4.1. Dərman vasitələri ilə davranışın dövlət tənzimlənməsi aşağıdakı üsullarla həyata keçirilir:
4.1.1. əczaçılıq fəaliyyətinin lisenziyalaşdırılması, əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin qanunvericiliyə uyğun olaraq sertifikasiyadan keçirilməsi;
4.1.2. dərman vasitələrinin dövlət qeydiyyatı;
4.1.3. dərman vasitələrinin sertifikatlaşdırılmasının təşkili;
4.1.4. dərman vasitələrinin keyfiyyəti, effektivliyi və təhlükəsizliyi üzərində dövlət nəzarətinin həyata keçirilməsi;
4.1.5. dövlət qeydiyyatına alınmış dərman vasitələrinin (yalnız ixrac üçün Azərbaycan Respublikasında istehsal edilmiş dərman vasitələri istisna olmaqla) qiymətlərinin tənzimlənməsi;
4.1.6. dərman vasitələrinin farmakonəzarətinin təşkili.
4.2. Müvafiq icra hakimiyyəti orqanı dərman vasitələri ilə davranışın tənzimlənməsi məqsədilə:
4.2.1. dərman vasitələrinin dövlət qeydiyyatını həyata keçirir;
4.2.2. dövlət reyestrini aparır;
4.2.3. dərman vasitələrinin idxalına icazə verir;
4.2.4. Azərbaycan Respublikasının ərazisində istehsal olunan dərman vasitələri (dərman maddələri) üçün farmakopeya məqaləsini təsdiq edir;
4.2.5. mövcud dərman vasitələrinin keyfiyyətinə nəzarət məqsədilə Azərbaycan Respublikasında yaradılmış yeni səmərəli analiz üsullarını ekspertizadan keçirir;
4.2.6. dərman vasitələrinin və dərman maddələrinin istehsalına, daşınmasına və saxlanmasına dair texniki normativ hüquqi aktları təsdiq edir;
4.2.7. həyati vacib, təcili hallarda istifadə edilən və resept olmadan buraxılan dərman vasitələrinin siyahılarını təsdiq edir;
4.2.8. tibb vasitələrinə dair texniki normativ hüquqi aktları və dövlət standartlarını hazırlayır və öz səlahiyyətləri daxilində təsdiq edir;
4.2.9. dərman vasitələrinin qəbulundan sonra insan orqanizminin neqativ dəyişikliyinə səbəb olan əlavə təsirlər üzə çıxdıqda, onların istifadədən çıxarılmasını təmin edir;
4.2.10. dərman vasitələrinin farmakonəzarətini həyata keçirir;
4.2.11. xüsusi nəzarətdə olan dərman vasitələrinin siyahısını tərtib edir;
4.2.12. dərman vasitəsinin təsnifatlaşdırılmasını həyata keçirir;
4.2.13. dərman vasitələrinin ekspertizasını, o cümlədən sadələşdirilmiş ekspertizasını həyata keçirir;
4.2.14. Azərbaycan Respublikasında istehsal olunan dərman vasitələrinin siyahısını hazırlayır, ictimaiyyətin məlumatlandırılması məqsədilə rəsmi internet səhifəsində yerləşdirir və bu Qanunun 16.6-cı maddəsində nəzərdə tutulan məlumatlar əsasında həmin siyahını rübdə bir dəfə yeniləyir;
4.2.15. klinik protokolları hazırlayır, onların elektron bazasını yaradır və özünün rəsmi internet səhifəsində yerləşdirir;
4.2.16. dərman vasitələrinə dair EİT-in tələblərini müəyyən edir.
4.3. Dərman vasitələrinin istifadəsi təlimatlarında onların əlavə təsirləri və digər dərman vasitələri ilə qarşılıqlı əlaqəsi barədə istehsalçı tərəfindən bəyan edilməmiş məlumatlar müəyyən edildikdə, müvafiq icra hakimiyyəti orqanı bu dərman vasitələrinin Azərbaycan Respublikasında tətbiqini qadağan etmək hüququna malikdir.
4.3-1. Dərman vasitələrinin keyfiyyətli, effektiv və təhlükəsiz olmamasına dair əsaslandırılmış faktlar aşkar edildikdə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) həmin dərman vasitələrinin dövlət reyestrinə daxil edilməsindən imtina edir, dövlət qeydiyyatına alınmış həmin dərman vasitələrinin Azərbaycan Respublikasında tətbiqini qadağan edir və bu Qanunun 6.5-ci maddəsi nəzərə alınmaqla dövlət reyestrinə daxil edilməyən dərman vasitələrinin Azərbaycan Respublikasında istifadəsinin təhlükəliliyi barədə ictimaiyyəti məlumatlandırır.
4.4. Dövlət sifarişi əsasında dərman vasitələri, onların istehsalı üçün yarımfabrikatlar hazırlayan müəssisə və təşkilatlar müvafiq icra hakimiyyəti orqanının razılığı və əvvəl buraxılan məhsulun əvəzedicisi olmadan onların istehsalını dayandıra və ya istehsaldan çıxara bilməzlər.
4.5. Dərman vasitələrinin ekspertizası, o cümlədən sadələşdirilmiş ekspertizası xidmətlərinin tarifləri və dövlət qeydiyyatına alınmış dərman vasitələrinin topdan və pərakəndə satış qiymətlərinin yuxarı həddi müvafiq icra hakimiyyəti orqanı tərəfindən tənzimlənir.
4.6. Dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi və həmin qiymətlərə nəzarətin həyata keçirilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.
4.6-1. Bu Qanunun 16.4-cü maddəsində nəzərdə tutulmuş müddətdə qiymət tənzimlənməsi üçün müraciət edilmədiyi hallarda dərman vasitələrinin qiymətləri bu Qanunun 4.5-ci və 4.6-cı maddələrində nəzərdə tutulan qaydalara uyğun olaraq tənzimlənir.
4.7. Dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətləri tənzimlənmədən satışı və ya tənzimlənən qiymətlərdən yuxarı qiymətlərlə satılması qadağandır.
4.8. Normativ hüquqi aktların, o cümlədən texniki normativ hüquqi aktların tələblərinə cavab verməyən, keyfiyyətsiz, mənşəyi məlum olmayan, yararlılıq müddəti bitmiş dərman vasitələrinin satışı, satış məqsədi ilə saxlanması və ya idxalı qadağandır.
4.9. Bu Qanunun 6.5.8-ci maddəsində nəzərdə tutulmuş dərman vasitələri istisna olmaqla, dövlət reyestrinə daxil edilməyən dərman vasitələrinin ölkə ərazisində topdan və pərakəndə satışı qadağandır.
4.10. Tibb müəssisələri üçün qablaşdırılmış dərman vasitələrinin bu Qanunun 4.6-cı maddəsində nəzərdə tutulan qaydaya uyğun olaraq yalnız topdansatış qiymətlərinin yuxarı həddi tənzimlənir və həmin dərman vasitələrinin pərakəndə satışı qadağandır.
4.11. Dərman vasitəsi bu Qanunun 6.14-cü maddəsinə uyğun olaraq dövlət qeydiyyatına alındıqda, onun qiyməti tənzimlənmir. Həmin dərman vasitəsinin dövlət qeydiyyatına alındıqdan sonra Azərbaycan Respublikasının ərazisində satışı nəzərdə tutulduğu halda isə həmin dərman vasitəsinin qiyməti dərman vasitələri istehsalçısının müraciəti əsasında bu Qanunun 4.5-ci və 4.6-cı maddələrinə uyğun olaraq tənzimlənir.