6.1. Limanın inşası, qurulması və maddi-texniki təchizatı başa çatdıqdan sonra müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən limanın fəaliyyətə başlamasına hazırlıq səviyyəsi yoxlanılır və müsbət nəticə olduğu təqdirdə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən açılması ilə bağlı qərar qəbul edilir və liman haqqında məlumatlar Azərbaycan Respublikasının Dəniz Limanları Reyestrinə daxil edilir.
6.2. Fövqəladə hadisə, qanunsuz müdaxilə aktı, gəmi qəzaları və digər qəzalar baş verdikdə, habelə insan həyatı və ya sağlamlığı üçün təhlükə, əmlak və yükün korlanması və (və ya) məhvi təhlükəsi yarandığı hallarda limanda və ya dəniz terminalında xidmətlərin göstərilməsi mümkün olmadıqda liman idarəsi xidmətlərin göstərilməsi üçün limanın müvəqqəti bağlanması barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) dərhal müraciət edir. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) xidmətlərin göstərilməsi üçün limanın müvəqqəti bağlanmasını zəruri hesab etdikdə qərar qəbul edir, müvəqqəti bağlanmanın müddətini müəyyənləşdirir və bu barədə liman idarəsinə və dənizçilik sahəsində fəaliyyət göstərən təşkilatlara həmin gün yazılı məlumat göndərir.
6.3. Xidmətlərin göstərilməsi üçün limanın açılması və ya müvəqqəti bağlanması haqqında məlumatlar “Dənizçilər üçün bildirişlər”də dərc olunur.