13.1. Dövlət reyestrində daşınmaz əmlak, onlar üzərində həm mövcud olan, həm də xitam verilmiş hüquqlar və hüquq sahibləri barədə məlumat saxlanılır.
13.2. Dövlət reyestri “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə riayət edilməklə Sistem vasitəsilə aparılır.
13.3.1. ərizəçilər, xahişin məzmunu, daşınmaz əmlaka dair sənədlər, hüquq sahibləri;
13.3.2. hüquqların dövlət qeydiyyatı haqqında təqdim olunmuş çıxarışlar;
13.3.3. dövlət reyestrindən arayışlar və onları almış şəxslər.
13.4. Dövlət reyestri, ərizə jurnalı və hüquqların dövlət qeydiyyatı üçün əsas olan sənədlər daxil edilən qovluqlar daimi saxlanılır. Onların tam və ya qismən məhv edilməsi, yaxud onlardan hər hansı sənədlərin çıxarılması yolverilməzdir.
13.5. Dövlət reyestrindəki daşınmaz əmlaka hüquqlar, bu hüquqların yaranması, başqasına keçməsi, məhdudlaşdırılması və onlara xitam verilməsi barədə məlumat saxlanılan bölmələr həmin daşınmaz əmlakın reyestr nömrəsinə uyğun olaraq nömrələnir. Sənədlər saxlanılan qovluqlara dövlət reyestrindəki müvafiq bölmələrin nömrələri verilir.
13.6. Dövlət reyestri hər bir daşınmaz əmlak obyekti barədə məlumat saxlanılan bölmələrdən ibarətdir. Bölmə hər bir daşınmaz əmlak obyekti üzərində hüquqlar dövlət qeydiyyatına alınarkən tərtib olunmağa başlanılır.
13.7. Üzərində mülkiyyət hüququ qeydiyyata alınan torpaq sahəsində yerləşən daşınmaz əmlak yerləşdiyi torpaq sahəsi ilə birgə vahid daşınmaz əmlak obyekti kimi qeydiyyata alınır..
13.9. Dövlət reyestrinin hər bölməsi aşağıda göstərilən üç fəsildən ibarətdir:
13.9.1. I fəsildə üzərində hüquqların qeydiyyata alındığı daşınmaz əmlaklar barədə məlumatlar saxlanılır;
13.9.2. II fəsildə qeydiyyata alınmış mülkiyyət hüquqları və hüquq sahibi (sahibləri) barədə məlumatlar saxlanılır;
13.9.3. III fəsildə digər əşya hüquqları, habelə mülkiyyət və digər əşya hüquqlarının məhdudlaşdırılması barədə məlumatlar saxlanılır.
13.10. Hüquqa, onun məhdudlaşdırılmasına və ləğvinə dair hər bir yazıya (qeydə) hüquqların qeydiyyatı və ya onların məhdudlaşdırılması, yaxud ləğvi üçün qəbul edilmiş ərizənin qeydiyyat orqanına daxilolma nömrəsi əsasında qeydiyyat nömrəsi verilir.
13.11-1. Kağız daşıyıcıda olan sənəd formasında təqdim olunmuş ərizələr və hüquqların dövlət qeydiyyatı üçün digər sənədlər dövlət reyestrinə daxil edilməsi üçün qeydiyyat orqanı tərəfindən elektron təsvir formasına keçirilir.
13.11-2. Dövlət reyestrində aşağıdakılar təmin olunmalıdır:
13.11-2.1. məlumatların işlənməsinin lazımi qaydasının gözlənməsi, xüsusilə məlumatların itirilməsinin qarşısının alınması, məlumatların qanunsuz əldə edilməsinin istisna edilməsi üçün etibarlı müdafiə sisteminin yaradılması üzrə tədbirlər görülməsi;
13.11-2.2. məlumatların məlumat bazasına operativ daxil edilməsi, orada dəyişilməz və aydın şəkildə oxunaqlı vəziyyətdə saxlanılması;
13.11-2.3. məlumatların daxil edilməsinin, dəyişdirilməsinin və silinməsinin sübut olunması mümkünlüyünün təmin edilməsi;
13.11-2.4. hüquq sahibinə daşınmaz əmlakla bağlı məlumatları dövlət reyestrindən elektron informasiya sistemləri vasitəsilə əldə etmək imkanının yaradılması.
13.12. Daşınmaz əmlak obyektinin bölünməsi, birləşməsi və ayrılması nəticəsində yaranan yeni obyektlər barədə məlumat dövlət reyestrinin yeni bölmələrində yazılır. Belə obyektlər üçün yeni reyestr nömrələri verilir və hüquqların dövlət qeydiyyatı üçün əsas olan sənədlər saxlanılan yeni qovluqlar tərtib olunur. Dövlət reyestrinin yeni bölmələrində və qovluqlarında əvvəllər mövcud olmuş daşınmaz əmlaka aid olan bölmələrə və qovluqlara istinad olunmalıdır.
13.13. Dövlət reyestrinin aparılması qaydaları, o cümlədən reyestrdə saxlanılan məlumatların tərkibi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.