Qanunvericilik › Dəyəri 5000 manatdan artıq olmayan daşınar əmlakın satışının təşkili Qaydaları (Ədliyyə Nazirliyi, 20.12.2010) › Tam mətn

Dəyəri 5000 manatdan artıq olmayan daşınar əmlakın satışının təşkili Qaydaları (Ədliyyə Nazirliyi, 20.12.2010)

Dəyəri 5000 manatdan artıq olmayan daşınar əmlakın satışının təşkili Qaydaları (Ədliyyə Nazirliyi, 20.12.2010) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

1. Bu Qaydalar “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 53.2-ci maddəsinə əsasən hazırlanmış və məhkəmə və digər orqanların qərarlarının məcburi icrası zamanı (vergi borcuna görə vergi orqanı tərəfindən siyahıya alınmış əmlak istisna olmaqla) borclunun tələb yönəldildikdən sonra müvafiq qaydada qiymətləndirilmiş və dəyəri 5000 manatdan artıq olmayan daşınar əmlakının (bundan sonra - əmlak) ticarət şəbəkələrində satışının təşkili məsələlərini tənzimləyir.

Əmlakın satışının sifarişçisi kimi icra məmuru, təşkilatçısı kimi isə icra xidmətinin müəyyən etdiyi ticarət şəbəkəsi çıxış edir.

2. Əmlakın satılması məqsədi ilə inzibati ərazi vahidləri üzrə ticarət şəbəkələri müəyyən edilə bilər. Ticarət şəbəkəsi əmlakın satılmasında iştirak etmək üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin icra xidmətinə ərizə ilə müraciət edir. Ərizəyə aşağıdakı sənədlər əlavə edilir:

satıcı hüquqi şəxs olduqda dövlət reyestrindən çıxarış, fərdi sahibkarın isə şəxsiyyət vəsiqəsinin surəti;

vergi orqanlarında uçota alınmasını təsdiq edən şəhadətnamənin surəti:

mülkiyyətində, sahibliyində və ya icarəsində olan ticarət obyektinin satış və anbar sahəsi barədə sənəd;

öhdəliklərinin olmaması barədə vergi orqanından və Dövlət Sosial Müdafiə Fondundan arayış;

ölkə ərazisində filial və nümayəndəliklərinin olub-olmaması barədə məlumat.

3. Bu Qaydaların 2-ci bəndində qeyd olunan sənədlər təqdim olunduqdan sonra ərizəyə 10 iş günü müddətində baxılır.

4. Fərdi sahibkarlar və hüquqi şəxslərin vəzifəli şəxsləri ilə icra məmurları arasında qohumluq əlaqəsinin olması, habelə bu Qaydaların 2-ci bəndində göstərilən sənədlərin təqdim olunmaması və ya həmin sənədlərdə təhrif olunmuş məlumatların aşkar edilməsi müraciətə baxılmasından imtina üçün əsasdır.

5. İmtina üçün əsas olmadıqda 3 iş günü ərzində ticarət şəbəkəsi ilə icra qurumu arasında 1 (bir) il müddətinə tapşırıq müqaviləsi imzalanır. Bu müqavilə üzrə ticarət şəbəkəsinə muzd ödənilmir. Bir ildən sonra tərəflər müqavilənin ləğvinə dair bildiriş vermədikdə onun müddəti növbəti il üçün uzadılmış hesab edilir. Bu müqavilə Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş hallarda və qaydada ləğv edilə bilər.

6. Eyni ərazi vahidi üzrə ərizəçilərin sayı birdən artıq olduqda aşağıdakılara üstünlük verilir:

ticarət şəbəkəsinin ticarət üçün daha əlverişli yerdə olması;

ticarət sahəsində fəaliyyət müddəti;

anbar və nəqliyyat vasitəsi ilə təmin olunması;

daha geniş filial və nümayəndəlik şəbəkəsinin olması.

7. Ticarət şəbəkələri barədə məlumat Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin internet saytında yerləşdirilir.

8. Əmlak icra məmurunun sifarişi (əlavə olunur) əsasında satılması məqsədi ilə ticarət şəbəkəsinin nümayəndəsinə təhvil-təslim aktı tərtib edilməklə təhvil verilir.

9. Əmlakın satılması üçün icra məmurunun sifarişinə aşağıdakı sənədlər əlavə edilir:

icra sənədinin surəti;

əmlak üzərinə həbs qoyulması haqqında icra məmuru tərəfindən tərtib edilmiş aktın surəti;

əmlakın satış qiyməti barədə qiymətləndiricinin hesabatı (bu hesabat sifarişdə göstərilən bir neçə əşyanı əhatə edə bilər);

əmlakın satışından əldə olunan vəsaitin köçürüləcəyi bank hesabının nömrəsi;

həmin əmlaka dair sənədlər (olduqda).

10. Ticarət şəbəkəsi icra məmurunun müəyyən etdiyi formada və qaydada tapşırığın icrasının gedişi haqqında məlumat, habelə tapşırığın icrasından sonra hesabat verməlidir.

11. Əmlak satıldıqca 3 (üç) iş günü müddətində əldə olunan vəsait satışın təşkili ilə bağlı razılaşdırılmış xərclər tutulduqdan sonra köçürmə yolu ilə sifarişdə göstərilmiş bank hesabına köçürülür və ödənişi təsdiq edən sənədin surəti icra məmuruna təqdim olunur.

12. Əmlak satılmadıqda o, təhvil-təslim aktı tərtib edilməklə icra qurumuna qaytarılır. Bundan sonra həmin əmlak yenidən tələbkara təklif olunur. Tələbkar əmlakdan imtina etdikdə, əmlak borcluya qaytarılır.

Qeyd: Bu Qaydalarda “qohum” dedikdə, babaya və nənəyə qədər əcdadları ümumi olan şəxslər, ər-arvadın yaxın qohumları, babanın, nənənin, valideynin, övladlığa götürənin, doğma və ögey qardaş və bacının, uşağın, övladlığa götürənin və ya nəvənin əri (arvadı) və ya onların yaxın qohumları nəzərdə tutulur. Yaxın qohumlara babalar, nənələr, valideynlər, övladlığa götürənlər, doğma və ögey qardaşlar və bacılar, ər-arvad, uşaqlar, övladlığa götürənlər, nəvələr aiddirlər.

“Dəyəri 5000 manatdan artıq olmayan daşınar əmlakın satışının təşkili Qaydaları”na Əlavə

____________________________________________ tərəfindən verilmiş

(icra sənədini vermiş orqanın adı)

_______№li “____” _____________________20-c tarixli icra sənədi üzrə borclu ________________________________________________________

(fiziki şəxsin soyadı, adı, atasının adı, hüquqi şəxsin adı)

üzərinə həbs qoyulmuş aşağıda göstərilən daşınar əmlak(lar)ın __________№li “______” __________________ 20_-c il tarixli müqaviləyə əsasən satışının keçirilməsi xahiş olunur:

Əmlakın satışından əldə edilmiş pul vəsaiti aşağıdakı hesaba köçürülməlidir;

___________________________________________________________________________________________

___________________________________________________________________________________________

_______________________________________________ icra məmuru

_______________________________________________

(icra məmurunun adı, soyadı və imzası)

1. 15 may 2019-cu il tarixli 10-N nömrəli Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201905150010, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 15 may 2019-cu il)

2. 10 may 2022-ci il tarixli 5-N nömrəli Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202205100005, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 10 may 2022-ci il)

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver