Qanunvericilik › Daşınar əmlakın yüklülüyü haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 1

Maddə 1. Əsas anlayışlar

Daşınar əmlakın yüklülüyü haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

1.0. Bu Qanunun məqsədləri üçün aşağıdakı anlayışlardan istifadə edilir:

1.0.1. daşınar əmlakın yüklülüyü – bu Qanunun 4-cü maddəsində göstərilən əsaslarla öhdəliyin icrasının təmin edilməsi üçün qanun və ya əqd əsasında daşınar əmlaka mülkiyyət hüququnun məhdudlaşdırılması;

1.0.2. yüklülük predmeti – bu Qanunun 3-cü maddəsi ilə müəyyən edilmiş daşınar əmlak, habelə tələblər və hüquqlar;

1.0.3. borclu – yüklülük sahibinin xeyrinə yüklülüklə təmin edilmiş öhdəliyi icra etməli olan şəxs, yaxud belə öhdəliyi olan üçüncü şəxs;

1.0.4. yüklülük verən – yüklülük sahibinin xeyrinə yüklülüyü yaradan şəxs (yüklülük verən borclunun özü və ya üçüncü şəxs ola bilər);

1.0.5. yüklülük sahibi – yüklülüklə təmin edilmiş öhdəlik icra edilmədikdə yüklülük predmetinə tutma yönəldilməsi hüququ olan şəxs (dövlət və bələdiyyə yüklülüyündə bu Qanunun 4-cü maddəsində nəzərdə tutulan qurum);

1.0.6. üstünlük hüququ – yüklülük predmeti hesabına yüklülük sahibinin tələbinin digər yüklülük sahiblərinin və kreditorların tələblərinə münasibətdə üstün növbədə ödənilməsi;

1.0.7. bildiriş – daşınar əmlaka yüklülüyün yaranması, yüklülüyə dəyişikliklər edilməsi, onun xitamı, habelə daşınar əmlak üzərində yüklülüyə etiraz edilməsi ilə bağlı qeydlərin aparılması üçün daşınar əmlakın yüklülüyünün dövlət reyestrinə daxil edilən məlumat;

1.0.8. daşınar əmlakın yüklülüyünün dövlət reyestri (bundan sonra - reyestr) – bu Qanunun 1.0.7-ci maddəsində göstərilən məlumatların (qeydlərin) sistemləşdirilmiş məcmusundan ibarət dövlət informasiya sistemi;

1.0.9. daşınar əmlakın seriya nömrəsi – istehsalçı tərəfindən əmlaka tətbiq edilən hərf, rəqəm və ya onların kombinasiyasından ibarət eyniləşdirmə nömrəsi.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver