulan digər hallarda.

2.12. Əmlakın qeydiyyata alınması üçün imtinaya səbəb olan çatışmazlıqlar müəyyən edildikdə, bu barədə ərizəçiyə 5 (beş) iş günü müddətində yazılı məlumat verilir. Müstəsna hallarda əlavə araşdırma zərurəti yarandıqda, bu müddət 15 (on beş) iş gününədək artırıla bilər.

2.13. Qanuni qüvvəyə minmiş məhkəmə qərarı əsasında daşınar əmlak üzərində hüquqların qeydiyyatı müvafiq qanunvericiliklə müəyyən edilmiş müddətdə həyata keçirilir.

2.14. Daşınar əmlakın ipotekasının dövlət qeydiyyatı "İpoteka haqqında" Azərbaycan Respublikası Qanununa müvafiq qaydada həyata keçirilir.

3.1. Reyestrlərdən məlumat almaq üçün hüquqi və fiziki şəxslər ərizə ilə müvafiq reyestri aparan inzibati orqanlara müraciət edirlər. Müraciətə fiziki şəxslər - şəxsiyyəti təsdiq edən sənədin surətini, hüquqi şəxslər - hüquqi şəxsin dövlət qeydiyyatına alınmasını qanunvericiliyə uyğun olaraq təsdiq edən sənədin surətini və ərizə nümayəndə tərəfindən verilirsə, nümayəndənin səlahiyyətlərini təsdiq edən etibarnaməni əlavə edirlər.

3.1-1. Reyestrlərdən məlumat almaq üçün tələb olunan sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət qurumundan əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar ərizəçidən tələb edilmir. Belə sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət qurumundan tələb olunur və ya ərizəçi tərəfindən təmin edilir.

3.2. Reyestrlərdən məlumat (və ya məlumatın verilməsindən imtina barədə qərar) ərizə qeydiyyata alındığı tarixdən 3 (üç) iş günü müddətində verilir. Reyestrlərdən məlumat reyestrləri aparan inzibati orqanlar tərəfindən müəyyən edilmiş formada, sənədin nömrəsi və tarixi göstərilməklə, həmin orqanın vəzifəli şəxsi tərəfindən imzalanır və möhürlə təsdiq edilərək verilir.

3.3. Reyestrlərdən məlumat və ya məlumatın verilməsindən imtina barədə qərar ərizəçiyə bilavasitə təqdim edilir və ya poçt vasitəsilə göndərilir.

3.4. Məlumatın verilməsindən aşağıdakı hallarda imtina edilir:

3.4.1. ərizəçini maraqlandıran məlumat dövlət sirrini təşkil etdikdə;

3.4.2. müəyyən edilmiş qaydada tələb olunan sənədlər təqdim edilmədikdə (bu Qaydaların 3.1-1-ci bəndinin müddəaları nəzərə alınmaqla).

3.5. Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi reyestrlərin elektron məlumatlarından real vaxt rejimində istifadə edir.

4.1. Reyestri aparan inzibati orqan reyestrə daxil edilmiş məlumatlarda maraqlı şəxslərin hüquqlarına və mənafelərinə təsir etməyən və mühüm nəticələrə səbəb olmayan dəyişikliklər və qeydiyyat zamanı buraxılan texniki səhvləri, onları aşkar etdiyi və ya bu barədə maraqlı şəxslərdən ərizə aldığı gündən üç gün müddətində aradan qaldırır.

Hüquqların qeydiyyatı zamanı yaranan münasibətlərin maraqlı iştirakçılarına səhvlərin aradan qaldırılması barədə 48 saat müddətində yazılı məlumat verilməlidir.

4.2. Hüquqların qeydiyyatı zamanı buraxılan texniki səhvlərin düzəlişi və dəyişikliklər hüquq sahiblərinə və ya üçüncü şəxslərə ziyan vurmayacağı və ya onların qanuni mənafelərini pozmayacağını güman etməyə əsas olduğu halda aparılır. Hüquq sahibi və ya üçüncü şəxs etiraz edirsə, belə düzəlişlər məhkəmənin qərarı əsasında aparılır.

5.1. Hər bir qeydiyyata alınmış daşınar əmlaka aid sənədlər həmin əmlakı qeydiyyata almış inzibati orqanlarda qanunvericiliklə müəyyən edilmiş müddət ərzində saxlanılır. Həmin inzibati orqanlar sənədlərin salamat saxlanmasına görə məsuliyyət daşıyırlar.

5.2. Daşınar əmlakın qeydiyyatını aparan inzibati orqanların vəzifəli şəxsləri qeydiyyat qaydalarını pozduqda qanunvericiliyə uyğun məsuliyyət daşıyırlar.

5.3. Ərizəçilər təqdim etdikləri sənədlərin və onlarda göstərilən məlumatların düzgünlüyünə görə qanunvericiliyə uyğun məsuliyyət daşıyırlar.

5.4. Daşınar əmlakın qeydiyyatını aparan inzibati orqanların qəbul etdiyi qərarlardan və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) inzibati qaydada və məhkəməyə şikayət verilə bilər.

Xidməti və mülki silah

Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi

Hüquqi və fiziki şəxslərə məxsus olan (Azərbaycan Respublikası Silahlı Qüvvələrindən və digər birləşmələrdən başqa) və mühərrikinin işçi həcmi 50 kubsantimetr və daha çox, yaxud konstruktiv maksimal surəti saatda 50 kilometrdən artıq olan bütün tipli, markalı, modelli mexaniki nəqliyyat vasitələri, onların qoşquları və yarımqoşquları, habelə mopedlər

Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi

Tramvaylar və trolleybuslar

Şəhər və rayon (şəhər rayonları istisna olmaqla) icra hakimiyyəti orqanları

Traktorlar, həmçinin meşə və kənd təsərrüfatında istifadə edilən, siyahısı Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilən mexaniki nəqliyyat vasitələri

Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi

Texnoloji nəqliyyat vasitələri, habelə “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinin II hissəsinin 1-ci və 3-cü bəndlərində göstərilən nəqliyyat vasitələri istisna olmaqla, siyahısı Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilən digər mexaniki nəqliyyat vasitələri

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi

Hüquqi və fiziki şəxslərin yarış məqsədli nəqliyyat vasitələri

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin və digər birləşmələrin mexaniki nəqliyyat vasitələri

Azərbaycan Respublikasının Müdafiə Nazirliyi

Azərbaycan Respublikasının Dövlət bayrağı altında üzən gəmilər (kiçik həcmli gəmilər istisna olmaqla)

Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi

Dəmiryol nəqliyyatı vasitələri

Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi

Mülki aviasiya hava gəmiləri

Dövlət Mülki Aviasiya Agentliyi qismində Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi

Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi

Azərbaycan Respublikasının ərazisində kütləvi nümayiş (kinozal, videozal, video yayımı məntəqələri, yayım və retranslyasiya xidmətləri) üçün nəzərdə tutulmuş bütün filmlər

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi

Kitabxanalarda olan nadir və qiymətli nəşrlər, xüsusi kolleksiyalar

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi

Mülkiyyət formasından və mühafizə yerindən asılı olmayaraq, milli arxiv fondunun sənədləri

Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi

Daşınar tarix və mədəniyyət abidələri

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi (tabeliyindəki dövlət qoruqlarına münasibətdə), Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi (Şuşa şəhərinin ərazisinə münasibətdə), “İçərişəhər” Dövlət Tarix Memarlıq Qoruğu İdarəsi (“İçərişəhər” Dövlət Tarix Memarlıq və “Qala” Dövlət Tarix-Etnoqrafiya qoruqları ərazisinə münasibətdə)

Geodeziya, topoqrafiya və kartoqrafiya materialları və məmulatları

Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi (xüsusi (sahəvi) təyinatlı geodeziya materialları və məmulatları istisna olmaqla), Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi (xüsusi (sahəvi) təyinatlı geodeziya materiallarına və məmulatlarına münasibətdə)

Qeyd: Bu Siyahının 1, 13 (xüsusi kolleksiyalar istisna olmaqla), 14, 15 və 16-cı bəndlərində göstərilmiş daşınar əmlak növləri ipoteka predmetinə aid deyildir.

1. 20 iyun 2008-ci il tarixli 777 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, №6, maddə 495)

2. 11 noyabr 2008-ci il tarixli 13 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 19 noyabr 2008-ci il, № 259, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 11, maddə 969)

3. 27 noyabr 2008-ci il tarixli 26 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 28 noyabr 2008-ci il, № 267, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 11, maddə 980)

4. 25 iyun 2013-cü il tarixli 928 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 26 iyun 2013-cü il, № 137; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 06, maddə 656)

5. 17 oktyabr 2014-cü il tarixli 291 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 18 oktyabr 2014-cü il, № 226; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 10, maddə 1176)

6. 15 fevral 2016-cı il tarixli 779 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 1 mart 2016-cı il, № 47; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 02, II kitab, maddə 243)

7. 16 mart 2016-cı il tarixli 836 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Respublika” qəzeti 17 mart 2016-cı il, № 60, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 03, maddə 457)

8. 10 avqust 2016-cı il tarixli 1015 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 12 avqust 2016-cı il, № 174, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 8, maddə 1376)

9. 7 avqust 2017-ci il tarixli 1574 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 8 avqust 2017-ci il, № 170, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 8, maddə 1521)

10. 21 fevral 2018-ci il tarixli 1844 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 22 fevral 2018-ci il, № 41, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 2, maddə 208)

11. 19 sentyabr 2018-ci il tarixli 277 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 9, maddə 1840)

12. 4 sentyabr 2020-ci il tarixli 1150 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 5 sentyabr 2020-ci il, № 178, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 9, maddə 1140)

13. 29 yanvar 2021-ci il tarixli 1268 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 30 yanvar 2021-ci il, № 21, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, №1, maddə 38)

14. 31 may 2022-ci il tarixli 1701 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 2 iyun 2022-ci il, № 114, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 5, maddə 469)

15. 2 avqust 2022-ci il tarixli 1785 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 2 avqust 2022-ci il, “Xalq” qəzeti 4 avqust 2022-ci il, № 163, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 8, maddə 845)

16. 1 fevral 2023-cü il tarixli 2019 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 1 fevral 2023-cü il, “Azərbaycan” qəzeti, 2 fevral 2023-cü il, № 23, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il, № 2, maddə 227)

17. 30 mart 2023-cü il tarixli 2077 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 30 mart 2023-cü il, “Xalq” qəzeti, 31 mart 2023-cü il, № 65, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il, № 3, maddə 373)

18. 20 aprel 2023-cü il tarixli 2119 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 20 aprel 2023-cü il, “Xalq” qəzeti, 21 aprel 2023-cü il, № 83, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il, № 4, maddə 504)

19. 15 fevral 2024-cü il tarixli 7 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 15 fevral 2024-cü il, “Xalq” qəzeti, 16 fevral 2024-cü il, № 35, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024-cü il, № 2, maddə 155)

20. 30 may 2024-cü il tarixli 77 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 30 may 2024-cü il, “Azərbaycan” qəzeti, 31 may 2024-cü il, № 113, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024-cü il, № 5, I kitab, maddə 529)

21. 17 iyun 2025-ci il tarixli 414 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 17 iyun 2025-ci il, “Xalq” qəzeti, 18 iyun 2025-ci il, № 123, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2025-ci il, № 6, maddə 552)

22. 26 dekabr 2025-ci il tarixli 559 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 26 dekabr 2025-ci il, “Azərbaycan” qəzeti, 27 dekabr 2025-ci il, № 273, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2025-ci il, № 12, I kitab, maddə 1150)

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver