14-1.1. Bioloji aktiv qida məhsulları orqanizmin gücləndirilməsi, qidanın zənginləşdirilməsi məqsədi ilə həkim tərəfindən tövsiyə oluna bilər, lakin xəstəliklərin qarşısının alınması və ya müalicəsi məqsədi ilə təyin olunan dərman vasitələrini əvəz etmir. Bioloji aktiv qida məhsullarının reseptə yazılması qadağandır.
14-1.2. Bioloji aktiv qida məhsulları dərman vasitəsi ilə eyni tərkibli və eyni dozalı ola bilməz. Bioloji aktiv qida məhsullarının dərman vasitələri ilə eyni tərkibli və eyni dozalı olub-olmamasını müəyyən etmək məqsədi ilə bioloji aktiv qida məhsulları müvafiq icra hakimiyyəti orqanı tərəfindən ekspertizadan keçirilir. Bioloji aktiv qida məhsulları eyni zamanda, “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olmalıdır. Bioloji aktiv qida məhsullarının ekspertizadan keçirilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
14-1.3. Bioloji aktiv qida məhsullarının üzərində və onların istifadəsi təlimatlarında (içlik vərəqlərində) əmtəə nişanı adının yazıldığı hər yerdə əmtəə nişanı adının altında onunla eyni ölçüdə və şriftdə olan ağ fonda qara rəngli aydın, seçilən, qalın və böyük hərflərlə, silinməsi mümkün olmayan tərzdə çap olunmuş “DƏRMAN VASİTƏSİ DEYİLDİR!” sözləri yazılmalıdır.
14-1.4. Bioloji aktiv qida məhsullarının satışı aptek təşkilatlarında, ərzaq mağazalarında və bu məqsədlər üçün təşkil olunmuş xüsusi köşklərdə sanitar-gigiyenik tələblərə, habelə “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əməl edilməklə həyata keçirilir. Aptek təşkilatlarında bioloji aktiv qida məhsulları onlar üçün ayrılmış rəf və dolablarda dərman vasitələrindən ayrı saxlanılmalıdır. Həmin rəf və dolabların ön tərəfinin yuxarı orta hissəsində rəfin və dolabın eninin 60 faizindən az olmayan hissəsini əhatə edən və ən azı “Arial 75” şriftində olan ağ fonda qara rəngli aydın, seçilən, qalın və böyük hərflərlə birinci sətirdə “BİOLOJİ AKTİV QİDA MƏHSULLARI” sözləri və onun altında “DƏRMAN VASİTƏSİ DEYİLDİR” sözləri yazılmalıdır.
14-1.5. Bioloji aktiv qida məhsullarının reklamında onların dərman vasitəsi olmadığı və müalicəvi xüsusiyyətlərə malik olmadığı haqqında məlumat verilməli, habelə “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq qeydiyyata alınmasını təsdiq edən qeydiyyat nömrəsi göstərilməlidir. Bu zaman reklamda bioloji aktiv qida məhsulunun adı səsləndirildikdən dərhal sonra onun dərman vasitəsi olmadığı deyilməli, həmçinin bioloji aktiv qida məhsulunun əmtəə nişanı adı ilə eyni fonda, ölçüdə və şriftdə olan aydın, seçilən “DƏRMAN VASİTƏSİ DEYİLDİR” sözləri görünməlidir.
14-1.6. Bioloji aktiv qida məhsullarının əmtəə adı və əmtəə nişanı müvafiq icra hakimiyyəti orqanı tərəfindən dövlət qeydiyyatına alınmış dərman vasitəsinin əmtəə adı və əmtəə nişanı ilə eyni və ya oxşar ola bilməz. Bioloji aktiv qida məhsulunun və dövlət qeydiyyatına alınmış dərman vasitəsinin adlarında ən azı 4 (dörd) hərf fərqi olmalıdır. Bioloji aktiv qida məhsulunun tərkibində olmayan maddə onun adında istifadə edilə bilməz.
14-1.7. Bioloji aktiv qida məhsullarının bu Qanunun 14-1.2-ci maddəsində nəzərdə tutulan ekspertizanın nəticəsinə əsasən verilmiş ekspertiza rəyində göstərilən tərkib və dozadan fərqli tərkib və dozada idxalı və satışı qadağandır.