1.0. Bu qanunda istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir:
1.0.1. Daşınmaz əmlak - üzərində hüquqlar dövlət qeydiyyatına alınmalı olan torpaq sahələri, binalar və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlərdir;
1.0.2. Daşınmaz əmlakın dövlət reyestr nömrəsi (reyestr nömrəsi) - Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq zamanca və Azərbaycan Respublikasının ərazisində dəyişməyən, təkrarolunmaz, daşınmaz əmlak obyektinin vahid şəkildə olduğunu göstərən nömrədir;
1.0.2-1. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi (bundan sonra – Sistem) – daşınmaz əmlakın dövlət reyestri və kadastrı sahələrində xidmətlərin elektron qaydada göstərilməsini təmin edən vahid informasiya sistemidir;
1.0.2-2. daşınmaz əmlak üzərində hüquqların ilkin qeydiyyatı – üzərində hüquqların reyestrdə qeydiyyata alınmadığı, o cümlədən daşınmaz əmlakın birləşməsi, ayrılması və bölünməsi nəticəsində yeni yaranmış əmlaka dair hüquqların ilk dəfə əmələ gəlməsinin dövlət tərəfindən tanınması;
1.0.2-3. daşınmaz əmlak üzərində hüquqların təkrar qeydiyyatı – reyestrdə qeydiyyata alınmış daşınmaz əmlaka dair hüquqların özgəninkiləşdirilməsi və ya yüklü edilməsi nəticəsində yaranan hüquqların dövlət tərəfindən tanınması;
1.0.3. Hüququn məhdudlaşdırılması (məhdudiyyət, yüklənmə) - qanunla və qanunda nəzərdə tutulmuş qaydada hüquq sahibinin daşınmaz əmlaka mülkiyyət və ya digər əşya hüquqlarının həyata keçirilməsini məhdudlaşdıran şərtlər və qadağalardır (servitut, uzufrukt, ipoteka, etibarlı idarəetmə, icarə, əmlakın üzərinə həbs qoyulması və sairə);
1.0.4. Qeydiyyat orqanı - daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır;
1.0.5. “bir pəncərə” prinsipi – daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı ilə bağlı bu Qanunun 9-1-ci maddəsində nəzərdə tutulan sadələşdirilmiş inzibati icraatdır.