16.1. Hüquqların qeydiyyatı üçün əsas olan sənədlərdəki məlumatlar dövlət reyestrinə daxil edildiyi zaman texniki səhvə yol verildiyi hallarda, həmin daşınmaz əmlak özgəninkiləşdirilmədiyi və ya ona dair hüquqlar üçüncü şəxsin xeyrinə yüklü edilmədiyi hallarda, bu səhv aşkarlandığı və ya bu barədə maraqlı şəxslərdən ərizə daxil olduğu gün həmin səhvin məzmunu barəsində daşınmaz əmlakın dövlət reyestrində qeyd aparılır. Bundan sonra 3 iş günü müddətində qeydiyyat orqanı tərəfindən həmin səhv aradan qaldırılır və hüquq sahibinə səhvin aradan qaldırılması haqqında 2 iş günü müddətində elektron bildiriş göndərilir.
Daşınmaz əmlak özgəninkiləşdirildiyi və ya üçüncü şəxsin xeyrinə yüklü edildiyi təqdirdə, qeydiyyat orqanı bu səhvi aşkarladığı və ya bu barədə maraqlı şəxslərdən ərizə daxil olduğu gündən 3 iş günü müddətində hüquq sahibi və (və ya) üçüncü şəxsə səhvin aradan qaldırılmasına razılıq verilməsi barədə elektron bildiriş göndərir. Belə razılıq verildikdə 3 iş günü müddətində qeydiyyat orqanı tərəfindən texniki səhv aradan qaldırılır və hüquq sahibinə səhvlərin aradan qaldırılması haqqında 2 iş günü müddətində elektron bildiriş göndərilir.
Hüquq sahibi və (və ya) üçüncü şəxs elektron bildirişi aldıqdan sonra 15 iş günü müddətində Sistem vasitəsilə münasibət bildirmədikdə və ya etiraz etdikdə, səhvin aradan qaldırılması qeydiyyat orqanının müraciəti ilə məhkəmənin qərarı əsasında aparılır.
16.1-1. Bu Qanunun 16.1-ci maddəsində nəzərdə tutulmuş ərizə və elektron bildirişin formaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
16.3. Əgər dövlət reyestrinin məzmunu torpaq sahəsi üzərində hüquqa və ya həmin hüququn məhdudlaşdırılmasına dair həqiqi hüquqi vəziyyətə uyğun deyildirsə, hüququ qeydə alınmamış və ya hüququ düzgün qeydə alınmamış şəxs, yaxud mövcud olmayan yüklənmə haqqında qeydin daxil edilməsi ilə hüququ pozulmuş şəxs dövlət reyestrində qeyddə düzəlişin aparılması üçün belə düzəlişlə hüququna toxunulan şəxsdən razılıq verməsini tələb edə bilər.
16.4. Bu Qanunun 16.3-cü maddəsində nəzərdə tutulmuş hallarda dövlət reyestrinin mötəbərliyinə qarşı etiraz edilə bilər.
16.5. Dövlət reyestrinə etirazla bağlı qeydin daxil edilməsi məhkəmənin qərarı və ya reyestrdə düzəlişin aparılması ilə hüququna toxunulan şəxsin razılığı ilə həyata keçirilir.
16.6. Dövlət reyestrinin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Müqavilə əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.
III fəsil
Daşınmaz əmlak üzərİndəkİ bəzİ hüquqların dövlət qeydİyyatı