1. Bu Qaydalar Azərbaycan Respublikası Prezidentinin "Dövlət əmlakının qorunub saxlanılması və səmərəli istifadə edilməsinin təkmilləşdirilməsi haqqında" 2007-ci il 06 iyun tarixli, 586 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında dövlət əmlakının idarə edilməsinin təkmilləşdirilməsi üzrə Dövlət Proqramı"nın "Dövlət əmlakının idarə edilməsinin təkmilləşdirilməsi üzrə Tədbirlər Planı"nın 4.5-ci bəndinin icrası məqsədilə, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli 1017 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsi”nə uyğun olaraq hazırlanmışdır.
2. Bu Qaydalar tabeliyindən və sahə mənsubiyyətindən asılı olmayaraq dövlət müəssisə və təşkilatlarının balansında olan daşınmaz dövlət əmlakının istifadə təyinatının dəyişdirilməsinə dair müraciətlərə müvafiq dövlət orqanı tərəfindən baxılması və razılıq verilməsi, habelə bu sahədə nəzarətin həyata keçirilməsi qaydalarını müəyyən edir.
2.1. Bu Qaydaların 2-ci bəndində göstərilən razılığı verən müvafiq dövlət orqanı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətidir (bundan sonra-dövlət orqanı).
3.1. Bu Qaydalara uyğun olaraq dövlət orqanı aşağıdakılara nəzarət edir:
3.1.1. Dövlət müəssisə və təşkilatlarının balansında olan daşınmaz əmlakın təyinatının dəyişdirilməsinə;
3.1.2. Dövlət müəssisə və təşkilatlarının yerləşdiyi dövlət mülkiyyətində olan torpaq sahələrinin təyinatının dəyişdirilməsinə.
4.1. Dövlət müəssisə və təşkilatları və ya onların idarəçiliyini həyata keçirən orqanlar bu Qaydaların 3.1.1, 3.1.2 yarımbəndlərində göstərilən məsələlərin həyata keçirilməsi üçün müvafiq dövlət orqanından razılıq almalıdırlar.
4.2. Razılığın alınması üçün dövlət müəssisə və təşkilatları və ya onların idarəçiliyini həyata keçirən orqanlar dövlət orqanına müraciət edirlər. Müraciətdə müvafiq məsələnin məqsədəuyğunluğunu sübut edən əsas dəlillər göstərilməlidir.
4.3. Dövlət orqanı daxil olan müraciətləri araşdırır. Zəruri hallarda baxılan məsələ ilə bağlı əmlaka yerlərdə baxış keçirib bilər.
4.4. Müraciətə uyğun olaraq müvafiq məsələnin həyata keçirilməsinə razılıq verilməsi ilə bağlı dövlət orqanı tərəfindən 15 gün müddətində qərar qəbul edilir.
4.5. Dövlət əmlakının qorunub saxlanılması və ondan təyinatı üzrə səmərəli istifadə edilməsi tələblərinə uyğun gəlmədikdə, həmçinin qanunvericiliyin pozulması ilə nəticələnə biləcəyi hallarda müvafiq məsələnin həyata keçirilməsinə razılıq alınması ilə bağlı müraciətlərə mənfi cavab verilir.
5.1. Daşınmaz dövlət əmlakının təyinatı üzrə səmərəli istifadə edilməsi vəziyyətinin araşdırılması ilə bağlı dövlət orqanı tərəfindən mütəmadi olaraq dövlət müəssisə və təşkilatlarında monitorinqlər aparılır və nəzarət həyata keçirilir.
5.2. Aparılmış monitorinqlər zamanı daşınmaz dövlət əmlakının təyinatı üzrə səmərəli istifadə edilməməsi halları aşkar edildikdə dövlət orqanı tərəfindən həmin halların qarşısının alınması istiqamətində qanunvericiliklə müəyyən edilmiş qaydada tədbirlər görülür.
6.1. Dövlət əmlakının özəlləşdirilməsi prosesində təsis olunmuş və tam özəlləşdirilməmiş, nəzarət zərfinin dövlət mülkiyyətində saxlanılması barədə qərar qəbul olunmuş səhmdar cəmiyyətlərinə, habelə nizamnamə kapitalında dövlətin payı olan digər hüquqi şəxslərin dövlətə məxsus daşınmaz əmlakının istifadə təyinatının dəyişdirilməsi barədə müraciətlərə baxılması və razılıq verilməsi və bu sahədə nəzarətin həyata keçirilməsi bu Qaydalarla müəyyən olunmuş qaydada həyata keçirilir.
6.2. Bu Qaydalar dövlət qeydiyyatına alındığı gündən güvəyə minir.
1. 25 dekabr 2009-cu il tarixli 114 nömrəli Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Əmri (Azərbaycan Respublikasının Normativ Aktlarının Bülleteni, 2010-cu il, № 01-02)
2. 6 iyun 2023-cü il tarixli 12 nömrəli Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202306060012, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 21 iyun 2023-cü il)